Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Sosial media həyatı: təhrif edilmiş, uydurulmuş virtual dünyada yaşayırıq

© Depositphotos.com / BneninПоедание пиццы за ноутбуком
Поедание пиццы за ноутбуком  - Sputnik Azərbaycan, 1920, 25.07.2021
Abunə olmaq
Sosial mediada hər şəbəkə lideri, başqa sözlə desək, netokratın ətrafında onlarla, yüzlərlə həmfikir sahibi olan insan cəmlənir.

BAKI, 25 iyul — Sputnik. İnternet və sosial media dövrü bəşəriyyət üçün nə qədər çox imkan yaratsa da, bəzən heç özümüz də bilmədən elə köhnə qaydalar, beyində oturuşmuş stereotip və təsəvvürlə yaşayırıq. Yeni bir texnologiya gəlir, əvvəlkini sıxışdırıb sıradan çıxarır, biz də bir daha mükəmməl tərzdə yaşadığımızı düşünürük.

Baxırsan, nəsə yazdı, o dəqiqə mexanizm işə düşür, o yazır, bu yazır

Bir çox sosial şəbəkə istifadəçisi özünün dünyaya açıq olduğunu, patriarxal düşüncə tərzini bəyənmədiyini, müasir texnologiyanın köməyi ilə daha yaxşı həyatın qurulacığını iddia edir. Bəzən özünü mütərəqqi adlandıran birisi sosial media profilində nəyi və ya kimisə qətiyyətlə pisləyir, yenilik tərəfdarı olaraq hansısa adətlərdən yaxa qurtarmağı təklif edir. Birdən-birə onlarla insan da bu fikir axınına qoşularaq deyilənləri dəstəkləyir.

Sosial mediada hər şəbəkə lideri, başqa sözlə desək, netokratın ətrafında onlarla, yüzlərlə həmfikir sahibi olan insan cəmlənir. Baxırsan, nəsə bir söz yazdı, o dəqiqə mexanizm işə düşür, o yazır, bu yazır, hansısa yolla nüfuz sahibini dəstəkləyirlər. Nə qədər özümüzü mütərəqqi saysaq da, ətrafımızda məhz bizim fikirləri bəyənən, yəni daim “layk” edən insanlar cəmlənir. Bir foto paylaşırıq, yüzlərlə “layk” gəlir. “Layk” həsrətilə yaşayan nə qədər insan var şəbəkədə.

Əcaib formada çəkilən fotolar, qeyri-münasib pozalar, uyğunsuz hərəkətlər yalnız bir məqsədə xidmət edir: ətraf çevrənin daim gündəm mərkəzində olmaq. İnsanları diqqətini cəlb etmək üçün heç də ağıllı, savadlı və ya maraqlı olmaq gərək deyil. Bəzən sadəcə gözəgörümlü xanım olmaq da yetərlidir. Bir az yaxanı, ya da ayaqları açmaqla yüzlərlə “layk”ı qazanmaq mümkün olacaq.

Bizi əhatə edənlər daha çox tərif yağdıran, bəyənən, xoş söz deyənlərdir

Hər bir sosial media istifadəçisinin öz çevrəsi, öz əhatəsi ona lazım olan auranı yaradır. Məsələn, kimsə jurnalistdirsə, onda dostluğunda olanların da bir çoxu media əhlindən olanlardır. Bir-birinin yazısını paylaşmaq da olar, videonu “layk”lamaq da. Şərh yazanda tərif bildirmək daha məsləhətdir, çünki sabah o da sənə tərif yağdıracaq. Deyək, bir dəstə jurnalist xanım hansısa bir kafedən foto paylaşıb. Mütləq fotonun altında “Var olun həmişə”, “Hamınızı təbrik edirəm, şirin qızlar”, “Nə gözəl xanımlar var burada” kimi yazılara rast gələcəyik.

Bu vəziyyət bir çoxunu qane edir, axı real həyatda sən tərəfə baxan, elçi daşında oturan elə də çox olmur. Belə isə 50 fotodan birini seçib paylaşmaq, özünü kiməsə bəyəndirmək olar. Həyatda olmasa da, virtual məkanda populyarlıq qazana bilərsən. Bir sözlə, internet heç də bəşəriyyəti birləşdirən bir yer deyil, çünki o da maraq klublarına bölünüb. Bizi əhatə edənlər heç də dünyanın ən yaxşı, ya da ağıllı insanları deyil, sadəcə bizə daha çox tərif yağdıran, bəyənən, xoş söz deyənlərdir. Adətən mübahisə etməyi sevən, sözü üzə deyənlərin dostluğunda çox az adam olur. Belə istifadəçini qara siyahıya salırlar.

Məsələn, kimsə it-pişik sevirsə, heyvanlara qarşı hər hansı bir zorakılığı pisləyirsə, beləsinin profilində hansısa həqiqəti yazmaq elə bloklanmaq üçün əsas ola bilər. Deyək, ABŞ-da hər il 5 milyon insanı it dişləyir, bu, həm ev, həm də küçə itlərinə aiddir. Bu faktı yazmaqla həmin itsevərin qəzəbinə tuş gəlmək olar. Bir az mübahisə isə bloklanmağa gətirib çıxardacaq.

