01:48 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Qurban Məsimov, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru

"Müstəntiq olmaq istəyirdim, aktyor oldum"

© Photo: Gurban Masimov
MƏDƏNİYYƏT
Qısa URL
36101

Qurban Məsimov: "Ayaqqabının içinə su tökürlər, yaxud tamaşanın ortasında əlini boş su qabına uzadırsan, içindən çaxır çıxır. Və bütün bunlara kənardan baxırlar ki, vəziyyətdən necə çıxacaqsan"

BAKI, 8 fev — Sputnik. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Prezident mükafatçısı Qurban Məsimovun Sputnik-ə müsahibəsini təqdim edirik:

- Qurban bəy, illər öncə "Nam-nam" çox məşhur obraz idi. "Nam-nam"ı nə vaxtsa yenidən efirə qaytarmaq fikriniz var?

— Düşünürəm ki, "Nam-nam" sevilirdi zamanında. İndi tamaşaçıların tələbləri başqadır. Həm də düşünürəm ki, müəyyən uğurun zirvəsində getmək də məharət tələb edir. Amma məhz onun üçün əksər telekanalların qapısı açıqdır. Nə vaxtsa qayitsa da "Nam-nam", mətbəx mövzusu ilə qayıtmayacaq. Yeməkdən çox danışmaq məni darıxdırır.

- Nə vaxtsa imkan olsa və şərait sizi qane eləsə, yenidən qayıda bilər "Nam-nam"?

— Ola bilər. Çünki o obrazın arxasında mən varam. Ümumiyyətlə mən ona həmişə ayrı şəxsiyyət kimi baxmışam. Hətta, mən sonradan istədim teatra gətirim "Nam-namı". Bir tamaşa hazırlamaq istəyirdim, amma orada "Nam-nam"ın bacısı, qardaşı da olmalı idi. Başqa adamlarla işlədim, amma gördüm ki, çoxunda alınmır. Hətta aktyor dostlarım məşq zamanı mənə dedilər ki, "ağırdır, bacarmırıq, əzələlərimiz bizə tabe olmur". Layihəni dayandırmaq məcburiyyətində qaldım.

- Uğurlu yola gəlişinizdən danışaq…

— Əslində heç vaxt aktyor olmaq istəməmişəm. Əvvəl aktyor olmaq istədim, sonra müstəntiq olmaq istədim. Öncə rəssamlıq məktəbinə getməyə başladım. Sonra yarımçıq qoydum. Müstəntiq olmaq üçün öncə əsgərliyə gedib sonra oxumalı idim, bu da çətin olacaqdı. Nəhayət filmlərə baxırdım və düşünürdüm ki, mən də çəkə bilərəm. Zaman keçdikcə incəsənətə və kloun sənətinə maraq yarandı. Və nəhayət incəsənət yolunu seçdim. İlk dəfə olaraq klounadanı Azərbaycana gətirdik və ilklər biz olduq — Elman Rəfiyev, Pərviz Məmmədrzayev və mən.
Uşaqlıqdan çox çevik olmuşam. Karate, konfu ilə məşğul olurdum. Düşünürdüm ki, aktyor belə olmalıdır. Və bu dövrlərdə mən universitdə oxuyan zaman Bəxtiyar Xanızadə ilkin komanda yığmışdı və pontamima məşqləri edirdilər. Mən də rejissor fakultəsində idim deyə, onlara qoşula bimirdim. Onlar məşq edirdilər, mən qapı arxasından pusurdum. Bu, bir il davam elədi. Axırda Bəxtiyar müəllim dedi ki, "qapını açın görək kimdir orda". İş elə gətirdi ki, nəhayət mən də o dəstəyə qoşuldum. Və beləliklə pantomimanın ilk yığma komandasında oldum.

- Sizi məşhurlaşdıran obrazlardan biri də Muğam trio oldu…

— Ondan öncə nağaraçılar olub, amma tar, muğam bizə doğmadır deyə, daha çox sevildi. Bu ideyanı alman aktyordan götürdüm. Aktyor dizi ilə gitara çalırdı və dilənirdi. Düşündüm və bu tamaşanı qurduq. Sonradan Türkiyə, İran da oxşarını hazırladı.

