Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Sonrakı peşmanlıq: Təəssüf etməyə vicdanım yol vermir, şükür etməyə isə səbəb tapmıram

© pixabay / Pexels / journalistЖурналист, фото из архива
Журналист, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
O öyüdlərə qulaq asıb nəticə çıxarsaydım, mən indi Rusiya bazarlarına TIR-larla meyvə-tərəvəz “vuran” ciddi biznesmen olmalı idim. Dinləmədim rəhmətlik Qiyam müəllimi...

Son vaxtlar yaradıcılığıma, ümumiyyətlə ədəbiyyata və mədəniyyətə olan laqeydlik məni depressiyaya salır. Həyatımın sonuna doğru yaxamdan yapışan yazmaq, yaratmaq sevdasından xilas olub, “normal” insanlar kimi yaşaya bilmədiyim üçün hər gün özümü qınayıram. Ancaq dəqiq bilirəm ki, olduğum yerdən geriyə qayıtmağa yol yoxdur. Bundan sonrası “qozbeli qəbir düzəldər” məsəlindəki kimi cərəyan edəcək. Zamanında böyüklərimi dinləsəydim, indi insanların kitaba, ədəbiyyata, mədəniyyətə laqeyd yanaşmasından, yazdığım yazıların diqqətdən kənarda qalmasından narahat olub depressiyaya düşməzdim. Bütün bunlar sadəcə bir ehtimaldır və bu ehtimal belə adamı kövrəldir...

***

Dördüncü sinifdə, dəftərin tapılmayan vaxtında, ana dili dəftərimin vərəqlərini “korlayıb” Nadir şahın oğlunun gözlərini çıxarmasıyla bağlı hekayə yazmışdım. Dəqiq yadımdadır, Mustafa Çəmənlinin “Xallı gürzə” romanını oxumuşdum və ilk təəssüratım məni yazmağa həvəsləndirmişdi. Sinif müəllimim “hekayəmi” oxudu, əlini çiynimə qoyub xırıltılı səslə dedi ki, bala, get dərslərini oxu. Sonra xeyli öyüd-nəsihət verdi, aradan illər keçib, unutmuşam. O öyüdlərə qulaq asıb nəticə çıxarsaydım, mən indi Rusiya bazarlarına TIR-larla meyvə-tərəvəz “vuran” ciddi biznesmen olmalı idim. Dinləmədim rəhmətlik Qiyam müəllimi. Beşinci sinifdə Süleyman Rüstəmin şeir kitabını oxuyanda hiss etdim ki, belə şeirlərin günə 10-15 dənəsini yaza bilərəm. Elə kitabın vərəqlərinə ilk şeirimi yazdım. Bu dəfə də kitabı yazdığım üçün anam məni danladı. Anam filoloq olduğu, ara-sıra şeirlər yazdığı üçün bu yolun çətinliyini duyub, məni yolumdan çəkindirmək istədi. Hər dəfə kitab götürüb neft lampasının yanında özümə yer edəndə ürkə-ürkə başını buladı, “oxuyub başımı xarab etməməyim” üçün dil tökdü. Anamın nəsihətlərinə qulaq assam, indi xəstəxanalardan birində təqaüd vaxtını gözləyən həkimlərdən biri idim.

***

Rəhmətlik nənəm yazıb-oxumağı bacarmasa da, mənim kitablara olan sevgimi təqdir edən yeganə ailə üzvüm o idi. Atama görə, kənd yerində doğulub-böyüyən oğlan həyət-bacada işləməli, odun yarmalı, ot biçməli, qoyun güdməli, yer belləməli idi. Atam sadəcə belə düşünmürdü, həm də bütün bu işləri görməyə məni məcbur edirdi. Kaş ki onu dinləyib bir peşə, sənət seçəydim. Ən azından, kənd müəllimi olsam, atam məni daha çox təqdir edərdi.

***

Altıncı sinifdən sonra özümə şeir dəftəri tutdum, yavaş-yavaş məktəbdə şeir yazdığımı öyrənirdilər. Müəllimlərim narahat olmağa başladılar. Mən isə bütün qəlbimlə şeirlərimi çap etdirmək üçün çabalayır, qəzetlərə, jurnallara məktublar yazır, şeirlərimi çap olunmaq arzusu ilə müxtəlif redaksiyalara göndərirdim. Vaxtında müəllimlərimi dinləsəm, indi hansısa rayonun prokuroru idim. Çünki buna potensialım vardı. Bir müddət bu təbliğatın təsiri ilə həkim, sonra hüquqşünas olmaq istədim. Ancaq ədəbiyyat bir kabus kimi məni qarabaqara izlədi, yaxamı buraxmadı. Beləcə, ədəbiyyat yolçuluğum başladı. Hər şey plansız, xaotik, qarışıq şəkildə baş verdi. Tələbəlik illərində jurnalistika və tərcüməçiliklə yanaşı, meyxanaçı kimi toylara da getmişəm. Öz üzərimdə işləsəm, bir-iki mahnı yazsam, indi şou-biznesə qoşulub, hansısa xalq artisti ilə duet oxuyurdum. Təəssüf ki, bütün sadaladıqlarım baş vermədi.

***

Sonrası məlum məsələdir. Bir də ayıldım ki, yaşım qırxa yaxınlaşır, həyatımda ədəbiyyatdan, yazı-pozudan başqa heç nə yoxdur. Nə ailə, nə ev, nə iş, nə normal qazanc... Sağım-solum ədəbiyyat, kitablar, obrazlar,  xəyal dünyası... Yaşıdlarım dünyanı gəzib-dolaşır, biznesini böyüdür, ildə bir dəfə avtomobilini, beş ildən bir evini dəyişir, bağ evi alır,  karyerada yüksəlir, yaxasından orden-medal asır, mən oturub 100-150 nəfərin alıb oxuduğu kitablar, 50-60 nəfərin oxuduğu yazılar yazıram, kitablar tərcümə edirəm.

***

Taleyimdən də, qədərimdən də küsmüşəm. Yorğunam. İndiki ovqatımı, psixoloji vəziyyətimi heç bir kəlmə “yorğunluq” kəlməsi kimi ifadə etmir... Arxaya boylananda təəssüf etməyə vicdanım yol vermir, şükür etməyə isə səbəb tapmıram...

Eləcə də oxuyun:

  • Cəsarət, yoxsa ədalət: Növbəni necə pozmalı?

  •  Zirəklər və maymaqlar: Cəmiyyətin iç üzü

  •  Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

Xəbər lenti
0