CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ehtirasın toruna düşənlər və ya Ramiz müəllim dünyadakı trendin Azərbaycan təmsilçisi kimi

© Sputnik / Murad OrujovШантаж, иллюстративное фото
Шантаж, иллюстративное фото - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Yeni texnologiyalar da həmişə xeyir gətirmir. Bəziləri şeytan əməlidir. Budur, ADNSU-nun kafedra müdiri Hüseynbala müəllimin yaratdığı trend davam etdi. Bu həftə bir neçə tanınmış sima da yeni texnologiyaların zibilinə düşdü, el içrə biabır oldu.
Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.
Tarixi bölənlər
20 il öncə ABŞ-da baş verən terror hadisəsi ən azı ABŞ üçün tarixi iki yerə böldü - terrordan əvvəlki və sonrakı dövr. 3 minə yaxın insanın həlak olduğu hadisəni törədən "Əl-Qaidə" yaraqlılarını Əfqanıstanda hakimiyyətdə olan Taliban Vaşinqtona təhvil verməkdən imtina etdi və Əfqanıstanda qan su yerinə axmağa başladı…
İndi taliblər yenidən tarixi bölür: terror təşkilatı kimi qəbul edilən "Taliban" Əfqanıstanda hakimiyyətə gəldi və indi onunla döyüşən böyük güclər onunla dialoqa başlayır. ABŞ prezidenti Co Bayden bəyan edib ki, Əfqanıstanda "Taliban" hökumətinin tanınmasına hələ çox vaxt var. "Hələ çox vaxt"! Yəni istisna deyil…
Laçından mesaj
Əfqanıstandan çıxmayan Türkiyə Cənubi Qafqazda da fəallığını qoruyur. Azərbaycan və Türkiyə ordusunun Laçında keçirdiyi birgə hərbi təlimlər yalnız taktiki-texniki hazırlıq məsələsi deyil, həm də siyasi ismarıcdır…
Bu arada Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil etmək üçün Xüsusi Komandanlıq Qrupu yaradılıb, qrupa dörd yüksək rütbəli türk generalı daxildir.
İranın tövbəsi
İrandan Xankəndiyə naməlum yüklərin daşınması isə davam edir. Bir müddət öncə bununla bağlı cənub qonşumuza nota da verildi, ancaq Tehran təxminən and-aman etdi ki, onlar Xankəndiyə heç nə daşımır.
Məlumata görə, son bir ayda İrana məxsus 58 yük maşını qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olub, onlardan 55-i geri qayıdıb. İyulun 11-dən avqustun 8-nə qədər olan müddətdə isə İrana məxsus 35 yük maşını Xankəndiyə 70 səfər həyata keçirmişdi.
Budur, bunların haqqa fətvası?!
Biz də Qafqaz tarixini iki yerə bölmüşük: İkinci Qarabağ müharibəsindən öncəki və sonrakı tarix. Tehran da bu reallığı qəbul etməlidir. Bakı dövlətlərin tanınan ərazi bütövlüyünə hörmətlə yanaşır. Deməli, eyni münasibəti də gözləmək və tələb etmək haqqı var.
Cənub qonşumuz unutmamalıdır ki, bir vaxtlar ərazimizdən İrana qarşı platsdarm kimi istifadə olunmasına icazə verməmişdik. Və tarix yenə təkrarlana bilər.
"İran, demək olar, nüvə silahına sahib olmağın bir addımlığındadır. Lakin Tehran anlamalıdır ki, bu cür fəaliyyətlər cavabsız qalmayacaq".
Bir neçə gün öncə İsrail XİN başçısı səsləndirib bu fikri.
Bu arada Britaniyanın keçmiş Baş naziri Toni Bler islam fundamentalizmini ölkəsi və bütövlükdə Qərb üçün başlıca təhlükə mənbəyi adlandırıb.
SOS!
Cənubi Qafqazda isə erməni vandalizmi, erməni terrorizmi təhlükə mənbəyidir. Bütün tarixi-dini abidələri yerlə bir edən toplum Azərbaycanı indi Qarabağda erməni abidələrini dağıtmaqda ittiham edir.
Bəzilərimiz azad olunmuş ərazilərə getmək imkanı əldə etmişik, hamımız isə bunu videogörüntülərdə izləmişik. Oradakı mənzərələr filmlərdə gördüklərimizin canlı inikasıdır.
Bu yaxınlarda Laçına getdik. Qubadlıya qədər, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl ərazilərində salamat bina görmək mümkün deyil. Qubadlı və Laçında isə bəzi yerlərdə yaşayış olduğundan köhnə evlərdən salamat qalanlar, eləcə də yeni evlər var idi. Bəzi yerlərdə onların burada əbədi yaşamağa hazırlaşdıqları hiss olunurdu, məsələn, doğulduğum Güləbird kəndində. Elektrik stansiyası tikiblər, yeni su xətti çəkiblər, bəzi evlərə əl gəzdiriblər. Əvəzində Sarı Aşığın abidəsini, kəndin kitabxanasını, məktəbini dağıdıblar, yaxınlıqdakı Cicimli kəndində - Səlcuqlar dövründə - XII əsrdə inşa edildiyi ehtimal edilən Malik Əjdər türbəsini tövləyə çeviriblər və s.
