09:31 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
20701

Axı bu xalq onlara heç vaxt layiq olduqları tamaşaçı sevgisini yaşatmayıb

BAKI, 25 yan — Sputnik. 2017-ci il üçün Sputnik Azərbaycan-da yeni layihəyə başladıq. Sənətdə sözünü demiş, artıq sənətkar kürsüsünə əyləşmiş, canlı əfsanəyə çevrilmiş, amma bu gün teleməkanda çox da görünməyən, gündəmdə olmayan aktyorlar, aktrisalar, rejissorlar, müğənnilər, bəstəkarlar və digər sənət adamlarından müsahibə almağı planlaşdırdıq.

Redaktordan bu təklifi alanda xeyli sevindim. Layihəyə kiminlə başlayacağımı oradaca qərarlaşdırdım. Təxminən doqquz il əvvəl bir bədii qiraət müsabiqəsində qarşılaşdığım, önündə həyəcanla şeir söylədiyim tanınmış aktrisa, bədii qiraət ustası, səsi ilə uşaq yaddaşımızı ovsunlayan Əminə xanım Yusifqızı ilə başlamaq istədim.

Yanvar ayının ilk günlərindən Əminə xanımın əlaqə nömrəsini axtardım. Tapmaq elə də çətin olmadı. Zəng etdim və telefona özü cavab verdi. Səsi məni yenə doqquz il əvvəlki kimi həyəcanlandırdı. Hər dəfə dinləyəndə olduğu kimi, yenə ovsunladı. "Salam. Sizi Sputnik İnformasiya Agentliyindən narahat edirəm" dedim. Salamıma verdiyi cavabdan onu həqiqətən möhkəm narahat etdiyimi anladım. Amma məqsədimi dəqiqləşdirmək üçün qəzəblə soruşdu: "Nə üçün?"

"Sizdən müsahibə almaq istəyirəm. Yeni bir layihəmiz…" — sözümü yarımçıq kəsdi və eyni ilə bu cür cavab verdi: "Mənə bilmirəm kimlərin yubileyi ilə bağlı yazı yazmağı tapşırıblar. Vaxtım yoxdur. Sağ olun!" Telefonu üzümə söndürdü. Heç "sağlıqla qalın" deməyimə də icazə vermədi.

Ümidimi kəsmədim. Bir neçə sənətkarın əlaqə nömrəsini tapdım. Bir-bir hamısı ilə danışdım. İkinci əlaqə saxladığım sənətkar Elmira xanım Şabanova oldu. Onu uzun-uzadı təqdim etməyə ehtiyac yoxdur. Heç titullarını saymağı da lazım bilmirəm. Çünki o, Azərbaycan kinosunun parlayan ulduzu Elmira Şabanovadır.

Şəhər nömrəsi ilə əlaqə saxladım. Telefona özü cavab verdi. Salamımı mehribanlıqla cavablayıb, ötən yeni il bayramımı təbrik etdi. "Sizi Sputnik İnformasiya Agentliyindən narahat edirəm" — dedim. Susdu. Məqsədimi açıq-aşkar deməyimi gözləyirdi. "Sizdən müsahibə almaq istəyirəm" dedim. Dərindən "ah" çəkdi və "indi yox, bəlkə daha sonra…" dedi. "Sizə bir də nə vaxt zəng edim" soruşdum. "Fevral ayında" dedi və yeni ilimi bir daha təbrik edib mehribanlıqla sağollaşdı.

Ümidimi yenə kəsmədim. Teatr səhnəsinin, heç şübhəsiz, canlı əfsanəsi Şükufə xanım Yusupovaya zəng etdim. Salamlaşdıq. Ona da eyni qaydada məqsədimi açıqladım. "Müsahibə" sözünü eşidən kimi "Yox! Yox! Yox! Yox!…" dedi və sağollaşmadan telefonu söndürdü. Onun dediyi "yox"lar o qədər çox idi ki, sayını itirdim. Bu, adi, gündəlik işlətdiyimiz "yox" kəlməsi deyildi. Bu, özündə etiraz, üsyan ehtiva edən bir romanlıq "yox" idi. Amma nəyə və ya kimə idi bu üsyan?

Daha sonra Ramiz Əzizbəyli ilə əlaqə saxladım. Nəhəng sənətkar olduqca titrək bir səslə salamımı cavabladı və mən onu çox gözlətmədən məqsədimi dedim. "Axı mən heç kəsə müsahibə vermirəm. Bilirsiz, mənim "dilim topuq vurur", danışanda fikrimi tam izhar edə bilmirəm" dedi. Həqiqətən də dediyi kimi danışırdı və onu çox incitməmək üçün dərhal sağollaşdım.

