06:28 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
YAZARLAR
Qısa URL
281 0 0

Biz futbola tamaşaya baxar kimi baxırıq. Elə bəlkə də buna görədir ki, Avro-2020-yə ev sahibliyi edən 11 şəhərdən yalnız Bakı və Buxarestdə ev sahibləri oynamırlar – yəni Azərbayan və Rumıniya turnirdə yoxdur.

Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.

Tutubəyim

"Oxuduğum "Ayətül-kürsü"lər, nənəm Tutubəyimin cəddi onlara qənim olsun". Bunu uzun illər ali məktəblərdən birinə - Bakı Slavyan Universitetinə rəhbərlik etmiş Nurlana xanım onun haqqında yazanlara münasibətdə deyib. Hansısa Gülbikə xala bu qarğış leksikonuna müraciət etsə, bəlkə də başa düşmək olardı, BSU-dan kilsə duası və magiyası gözləyirdik.

Bu arada universitet tədqiqatçıları mühüm araşdırma aparıblar. Onların qənaətincə, 20 min il əvvəl Şərqi Asiyada bu gün yaşayan insanların DNT-sində təkamül edəcək iz buraxacaq qədər təsirli koronavirus pandemiyası yaşanıb. Təbii ki, bu, BSU-nun yox, Arizona Universitetinin alimlərinin tədqiqatlarıdır.

Ən yaxşılar və ən pislər

“Dünyanı gözəllik xilas edəcək” deyəndə, yəqin ki, zahiri gözəllik nəzərdə tutulmayıb. “Üstü bəzək, altı təzək” dünya öz oxu ətrafında çox fırlana bilməz. İnsanlığı da, Yer kürəsinin gələcəyini də təhsil xilas edə bilər. Yüksək təhsilli cəmiyyət mütləq gözəlliklər yaradacaq, dünyanın oxunu da idarə edəcək.

Bu günlərdə ötən tədris ilində ali təhsil müəssisələrinə abituriyentlərin qəbulolma faizinə görə ən yüksək və ən aşağı nəticə göstərən bölgələrin adları məlum olub. Ən yaxşıların reytinqində Ordubad, Kəngərli, Qubadlı, Qax və Sumqayıt yer alır. Ən aşağı reytinqli beşlik isə belədir: Lerik, Samux, Tərtər, Şabran, Astara.

Bu arada elə ötən həftə qəbul imtahanlarında abituriyentləri ən aşağı nəticə göstərən Lerikin Orand kəndi ərazisində yabanı halda bitən 6 tona yaxın narkotik maddə aşkarlanaraq, məhv edilib.

Darıxma, düzəlməyəcək?..

Qonşularımızda qeydə alınmış koronavirusun Hindistan ştammının Azərbaycana keçib-keçmədiyini isə epidemioloqlar araşdırırlar. Bu həftə TƏBİB rəsmisi Sabir Sarvanın "darıxma, düzəlməyəcək" üslubuna müraciət edib: "Hindistan ştammının Azərbaycana gəlməsindən qaçmaq mümkün deyil”.

Məlumat üçün deyək ki, “Delta” adlı ştamm artıq 90-dan çox ölkədə qeydə alınıb. Corc Meyson Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, “Delta” variantı digər ştammlardan ağciyər zədələnməsinin sürətli konsolidasiyası ilə fərqlənir.

Bu arada İsrail yenidən maska qadağasına qayıdıb.
Okeanın o biri üzündəki supergücün lideri Co isə bədbindir: “600 mindən çox amerikalı öldü... və bu “Delta” ştammı ilə davam edəcək...  “Delta” variantı potensial olaraq daha ölümcüldür və xüsusilə gənclər üçün təhlükəlidir. Vaksinasiya vacibdir”.

Və budur, ÜST-dən “delta” barədə daha bir xəbərdarlıq: “Bu ştammla hətta küçədə xəstənin yanından keçərkən belə yoluxmaq mümkündür”.

Elə təzə “oğlan igid, qız qəşəng” demişdik ki, “Delta” başımızın üstünü alır.

Bu arada bir qrup bədxəbər alim Günəş sisteminin mərkəzinə nəhəng kometa yaxınlaşdığı barədə məlumat verib. Hesablamalara görə, obyekt Saturnun orbitinə 10 ildən sonra çata bilər.

