00:54 30 May 2017
Canlı yayım
Dərdli insan

Yazıçıya təcavüz etdilər

© Foto: pikabu.ru
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
21511

Bu gün hər tərəfdən təcavüzə uğrayan, ehtiyac içində yaşayan gənclərin içindən büxnerlər yetişəcək

BAKI, 22 noy — Sputnik. Onsuz da bəxti gətirməmişdi. Çünki təkcə doğulduğu ölkənin sərhədlərinə deyil, elə doğulduğu toplumun düşüncələrinə də tikanlı məftillər çəkilmişdi. O, belə mühitdə doğulmağı ilə həyata 1:0 uduzmuşdu.

Salvador Dali
© Foto: eskipaper.com

Böyüdü. Ən birinci ailəsi təcavüz etdi ona. Daha sonra qohumları, qonşuları. Hər kəs onu özünə, öz əcdadına oxşatmağa çalışdı. Biri görünüşünə qarışdı, biri peşə seçiminə. Biri dost-tanış çevrəsinə qarışdı, biri kiminlə sevgili olacağına.

Heç vaxt onu azad olmağa, öz həyatının qanunlarını özünün yazmasına qoymadılar. Çünki əllərində ata-babalarının qərinələrdən, əsrlərdən gələn və artıq çürüyən qaydaları vardı.

Sonra müəllimləri təcavüz etdi ona. Tarix müəllimi öz uydurduğu, ya da ona tapşırılan cəfəngiyyatları öyrətdi, biologiya müəllimi öz inancının tələblərindən danışdı, ədəbiyyat müəllimi Nəsimini, Axundovu, Cabbarlını mollaya çevirdi, coğrafiya müəllimi on bir iqlim qurşağının doqquzunun bizdə olduğunu öyrətdi, kimya müəllimi Mendeleyevin elementlər cədvəlini yuxuda görüb mələfəyə yazdığından danışdı və s. və i. a.

Ona heç kim heç vaxt həqiqətləri demədi. Onu üstün təbəqə insanlarına yaltaq olmaq üçün azadlıqdan, mənəviyyat və ləyaqətdən, öz əcdadından fərqlənməməsi üçün zövqdən və rahatlıqdan uzaq böyütdülər. Beləcə, onun həm batininə, həm də zahirinə təcavüz etdilər.

Əsla etiraz etməməsi üçün onu cinlər və şeytanlarla qorxutdular, polislər və həkimlərlə hədələdilər. Bu yazıçı yorulub əldən düşsə də, bezib usansa da, danışa bilmədi. Gah sevdiklərinin ondan üz çevirməsindən qorxdu, gah cəmiyyətin onu daşlamasından, gah da boyun əymədiklərinin onu barmaqlıqlara məhkum edəcəyindən.

Üstəlik, bu şəraitlər içində yazıçı oldu. Hesab 2:0, həyatın xeyrinə.

Taqətini, gücünü, azadlığını, düşüncəsini itirdi bu yazıçı. Zaman-zaman daha da kölələşməsi, bütpərəstləşməsi üçün ona vəzifə və pullar vəd edildi. "Onsuz da azad yaşaya bilmirəm, barı rahat yaşayım" deyib bütün təklifləri qəbul etdi. Əslində, heç vaxt rahat olmadı. Öz ürəyinin dərinliyində bildi ki, keçmişin qul bazarında fironlara satılan qullardan bir fərqi yoxdur. Amma rahat göründü.

Ehtiram Məhərrəmov
© Sputnik / Orxan Bahadırsoy

Sonra isə ona hər gün təcavüz edən adamlar — ailəsi, qohumları, qonşuları, dost-tanışları, sevgilisi, həyat yoldaşı, oxucuları, nəhayətində böyük bir kütlə onun üzünə durub arsız-arsız soruşdu: niyə Azərbaycana Nobel gətirmirsən? Bu arsızlıqdan daha da çox sarsıldı. Amma o, görünüşdəki rahatlığını itirməmək üçün yenə susdu və hələ də susur.

