10:57 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il

Səhnəmizin "Qayınana"sının yüz yaşı tamam olur

© Photo : "Azərbaycanfilm" kinostudiyası
MƏDƏNİYYƏT
Qısa URL
355060

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti, ikiqat Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni laureatı Nəsibə Zeynalovanın anadan olmasından 100 il keçir.

Teatra sevgi əsasən uşaqlıq illərində yaranır. Bu sətirlərin müəllifi özünün teatra olan hədsiz sevgisinə görə artıq təəssüf ki, bizimlə olmayan iki qadına minnətdardır. Birincisi, mənim nənəm Sürəyya xanım Paşabəyli-Hacınskayadır. Teatr vurğunu olan nənəm hər həftə şəhərin teatrlarından birinə özü ilə apararaq mənim səhnə dünyasını kəşf etməyimə səbəb olub. İkinci qadın Nəsibə xanım Zeynalovadır. Mən ilk dəfə Musiqili Komediya teatrında onun "Qayınana"dakı oyununu görəndə, həmişəlik bu gözəl sənət növünün pərəstişkarına çevrildim. Yalan deməyəcəm, dəqiq tarixini, yəni günü və ayı bilmirəm, amma 1966-cı il idi. İlk dəfə bu teatra gələn kimi məni foyedəki şərait valeh etdi. Pərdə açılanda isə… 

Hörmətli oxucular, artıq 50 il keçib, amma inanın ki, getdiyim ilk teatr tamaşasını indiyədək demək olaraq ki, bütün detalları ilə xatırlayıram. Bütün aktyorlar yaxşı oynayırdılar, Nəsibə xanımı isə təsəvvür etmək belə mümkün deyil! Səhnədə baş verənlərin həqiqət olduğuna bir saniyə belə şübhə etmirdim. İş mənim cəmi səkkiz yaşımın olmasında deyildi. Uşaqlar saxtakarlığı dərhal hiss edirlər. Zeynalova o dövrün Bakısında çox tez-tez rast gəlinən obrazı yaratmışdı. Lakin bunu elə özünəməxsus və gözəl tərzdə etmişdi ki, hamının tanıdığı personaj olmaqla yanaşı həm də təkrarolunmaz Cənnət xanım ortaya çıxmışdı. Heç bir saxtakarlıq, ucuz səhnə fəndləri və effektlərindən istifadə olunmamışdı. Bütün bunlar Nəsibə xanıma yad idi. O, tamaşaçıları öz misilsiz istedadı və hərdən əvvəldən reallıqdan uzaq olan rollarda da qeyri-adi həqiqiliyi ilə fəth edirdi. Özünün rollara bu münasibəti və oyun tərzi ilə o aşkar surətdə sübut edirdi ki, öz dahi valideyninin — Azərbaycan teatrının yaradıcılarından biri və realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun layiqli davamçısıdır.

Nəsibə Zeynalova (Züleyxa) və Lütfəli Abdullayev (Məhəmməd) Ulduz filmində. 1964-cü il
© Photo : "Azərbaycanfilm" kinostudiyası
Nəsibə Zeynalova (Züleyxa) və Lütfəli Abdullayev (Məhəmməd) "Ulduz" filmində. 1964-cü il

Bu gözəl aktrisanın həyat yolu 1916-cı il aprelin 20-də başlayıb. Məhz həmin gün Bakı şəhərində varlı sahibkar və istedadlı aktyor Cahangir Zeynalovun ailəsində qız övladı — Nəsibə dünyaya göz açdı.

Anadan olduqdan bir müddət sonra — 1918-ci il mart hadisələri zamanı ailə İrana qaçmalı oldu: bolşevik və erməni-daşnak dəstələri şəhərin azərbaycanlı əhalisini amansızlıqla məhv edirdilər. Təəssüf ki, 1918-ci ilin noyabrında Nəsibə Zeynalovanın atası möhkəm xəstələnir və evə qayıdarkən gəmidə vəfat edir. Atanın bütün əmlakı əldən çıxır və Nəsibə anası Hüsniyyə xanımla heç nəsiz qalırlar.

