04:53 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
15421

Klipmeyker Ceyhun Kərimov: "Klip çəkmək filmdən daha çətindir. Çünki tamamlanan bir fikri 3 dəqiqə ərzində kiçik sujetə yerləşdirməlisən"

Azərbaycanda bir müddət kliplər çox dəbdə idi. Demək olar ki, hər yazılan mahnıya klip çəkilirdi. Amma sosial şəbəkələr və "Youtube" kanalının meydana çıxması bu ənənənini sıradan çıxardı. Artıq müğənnilərin əksəriyyəti klip çəkdirməkdən imtina edir.

Azərbaycanda bugünkü klip bazarında vəziyyət necədir? Bu sənətin yaşam şansları nə qədərdir? Hansı problemlər bu sahədə inkişafın önünə keçir? Sputnik əməkdaşı bu və digər suallara cavab tapmaq üçün, tanınmış klipmeyker Ceyhun Kərimovla həmsöhbət olub. Müsahibəni təqdim edirik:

Ceyhun Kərimov, rejissor, klipmeyker
© Photo : Rustam Ferman Ismayilov
Ceyhun Kərimov, rejissor, klipmeyker

 

- Ceyhun bəy, təxminən 10 il öncə kliplər daha çox çəkilirdi və efirlərdə yayımlanırdı. Hazırda bu sahədə vəziyyət necədir?

— Düzünü deyim, dediyiniz kimi 10 il əvvəlki qədər tələbat yoxdur kliplərə. Hətta mahnı hazır olmadan müğənnilər artıq klip üçün ssenari yazdırıb, rejissor axtarırdılar ki, mahnı hazır olub studiyadan çıxan kimi çəkilişlər başlasın. Bu gün isə elə deyil. Müğənnilər artıq kliplərə önəm vermirlər, mahnı studiyadan çıxan kimi "Youtube" kanalına yerləşdirilir. Amma mən bunu düzgün saymıram. Hər mahnını olmasa da, həyatda mahnının yaşaması üçün klipi mütləq olmalıdır.

- Niyə məhz mahnının klipi olmalıdır? Buna nə gərək var ki?

— Çünki insanlar mahnını sujetlərlə daha yaxşı yadda saxlaya bilirlər. Ona görə musiqini yadda saxlamaq üçün mütləq şəkildə klipinin olması lazımdır. Klip musiqiyə sanki ikinci həyat verir. Musiqi klipdə ikinci can alanda yaddaşlara daha yaxşı həkk olur. Hətta bir misal da göstərə bilərəm. Baxın, əvvəlki musiqilərin adını desəm, musiqini xatırlamasanız da, klipindən hansısa sujeti xatırlayıb yadınıza sala bilərsiniz, amma klipsiz mahnını yaddaşlarda saxlamaq bir az çətindir. Hamısı olmasa da, müğənni yaddaşlara həkk etmək istədiyi musiqisinə klip çəkdirməlidir.

- Əvvəllər bəzi müğənnilər 80-90 min dollara klip çəkdirdiklərini deyirdilər. Bu, real rəqəmdir, yoxsa şişirdilmiş?

— Əlbəttə, şişirdilmiş rəqəmlərdir. 80-90 minə klip olar? (gülür — m.) Doğrusu, klipi çəkmək filmdən daha çətindir. Çünki tamamlanan fikri 3 dəqiqə ərzində bir sujetə yerləşdirmək çətindir, amma yenə də 80-90 min klip büdcəsinin olması mümkün deyil.

- Bəs Azərbaycanda ən bahalı klip neçəyə başa gələ bilər?

— Normal klipi, əvvəllər 5 min manata kimi çəkmək olurdu. Mən ssenarisi və sujeti olan kliplər çəkirəm, qısametrajlı film kimi olduğu üçün bir az baha alınırdı. Amma dediyim kimi, tarixə həkk etdirməyə çalışıram musiqiləri. Mətanət İsgəndərlinin bir çox kliplərini mən bu üsulla çəkmişəm. Amma indi kliplərə tələbat azalır, ona görə 2 min manata da klip çəkmək olur. Ən bahalı klip isə 15-20 min manat ola bilər.

- İndi xüsusilə xaricdən gəlmə bir dəb var. Müğənnilər klip adı ilə musiqi nömrəsi çəkib təqdim edirlər. Buna necə baxırsınız?

— Bəli, razıyam. Müğənnilər kliplə musiqi nömrəsini səhv salırlar. Onlar oynamaq və özlərini reklam etməklə klip çəkilməsinə üstünlük verirlər. Bu da düzgün deyil. Klip belə olmamalıdır.

- İndiki devalvasiyada müğənnilərin də işləri zəifləyib. Belə olan halda, sizdən sənəti olmayan bir sənətçi bayağı mahnıya klip çəkmənizi istəsə, cavabınız nə olar?

— Əlbəttə, çəkərəm onun klipini. Bu dəqiqə elə zamandır ki, pul qazanmaq lazımdır. Klipi çəkib pul qazanmaqda qəbahət yoxdur, bu mənim işimdir. Amma çalışıram, keyfiyyətli işlər görüm, rejissor kimi adımı qoruyub saxlayım.

- Klip erası, demək olar ki, sona çatır. Rejissor olaraq nə kimi planlarınız var?

— Bəlkə də, bu sənətin dövrü bitir… Çoxdandır, film çəkmək fikrindəyəm. Əlimdə bir neçə maraqlı ssenari də var. Yaxın gələcəkdə qismət olarsa, film çəkməyə başlayacağıq.

- Xarici müğənilərlə işləmək fikriniz var?

— Ukraynadan bir neçə təklif gəlib. Hal-hazırda danışıqlar gedir. Ola bilsin, yaxın gələcəkdə Ukraynanın gənc ifaçıları ilə bir ortaq işimiz ərsəyə gəlsin.

Əlaqədar

Azərbaycanlı aktyor böyrəyini satışa çıxardı
"Müstəntiq olmaq istəyirdim, aktyor oldum"
Tanınmış aktyor dünyasını dəyişdi
Müğənnilər vergiyə cəlb olundular
Deputat: Müğənnilər də, repetitorlar da vergiyə cəlb olunmalıdır
Dünya şöhrətli opera müğənnisi həbs edildi
İtalyan müğənnisi Eros Ramazotti Bakıya gəlir
Teqlər:
Ceyhun Kərimov, klipmeyker, klip, müğənni

Əsas mövzular