01:59 25 Fevral 2018
Canlı yayım
Məşhur meyxanaçı qardaşlar İntiqam və Ehtiram Rüstəmov

"Artıq o meyxanaçıları məclislərə buraxmırlar"

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
100811

Məşhur meyxanaçı qardaşlar: "Meyxanada çərçivəsindən çıxdınsa, o, meyxana sayılmır. Biz içib çıxıb, özünü apara bilməyən meyxanaçılarla oturub-durmuruq"

BAKI, 20 may — Sputnik. Azərbaycan folkloruna aid meyxana sənəti — zərb alətinin müşayəti ilə oxunan musiqi-poetik janrdır. Meyxananı iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir.

Son dövrlər meyxanaya maraq artıb və el şənliklərində, konsertlərdə bu sənətə tələbat var. Buna baxmayaraq, hələ də meyxana haqqında mənfi düşüncədə olan, küçə sənəti sayan insanlar da az deyil.

Sputnik-in əməkdaşı, ölkə daxilində və xaricində kifayət qədər tanınmış meyxanaçılar — İntiqam və Ehtiram Rüstəmov qardaşları ilə meyxananın keçmişi, bu günü, gələcəyi və cəmiyyəti düşündürən digər mövzuları müzakirə edib.

- Meyxana sənətinin tarixi nə zamana dayanır?

İntiqam: — Meyxananı tarixi qədimdir. Demək olar ki, şeiriyyat yaranandan meyxana da yaranıb. Muğamın, sazın, meyxananın yaranması ayrı əsrlərə aid olsa da, hər üç sənət Azərbaycana məxsusdur. Hər xalqın şairi var. Şair xalqın dili, sözü deməkdir. Biz də bu sənəti qoruyub saxlayırıq. Meyxananı sona kimi mükəmməl bilən yoxdur. Meyxananı öyrəndikcə daha da dərinə gedirsən. İldən-ilə sözlər çıxır, o sözləri də vəzinə salmağı bacarmaq lazımdır. Bir sözlə, kim deyirsə ki, mən meyxananı dərindən bilirəm, deməli o, hələ meyxananı bilmir.

- Bakılılar meyxananın Bakıda yarandığını iddia edirlər və digər regionlardan olan meyxanaçıları qəbul etmirlər. Buna münasibətiniz necədir?

İntiqam: — Doğrudur, meyxana sənəti Abşerondan başlayıb. Meyxana sənətinin bizim illərə gəlib çatmasında Bakı kəndlərinin böyük zəhməti var. İllər öncə senzura var idi. Meyxana bədahətən deyildiyindən, əvvəllər etik normaları keçdiyindən, senzuradan keçə bilmirdi və ona görə efirə çıxa bilmirdi meyxanaçılar. Son illərdə bu sənət səhnəyə gəldi. Bir tanınmış məmurumuz tədbirlərin birində bizə belə dedi: "Nizami Rəmzinin, Ağasəlim Çıldağın meyxananın səhnəyə gəlməsində böyük rolları oldu, Namiq Qaraçuxurlu əksər qadınlara meyxananı sevdirdi, siz isə meyxananı dünyaya tanıtdınız". Mən həmişə demişəm, Xəzərin havasını udmayan insan meyxana sevməz və meyxana söyləyə bilməz. Meyxana sarı qumun üzərində yaranıb.

Ehtiram: — Nizami Rəmzi, Ağasəlim kimi ustadlar meyxananı Azərbaycanda məşhur ediblər, tanıdıblar və sevdiriblər. Mən və İntiqam isə meyxananı dünyada tanıtdıq. Artıq Yaponiyada da bilirlər, meyxana nədir. Bu, bizim uğurumuzdur.

- Deyilənə görə, meyxanaçı ayıq vəziyyətdə yarada bilmədiyi qafiyələri, sərxaoş halda, yaxud hansısa uyuşdurucunun təsiri altında daha yaxşı bacarır. Həqiqətən belədir?

İntiqam: — Bu cür hal bütün sənət adamlarında var — müğənnilərdə, musiqi alətlərində ifa edənlərdə və s. Amma onların çoxu səhnədə fanoqram oxuduqlarından, onların durumu hiss olunmur. Amma bu o demek deyil ki, mən bunun tərəfdarıyam. Əksinə, əleyhinəyəm. Meyxana ilə insanlara demək istədiklərimizi çatdıra bilərik. İçib çıxıb, özünü apara bilməyən meyxanaçıları özümə sənət yoldaşı bilmirəm.