Yorulmadım. Çünki işə başlayanda belə olacağını bilirdim. Onların tərəddüdsüz rədd edəcəyini, hətta qəzəblənəcəyini də qətiləşdirmişdim. Hansı xoşluqla, şirin dillə rədd edərdisə, təəccüblənərdim. Növbəti zəngim estradamızın canlı əfsanəsi Flora xanım Kərimovaya oldu.

Yarı rusca, yarı azərbaycanca, danışmaqda çətinlik çəkə-çəkə "Oğlum, səhhətimdə problemlər var, halım yoxdur. İki ay sonra əlaqə saxlayın, mənim qoca sümüklərim isinsin, əgər sağ qalsam, o zaman sizə müsahibə verərəm" dedi. Eyni ilə Ramiz Əzizbəyli kimi danışdı və hər ikisinin sözləri boğazımı düyünləndirdi. Udquna bilmədim.

Səfura xanım İbrahimova ilə əlaqə saxlamaq istədim, amma dost-tanışlarımın hamısı eyni sözü dedi: "Əlaqə nömrəsi yoxdur, qapını heç kəsə açmır, jurnalistləri acılayır və qovur…"

Çətinliklə də olsa, müsahibə verməyə razı olan bir neçə sənətkar tapa bildim. Yalçın Rzazadə, Arif Quliyev, Allahverdi Yolçuyev, Qorxmaz Əlili və Novruz Qartalla vədələşdik. Önümüzdəki aylarda bu sənətkarların və təklifimi ikinci dəfə rədd etmədikləri halda Elmira xanım Şabanovanın, Flora xanım Kərimovanın müsahibələrini Sputnik.az-da oxuyacaqsınız.

Bütün bunlardan sözün əsl mənasında psixoloji travma aldım desəm, yalan olmaz. Sənətkarların mediaya bu cür qəzəbi hardan yaranıb? Yoxsa onları fikirlərini təhrif edən, hər sözlərindən yersiz qalmaqallar düzəldən jurnalistlər küsdürüb? Bəs xalq? Xalqın günahı nədir? Niyə xalqa qarşı bu cür qapalı olmağa qərar veriblər? Niyə inzivaya çəkiliblər? Axı onlar bütün ömürlərini indi qaçdıqları bu xalqa həsr edib və bu xalqa xidmətlə məşğul olublar.

Əlbəttə, içinizdən kimsə deyə bilər ki, "İşləyib, pulunu qazanıb da, nə xidmət?" Amma nəzərə alaq ki, onlar Azərbaycanın incəsənət sahələrindən heç öz gündəlik yaşayışlarını təmin edəcəkləri qədər pul qazanmayacaqlarını bilə-bilə bu sənəti seçib və səhnəni boş qoymayıblar, mədəniyyəti xarabalığa çevrilməkdən qoruyub və əsl yaradıcılıqla məşğul olublar. O zaman onların bizim üzərimizdə hər cür imtiyazları var. Bizdən inciməyə də, küsməyə də, bizi rədd etməyə də haqları çatır.

Axı bu xalq onlara heç vaxt layiq olduqları tamaşaçı sevgisini yaşatmayıb. Axı bu media nümayəndələri onların sənətini, yaradıcılığını müzakirə mövzusu etməyib. Axı aidiyyəti vəzifə sahibləri onların əməyinə lazım olan qiyməti verməyiblər. Məhz buna görə onlar ciddi ruhi sarsıntılar keçiriblər.

Əminə Yusifqızının qəzəbli və sürətli nitqi, Şükufə Yusupovanın ard-arda təkrarlanan "yox" nidaları, Elmira Şabanovanın dərindən çəkdiyi dramatik "ah"ı da elə buna etirazdır. Lakin, onlar bundan sonra heç bir zaman gündəmdə olmasalar da, tarixdən silinməyəcək, yaddaşlardan itməyəcəklər. Elza Seyidcahanın "Mən aktyoram" mahnısında deyildiyi kimi: "Səsimizlə şəklimiz bizdən çox yaşayacaq!"

Əlaqədar

Sağlığında klassikə çevrilmiş sənətkar
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Şəkili sənətkarlar həyəcan təbili çalırlar
Milli kinomuza yeni nəfəs gətirmiş sənətkar
Teqlər:
müsahibə, xalq, aktrisa, sənət, Sputnik, layihə

Əsas mövzular