Onun ən məşhur şeirləri hansısa nazirə, millət vəkilinə yazdığı mədhiyyələr oldu. Ən böyük romanları iki qardaşın bir qızı sevməsi, bir kişinin iki arvad almasından ibarət idi. O, heç vaxt bu toplumun bəsit problemlərindən, qalmaqallarından, mənasız kürsü davalarından, pul və vəzifə ehtirasından kənara çıxa bilmədi.

Dövlət və xalq ondan qəzəblə Nobel tələb etdi. Yazıçı isə soruşa bilmədi ki: "Hörmətli dövlət və əziz xalq, axı sən mənə nə öyrətdin, nə verdin ki, nə istəyirsən? İndi mənim yaratdıqlarım da sənin öz səviyyəndədir!" Əgər bunu desəydi, nə təqaüd alacaqdı, nə Fəxri Xiyabanda dəfn olunacaqdı.

Onun ən böyük xoşbəxtliyi televerilişlərdə ailə-məişət qalmaqallarına ekspertlik etmək, onun ən böyük uğuru hansısa bəsit mükafatın təqdimetmə mərasimində vətən və millət adına pafoslu nitq söyləmək oldu. Bir də bütün bunların nəhayətində Fəxri Xiyaban, ehtişamlı heykəl…!

Bu obrazlı hadisələr bir yana… Məlumunuzdur ki, son dönəm əksər gənc yazarlar öz kitablarını çap etdirmək üçün oxuculardan pul toplayır, imkanlı şəxslərdən sponsor olmaları üçün xahiş edirlər. Digərləri də gecə-gündüz işləyir və öz hesabına öz kitabını çap etdirirlər. Bu kitabı çap etdirmək üçün nəşriyyata pul ödəyir, kitabın mağazalara paylanması üçün pul ödəyir, reklamı üçün pul ödəyir, təqdimat günü üçün pul ödəyir, nəhayət, satışdan qazandığı pulun bir qismi də mağazalarındır.

Bu kitab hansı məbləğə satılmalıdır ki, müəllif heç olmasa, xərclərini qarşılaya bilsin? Ən əsası isə bu müəllif bu qədər iş-gücün içində növbəti əsərini yazmağa necə vaxt və enerji tapsın?

Məşhur alman dramaturqu, alman teatrının banilərindən sayılan Karl Büxner kəndlilərə öz haqlarını tələb etmələri üçün səslənmişdi. Amma elə kəndlilər tərəfindən şikayət edildiyinə görə qaçmağa məcbur olmuşdu.

Büxner alman ədəbiyyatının ilk şüurlu dramını ("Dantonun ölümü) yazmışdır. 22 yaşında təbiət elmləri doktoru olmuş və elə həmin ildən anatomiya müəllimi kimi çalışmışdır. Amma 23 yaşında vəfat etmişdir.

Əlbəttə, o dönəm öz xalqı tərəfindən şikayət edilən, kürsü sahiblərinin düşmən elan etdiyi, 23 yaşda vəfat edən gənci heç kəs dahilik ünvanına sahib görməmişdi. İndi isə Almaniya sənət və ədəbiyyat üçün yetirdiyi üç dahi sayacaqsa, heç şübhəsiz, biri də Büxner olacaqdır.

Bunu ona görə dedim ki, bu gün hər tərəfdən təcavüzə uğrayan, ehtiyac içində yaşayan, elə öz insanı tərəfindən daşlanan gənclərin içindən büxnerlər yetişəcək. Onları azacıq da olsa, sevin ki, sabah fəxr etməyə üzünüz olsun!

Əlaqədar

Öz dahilərinə qənim kəsilənlər
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Maddiyyət qədər ucuzlaşan mədəniyyət
Şəhrizadın erotik nağılları
Məmur əyləndirən təlxəklər
Teqlər:
şair, ailə, insan, yazıçı, təcavüz, cəmiyyət

Əsas mövzular