Ümidsizliyə qapılan ana ikinci dəfə ərə gedərək bununla qızına yardım edəcəyini düşünür. Lakin, yeni ər əyyaş çıxır və ailəyə kömək etmək əvəzinə onu soyur. Sonda, ən qiymətli şeyləri sataraq əyyaş ailəni atır. Hüsniyyə xanım möhkəm xəstə olur və 14 yaşlı Nəsibə işləmək məcburiyyətində qalır. Məhz işə görə Nəsibə xanım təhsilini yarımçıq qoyur. Lakin qazandığı qəpik-quruş ailənin yoxsul vəziyyətini düzəldə bilmir. 

Zeynalovlar-Mütəllibovlar ailəsi həmişə Azərbaycan rejissurasının sütunlarından biri olan Şəmsi Bədəlbəyliyə hörmət və ehtiramla yanaşıb. Bədəlbəyli Nəsibə xanımın taleyində əhəmiyyətli rol oynayıb. Zeynalovlar üçün ən ağır günlərdə o filarmoniyada truppa müdiri kimi Nəsibənin aktyorluq qabiliyyətlərini sezərək ona iş təklif edir. Əvvəlcə anası bu ideyanın əleyhinə olur, lakin Nəsibə onu dilə tuta bilir. Filarmoniyada bir müddət işlədikdən sonra rəqs qrupunun rəhbəri Nəsibəni səhnə üçün yaraşıqsız hesab edərək onu işdən qovur.

Lakin artıq 1932-ci ildə onu Rza Təhmasibin dram dərnəyinə qəbul edirlər. 21 yaşlı Nəsibə Zeynalova səyyar teatr qrupunun tərkibində Azərbaycanın şəhərlərini dolaşır. Bu qızın istedadını görməmək mümkün deyildi və 22 yaşında o artıq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında birinci dərəcəli aktrisa idi. Lakin aktrisa üçün təhsil almaq çox vacib idi və həmin il o Teatr texnikumunun Aktyorluq fakültəsinə daxil olur.

Nəsibə xanım çoxlu sayda müxtəlif rollar yaradıb, məharətlə bir obrazdan başqasına keçib. Öz istedadını təkmilləşdirməkdə ona texnikumdakı müəllimlər — Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəyli kömək ediblər. Həmin illərdə Zeynalova Molyerin "Don Juan"ında Elvira, Şillerin "Mariya Stüart"ında Yelizaveta, Şekspirin "İnadkarın ram edilməsi"ndə Katerina kimi obrazları yaratdı. Aktrisa özünü tamamilə yaradıcılığa həsr etdi.

İsmət Rüstəmbəyovun təklifi ilə o kütləvi səhnələrdə çəkilmək üçün Dövlət Musiqili Komediya Teatrının köməkçi qrupuna daxil edilir. Tezliklə Nəsibənin istedadı rejissorların diqqətini cəlb edir. 400 manat təşkil edən ilk maaşından ruhlanan Nəsibə pulu anasına aparır… 

Bəşir Səfəroğlu və Nəsibə Zeynalova
© Wikipedia / Creative Commons
Bəşir Səfəroğlu və Nəsibə Zeynalova

Onun tərəf müqabilləri qismində Lütfəli Abdullayev, Əhməd Anatolu, Münəvvər Kələntərli, İbrahim Şünasi, Dadaş Şaraplı kimi ötən illərin böyük aktyorları çıxış edirdilər. Onlarla və digər aktyorlarla yanaşı çıxış edən Nəsibə gündən-günə ustalığını püxtələşdirirdi. 

Tezliklə aparıcı simasına çevrildiyi "Muzkomediya"da aktrisa özünü tam olaraq yaradıcılığa həsr etdi. Onu həm milli klassik operetta — "Arşın mal alan", "Məşədi İbad", həm də əcnəbi müəlliflərin əsərləri — "Tiflis nəğməsi", "Kete və Koto", "Sevgilimin anası" və s. maraqlandırırdı. O, coxsaylı film, intermedia və teletamaşalarda çəkilib. Zeynalovanın ən məşhur rolları "Oğey ana"dakı Fatmanisə, "Bizim Cəbiş müəllim"də Suğra, "Qayınana"dakı Cənnət və "Bəyin oğurlanması"nda Əsli xala obrazlarıdır. 

