00:33 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
YAZARLAR
Qısa URL
2877

Qaramyan: "Mənim üçün ərazi itkisindən daha ağrılı məqam Ermənistan silahlı qüvvələrinin onurğa sütununun sındırılmasıdır".

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Gec-tez koronavirusun iynəsi tapılacaq, yaxşı olar ki, alimlər erməni xəstəliyi üzərində baş sındırsınlar. 44 gündə nəinki top-tüfənglərini, papaqlarını, qocalarını da atıb qaçan işğalçıya hardansa vəhy gəlib. Həftə ərzində törətdiyi təxribatlar qarşı tərəfin qaşındığını təsdiq edir. Yaz gələndə orqanizmdə hormonal dəyişikliklər baş verir. Amma axı hormonların da yaddaşı olmalıdır.

Siyasətçilər seçkiyə köklənib çox şeydən dəm vura bilər, amma əsas odur, generallar nə deyir. Məsələn, bu həftə daha bir erməni generalı Arşavir Qaramyan etiraf edib ki, Ermənistan ordusu deyilən bir təsisat mövcud deyil: "Mənim üçün ərazi itkisindən daha ağrılı məqam Ermənistan silahlı qüvvələrinin onurğa sütununun sındırılmasıdır".

Paşinyanı nüfuzdan salmağa çalışan siyasi rəqibləri də maraqlı etiraflar edirlər. Məsələn, Robert Koçaryandan deyir ki, "Biz danışıqların tam hüquqlu tərəfi deyilik".

Daha bir sabiq Ter-Petrosyan da acı həqiqəti qəbul edir: "Serj Saqrsyan deyir ki, bütün təklifləri Azərbaycan tərəfi rədd edib. Amma o, fikirləşməli idi ki, nəyə görə Azərbaycan tərəfi rədd edirdi. Deməli, Azərbaycan əmin idi ki, zaman onun xeyrinə işləyir".

Amma Paşinyan özü də etiraf edir: "Erməni zabit qızıla görə S-300 sisteminin platasını çıxarıb satır".

Belə. Çini hərbi baza yaratmağa dəvət etməklə Ermənistan Rusiyaya alternativ axtarır. Amma Azərbaycanla nəhəng tranzit layihəyə qoşulan Pekin üçün İrəvanın arzusu prioritet yaratmır.

Ermənistan üçün gələcək qaranlıq görünür. Amma bir amerikan məsəli də var: hara getdiyini bilmyən adam azmaz.

Qaranlıq və azmaq demişkən…

Gecə mühəndis işləri?

Hərbçilərimiz Kəlbəcər istiqamətində Azərbaycan ərazisinə daxil olaaraq minalama aparan 6 diversantı saxladı. İrəvanın açıqlaması absurd idi: Hərbçilər mühəndis işləri görürmüşlər. İki sual yaranır: Gecə saat 03.00-da mühəndis işləri?! Və Azərbaycan ərazisində?! Bəlkə azıb keçiblər?! Bu bəhanə gəlməyib ağıllarına?

Ermənistan nəhayət, sülhə doğru gedən yolu minalamaq əvəzinə Azərbaycanla konstruktiv əməkdaşlığa can atıb, bataqlıqdan çıxa bilər.

Dünya Marsa köçür, bunlar hələ də… yerdə də özlərinə yer tapa bilmirlər.

Bu arada Türkiyədə xəstəxanalara dərmanı PUA ilə daşıyacaqlar. Ermənistana da belə aparat lazımdır, - baxmyaraq ki, bu apartla bağlı xoş xatirələri yoxdur, - ancaq indi yaşlı və xəstələrə dərman daşımağa adam qalmayıb, cavanlar işləmək üçün Rusiyaya qaçır.

Kürə dığırlanır

Marsda həyat axtartışlarının məntiqi var, çünki Yer kürəsi indi deyəsən fırlanmır, dığırlanır. Hindistanda koronavirusun fəsadları nəticəsində mukormikoz ("qara kif") epidemiyası yayılıb. Epidemiya artıq qonşu Banqladeşə də sıçrayıb.

Bu arada xüsusi təlim keçən itlərin 94 faizi COVID-19 infeksiyasını aşkar edə bilirlər. Bu, İngiltərənin paytaxtı Londonda yerlən Gigiyena və Tropik Tibb Məktəbində aparılan araşdırma zamanı məlum olub.

Bu həftə Yerə tərəf uçan təhlükəli asteroid isə xoşbəxtlikdən bir az aralıdan keçdi. Ancaq ÜST öz amluasındadır: Təşkilatın müdiri dünyada yeni ölümcül virusun ortaya çıxacağı barədə proqnoz verib.

