14:17 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
98930

Onun qorxusu tək bir şeydən ola bilərdi, o da səhnəni itirmək. Məhz bu səbəbdən ola bilər ki, təxəllüsünü general Ərəblinskinin qızı xanım Ərəblinskayanın xatirinə götürməsini gizlətsin. Bəs bunu niyə gizlədirdi?

(Tarixi araşdırma — ikinci yazı)

BAKI, 10 may — Sputnik. "Ərəblinskinin bir suyu ərəbə oxşayırdı. Əsrlərdən bəri gələn bu qan qohumluğu, təkcə onun təbiətindən deyil, üzünün rəngindən, buruq-buruq saçlarından, parlaq, mavi, hərarətli gözlərindən, gülümsər dodaqları arasında görünən düyü kimi ağ dişlərindən görünürdü." (Erməni aktyor Vaqram Papazyan, "Dostluq səhifələri", Azərnəşr, 1964)

Birinci yazıda nəzərinizə çatdırdığım kimi, Hüseyn Xələfovun Ərəblinski ləqəbini götürməsinin səbəbi baradə çoxsaylı iddialar var. Onun zahirən ərəblərə oxşaması, təkcə Vaqram Papazyanın xatirələrində deyil, Soltanməcid Qənizadənin xatirələrində də var. Amma Soltanməcid Qənizadənin cümlələri o qədər dərin, həm də qarışıq qurulub ki, bu cümlələrdə hansısa həqiqətlərin gizləndiyini düşünməmək mümkün deyil.

Soltanməcid Qənizadə yazır: "…Hüseyn otelə, mənim görüşümə gəlmişdi. Söhbət əsnasında mən ona zarafatyana general Ərəblinskinin familiyasını qəsb etdiyini eyham etdikdə, ucadan qəhqəhə çəkib dedi: —Generallardan nə yetər? Biz aktyorlar o qədər naxalıq ki, kinli xaqanın tacını səhnə ortasında başından qapıb, ayağımız altında tapdalayırıq, amma doğrusunu bilmək istəsəniz, mənim əslim Şirvanın Qobustan ərəblərindəndir.

Hüseyn bunu dedikdə mən onun üzünə təftiş nəzərilə baxdım. Filhəqiqət surətinin gəlişi ərəb libasında idi, dedim: —Doğrudan da, Hüseyn, sən əsl ərəb oğlu ərəbsən!… Bunu deyərkən birdən-birə təğyiri-hal (dəyişilərək) olaraq, bilməm hansı əhvalatı dərxatir (xatırlamaq) etdisə, dərin bir ah çəkdi." (Soltanməcid Qənizadə, "Seçilmiş əsərləri", 1965)

Diqqət edin: Soltanməcid Qənizadə də birinci yazıda qeyd etdiyim kimi, Murad Muradovun və Hacıağa Abbasovun yazdıqlarını təsdiqləyir. Yəni, Hüseyn Xələfov həqiqətən də Dərbənddəki general Ərəblinskinin soyadını özünə təxəllüs edib. Amma Hüseyn öz əslinin ərəblərdən gəldiyini iddia edir. Bəs Soltanməcid Qənizadə ona "ərəb oğlu ərəb" deyəndə niyə dərindən ah çəkir? Hansı əhvalatı xatırlayır?

Görünür ki, Hüseyn Ərəblinski təzyiqlərdən, təhdidlərdən usanıb öz əslinin ərəb olmasına və bu səbəbdən "Ərəblinski" təxəllüsünü götürməsinə dair bir yalan uydurmuşdu. Bunu Hüseyn Ərəblinskinin qorxaqlığı kimi anlamaq olmaz. Çünki o, öz sənətinin qarşısında generalları, xaqanları, qubernatorları, senzorları heç və puç sayan biri idi.