Aktrisanın şəxsi həyatı da uğurlu olub. Onun həyatında üç kişi olub – atası, əri və oğlu. Onların hər biri bizim incəsənətimizdə təkrarsız iz qoyublar. Onun atası, böyük Cahangir Zeynalov haqqında artıq danışmışıq. Əri Mütəllib Novruzov görkəmli musiqiçi olub və Azərbaycan incəsənətində silinməz iz buraxıb. 

Oğlu Cahangir Zeynalov – böyük Şəmsi Bədəlbəylinin, Mehdi Məmmədovun, Anatoli Efrosun, Georgi Tovstonoqovun şagirdi, Türkiyəyə gedənə qədər bütün Sovet İttifaqına səs salan obrazlar yaratmağa nail olmuşdu. Onun oynadığı rollar indiyə qədər də tamaşaçıların yaddaşından silinməyib. 

Məhz o – əməkdar incəsənət xadimi, istedadlı rejissor və təkrarolunmaz aktor Cahangir Novruzov Mirzə Babayevin onun valideynlərini necə tanış etdiyini danışıb. Nəsibə xanım utancaq qadın olmayıb, deyib-gülməyə üstünlük verib. Bir dəfə tamaşadan dərhal sonra hirsli Mütəllib Nəsibədən aktyor qrupundan olan oğlanların yanında niyə möhkəmdən güldüyünü soruşub. Möhkəm təəccüblənən Nəsibə isə öz növbəsində soruşub: "Buna ixtiyarım yoxdur?" Mütəllibin cavabı sərt olub: "Yox! Yoxdur!". Bunun ardınca o Nəsibəyə şillə vurub, şillədən dərhal sonra isə heyrətlənmiş qızı öpüb. Həmin vaxtdan onlar ayrılmayıblar. Əri vəfat edəndə görkəmli aktrisa bu hadisəyə əzmlə sinə gərib, lakin həmişə hiss olunurdu ki, onunla bir yerdə Nəsibə xanımın həyatından çox şey gedib. Kino və teatrdakı uzunmüddətli karyerası dövründə Nəsibə xanım çoxlu sayda təkrarolunmaz obrazlar yaradıb. 

O, daha çox rollar oynamağa nail olub. Cahangir Novruzov danışır ki,  Azərbaycanın iki böyük aktrisası – Hökumə Qurbanova və Nəsibə Zeynalova eyni vaxtda Ostrovskinin “Tufan” əsərinin quruluşu üzərində işləyirmiş. Təsəvvür edin ki, onların ifasında Katerina və Kabanixa necə qeyri-adi olardı. Alınmayıb, mane olublar, icazə verməyiblər…… Bir xatirə ilə gözəl təbəssümlə ən isti hisslərin birgə ahəngini hiss etdirən başqa bir aktrisanı təsəvvür etmək çətindir. 

Nəsibə Zeynalova – bu qadının simasında onun heyranedici istedadı ilə insani keyfiyyətləri birləşmişdi. Nəsibə Zeynalova – bu şəxsiyyət, güclü xarakterə malik insan, inanılmaz yumor hissi və təsirli gülüşü ilə qeyri-adi baxışlara malik idi. 

Onu kiminləsə müqayisə etmək çətindir, lakin düşünürəm ki, Zeynalova ilə yaradıcılıq taleyi çox bənzər olan yeganə aktrisa Faina Ranevskayadır. Onların hər ikisi yaradıcılıqlarının zirvəsinə çatmışdılar, yalınız tamaşaçılar arasında populyar deyildilər, xalqın da sevgisinə nail olmuşdular.

O zamana, 50 il əvvələ, nənəmlə birlikdə teatra getdiyim o gözəl uşaqlıq illərinə qayıdanda, mənə elə gəlir ki, sifətimi xoşbəxt bir təbəssüm bürüyür. Onda ağlıma da gəlməzdi ki, illər keçəcək və mən kumirimin oğlu Cahangirlə dost olacam, 50 il sonra, onun 100 illiyi münasibətilə böyük aktrisa haqqında yazacağam. Teatrdan Malıgin (indiki Tağıyev) küçəsi 14-dəki evimə tərəf gedəndə mənə sadəcə çox xoş olur və mən özümü xoşbəxt hiss edirəm. Həmin anlarda mənim balaca ürəyimdə teatra və yüksək incəsənətə əbədi məhəbbət doğulur. Buna görə çox sağ olun, Nəsibə xanım! 

Əsas mövzular