Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Urbanizasiyaya meydan oxuyan xala

© Sputnik / Murad OrujovГорожане в центре Баку
Горожане в центре Баку - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Cəmiyyətin inkişaf səviyyəsi onun urbanizasiya – şəhərləşmə, şəhərliləşmə – səviyyəsi ilə ölçülür. Sevsəm də, sevməsəm də urbanizasiyanı təbii və vacib proses hesab edirəm.
BAKI, 17 avqust — Sputnik. Cəmiyyətin inkişaf səviyyəsi onun urbanizasiya – şəhərləşmə, şəhərliləşmə – səviyyəsi ilə ölçülür. Sevsəm də, sevməsəm də urbanizasiyanı təbii və vacib proses hesab edirəm. Təbiətə, ilkinliyə qayıdışı dəstəkləsəm də, şəhərliləşmə tərəqqidir, inkişafdır. Təsadüfi deyil ki, müasir dünya əhalisinin yarıdan çoxu şəhərlərdə məskunlaşıb. Çox təəssüf ki, şəhər planlaması Bakı kimi xaotik və nizamsız şəhərlərdə urbanizasiyaya mane olan əsas faktor miqrasiyadır. “Ayağı yer tutan” paytaxta qaçır. Bu həm memarlıq, həm də təfəkkür baxımından şəhərlilərin həyat keyfiyyətini aşağı salır. Bakının problemlərini sadalamaqla, saymaqla bitməz. Parklara, tikilən binalara, körpülərə, tıxaca baxanda yaşadığımız şəhərin nə qədər plansız, xaotik olduğunu anlaya bilərik. Hərdən yüksək yerdən Bakıya boylanmaq imkanım olanda, məni gic gülmək tutur.
Tövbə, tövbə!
Bu nə nizamsızlıq, bu nə xaosdur? Hələ nəqliyyatın səs-küyü, tıxaclar, parkların səliqə-sahmanı insanı lap kövrəldir. Proseslər, tarixin gedişatı onu göstərir ki, urbanizasiyadan qaçış yoxdur. Təfəkkür olaraq kənddə, əkin-biçin yerlərində, ağac altında, bulaq başında, kol dibində ilişib qalsaq da, yüksək binalarda yaşayıb, müasir nəqliyyatdan istifadə etməyə məcburuq. Xüsusilə, regionlarda həyat şərtlərinin daha ağır olduğunu, işsizliyi, bozluğu nəzərə alsaq, “şəhərliləşmək”dən başqa yolumuz, daha doğrusu şəhərə sığınmaqdan başqa çarəmiz yoxdur. Sizi bilmirəm, illərin müşahidəsinə əsasən mən belə düşünürəm. Əgər mən belə düşünürəmsə, urbanistik təfəkkür sahibi olan ziyalılarımız bu barədə daha dərindən düşünürlər. İndi kimsə ürəyində aqrar islahatlardan, rayon və kəndlərimizin inkişafından danışa bilər, mən həmin qoçaqları Bakı kəndlərində, şəhərin gecəqondu məhəllələrində, kirayələrdə məskunlaşan rayon camaatı ilə ünsiyyətə dəvət edirəm.
***

Mənə elə gəlir ki, əgər şəhərdə yaşayırsansa, urbanizasiya ilə ayaqlaşmalı, şəhərliləşməli, müasirləşməli, yaşadığın şəhərin tempi ilə, ritmi ilə ayaqlaşmalısan.