Bunun isbatı İbrahim İsfahanlının memuarında var. Bu xatirələrdə deyildiyinə görə, 1914-cü ildə Hüseyn Ərəblinski Tiflisdə qastrolda olur. "Gürcü Dvoryan" teatrında Kərim Şərifovun "Ləkkeyi-təxti-kayan" pyesini oynayırlar. Tamaşa Ərəblinskinin rejissorluğu ilə səhnələşdirilir. Salonda İran konsulluğunun nümayəndələri də olur. Dördüncü pərdədə Şeyx Siqqətülislam (aktyor Ə. Yüzbaşov) Məhəmmədəli şahın (aktyor M.T. Ələsgərov) üzünə tüpürür. Salonda hay-küy qopur. İranlılar etiraz edirlər ki, şahın üzünə tüpürmək olmaz. Pərdəni salırlar. Çox keçmir ki, polislər, senzorlar, konsulluğun işçiləri səhnənin arxasına gəlirlər. Bir erməni senzor Ərəblinskini millətlərarası ixtilaf yaratmaqda təqsirləndirir və onu həbs etmək istəyir. Bu vaxt Ərəblinski senzora belə deyir: —Cənab senzor, biz şahın üzünə tüpürən adamlarıq, sizin üzünüzə tüpürməyə nə var ki?

Bu sözdən sonra Ərəblinski erməni senzorun üzünə tüpürür. Daha sonra pyesdə belə bir səhnənin olmasını remarkanı göstərməklə sübuta yetirib sərbəst buraxılırlar. ("Qobustan" toplusu, 1971, nömrə 1)

Göründüyü kimi, Hüseyn Ərəblinski heç də qorxaq biri deyilmiş. Onun qorxusu tək bir şeydən ola bilərdi, o da səhnəni itirmək. Məhz bu səbəbdən ola bilər ki, təxəllüsünü general Ərəblinskinin qızı xanım Ərəblinskayanın xatirinə götürməsini gizlətsin. Bəs bunu niyə gizlədirdi?

Dərbənddəki general Ərəblinskinin iki qızı vardı. Böyük qızı Nurcahan Ərəblinskaya Hacı Zeynalabdin Tağıyevin gəlini idi. 1896-cı ildə 73 yaşı olan milyonçu Tağıyev öz oğlunun (əmisi qızından dünyaya gələn İsmayılın) baldızı ilə, general Ərəblinskinin ikinci qızı olan 16 yaşlı Sona Ərəblinskaya ilə evlənir. Bu, həmin Sona Ərəblinskayadır ki, 1906-cı ildə Dərbənddə Hüseyn Xələfovun tamaşasına gəlir, ona gül bağışlayır və heyranlığını bildirir. Həmin gündən sonra da Hüseyn Xələfov öz təxəllüsünün afişalarda "Ərəblinski" yazılmasını tələb edir.

Əlbəttə, bu hadisə o dövrdə böyük söz-söhbətə, dedi-qoduya səbəb olur. "Milyonçu Tağıyevin arvadı bir artistlə oynaşır" deyə, Dərbənddən Bakıya, Bakıdan Tiflisə qədər şayiələr yayılır. Bu söhbətlər də Tağıyevi hədsiz dərəcədə əsəbiləşdirdiyi üçün Hüseyn Ərəblinskiyə kəskin nifrət bəsləyir və həmişə onu təqib etdirir, gördüyü işlərdə mane olmağa çalışır.

Böyük ehtimal ki, Soltanməcid Qənizadə ilə danışanda Hüseyn Ərəblinski bunları xatırlayıb dərindən ah çəkir.

Hacı Zeynalabdin Tağıyevin və digər Bakı milyonçularının Hüseyn Ərəblinskiyə hansı təzyiqləri olmuşdu? Hüseyn Ərəblinski nə vaxt və kiminlə evlənir? Böyük sənətkarın ölümünün arxasında başqa hansı gizli məqamlar durur? Növbəti yazıda biləcəksiz…

Əlaqədar

Sənət rüşvətə yoluxanda...
"Bu sənətin dövrü bitir..."
"Kütlə sevmir deyə, sənətimizi atıb gedəsi deyilik ki..."
Sovet dövründə kino və teatrımızda milli ruhu qorumuş sənətkar
Ömrünü sənətə həsr etmiş ziyalı
Teqlər:
Hacı Zeynalabdin Tağıyev, senzor, İbrahim İsfahanlı, Soltanməcid Qənizadə, ərəb, Hüseyn Ərəblinski

Əsas mövzular