İndi Xankəndi boşalır, orada insanlar susuzluqdan, səfalətdən əziyyət çəkir, iş yoxdur, ən gəlirli iş əsgərlərə xidmət edən masaj salonlarıdır.
Paşinyan da sülhün alternativinin olmadığını deməyə qorxur.
Bu arada Nikol Gürcüstana səfəri çərçivəsində Tiflisin Qəhrəmanlar meydanında 2008-ci ildə Rusiya ilə müharibədə həlak olanların şərəfinə qoyulmuş abidəni ziyarət edib.
Paradoksa baxın. İrəvan Kremlə demarş edir, əhali isə şimala üz tutur: 2018-2020-ci illərdə və bu ilin yanvar-iyun aylarında isə 103.6 min erməni Rusiya vətəndaşlığını qəbul edib. Daha çox isə bu ilin yanvar-iyun aylarında: 21.9 min nəfər. Belə getsə, bütün Ermənistan Rusiyaya köçüb qurtaracaq.
Bu ilin yanvar-iyul aylarında Ermənistanda əhalinin təbii artımı isə cəmi 1252 nəfər təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1.8 dəfə, 2019-cu illə müqayisədə isə 2.9 dəfə azdır.
Üç günlük dünyadır, bunlar hələ də qonşularından torpaq qoparmaq sevdası, xəstə ideologiyanın məhsulu olan "Böyük Ermənistan" xülyası ilə nəfəs alırlar.
Üç günlük dünya
Dünya alimləri dünyanın ömrünü uzatmağa çalışırlar. Karbohidrogen ehtiyatlarının 48-50 ilə bitəcəyi proqnozlaşdırılır. Bəs sonra nə olacaq? Alternativ enerji mənbələrinin axtarışı bu suala cavab verir.
2020-ci ildə bərpa olunan mənbələrdən enerji istehsalı ucuzlaşıb və həcmi rekord dərəcədə artıb, qaz, neft və kömür istehlakı isə azalıb. Dünya alimləri süni intellekt və alternativ enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi üzərində baş sındırırlar.
Yeni texnologiyalar da həmişə xeyir gətirmir. Bəziləri şeytan əməlidir. Budur, ADNSU-nun kafedra müdiri Hüseynbala müəllimin yaratdığı trend davam etdi. Bu həftə bir neçə tanınmış sima da yeni texnologiyaların zibilinə düşdü, el içrə biabır oldu.
Dünyanı bürüyən trend
Belə görünür ki, intim videolar və mövzular həftənin trendləri sırasında idi.
Braziliyada populyar bloger Elian Ferreyra Siolin qətlə yetirilib. O, açıq-saçıq görüntülərini "Tik-Tok"a yerləşdirdiyi üçün həyat yoldaşı tərəfindən öldürülüb.
Meksikada isə ərinin telefonunda intim şəkillər tapan qadın qısqanclıqdan onu bıçaqlayıb. Halbuki şəkillərdəki qadın onun özü imiş.
"Çelsi" futbol klubunun keçmiş hücumçusu Droqba isə etiraf edib ki, intim xarakterli videosu yayıldıqdan sonra həyat yoldaşından boşanıb. Başqa bir top ustası Benzema isə intim video qalmaqalına görə yenidən məhkəmə qarşısına çıxıb. Sinqapurda isə tələbə yataqxanasında çimən qızların videosunu çəkən gənc saxlanılıb. Hələ buna baxın: məşhur "Cheer" filmində rol alan aktyor Cerri Harris yetkinlik yaşına çatmayan şəxslərdən ədəbsiz video çəkiliş tələb etmək ittihamı ilə həbs edilib.
Millilər
Milli komandamız da el içində biabır olub, internetdə çox sayda məğlubiyyət videolarımız populyardır. Vəziyyət o həddə çatıb ki, UEFA da öz saytında bizi məsxərəyə qoyub. Portuqallara məğlub olduğumuz oyunda oyunçularımızın ayaqlarının arasından atılan topların videosunu "Not one, but TWO nutmegs", yəni "Bir yox, iki Hindistan qozu" başlığı ilə paylaşıb.
Cırtdan ölkə Lüksemburqa məğlubiyyətin ardından səfərdə irlandlardan qoparılan 1 xal ümidlər yaratsa da, meydandakı oyun göstərirdi ki, hətta Ronaldusuz Bakıya gələn Portuqaliyaya 22 il öncəki bərabərlik sürprizini belə yaştmaq mümkün olmayacaq. Oyun 0-3 hesabı ilə portuqalların xeyrinə bitdi. Həmin gün gənclərdən ibarət yığmamız isə Avstriyaya 6-0 uduzdu və əmin olduq ki, gələcəyimiz etibarlı əllərdədir.
Xəbər lenti
0