07:23 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
YAZARLAR
Qısa URL
1320 0 0

Yəni koronavirusdan hər 20 nəfərdən biri ölürsə, burada peyvənd vurulmasa, hər 4-5 xəstədən biri mütləq keçinəcək.

Bütün dünya koronavirus peyvəndindən danışır. Hansı sosial şəbəkədə gəzişsən, peyvəndlə bağlı fikrə rast gələrsən. Peyvənd edənlər hətta koronavirus pasportunu nümayiş etməklə qürurlanırlar. Biri deyir, "Çin peyvəndini iki dəfə vurdurdum, bir effekti olmadı. Yoxlatmışam, bədənimdə anticisimlər hələ də yaranmayıb". Başqası yazır, "Peyvənddən sonra bədənim keyiyib. Elə belə olmalıdır?"

Koronavirus peyvəndi havayıdır, əlçatandır, sistemə daxil olub gün seçməklə gedib rahatca vurdurmaq olur. Bu səs-küydə bəzən başqa peyvəndlər yaddan çıxır, deyəsən.

Başına gəlməzsə, bilməzsən.

***

Ev telefonundan:

- Alo, tibbi yardımdır? Köməyə ehtiyacımız var. Həyat yoldaşımın ayağına bağda paslı mismar batıb, ayaq şişib, ağrıyır. Qorxuruq, qanda zəhərlənmə olar. Mümkünsə, maşın göndərin, peyvənd vursunlar.

- Hə, bağ evində olub. Mobil nömrə? Yazın. Gözləyirik.

30 dəqiqə sonra:

- Alo, biz sizə zəng etmişdik. Tibbi yardım maşını olacaq? Zəng gəlmədi. Peyvəndin olub-olmadığını bilmirsiniz? Olmaya da bilər? Bəs necə olsun? Bəlkə, xəstəxanada vurarlar? Üç gün vaxtımız var? Onda səhər Sabunçuda vurdurarıq.

***

Sabunçu xəstəxanasında:

- Salam, xanım, ayağıma paslı mismar batıb. Gərək peyvənd vurdurum. Sizdə mümkündür?

- Qarşıda bir qapı var, orada "açıl" oturur, onlara müraciət edin.

- Salam, xanım, ayağıma paslı mismar batıb. Gərək peyvənd vurdurum. Dedilər, "açıl" baxır bu işə.

- "Acil" bizik. Amma peyvənd yoxdur.

- Necə yoxdur? Axı bu vacib peyvənddir, qanda zəhərlənmə olsa, insan ölə bilər.

Başqa tibb bacısı:

- Yoxdur peyvənd. Heç yerdə yoxdur, gəlmir.

***

Aptekdə:

- Xanım, sizdə qanda zəhərlənməyə qarşı peyvənd olarmı? Rusca "protivostolbnyaçnı" deyirlər.

- Hazırda yoxdur.

- Gəlmir? Bəs bahalıdır?

- Yox, ucuz bir şeydir, amma gəlmir.

Digər aptekdə:

- Xanım, sizdə qanda zəhərlənməyə qarşı peyvənd olarmı?

- Bizə gəlmir, o, dövlət xəstəxanalarında olur.

***

Telefonla:

- Salam, xanım. Sizin xəstəxanada qanda zəhərlənməyə qarşı peyvənd olmaz? "Protivostolbnyaçnı"?

- Qurtarıb, gəlmir.

- Bəs nə edək?

- Xəstəxanalara bir-bir zəng edin. Bəlkə, kimsədə olar.

- Pullu xəstəxanada da olur?

- Olmalıdır. Sadəcə gəlmir, yoxdur.

***

Bakı şəhərində yoluxucu tetanus xəstəliyinə qarşı peyvənd yoxa çıxıb. Həmin o "protivostolbnyaçnı" deyilən peyvənd, demək olar, tapılmır. Ucuz bir preparatdır, bütün xəstəxana və hospitalda olması mütləqdir.

Tetanus - ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji zəhər hesab olunur.

Tetanus mikrobu təbiətdə geniş yayılıb. Gövşəyən heyvanların (40%) bağırsaqlarında daim yaşayır, torpağa düşür, spor əmələ gətirərək hər yerdə, havada və torpaqda uzun müddət qalır. Xəstələrin 20-25%-i ölür.

Bir sözlə, ayağa paslı mismar batdısa, bıçaq və ya güllə yarası aldınsa, açıq yara ilə torpaqla təmasın oldusa, yəni istənilən ciddi yarada tetanusa tutulmaq təhlükəsi var. Bu səbəbdən istənilən ciddi əməliyyatda, bəzən kiçik əməliyyatda belə bu peyvənd avtomatik olaraq vurulur. Qana keçsə, vaxtında tədbir görülməsə, həm ciddi fəsadı ola bilər, həm də ölümlə nəticələnə bilər. Hər hansı bir xəstəxanada olmaması absurddur. Yəni koronavirusdan hər 20 nəfərdən biri ölürsə, burada peyvənd vurulmasa, hər 4-5 xəstədən biri mütləq keçinəcək. Simptomları da dəhşətlidir, mərkəzi sinir sistemi zədələnə bilər.

***

- Salam, sizdə qanda zəhərlənməyə qarşı peyvənd var? Var, nə əla. Gəlib vurdura bilərik? Siz Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyinə yaxın yerdəsiniz? Nə gözəl, onda gəlirik.

Eləcə də oxuyun:

Teqlər:
ölüm, pas, peyvənd

Əsas mövzular