Ehtiram: — Bir insan ki, özünün qədrini bilmir, belə insan dostunun, qardaşının qədrini bilə bilər?! Əlbəttə, yox! Belə meyxanaçılarla biz bir məclislərdə oturmuruq.

- Bəzi hallarda meyxana deyişmələrində təhqirə, söyüşə keçilir. Bu nüans sənətdə normal qarşılanır?

İntiqam: — Bu sənətin qolları var. Sanki bu meyxanada təhqir, tənqidə meyllilik var. Əvvələr daha çox təhqir olurdu. Son zamanlar artıq belə meyxanaçıları el şənliklərinə buraxmırlar. Artıq restoranlarda da meyxana deyilir, xanımlar da əyləşir məclislərdə, ona görə meyxanaçılar çərçivədən çıxmır. Meyxanada çərçivəsindən çıxdınsa, o, meyxana sayılmır.

Ehtiram: — Elə meyxanaçılar var ki, ağızlarına gələni deyirlər. Biz elələri ilə meyxana demirik. Belə meyxana demək olmaz.

- Olub ki, belə təhqirlə müşayət olunan deyişmələr dava-dalaşa çevirilsin?

İntiqam: — Biz elə məclisdə olmamışıq. Amma eşitmişəm ki, məclislərdə bir-birinə çaynik atan olub, bir-birinin üzünə stəkan atan olub. Məclisdən sonra dava edənlər də az olmayıb. Bu da onları aşağılayır. Azərbaycanda meyxana sənətini yaşadan 7-8 meyxanaçı var. Meyxanaçılar bir az ehtiyatlı olsunlar. Hər yerdə nə ağızlarına gəldi, deməsinlər. İndi kamera hər kəsdə var, çəkib youtube-a qoyurlar. Bununla da meyxanaçı illərini sərf edərəq qazandığı uğurlarını məhv etmiş olur.

Ehtiram: — Ona görə iki qardaş deyirik meyxananı. Bir — birimizin acı sözünü uda bilirik.

- Meyxanada jarqonlardan, məhəlli ifadələrdən, həmçinin əcnəbi sözlərdən gen-bol olması normaldır?

İntiqam: — Mən Sovet dövründə böyüdüyüm üçün rus dilini yaxşı bildiyimdən, çox məşq etdim və rus dilində də meyxana deməyə başladım. İngilis dilini bilsəm, ingilis dilində də deyərəm. Rus dilində dedikcə rusdilli xalqlar da bu sənəti bilib sevdi. Rusların bir məclisində idik. Orada bir nəfərin güldana əli dəydi və güldan qırıldı. Biz o dəqiqə ona meyxana qoşub dedik. Bütün məclis heyrətlənmişdi. Sərhəddən kənarda meyxana sənətini tanıtmaq çox çətindir. Biz bir kəlmə sözümüzlə MDB ölkələrində meyxananı tanıtdıq. Həmin ölkələrdə meyxananı çay evi, kafe bilirdilər. Sonradan Rusiyada və digər ölkələrdə meyxana sənətini tanıtdıq.

- Azərbaycanda niyə meyxana deyə bilən xanım yoxdur?

Ehtiram: — Meyxana meydanlarında xanım baş çıxara bilməz. Biz azərbaycanlıyıq. Bizim mentalitet üçün deyil bu. Xanımdan gözəl xanəndə, mügənni olar, amma meyxanaçı olmaz.

- Mayın 24-də Moskvaya səfərə getməlisiniz. Nə ilə bağlıdır bu səfər?

İntiqam: Bizim Rusiyanın 1-ci kanalında yayımlanan "Veçernıy Urqant" verilişinə ediblər. Özümüz də bilmirik necə olacaq. Sadəcə telekanala dəvət almışıq. Nə yeniliklər olacaq səfərdən gələndən sonra sizə məlumat verə bilərik.

Ehtiram: — Yenə də Azərbaycanı təmsil edəcəyik. Meyxana sənətini tanıdacağıq.

Əlaqədar

Azərbaycanın opera sənətçiləri Qırğızıstana yollanırlar
Dünyanı aldadan adam: "Bu sənətdən pul çıxmır"
Bakılı bərbər bu sənətə aid 50 nadir eksponatı toplayıb
Şəkili sənətkarlar həyəcan təbili çalırlar
Sənət rüşvətə yoluxanda...
Tanınmış sənətçi olan qardaşlar uşaqlıqdan küsülüdürlər
"Kütlə sevmir deyə, sənətimizi atıb gedəsi deyilik ki..."
Teqlər:
deyişmə, Ehtiram, İntiqam, meyxanaçı, meyxana, folklor, şeir

Əsas mövzular