Hər düşərgənin öz qaydası, hər klubun öz düşüncə tərzi var

Ya da qadın hüquqları üzrə bir xeyli müdafiəçi var, adətən qadına qarşı baş verən hər hansı bir zorakılıq barədə mütləq paylaşım ediləcək. Əgər birdən kimsə bunu səbəbini araşdırmaq, günahkarı tapmaq cəhdi etsə, heç bir xəbərdarlıq edilmədən bloklanacaq. Səbəb heç kimi maraqlandırmır, əsas zorakılıq aktıdır. Əksinə də olur, qadın zorakılığa yol verir, yaşadığı insana qarşı zor tətbiq edir. Bu nümunəni harasa yazsaq, mütləq cavabında “gör bu kişi qadına nə qədər zülm edib ki, o, bu hərəkətə əl atıb” kimi yazılacaq.

Hər düşərgənin öz qaydası, hər klubun öz düşüncə tərzi var. Ateizmi təbliğ edirsinizsə, dindarları, dini təbliğ edirsinizsə, ateistləri siyahıdan siləcəksiniz.

Kimsə deyə bilər: axı özünə uyğun insanlarla dostluq etməkdə nə bir pis şey var? Həm rahatdır, həm də maraqlı. Bəlkə də belədir, amma Hindistanda yüz illərlə mövcud olmuş kasta sistemindən nə fərqi oldu bu yeni texnologiyanın? Ya orta əsrlərdə zadəgan zadəganla, kəndli ilə, usta da usta ilə ünsiyyət qurardı. Hətta hazırda dünyanı altdan-altdan idarə etdikləri iddia edilən masonlar da vaxtilə peşəkar sənətçilərin qurduğu gizli və qapalı cəmiyyətlərdən çıxıblar. Sosial mediada müşahidə edilən kasta birliyi, ideoloji və siyasi yaxınlıq elə həmişə mövcud olmuş düşüncə tərzinin internetə inteqrasiyasından başqa bir şey deyil. Guya dünyaya açılmışıq deyirik, amma əslində ətrafımıza bizə yaxın olan insanları toplayıb onlardan tərif və ya dəstək gözləyirik. Bir növ totalitar düşüncəni sosial mediaya inteqrasiya edirik.

Bir növ uydurulmuş virtual dünyada yaşayırıq

Belə yaşamaq olduqca əlverişlidir, amma həm də problemlidir. Çünki dünya və ətrafımız barədə təhrif edilmiş, yanlış təsəvvür əldə edirik. Həqiqətin nə olduğunu bilmirik, elə qapalı, özümüzün qurduğumuz kiçicik qılafın içində yaşayırıq. Kimsə bizim kimi düşünmürsə, deməli düşmənimiz olur. Onu ya dostluqdan silirik, ya da hamılıqla üstünə düşüb əzməyə çalışırıq. Bir növ uydurulmuş virtual dünyada yaşayırıq. Əlbəttə bu, hamıya aid deyil, amma bir çoxumuz elə məhz belə yaşayır. Hətta öz çevrəmizdən çıxıb başqa çevrə ilə yaxınlaşsaq belə, yenə də dostluğumuzda yeni düşüncə tərzini daşıyan insanlar yer alacaq. Köhnələri silib yeniləri qəbul edəcəyik.

Qapalı olmaq, yeniliyi qəbul etməmək çox zaman öz işini görür: mənasız bir labirintdə nəyisə axtarırıq, amma hər hansı məlumatı adekvat qarşılaya bilmirik. Yəni beynimizdə uçan xalça barədə məlumat yoxdursa, biz heç bir halda o xalçanı görə bilmirik, hətta yanımızda uçsa belə. İnsanların azadlığını məhdudlaşdırmağa bir çox halda ehtiyac yoxdur, biz elə öz-özümüzü sıxmışıq, çərçivəyə salmışıq. Həqiqət isə birdir, onu görmək üçün beyində olan bir çox təsəvvürə yox demək kifayət edər. Yalnız və yalnız məsələyə müxtəlif bucaq altında baxmağı bacaran insan nəyin doğru, nəyin isə yalan olduğunu dəqiq anlamağa qadirdir. Belə insanın düşüncəsində “mən səhv edə bilərəm, həqiqət mənim düşündüyümdən daha yüksəkdir” anlayışı hökm sürür.

Bir sözlə, dünyanı anlamaq istəyiriksə, deməli bir məkanda qapanıb ətrafını özünəbənzər şəxslərlə doldurmaq, bir sərhəd yaratmaqla yaşamaq olmaz. Qarşı tərəfin fikrini qəbul etməmək olar, amma ən azı onu sakitcə dinləməyi öyrənməli, çevrəmizdə də bizdən fərqli insanlara yer ayırmalıyıq. Bu halda həyatımız daha maraqlı, daha dolğun olar.

Xəbər lenti
0