03:23 20 Yanvar 2017
Canlı yayım
Salvador Dali

Salvador Dali falçı idimi?

© Foto: eskipaper.com
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
18210

Kürsülərinə yaslanıb ağzı köpüklənə-köpüklənə "ölkədə istedad yoxdur, nə var idisə, keçmişdə var idi" deyən adamlar elə bütün istedadları bu ölkədən didərgin salan adamlardır

BAKI, 25 okt — Sputnik. Yazıçı Mirmehdi Ağaoğlunun Salvador Dali və onun "Yeni insanın doğuşunu izləyən geopolitik uşaq" əsəri haqqında yazısını oxudum.

Ehtiram Məhərrəmov
© Sputnik / Orxan Bahadırsoy

Maraqlı və mühüm məlumatlarla zəngin olan bu yazıda rəssam İmran Nurəlinin əsər haqqında iddiası daha çox diqqətimi çəkdi. İmran bəy Salvador Dalinin məşhur əsəri haqqında belə deyir: "Bu əsərdə Salvador Dali özünün davamçısının, ikinci rəssamın Azərbaycanda doğulduğunu işarə edib. Həmin rəssam mənəm".

Mən yaradıcı insanlarda özünə olan güvəni, inamı, sevgini, müəyyən qədər xoşagəlimli təkəbbürü sevənəm. Bəli, istedadı şux saxlayan amillərdən biri də xoşagəlimli təkəbbürdür. Lakin istedadlı insanın, yaradıcı şəxsin mistik, mövhümi cəfəngiyyatlara inanmasını qəbul edə bilmirəm.

Salvador Dalinin Maestri de la Petura əsəri
PUBLİC DOMAİN
Salvador Dalinin Maestri de la Petura əsəri

Axı Salvador Dali kimi nəhəngi kütləyə öncəgörücü, ekstrasens, falçı, cadugər və başqa bu kimi sifətlərlə tanıtmağı necə qəbul etmək olar? Ən ağır dərd də odur ki, bu təqdimatı edən özü də bir rəssamdır, yəni yaradıcı şəxsdir. Hələ sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev də İmran Nurəlinin fikrini təsdiqləyir.

Rəsmdən söhbət düşəndə ağlıma ilk gələn ad Pablo Pikasso olur. Xoş bir hadisədir ki, bu yazını yazmağım da onun doğum gününə təsadüf etdi. Pablo Pikasso 1881-ci ilin 25 oktyabrında İspaniyada doğulub. Onun ən məşhur əsərlərindən biri də 1937-ci ildə almanların Gernika şəhərini bombalamasına həsr olunub.

İkinci Dünya Müharibəsi illərində Pablo Pikassonun emalatxanasını yoxlamaq üçün gələn alman generalı "Gernika" rəsmini görüb rəssamdan soruşur: "Bunu sizmi etdiniz?" Pablo Pikasso cavab verir: "Yox, siz etdiniz".

Pablo Pikasso öz əsəri ilə müharibəni təpikləyib, onun səbəbkarlarını bir cümlə ilə şillələyəndə, Leonardo da Vinçinin "Mono Liza"sını əsərin vətəni olan Florensiya şəhərinə qaçıranda, Jan Kokto ilə Roma teatrlarında opera və baletlərə rəssamlıq edəndə, Olqa Xoxlova ilə evlənib Maria Terezlə, Dora Maarla sevgili olanda, kubizmin əsasını qoyanda bizim rəssamımız Salvador Dalini falçı çıxarmaqla məşğul olur.

Pablo Pikassonun Gernika rəsmi
PUBLİC DOMAİN
Pablo Pikassonun "Gernika" rəsmi

Yeri gəlmişkən, bir gənc xanım rəssam da Rəssamlıq Akademiyasının müəlliminə erotik çalarların yer aldığı rəsmini göstərəndə belə bir cavab almışdı: "Get gül-çiçək, dağ-meşə çək. Bu biədəb şeyləri niyə çəkirsən?" Burdan o müəllimə bir xatırlatma edək: Pablo Pikassonun "Aviqnon fahişəxanası" adlı kubizmin ilk nümunələrindən sayılan məşhur rəsmi İspaniyanın küçələrini bəzəyir.

Salvador Dalinin əsərinə gəlincə, əlbəttə, Mirmehdi Ağaoğlunun yazısının sonunda müəllifin fikri daha məntiqli və maraqlıdır: "Dalinin tabloda göstərdiyi qadın nə Qafqaza, nə Abşerona, nə də Bakıya işarə edir. O qadın barmağını, məhz yeni doğulan insana tuşlayıb və geopolitik uşağa məhz bunu göstərək sanki deyir: Geopolitik uşaq, bil və agah ol, yeni dünyanın siyasəti məhz Amerikadan doğulacaq, dünyanın gələcək gərdişini Amerika müəyyən edəcək. Əgər qadın Abşeronu işarə etsəydi, o zaman uşaq da yeni doğulan insana deyil, məhz Abşerona baxardı".

Ümumiyyətlə, Azərbaycanın film, teatr, musiqi, ədəbiyyat və digər mədəni sahələri kimi rəssamlıq da inkişafdan qalıb. Bu bədbin yanaşmaya görə məni qınamayın. Əgər Toğrul Nərimanbəyovu misal çəksək, Parisdə yaşadı və elə orda da vəfat etdi. Nə olsun ki, Azərbaycanın xalq rəssamı, İstiqlal ordeni, Şərəf ordeni və başqa mükafatlarla təltif olundu!?! Həqiqət isə odur ki, Toğrul Nərimanbəyovun Azərbaycanda məzarı da yoxdur. Babaxan Bədəlov desək, o da Parisdə yaşayıb-yaradır və hər müsahibəsində Azərbaycandan küsdüyünü deyir.

Kürsülərinə yaslanıb ağzı köpüklənə-köpüklənə "ölkədə istedad yoxdur, nə var idisə, keçmişdə var idi" deyən adamlar elə bütün istedadları bu ölkədən didərgin salan adamlardır. Burda qalanlar da uğur qazana bilməmək sindromundan əziyyət çəkib Salvador Dalini falçı çıxardılar. Gözünüz aydın!

Əlaqədar

Onlar niyə xoşbəxt ola bilmədilər?
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Eyni ayda vəfat edən ana və oğlu - iki musiqi nəhəngi
Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?
Seks-simvol olmaq istədilər, amma...
Teqlər:
Mirmehdi Ağaoğlu, Salvador Dali, falçı, rəsm, rəssam, insan

Əsas mövzular