20:11 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Merlin Monro

Seks-simvol olmaq istədilər, amma...

© deita
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
140731

Hanı o bəxt ki, bizim ulduzlarımızın içində bir-iki nəfər Merlin Monro kimi dəli olaydı? O zaman bizim filmlərimizdən gələn gəlir neft-qaz sektorunu ötüb keçərdi.

BAKI, 19 apr — Sputnik. Əgər söhbət seks-simvol olmaqdan gedirsə, heç şübhəsiz, dünyanın ən böyük seks-simvolu Merlin Monronu xatırlamamaq olmaz. Amma əvvəlcə, bizim seks-simvol olmaq istəyib, "Tükəzban" olan bir sıra dırnaqarası ulduzlarımızdan yazmaq istəyirəm. Onların içində modellər də var, müğənnilər də, aktrisalar da, rəqqasələr də…

Onların seks-simvol olmaq iddiası çılpaq fotosessiyalardan, gecələrinə pul sayan kişilər haqqında açıqlamalardan o yana keçə bilmədi. Səbəb isə sadədir: ortada sənət yox idi. O sənət ki, özündə həm istedadı, həm biliyi, həm sevgini, həm gözəl görünüşü — dəblə geyinməyi, baxımlılığı, ideal bədən quruluşunu, həm də zəngin təfəkkürü ehtiva edən nəhəng bir anlayışdır. Bunlardan biri olmazsa, olmaz!

Dünyanın ən böyük seks-simvolu Merlin Monronun ulduzu bir şəkillə parlamışdı. Tamam təsadüf: bir fotoqraf 19 yaşlı qızın şəklini çəkir, o qızın gözlərindəki və dodaqlarındakı təbəssümü, artıq bir əsrdir hafizələrdən silinməyən o məşhur duruşu xalq o qədər sevir ki, həmin 19 yaşlı qız qəfildən bir Hollivud ulduzuna çevrilir.

Merlin Monro bütün dünyanın seks-simvolu olmasına rəğmən, öz gözəlliyinə heç vaxt güvənməyib. O, kamera önünə keçməzdən əvvəl saatlarla təkrar-təkrar makiyaj edərmiş. Saçlarını müxtəlif rənglərə boyadıb özünə ən çox yaraşanı seçərmiş.

Di gəl ki, bizim seks-simvol olmaq iddiasına düşənlərimiz iri göbəkləri, kobud budları, zövqsüz geyimləri, slikon yanaq və dodaqları ilə gözəllikdən, gecələrinə pul sayan kişilərdən, seksual maraqlarından danışır. Hələ xəbər portalları da onları seks-simvol kimi təqdim edir.

Bu yaxınlarda gördüm ki, gözəlliyi dillərə əzbər olan bir aktrisamız uzun qara donun üstündən bir sarı kürk atıb pərəstişkarları ilə şəkil çəkdirib. Ümumiyyətlə, efirə mətbəx paltarı ilə, kənd çadır toylarının dəbdənkənar geyimləri ilə çıxan tanınmış simalarımız kifayət qədər çoxdur. Bunun bir sıra səbəbləri var…

Bizdə peşəkar modelyer həddən artıq azdır. Onlar da başqa ölkələrin sənət adamları ilə əməkdaşlıq edir. Bizim müğənnilərimiz, aktrisalarımız, modellərimiz həmin peşəkar modelyerlərlə işləməyə pul tapmır. Buna pul tapsa, həmin modelyerlərin təklif etdiyi açıq-saçıq geyimlə efirə çıxa bilməzlər. Çünki əxlaqıyla silahlanmış tipik kütlə onları ataşə tutar.

Bir halda ki, bu ölkənin dəb müsabiqəsində münsif kürsüsünə Bərdə ləhcəsi ilə danışan teleaparıcı oturur, o ölkənin dəb anlayışı da Bərdədən qırağa çıxa bilməz. Əslində, bu hadisə Azərbaycanın sənət adamlarının dəblə ayaqlaşma səviyyəsini mükəmməl təsvir edir.

Əlbəttə, stereotipləri qıran, kütlə qarşısına yarıçılpaq çıxa bilən modellər, müğənnilər, aktrisalar da bir anda özlərini seks-simvol zənn edirlər. Bu önlüyü əskik mətbəx geyimli sənət adamlarının içində özlərini Hollivud ulduzu kimi görürlər. Amma özlərinin çirkin görünüşləri və həqiqi mənada pozğun açıqlamaları ilə "vitrin"ə qoyulmuş fahişəyə çevrilirlər.

Anlaşılandır. Sənətə sevgisi olmayan dövlətdə və sənəti çərçivələrə salan cəmiyyətdə bir Merlin Monro olmaq və onun həyatını yaşamaq mümkünsüzdür. Çünki kameranı sevməyən rejissorun aktyorunu, aktrisasını kamera sevməz.

Gözəl olsa belə, kamera onu çirkin göstərəcək. Axı bu zaman kamera sənətə yox, şəxsi mənafelərə, maddi mənfəətə xidmət edir və çəkiliş vasitəsi yox, vitrin kimi istifadə olunur.

Merlin Monro deyirdi: "Mən dəli olmayacağam, çünki dəliyəm!" Hanı o bəxt ki, bizim ulduzlarımızın içində bir-iki nəfər Merlin Monro kimi dəli olaydı?… O zaman bizim filmlərimizdən gələn gəlir neft-qaz sektorunu ötüb keçərdi. Bəlkə Di Kaprio, Monika Belluççi də həyəcanla gözləyərdi ki, onlara Azərbaycanda filmə çəkilmək təklifi gəlsin. Nə gözəl xəyaldır!?

Əlaqədar

İlk opera müğənnimiz
Müğənniyə "şəhid" demək Allahın şəhidlərinə qarşı haqsızlıq, İslama görə günahdır
Türkiyədə tanınmış müğənni intihar edib
Rihanna dünyanın ən çox sinql satan müğənnisi olub
Müğənni Azərinə xalq artisti adı verildi
Teqlər:
"Tükəzban", seks-simvol, aktrisa, müğənni, rejissor, aktyor

Əsas mövzular