19:18 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Kişi-qadın

Sənət rüşvətə yoluxanda...

CC0 / tunaolger / man woman
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
96710

Yaxud, pozğun aktrisalar və şorgöz rejissorlar

Ümumiyyətlə, Azərbaycanın incəsənət sahəsində həm gərgin, həm də çox acınacaqlı proseslər cərəyan edir. Bu yaradıcılıq sahəsi bizim ölkənin sərhədləri daxilində şiddətli pozğunluğa, mənfəətxorluğa, tamahkarlığa, rüşvətə, paxıllığa və bu kimi neçə-neçə çarəsiz mərəzlərə yoluxub.

Əslində, kino və teatr elə bir sahədir ki, dünyanın bir çox yerində belə xəstəliklərə asanlıqla yoluxulduğunu demək olar. İnsan oğlunun dilində desək, bu sahələrin immun sistemi zəifdir. Siz bütün ölkələrdə bir qadının rejissora və ya icraçı direktora özünü sataraq filmə çəkildiyini görə bilərsiniz. Bununla da tez bir zamanda həmin qadının ulduzu parlayır və tanınmış aktrisaya çevrilir. Bu yolla aktrisaya çevrilən qadınlar bizim məmləkətdə də kifayət qədər var.

Cəmiyyətin pozğunluq anlayışı bir az fərqlidir. Məlum mental dəyərləri olan adamlar açıq-saçıq geyinən, görünüşünə önəm verən, yoldaşı ilə yola getməyib boşanan qadına da pozğun deyir. Onların gözündə səhnəyə çıxan bütün qadınlar da qeyri-şərtsiz pozğundur. Əlbəttə, belə düşüncəyə yalnız şərqin — müsəlman ölkələrinin qədimdən gələn adət-ənənələrini özü üçün mənəvi dəyər hesab edən toplumlarda, eləcə də Azərbaycanda rast gəlmək olar. Qərb ölkələri və Amerika ölkələri bu düşüncənin aləti olmaq aşamasını çoxdan keçib.

Mənim üçün isə can verən xəstəyə beş manat almadan dərman verməyən tibb bacısı ilə, şagirdinə, tələbəsinə öz bildiyini yalnız rüşvət müqabilində öyrədən müəllimlə, rejissorun məşuqəsi olmaq müqabilində səhnəyə çıxan aktrisa arasında heç bir fərq yoxdur. Həmin rejissor da ən az o aktrisa qədər pozğun, mənfəətxor və tamahkardır.

Yenicə dirilməyə başlayan və yarım-yapalaq çəkilən filmlərimizin kastinqlərində bu iyrənc rüşvətxorluq da hökm sürür. Bu kastinqlərin münsif heyətində oturan rejissor iştirakçıların içindən gözəl qızları istedadını yoxlamadan filmə qəbul edir. Əlbəttə, sənət gözəlliyi tələb edir. Amma bu rejissorlar və həmin aktrisalığa namizəd olan qızlar gözəlliyi sənət üçün deyil, öz mənfəətləri üçün istifadə edirlər. Belə olan halda, heç bir yaradıcılıqdan, sənətdən, peşə vicdanından söhbət gedə bilməz. Bunun bir adı var — pozğunluq!

Hüseyn Ərəblinskinin Azərbaycan səhnəsinə çıxarmaq üçün qadın axtarmasından heç bir əsr keçməyib. Nəysə ki, Azərbaycanın Sovet İttifaqına daxil olması Ərəblinskinin bu müqəddəs arzusunu da çin etdi. Heç kəs əminliklə deyə bilməz ki, nəzərdə tutduğum pozğunluq sovet dövrünün kino və teatr sahəsində yox idi. Nə olduğuna dair sübutumuz var, nə də olmadığına. Amma bir şeydən əminik ki, ötən əsrin son illərindən etibarən, Azərbaycan incəsənəti bu ağır xəstəliyə düçar oldu.

Təsəvvür edin ki, teatrlarımızın səhnəsində öz köhnə məşuqələrinə cavan qız rolu verən yaşlı rejissorlarımız var. Tamaşaya gedirsən, görürsən ki, 20-22 yaşlı qızı 45-50 yaşlı aktrisa oynayır. Güman ki, həmin qoca rejissorlar bu ağılasığmaz addımı atmaqla öz cavanlıqlarını yad edirlər. Gənclik illərindəki çılğın macəraları xatırlayıb nostalji yaşayırlar. Amma bununla sənəti məhv etdiklərinin fərqində deyillərmi?

Teatr və kino sahəsinə ayrılan kiçik məvacibin acgözcə mənimsənilməsi, rejissorların 5-10 manatlıq aktyor axtarması, əksər istedadlı aktyor və aktrisaların uzun illərdir ki, həm teatr səhnəsindən, həm də kinodan uzaq qalması, cavan qızların rejissorlarla bir gecəlik macəra müqabilində səhnəyə çıxarılması, dublyajlarda artıq eşitməkdən yorulduğumuz eyni adamlardan istifadə olunması, sənət adamları arasında "hegemonluq taxtı", qondarma titullar və fəxri ad davaları, rejissorlara tamaşa və film üçün əsər təqdim edəndə müəllifindən belə, rüşvət tələb etməsi, vəzifəli müəlliflərin əsərlərinin məlum təmənnalar müqabilində tamaşaya qoyulması, ekranlaşdırılması və saymaqla bitməyən neçə-neçə pisliklərin caynağında Azərbaycan incəsənəti nə qədər inkişaf edə bilər ki?

Əlaqədar

Əməkdar artist kino və teatr sahəsində yeyilən milyonlardan danışdı
Prezidentin kinoya ayırdığı pulların heç onda ikisi ünvanına çatmır
Azərbaycan seriallarının üç əsas problemi
MTRŞ serialın yayımını dayandırdı, telekanalı cərimələdi
Serialların ailələri məhv edən 8 cəhəti
Teqlər:
aktrisa, sənət, serial, rejissor, kino, film, rüşvət, aktyor

Əsas mövzular