Ancaq Bakıda bu mümkündürmü? Gecənin yarısı binaların həyətində siqnal verən zibil maşınlarının, betonqarışdıranların, səhərlər yarışa çıxan avtobusların, taksilərin sürücüləri balasına aparacağı bir tikə çörəyi düşünür. Hələ Bakıda gündən-günə artan, hər gün qəza xəbərini aldığımız motosikletləri demirəm... “Maviliklərə sürəcəyimiz motorlar” bir-birinin bəhsinə ölümə şütüyür. Bir qarın yemək üçün şəhərə sığınanları müasirlik, mədəniyyət qətiyyən maraqlandırmır. Elə o maşınların, avtobusların, taksilərin, motosikletlərin sürücülərini gecə-gündüz işlədən vəzifə sahibləri də, ruhən kənddə tərsinə mindikləri eşşəyin üstündən düşə bilməyən dana oğrularıdır. Hərdən avtobusda, metroda insanların üzünə baxıb, onların keçmiş, xəyal dünyası, arzuları, xəyalları barədə düşünməyi sevirəm. Və müşahidə etdiyim insanların yarıdan çoxu yaşadığı bu şəhərdən məmnun deyil. Köşkdən su alıb içməkdənsə, vələsin dibindən süzülən bulaqdan iki ovuc su içmək bəlkə də hər gecə bu adamların yuxusuna girir. Elə əksər məmurlarımız, iş adamlarımız, ziyalılarımız, incəsənət xadimlərimiz də aşağı-yuxarı bu düşüncədə yaşayırlar. Azərbaycan insanının böyük əksəriyyəti şəhərə, şəhər ruhuna isinişə bilmir. Heç kəs yaşadığı bu xaotik şəhəri özününküləşdirmir və bu yorğun adamlar özlərini Bakıya yeddi beyin yad hesab edirlər.
***
Bu günlərdə erkən saatlarda avtobusla “Qış parkı”nın yanından keçirdim – Bakının ən müasir hesab olunan, mərkəzi parkının yanından... Avtobus pəncərəsindən parkı seyr edərkən baxışlarım skamyalarından birinin üstündən asdığı xalçasını böyük şövqlə yuyan qadına sataşdı. Donub qaldım. Qadın qayğısız, laqeyd şəkildə parkı sulamaq üçün nəzərdə tutulmuş rezin su borusu bir əlində, digər əlində şotka xalça sürtürdü. Vallah, billah, ciddi deyirəm. Nə ətrafda gəzişən vətəndaşlar, nə də polis bu mənzərədən narahat deyildi. 15-20 saniyə ərzində gördüyüm mənzərə məni günlərdir düşündürür. Bəli, ortayaşlı qadın xalçasıyla bütün urbanizasiyaya meydan oxuyurdu. And içə bilərəm ki, çoxlarınız mərkəzi parkda xalça yumağı normal qarşılayırsınız və minlərlə problemin içində bu məqamı görməyim, sonra qələmə almağım sizə qəribə gəlir. Bu qocaman şərq şəhərində, parklar xalçayuma məntəqələri kimi fəaliyyət göstərirsə, şəhərsalmadan, şəhər planlamasından, urbanizasiyadan danışmaq boş söhbətdir. Park skamyasının üstündə xalça yuyan xala isə, əslində urbanizasiyaya meydan oxuyurmuş. Mənə elə gəlir ki, biz tezliklə urbanizasiyanın qarşısını alıb, Bakını böyük bir kəndə çevirmək iqtidarındayıq. Əslində Bakının böyük və səsli-küylü bir kənddən fərqi azdır. Və yəqin ki, bu məqamda Bakı haqqında böyük xəyallar quran ziyalıların gözü yaşlıdır...
Oxunmalı kitab: Ço Nam Ju, “1982 təvəllüdlü Kim Ci Yon”
Nəşriyyat: “Fabula”
Janr: Roman
Dili: Azərbaycan dili
Səhifə: 160
1982-ci il təvəllüdlü  Kim Ci Yon səs-küylü Seulun kənarında balaca bir mənzildə yaşayır. Bir çox koreyalı qadın kimi, yeni doğulan qızına baxmaq üçün işindən ayrılmalı olub. Çox keçmir ki, onda ərini, valideynlərini və ərinin qohumlarını narahat edən qəribə simptomlar üzə çıxmağa başlayır: Ci Yon həm tanıdığı, həm də tanımadığı, həm yaşayan, həm də vəfat edən qadınların səsi ilə danışmağa başlayır. Ci Yon bu psixoza daha dərindən məruz qaldıqca məyus olan əri onu kişi psixiatrına göndərir. Roman feminist düşüncələri daha dərindən çatdıran ən yaxşı ədəbiyyat nümunələrindən biridir. Eyni zamanda kapitalizmin və urbanizasiyanın insan həyatına iyrənc təsiri çox maraqlı formada qələmə alınıb.
Kitabın müəllifi keçmiş ssenarist olan Ço Nam Ju romanı iki ay ərzində qələmə alıb. “Minumsa” nəşriyyatı tərəfindən 2016-cı ilin oktyabrında nəşr olunan roman 27 noyabr 2018-ci il tarixində 1 milyon nüsxədən çox satılıb. 22 ölkədə 1,3 milyondan çox nüsxəsi satılan bu roman “National Book Award”ın “Tərcümə ədəbiyyatı” kateqoriyasına və “A New York Times Notable Book of 2020 and Editors’ Choice Selection”ın uzun siyahısına daxil edilmişdir. “NPR”, “TIME Magazine”, “Chicago Public Library” bu kitabı 2020-ci ilin ən yaxşı kitabı seçib.
Həmçinin oxuyun:
Xaotik düşüncələr: Pul insanı necə dəyişir?
Məşhur olmaq üçün nə etməli?
Hazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”
Xəbər lenti
0