15:48 20 Noyabr 2017
Canlı yayım
Rasim Balayev

Coşqunla Rafael istedadlıdırlar, ancaq yaxşı ssenari yazanları yoxdur

MƏDƏNİYYƏT
Qısa URL
5602

Azərbaycanın xalq artisti Rasim Balayevin Sputnik-ə müsahibəsi.

BAKI, 22 may — Sputnik. Azərbaycanın xalq artisti Rasim Balayevin Sputnik-ə müsahibəsi

- Rasim müəllim, bu gün əvvəlki nəsildən fərqli olaraq incəsənət adamları professionallıqdan daha çox maddiyyata, yəni pul qazanmağa üstünlük verirlər. Bu da peşəkarlığa deyil, bayağılığa gətirib çıxarır. Səhnələri peşəkarlardan daha çox diletantlar zəbt edib. Nəticədə ortaya normal bir əsər də çıxmır. Siz necə düşünürsünüz?

— Əsl sənətkar hər zaman sənət haqqında düşünüb, maliyyə ikinci planda olub. İnanın vaxtı ilə biz maliyyə haqqında düşünmürdük, deyirdik ki, təki çəkiliş olsun. Mən özüm məsələn “Qatır Məmməd” filmindəki çəkilişimə görə pul almadım. Buna baxmayaraq, dedilər ki, film çəkilməlidir. Bizim vaxtımızda daha çox mənəviyyata üstünlük verilirdi. Ancaq bu gün mənə də rol versələr, ilk olaraq maddi tərəfini soruşmalı olacağam. Qazancım nə olacaq?! O vaxt isə başqa cür idi. O sovet dönəmindən gələn bir məsələ idi, yoxsa yox, deyə bilmərəm. İnsanları maddiyyat o qədər də maraqlandırmırdı. Təki çəkilim…

- Sizcə bu gün aktyorun aylıq gəliri nə qədər olmalıdır ki, normal yaşasın?

— Mən mühasibatçı olmadığımdan nəsə deyə bilmərəm. Amma elə pul almalıdiır ki, dolana bilsin də… Bir var mütəmadi olaraq çəkilmək, birdə ki var, ildə bir dəfə çəkilmək. İldə bir dəfə filmə çəkilən ən azı 20-30 min dollar qazanmalıdır ki, dolansın. Məsələn, mən Rusiyada və digər xarici ölkələrdə oluram və oradakı sənət yoldaşlarımla bu istiqamətdə söhbət edirəm. Rusiyada elə də məhşur olmayan aktyor ildə 100 —120 min dollar qazanır. Tanınmış aktyor isə gününə 20 min dollar tələb edir.

- Siz vaxtilə SSRİ məkanında tanınan aktyorlardan olmusuz. O zamanlar Rusiyada və bir sıra respublikalarda filmlərə çəkilmisiz. SSRİ dağılandan sonra heç olubmu ki, o ölkələrdən sizi çəkilişə dəvət etsinlər?

— Bəli, olub. Bir vaxtlar dəvət oldu. Rusiyada İqor Royzman adlı telerejissor var. O, çəkdiyi beş seriyalı filmə dəvət etdi və biz orada iştirak etdik. Düzdür, o filmdə Azərbaycandan məndən başqa Fəxrəddin Manafov və Həmidə Ömərova da çəkilib. Həmin rejissor sonra Çingiz Abdullayevin “Dronqo”sunu çəkdi və mən orada prokuror rolunu ifa etdim. Sonra isə bizə bəlli olmayan səbəblərdən çəkilişlərə dəvət almadıq. Bir gün F. Manafov dedi ki, bəs Moskvada olanda həmin rejissorla görüşdüm və film çəkilişlərinə dəvət almamağımızın səbəbini soruşdum. Dedi ki, məndən olsa heç bir problem yoxdu. Sadəcə bizim bir erməni prodüsser var, o deyir ki, Bakıdan çəkilişə adam çağırma. Vəssalam.

- Rasim müəllim, bu gün komediya janrında bir sıra tamaşalar çəkilir. Bu tamaşalar və oyunçuların səviyyəsi sizi qane edirmi?

— Yeganə olaraq onu deyə bilərəm ki, Coşqunla Rafael istedadlı uşaqlardır. Ancaq onların yaxşı ssenari yazanı yoxdu. Onlar üçün xüsusi ssenarilər yazılmalıdır ki, istedadlarını tam ortaya qoya bilsinlər. Onların əsas problemi daha çox qadın rolunu ifa etmələridir. Düzdür aktyora öz məharətini göstərmək üçün qadın rolunu bir neçə dəfə ifa etmək olar. Amma bu davamlı olanda bir az şit alınır. Bir şey ki, əndazəni aşdı, o, adama ləzzət eləmir. Buna baxmayaraq, bir daha təkrar edirəm ki, bu ikisi istedadlı uşaqlardır.

 — İndi daha çox canlı şoulara üstünlük verilir. Bunu yaradıcılıq baxımından necə dəyərləndirirsiniz?

— Vaxtilə biz də telekanallarda birbaşa canlı tamaşalar oynamışıq. O vaxtlar bir saatlıq verilişlər, tamaşalar olurdu və biz orada iştirak edirdik. Şəxsən mən özüm dəfələrlə iştirak etmişəm. Amma təəssüflər olsun ki, onlardan biri də indiyədək qorunub saxlanmayıb. Elə məhz belə bir tamaşaya çəkiliş zamanı rəhmətlik İsa Hüseynovla Həsən Seyidbəyli “Nəsimi” filminin ssenarisini nəzərdən keçirirlərmiş. Məni görüb deyiblər ki, bax o oğlan necə də Nəsimi obrazına uyğun gəlir. O, xarici görünüşdən bizim istəyimizə cavab verir, amma ümidlərimizi doğrulda bilərmi, ya yox?!… Çünki xarici görkəm hələ hər şey demək deyil… Sonralar H. Seyidbəyliyə sual veriblər ki, bəs necə oldu, Rasim Balayevi Nəsimi roluna çəkdiniz? O isə cavabında deyib ki, onda miniatür şəkillərdəki kimi qədim kişilərə xas olan cizgiləri gördük və bu baxımdan da onun üzərində durduq.

- Demək olarmı ki, bu film də sizin sənət karyeranızda müstəsna rol oynadı?

— Bəli. O roldan və filmdən sonra mənə yaşıl işıq yandı. O zamanlar kinoaktyorları yoxlayardılar. Amma həmin filmdən sonra məni yoxlamadan çəkilişlərə dəvət edirdilər.

Əsas mövzular