19:14 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Sevinc Şabanova

Erotik film çəkmək istəyən qız: "Ailəm tərəfindən problemlər yaşayıram"

© Photo : S.Şabanovanın şəxsi arxivi
MƏDƏNİYYƏT
Qısa URL
263210

Sevinc Şabanova: "Adamı tanımadan mühakimə etməyək və ölkədə bu boyda problem varkən, bir qızcığazın sözündən tutub ucuzluğa getməyək..."

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Azərbaycan balaca ölkədir, elə insanlarının maraq dairəsi də olduqca balacadır. Düşünülməmiş bir söz asanlıqla ölkənin gündəminə çevrilə, ona reaksiya verən insanlar müəllifin həyatını zindana çevirə bilər.

İnsanların gələcək planları ilə bağlı sorğu hazırlayan bir səhifə Sevinc Şabanovaya da məqsədləri ilə bağlı sual verib. O, suala cavabında niyyətinin gələcəkdə erotik film çəkmək olduğunu bildirib və bu qızcığaz bir göz qırpımında sosial şəbəkələrin və medianın gündəminə çevrilib.

Sosial şəbəkədə ünvanına yazılan təhqir və təhdid dolu mesajlardan cana doyduğunu bildirən sosial media qəhrəmanı Sputnik-ə müraciət edərək müxbirimizlə söhbətləşib. Müsahibəni təqdim edirik:

- İlk olaraq özünüz haqqında məlumat verin: kimsiniz, nəçisiniz, harda böyümüsünüz?

— Şabanova Sevinc. Azərbaycan Maliyyə İqtisad Kollecini bitirmişəm. Bu il sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasına vermişəm. Bakı şəhərində böyümüşəm. İyirmi bir yaşım var…

Sevinc Şabanova
© Photo : S.Şabanovanın şəxsi arxivi
Sevinc Şabanova

- O suala cavab verəndə hər hansı bir məqsədiniz var idi? İnsanlar deyirlər, məşhurlaşmaq istəmisiniz…

— Əslində, məşhurlaşmağı sevmirəm və elə bir fikrim də olmayıb. O şəkil çəkiləndə sual belə oldu ki, "gələcəkdə məqsədin nədir?" Dedim, dram qarışıq erotik film çəkmək. Düzünü desəm, belə başa düşmələri mənə çox təsir edib.

- Yəni bu qədər reaksiya olacağını gözləmirdiniz…

— Əslində, bizim cəmiyyətdən gözləyirdim. Axı, öyrəşiblər kimsə nəsə etsə, tapdalasınlar, həyatına qarışsınlar. Hətta, arzularına mane olsunlar…

- Bir az da məşhurlaşmaq hissi güc gəldi, eləmi?

— Yox, dörd ildir ki, ictimai sektordayam, məşhurlaşmağa ehtiyacım yoxdur.

- Ailədə məsələdən xəbəri olan var? Necə reaksiya verdilər?

— Məqsədim rejissor olmaqdır və ailəm bilir ki, rejissor olacam. Mən hər janrda çəkə bilərəm, böyüdüləsi heç nə yoxdur. Sağ olsun, bəziləri vəziyyəti ailəmə o cür çatdırıb ki, özüm məəttəl qaldım. Mən elə deməmişəm axı. Hazırda ailəm tərəfindən problemlər yaşayıram.

- Demək olar, bir neçə gündür, ancaq sizdən danışılır və sadəcə gülüb keçirsiniz. Bunu necə bacarırsınız?

— Bilirsiniz necədir, gülüb kecməsəydim, bu bir neçə gündə artıq o dünyalıq olmuşdum. (gülür) Hə, bir də ki, o, təhqirlə tənqidi səhv salan soydaşlarım sonra inboxa yazıb üzr istəyirlər, niyə, nə səbəbə? Dönüb onların hamısına fikir versəm, inanın ki, qabağa getmək əvəzinə elə yerindəcə sayaram.

- Adətən erotik film çəkən rejissorların bioqrafiyasına baxanda görürük ki, uşaqlığında, yaxud yaşının hansısa dönəmində ağır travma alıb. Siz də erotik film çəkmək niyyətindəsiniz. Hər hansı bir travma yaşamamısınız?

— Yox, heç elə problemim olmayıb (gülür — müəll.). Amma onu deyim ki, həmin kinonu mən bu saat çəkmirəm, elə bir fikrim də yoxdur. On ilə, on beş ilə ola bilər. İnşallah! Arzumdur, sadəcə… Onda bəlkə bəziləri erotikayla pornonu ayırd edə bilər. Amma hazırda elə filmlər bizim cəmiyyət üçün deyil.

- Sizcə, insanlar o qədər porno saytlara baxa-baxa hələ də niyə erotikayla pornonu ayıra bilmirlər? Və yaxud o ikisi arasında fərq nədir?

— Bilmirəm. Ayıra bilsəydilər, belə edərdilər sizcə? Erotika — eşq və şəhvani hisslərin kinonun, rəsmin, şeirin, musiqinin diliylə obrazlı ifadəsidir…

- Məsələ bu qədər gündəmə gəlib. Əlinizdə fürsət varkən insanların sözünü kəsmək üçün yaxın zamanlarda nəsə çəkməyi düşünmürsünüz?

— Düşünürəm.

- Əsəbi filan bir kənara qoyun, səmimi cavab verin. Məşhurluq necə hisdir?

— Çox pis… Mən assosial adamam, gündəmdə olmağı sevmirəm. İki il əvvəl bir məsələ ilə gündəmi zəbt eləmişdim, indi də bu çıxdı ortaya…

- Son olaraq…

— Son olaraq onu deyim ki, çox istəyirəm, adamı tanımadan mühakimə etməyək və ölkədə bu boyda problem varkən, bir qızcığazın sözündən tutub ucuzluğa getməyək…

Əlaqədar

Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?
Şəhrizadın erotik nağılları
Pornofilmlərin insan beyninə təsiri barədə dəhşətli faktlar
MTRŞ ANS-in efirində gedən pornoqrafik məqamları açıqladı
Teqlər:
Sevinc Şabanova, erotika, porno, kino, film

Əsas mövzular