Bir az zarafat

İlon Maskın isə dünya vecinə deyil, Rusiya ilə zarafatlaşır. O, sosial şəbəkədə Fransa imperatoru Napoleonun Rusiyaya hücumu ilə bağlı paylaşım edib: kollajda imperatorun həyat yoldaşı Jozefin Boqarneyə Rusiyanı işğal etmək niyyətində olduğunu dediyi göstərilir. Qadın bunu yayda edib-etməyəcəyini soruşur, Bonapart isə çoxmənalı susqunluqla cavab verir.
“Zaman hər şeyi həll edir”, - deyə Mask paylaşdığı postun şərhinə yazıb.

Tarixdə Rusiyanın belə zarafatları ciddi qəbul etməsi faktı var.
1984-cü il. Reyqan radio vasitəsi ilə növbəti müraciətinə hazırlaşır. Mikrofonların hələ qoşulmadığını düşünən Reyqan zarafatla edəcəyi nitqi səsləndirməyə başlayır: “Mənim həmvətənlərim, bu gün sizə böyük sevinc hissi ilə məlumat vermək istəyirəm ki, imzaladığım sərəncamla Rusiyanın əbədi olaraq qanunsuz dövlət olduğunu elan etmişəm. 5 dəqiqədən sonra Rusiyanın bombalanmasına başlanılacaq”.

Mikrofonlar açıq olduğundan Reyqanın bu müraciəti efirdə səslənib, aləm qarışıb bir-birinə. Bir neçə dəqiqəyə SSRİ Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yalnız səfirliklər vasitəsilə məsələyə aydınlıq gətirildikdən sonra Kreml sakitləşib.

Hər bir halda, yumor təbəssüm yaradırsa, gözəldir – çünki deyirlər ki, iki insan arasında məsafə bir təbəssüm qədərdir.

Bir az təbəssüm

Ermənistanda indi pul, çörək, ordu və bir də təbəssüm çatmır. Qalib Azərbaycan regionda qalıcı sülhün yaranması üçün əl uzadır, İrəvan isə hələ tərəddüd içindədir. Eybi yox, biz dostluğa da, düşmənçiliyə də hazırlaşırıq hər halda. Şuşa Bəyannaməsinin ardınca Pakistan Quru Qoşunları komandanının ötən həftə ölkəmizə səfəri, ali səviyyədə qəbul olunması, görüşdə verilən mesajlar bölgədə təhlükəsizliyin qarantına çevriləcək trionun formalaşmaqda olduğunu təsdiq edir: Azərbaycan-Türkiyə-Pakistan.

İrəvan üçün tuneldən çıxış Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir.

Türklər gedərkən nə dedilər?

Kişilər siyasətdən və futboldan danışırlar əsasən. Bir az da futbol barədə. Avro-2020-də qızğın, maraqlı oyunlar davam edir. Oyunlarından ikisini Bakıda keçirən, ancaq xal qazana bilməyən Türkiyə milisi üçün isə turnir tez başa çatdı və onlar ötən həftə evə qayıtdılar.

Bakıdakı oyunlarda türk qardaşlarımıza lazımınca dəstək verdikmi? Söz yox ki, ürəyimiz hər an hər bir məsələdə Türkiyə ilə döyünür. Ancaq bizim azarkeşliyimiz yoxdur. Görünür, buna görə türk şərhçilər Bakıdan ayrılarkən “sizin azarkeşləriniz hamısı əfəndi adamlardır” deyiblər.
Biz futbola tamaşaya baxar kimi baxırıq. Elə bəlkə də buna görədir ki, Avro-2020-yə ev sahibliyi edən 11 şəhərdən yalnız Bakı və Buxarestdə ev sahibləri oynamırlar – yəni Azərbayan və Rumıniya turnirdə yoxdur.

SOS!

İntihar faktları, xüsusilə gənclər arasında özünəqəsd edənlərin sayının artması həyəcan doğurur. Ötən həftə 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsindən özünü ataraq intihar etdi. 22 yaşında gənc entuziazmla həyata atılmaq əvəzinə, suisidi seçir.

Nəhayət, psixoloqlardan ibarət işçi qruplarının yaradılaraq problemin üstünə getməyin vaxtıdır.

Əsas mövzular