CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram duası, fəqir bədduası...

© AFP 2023 / HUSSEIN FALEHИракский мусульманин молится, фото из архива
Иракский мусульманин молится, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.07.2021
Abunə olmaq
Bir qism vətəndaşlarımız var ki, onları bu bayramda əsla təbrik etmək istəməzdim. Hər halda, onlar özləri də başa düşürlər ki, bu bayram onlara aid deyil.

Qurban bayramını qeyd edən, bütün həmvətənlərimi, eyni zamanda dünya müsəlmanlarını təbrik edirəm. Xeyirli, bərəkətli, ruzili bayramlar diləyirəm. Bayram ovqatında olan hər kəsin bayramı mübarək olsun!

Dahi adaşımın, ustad Mirzənin sözü olmasın: “Bunu qabaqca deyirəm ki, bizim bu qurban bayramı qeyri-islam bayramlarının hamısından mənalı bir bayramdır”.

Ancaq bir qism vətəndaşlarımız var ki, onları bu bayramda əsla təbrik etmək istəməzdim. Hər halda, onlar özləri də başa düşürlər ki, bu bayram onlara aid deyil. Başa düşməyənlərin də başa düşəcəyini təmənni edirəm. İslamın “Eydi əzhası”nın tarixi İbrahim peyğəmbərə, onun oğlunu qurban kəsməsi qissəsinə qədər gedib çıxır. Tarixdən danışmaq, sizi yormaq niyyətim yoxdur. Bu qissəni də bilən bilir, bilməyən də zəhmət çəkib oxusun, araşdırsın. Niyyətim bayramlaşmaqdır.

***

Elə-obaya acıq-qıcıq, “yanmışlıq” vermək üçün buynuzuna qırmızı lent bağlanmış qoçu qurban adıyla kəsib, soyub, şaqqalayıb soyuducusuna dolduranların bayramını təbrik etmirəm. Qonşusu ackən tox yatanlar bizdən deyildir. Ancaq kəsdiyi qurbanın bir tikəsini də evində saxlamayıb, kasıba, ehtiyacı olana paylayanlara bizdən salam olsun.

***

Şəhərin harasında gəldi heyvan kəsib soyan, qurbanlıq heyvanları günün istisində, asfaltın üstündə heydən salan, onsuz da qurban gedəcək, kəsiləcək heyvana zülm verənlərə də təbrikimdən pay düşmür. Qurbanlıq heyvanları yormadan, zülm vermədən bayrama hazırlayanlara, onları kəsimdən əvvəl incitməyənlərə əhsən!

***

Sosial şəbəkələrdə Qurban bayramını tənqid edib, axşam anasının bişirdiyi qurban ətini gözünə təpən gənc və mənasız gülməşəkərləri də unutmamışam. Onların bayramıyla işim yoxdur, bayramla bağlı heç birinə, heç nə arzulamıram... Sadəcə bir balaca ağıl, normal düşüncələri olsa, bəsləridir.

İnancı islamla daban-dabana zidd olsa da, həmvətənlərinin bayram sevincinə şərik olan, tolerant yanaşanlara da eşq olsun!

***

Heyvansevərləri, veqanları, vegetarianları bu bayramda təbrik etmək, məncə, etik deyil. Ancaq onların da tolerant, təmkinli olmasını diləyirəm. Toplumun, xüsusilə min illərdir qurban ritualı olan, dini adət-ənənələrə sidq-ürəkdən sadiq insanların bu bayramda kefini pozmağı heç kəsə rəva görmürəm.

***

Evə ət alanda qəssabdan qoyun quyruğu da əlavə etməyi israrla tapşıran, övladı doğulanda quzu qurban deyən, qoç ətindən bişən yarpaq dolmasını sarımsaq qatıqla həzm-rabedən keçirən, qoyun ətini mətbəxinin vazkeçilməzi hesab edən, restoranda körpə quzu kababı sifariş verən bəzi əcaib insanlar da forsla Qurban bayramına “etiraz edirlər”. İmkanım olsa, sosial şəbəkələrdə "Məni qoyun şəklində teq eləməyin, bayram təbriki yazmayın" – deyib ədəbazlıq edənləri sosial şəbəkələrdə fil, kərgədan şəkillərinə teq edib, əməlli-başlı lağa qoyardım, heyf vaxtım yoxdur. Nə qədər qəribə olsa da, onları da yuxusunda qoç buynuzlasın, kərə qoyun kəllə vursun!

***

Bu bayramda da, şəhid və qazi ailələrini, eyni zamanda qazilərimizi reklam üçün istifadə edən, ehtiyacı olan ailələrə bir kilo ət verib, 10-15 şəkil çəkdirən həvəskar “mesenantları” allah özü bildiyi kimi eləsin. Bayram günü bəddua etmirəm, amma onlara nə təbrik düşür, nə də dua. Amma fəqirin bədduasından çəkinin. Heç olmasa, bayramda bəddua qazanmayın.  Özünü xeyriyyəçi, yardımsevər kimi göstərib sadə insanlardan pul yığıb, sonra aradan çıxan nadürüstlərin üzünə qurbanlıq dəvə tüpürsün, öküz vursun!

***

Xülasə, bayramda sizi çox yormadan təbrik edir, gözəl və mənalı bayram tətili arzulayıram. Əslində baxanda bu istidə qoyun əti yemək çox da məsləhət deyil, ancaq yenə də özünüz bilərsiniz.

Xəbər lenti
0