Pandemiyadan sonra özünə qapanan ölkələrin gediş-gəlişinə boğazlar da əngəl yaratmağa başlayıb. Təxminən 2 ay öncə bir neçə günlük bağlanan Suveyş kanalı dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurmuşdu. Bu həftə isə İstanbulun Bosfor boğazı buna səbəb uzunluğu Xorvatiya bayrağı altında üzən "Rava" neft tankerinin idarəetməni itirməsi ilə gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

Toylar

Boğazların bağlanması 3-5 günlükdür, restoranlar isə toylar üçün 1 ildən çoxdur ki, qapalıdır. Ancaq bu, o demək deyil ki, heç kim evlənmir.

Məsələn, Britaniyanın Baş naziri Boris Conson sevgilisi Kerri Saymondsla gizli şəkildə ailə həyatı qurub. Yığıncaqda B.Consonun və xanımının ən yaxın dostları və ailə üzvləri iştirak ediblər.

India.com portalının xəbərinə görə isə Hindistanda bir toyda gəlin qəfil dünyasını dəyişib və toy sahibləri gəlini onu doğma bacısı ilə əvəzləməyə qərar veriblər. Hindlilər elə bu həftə daha bir hoqqa qaynadıblar. Toylara icazə verilmədiyindən gənclər təyyarədə evləniblər, ancaq indi hökumət onları cəzalandıracaq.

Bir yapon cütlük də havada evlənib, ancaq onlar tabu qoyulmuş sayı keçmədiklərindən, xoşbəxt-xoşbəxt bal ayına gedə bilərlər.

Bu arada toylara icazə verilsə, ehtimal olunur ki, ölkəmizdə 1 il ərzində 200 minədək toy olacaq. Toyların olmaması iqtisadiyyat üçün də dövriyyənin azalmasıdır. İnanın, xeyir-şərlərin məhdudlaşdırılması bizim qədər olmasa da, dünya üçün də itkidir.

Vaksinlər atılacaq

Dünyanın bu qədər ziyana düşdüyü azmış kimi Çinin Honkonq bölgəsində istifadə olunmayan bir çox yeni koronavirus peyvəndi atılmalı olacaq. Əhali vaksin vurdurmaq istəmir, peyvəndin isə son istifadə tarixi var.

Dünyanın onlarla ölkəsi hələ də vaksinin necə olduğunu bilmir, Çində isə onu vaxtı keçdiyi üçün zibil qutusuna atacaqlar. Necə ki, dünyanın bir küncündə aclıq çəkən milyonlarla insan, digər tərəfində isə ərzağı israf edənlər yaşayır – bir kürənin içərisində. Yeri gəlmişkən, hər il dünyada 1,3 mlrd. ton qida itirilir və ya israf edilir. Qida itkisi və tullantılarının dəyəri 680 mlrd. ABŞ dolları təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 310 mlrd. dollardır.

Bu arada bu həftə Rusiyada istehsalçılar toyuq yumurtasının çatışmazlığı riski barədə xəbərdarlıq ediblər.

Əsas raket olsun

Şimaldakı dünya nəhənglərini şübhəsiz, xüsusilə cənub qütbündə yaşayan ac insanlar maraqlandırmır. Onların proriteti ilk növbədə yaxşı raketlərə malik olmaq, onları satmaq, daha çox satmaqdır.

Bu həftə ABŞ Dövlət Katibinin müavini Uendi Şerman deyib ki, ABŞ Türkiyənin əldə etdiyi Rusiya istehsalı S-400 zenit-raket kompleksinə dair rəsmi Ankaraya alternativ təqdim edib.

Bu arada İran yaxın zamanlarda yerli istehsal olan bir neçə peykini orbitə çıxaracaq.

Yeni kitablar

Azərbaycanın da 3 peyki orbitdədir, amma kitablarımıza hər halda, yenidən baxmalıyıq. Yeni-yeni peyklərlə yüksəkliklərə qalxmaq üçün. Amma keçmişi, tarixi də unutmaq olmaz. Bu həftə altıncı sinif tarix dərsliyində müvafiq kommisiya tərəfindən 50-dən çox səhv tapıldı.

Bu səhvlər olsa da, olmasa da, bütün tarix dərsliklərimiz yenilənməlidir. Çünki Azərbaycan əsgəri tarixi yenidən yazıb. Kitablara vurulacaq çoxlu topçu Vüsallar var.

Əsas mövzular