- Kukla Teatrında tamaşalar yalnız uşaqlar üçün nəzərdə tutulur? Çünki sadəcə valideynlər uşaqlarını gətirirlər tamaşalara.

— Əsla elə deyil. Biz Kukla Teatrında bu yaxınlarda böyüklər üçün də tamaşa qoyacağıq. Hal-hazırda məşqlər gedir. Deyərdim ki, belə tamaşalar çox maraqlı olur. Ümumiyyətlə uşaqlar üçün tamaşa qoyanda da ikixətli qoyuruq tamaşaları. Yəni həm uşaq, həm də valideyn o tamaşaya baxa bilir. Eyni zamanda uşaqlar üçün də yenilik etməyi xoşlayıram. Məsələn "Tıq-tıq xanımın nağılı"nı səhnələşdirəndə dəyişdim, "Tık-tık və tak-takın nağılı" kimi səhnələşdirdim. Səhnəyə fərqli obraz gətirdim ki, uşaqlara da maraqlı olsun. Və ya müasirliyə üstünlük verirəm. İfritə qazanı açıb "Ya cinlər!" deyir, Div qayıdır ki, "hansı dövrdə qalmısan? Buyur, bu da skype, gir və danış".

- Qurban Məsimov 20 ildir səhnədədir və çox obrazlar yaradıb. Bəs ürəyində qalan, oynamadığı hansısa rol var?

— Aktyorların çoxu Hamleti və bu kimi rolları oynamaq istəyir. Amma mənim belə arzum yoxdur. Rollar verilirsə, özümdə onu axtarıb tapıram, oynayıram. Sadəcə rejissorun onu məndə görməyi lazımdır. Obrazlar var ki, aktyor ruhən tamam açılmalıdır. Amma istəmirdim. Məsələn, Kesa və Marito tamaşasında Maritonu oynayanda bu baş verdi. Tamşaçıya tamamilə ruhən açılmalısan. Və bu gün filmlərdə rol almağıma səbəb oldu bu tamaşa.

- Teatra gələn tamaşaçı sayından razısınız? Yəni kifayət qədər tamaşaçınız olur?

— Uşaqlar valideynlərdən asılıdır. Valideynlərin boş vaxtı nə vaxt olursa, gətirirlər. Şəxsən özüm şahidi olmuşam. Valideynlər qapını sındırır və yer olmasa da, ayaq üstə də olsa, tamaşaya baxmaq istəyirlər.

- Aktyor kimi hansısa çıxılmaz vəziyyətdə olmusunuz ki, o məqamı xatırlayanda gülürsünüz?

— Təbii ki, olub. Baxın, teatrda aylarla məşq edirsən, amma tamaşa başlayanda sanki hər şeyi unudursan. Amma çıxış yolu var. O qədər məşq edirsən ki, tərəf müqalinin bir jesti və ya tamaşadakı musiqi və sair — hər şey obrazını sənə xatırladır və sən rolunu oynayırsan. Bir də var həmkarların bir-biri ilə zarafatı. Məsələn, ayaqqabı qoyursan, içinə su tökürlər və ya boş şüşə əvəzinə tamaşaya dolu çaxır qoyurlar və kənardan baxırlar ki, bu içkini nə edəcəksən. Belə hallar tez-tez olur. Sən aktyorsansa, vəziyyətdən çıxmağı bacarmalısan.

Əlaqədar

Dram Teatrının qazını kəsdilər
"YUĞ" Teatrı yeni binaya daşınır
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Mingəçevir Dövlət Dram Teatrının kollektivi bəyanat yayıb
"Yuğ" teatrının binası sökülə bilər
Sovet dövründə kino və teatrımızda milli ruhu qorumuş sənətkar
Teqlər:
"Nam-nam", Qurban Məsimov, Azərbaycan Dövlət Kukla Teatrı, teatr, rejissor, aktyor, tamaşa

Əsas mövzular