13:23 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Elcan Rəsulov, aktyor

Filmə ayrılan pulu “yemək” üçün qeyri-peşəkarlara üstünlük verilir

© Photo: Elcan Resulov
MƏDƏNİYYƏT
Qısa URL
34811

Aktyor Elcan Rəsulov: Filmə çəkilmək üçün “yoldan keçənləri” gətirirlər.

BAKI, 18 mart — Sputnik. Azərbaycan televiziyalarında nümayiş etdirilən yerli seriallar tamaşaçıların böyük əksəriyyətini qane etmir. Həm seriallarda qoyulan mövzular, həm də yaradıcılıqla bağlı məsələlər tamaşaçı kütləsinin narazı salır. Adamlar dövlət büdcəsindən və prezident fondundan ayrılan vəsaitlərə bu qədər kefiyyətsiz, aşağı səviyyəli serialların çəkilməsini israfçılıq sayırlar. 

Sputnik-in əməkdaşı teleserialların problemləri və bu problemlərin həlli yollarını aktyor Elcan Rəsulovla müzakirə edib. Aktyorla müsahibəni təqdim edirik. 

- Elcan bəy, hazırda ölkəmizdə xeyli serial çəkilir. Bu seriallara baxanlar onların keyfiyyətsizliyindən şikayətçidir. Sizcə milli seriallarımızın başlıca problemləri nədir?

— Demək olar ki, hər gün mənə serialda çəkilmək təklifi gəlir. Amma mən bu günə kimi heç bir serialda çəkilməmişəm. Çünki serialların büdcəsi orada peşəkarların işləməsinə imkan vermir. Yaxşı ssenari üçün, yaxşı obrazları yaratmaq üçün peşəkarlar lazımdır. Peşəkarlar da ucuz qiymətə işləmir. Gündəlik efirə serial çıxarmaq bizim üçün  hələ tezdir. Bunun üçün telekanalın serial üzrə işləyəcək böyük heyəti olmalıdır. Bir sözlə, bu problemin kökündə maliyyə durur. Maliyyə az olduğu üçün ssenaristlər də, mən və mənim kimi aktyorlar da gedib çəkilmir. Buna görə də peşəkar aktyorlar əvəzinə tanışları, qohumları studiyaya gətirib çəkirlər, onlara da ya az məbləğdə pul verirlər,  ya da heç vermirlər.

Gündəlik aktyorlara 70, 80, 90 manat verirlər, ən tanınmışlara da 150 manat. Mən öz adımdan deyirəm ki, bu pula gedib çəkilmərəm. İstəmirəm sabah kimsə baxıb desin ki, belə də, roldu da oynayıb. Ona görə də, “yoldan keçənləri” gətirirlər çəkilməyə. Aktyorlarda da günah var. Aktyorlar bəsit rollar oynamasalar, tamaşaçılar da kənardan baxıb deməzlər ki, bunu nənəm də bacarar. 

- Bizdə yumoru düşüklük səviyyəsində təqdim edən seriallar populyardır. Belə bəsit, dəyərsiz seriallar çəkməkdənsə, həmin vəsaitləri toplayıb daha uğurlu layihələrə sərf etmək olmazmı? 

— Dediyiniz seriallarda oynayan aktyorlar heç İncəsənət Universitetinin yanından keçməyiblər. Belə olan halda onlardan nə uğur gözləyək?! Bu işin incəlikləri var. Keyfiyyətin olması üçün peşəkarlarla işləmək lazımdır. Hətta mən özüm öz verlişimdən razı deyiləm. Çünki keyfiyyət yoxdur.

Ssenarilərin bəsit və mənasızlığı da maddiyyatla bağlıdır, yoxsa ssenaristlər hələ film üçün ssenari yazmağın qaydasını bilmirlər? 

- Sizcə maddiyyat çox olsa, bu problemlər həll olunacaq? Axı rejissorlar məbləği “yemək” üçün yenə də qeyri-peşəkarlara üstünlük verəcəklər.

Şəxsən mənə serial çəkmək üçün 35 min manat lazımdır, həftəyə bir seriya üçün. Hələ çəkiliş etmək üçün peşəkarlardan xahiş edib filmə gətirmək şərtilə. Amma bu pulu mənə heç bir telekanal verməz. Ona görə bu düşüncədən uzaqlaşdım. Çünki mənə qeyri-peşəkar iş lazım deyil.

- Sizcə serialı sifariş edən telekanal niyə ssenari və aktyor seçimindəki qeyri-peşəkarlığa göz yumur?

— Telekanallarda serial çəkimi iki cür olur. Ya televiziya özü pul ayırır, aktyorlara maaş verir. Məsələn, 500 manat  verir və nə zaman istəsə, çəkilişə çağırır. Ya da serialın sponsorlarından gələn gəlirin 40-50 faizini götürərək serialı kanalında yayımlayır və ona serialda kimin çəkildiyi maraqlı deyil. Telekanala bir şey maraqlıdır — efiri doldurmaq. 

- Rejissorlar adətən deyirlər ki, tamaşaçı nə görmək istəyir onu çəkirik. Bayağı film çəkmək və tamaşaçının üzərinə məsuliyyəti qoymaq nə dərəcədə doğrudur?

— Əlbəttə doğru deyil. Sən keyfiyyətli film çək, gör necə baxacaqlar? Biz “Oğlan evi” filmini çəkəndə çoxu deyirdi ki, bu filmin yumoru tamaşaçıya çatmayacaq. Amma elə olmadı. Keyfiyyətli iş ərsəyə gətirdik və uğurlu da alındı. Deməli, keyfiyyətli iş görəndə, tamaşaçı qəbul edir də, sevir də. Sadəcə işini bilib, işinin peşəkarı olmağı bacarmalısan.

Əsas mövzular