Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Menşov bizə nə öyrətdi

© Sputnik / Murad OrujovРоссийский режиссер Владимир Меньшов
Российский режиссер Владимир Меньшов - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Floberin "Madam Bovari" haqqında danışanda "Emma elə mən özüməm" dediyi kimi, yəqin ki, Menşov da "Moskva göz yaşlarına inanmır"dan söhbət düşəndə "Katya elə mən özüməm" deyə bilərdi. Həm də onun buna daha çox əsası var idi...

BAKI, 8 iyul — Sputnik. Bu gün ölkə Vladimir Menşovla vidalaşır. Onun kinoda rejissor kimi debütü "Çıxılmaz vəziyyət" filmində olub. Filmin əsasını protoqonistlərin – onuncu sinif şagirdləri İqor Qruşko ilə Oleq Komarovun insanın gücü ilə bağlı mübahisəsi təşkil edir. Və sonda gücün - həqiqətin, ədalətin tərəfində olduğu ortaya çıxır. Dürüstlüyü yaxşı yaşayışdan üstün tutan 16 yaşlı Qruşko onun üçün hər şeydən əziz olan bu hissin müdafiəsinə qalxır.

Deyilənlərə görə, Menşov bu filmin baş rol oyunçusunu çox axtarıb, sınaq üçün göndərilən fotoları uzun-uzadı saf-çürük edib. Nəticədə seçimini mavi gözlü, bir qədər kələ-kötür əyalət gəncinin üstündə saxlayıb. Kim bilir, bəlkə bu oğlanda o özünü görüb? Axı o da gəncliyində çox inadkar olub, aktyorluq fakültəsinə az qala dörd dəfə "basqın" edib və nəhayət, qəbul olunub. Daha doğrusu, bu şansı taleyin əlindən zorla da olsa, qopara bilib və nəticədə zəfərinə qovuşub.

Vladimir Menşov "Çıxılmaz vəziyyət" filmində rejissor kimi özünü sınamağa başlayanda artıq aktyor kimi beş rolun öhdəsindən gəlmişdi – bu sakit, zahirən bir qədər yöndəmsiz, o qədər də yaraşıqlı olmayan oğlanın xarici görünüşü o vaxtlar insanların kinoda görmək istədikləri "bizim oğlan" ampluasına çox uyğun gəlirdi. Ancaq Menşov bununla kifayətlənmək istəmirdi. Bütün parlaq istedadlı insanlar kimi o da özü haqqında daha çox söz söyləmək arzusunda idi. Daha doğrusu, özü haqqında yox, bu həyatda əsas, mühüm hesab etdikləri barədə. Menşov üçünsə ən əsas şey – xeyirxahlıq idi. Və bu xeyirxahlıq "Çıxılmaz vəziyyət"də həqiqətin, dürüstlüyün müdafiəsinə qalxan Qruşkonun yumruqlarında idisə, "Moskva göz yaşlarına inanmır"da onu Katya Tixomirovanın taleyinin axarını dəyişən ilahi gücdə axtarmaq lazım gəlirdi.

Və heç də ona görə yox ki, Katya "zoluşka" idi, məhz ona görə ki, Menşovun aləmində həyat heç kimə qarşı ədalətli olmaya bilməzdi. Floberin "Madam Bovari" haqqında danışanda "Emma elə mən özüməm" dediyi kimi, yəqin ki, Menşov da "Moskva göz yaşlarına inanmır"dan söhbət düşəndə "Katya elə mən özüməm" deyə bilərdi. Həm də onun buna daha çox əsası var idi. O da öz qəhrəmanı kimi həm həyatda, həm də yaradıcılıqda uğura, necə deyərlər, dişi ilə, dırnağı ilə nail olmuşdu. Və yaşının müəyyən çağında eynilə Yekaterina Tixomirova kimi o da həyatı olduğu kimi qəbul edərək illüziyalarla vidalaşmışdı.

Məhz buna görə də həmin xarakterin konturları bu qədər aydındır. Çünki əslində, Menşov bu rolda özündən danışır. Məhz bu səbəbdən də göz yaşlarına inanmayan Moskvanın səmimiyyətini belə ucadan hayqırır və bu sözlər Vladimir Menşovun qəlbinin ən dərin guşəsindən gəlir. Və əgər Belinskinin "Yevgeni Onegin" haqqında dediklərini bir qədər başqa cür ifadə etsək, onda "Moskva göz yaşlarına inanmır"ı sovet həyatının ensiklopediyası adlandırmaq olar.

Orada bizim təhsilə, biliyə can atmağımızdan tutmuş əbədi dürüstlük, ədalət axtarışlarımıza qədər, isti ailə ocağına sığınmaq istəyimizdən həyata yenidən başlamaq cəsarətimizə qədər – hər şey var. Menşov bizim dar gündə dosta dayaq olmağımızı, həm sevinci, həm də kədəri bölüşə bildiyimizi nümayiş etdirib.

Bütün bu mədəni kodlar onun tərəfindən filmə o qədər inandırıcı və səmimi şəkildə daxil edilib ki, hətta təkəbbürlü Amerika kino akademikləri belə bu səmimiyyətin, sadə həyat həqiqətlərinin qarşısında tab gətirməyərək "tərksilah" olublar – "Moskva göz yaşlarına inanmır"ı "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oscar" mükafatına layiq görüblər.

Bu film yalnız Moskva haqqında deyil, bütün Rusiya barədə idi.

Filmin ekranlara çıxmasından cəmi on il sonra dövran dəyişdi, başqa dəyərlərin, başqa sözlərin zamanı gəldi. Hissləri praqmatizm əvəzlədi, dürüstlüyün fəzilət sayıldığı dünya alt-üst oldu. Və yalnız üstündən bir onillik də keçəndən sonra yavaş-yavaş yeni gözləntilər cücərməyə, kədər çəkilməyə, ümidlər geri qayıtmağa başladı. Elə Menşovun da hər şeyini keçmiş sevgilisinə uduzan, bununla belə, həyatla sınaqdan qalib çıxan 40 yaşlı Katyanın dilindən dediyi kimi: "Həyat hələ indi başlayır".

Və buna görə biz, Vladimir Valentinoviç, sakitcə, minnətdarlıqla sizin qarşınızda baş əyirik, bu dünyadan gedişinizə kədərlənirik. Ancaq yenə də sizin bizə filmlərinizdən öyrətdiyiniz kimi özümüzə güvənərək, ədalətin müdafiəsindən əl çəkmədən göz yaşımızı silib inanmağa davam edirik. Nəyə? Sevgiyə! Qalan şeylər isə düzələr...

Xəbər lenti
0