18:51 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
YAZARLAR
Qısa URL
23410

Müşahidələrimə əsasən, məsuliyyətlə deyə bilərəm ki, ölkəmizdə bu sosial şəbəkə əxlaqsızlıq, erotizm, cinayətkarlığı təbliğ edir.

Ötən ilin statistikalarından məlum olur ki, dünya əhalisinin yarıdan çoxu sosial şəbəkələrdən istifadə edir. Pandemiya ilə bağlı qapanmalar zamanı məşğuliyyətsiz qalan dünya əhalisinin internetə və sosial şəbəkələrə üz tutduğunu nəzərə alsaq, "Facebook", "İnstagram", "TikTok", "Twitter", "Youtube" və digər servislərin ümumi auditoriyasının xeyli genişləndiyini deyə bilərik. Ölkəmizdə də sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Dünyada gedən proseslərdən kənarda qalmağımız mümkünsüz olduğu üçün sosial şəbəkələrə güclü axının bizdən yan keçməsi mümkün deyil. Virtuallaşan dünyada bu tendensiyadan qaçış real görünmür. Bir çox ölkələrdə sosial şəbəkələr qadağan olunsa da, bu qadağaların dünyanın “virtuallaşmağına” çox da ciddi təsiri olmadı.

Ölkəmizdə sosial şəbəkə istifadəçilərinin maraq dairələri müxtəlifdir. Ötən illərdə "Facebook" sosial platformasından istifadə edənlərin sayı digər sosial şəbəkə istifadəçilərinin sayını üstələsə də, bu ilin yanvarından "Twitter" istifadəçiləri bütün digər sosial platforma istifadəçilərini arxada qoymağı bacardılar. Müharibə dönəmində ölkə prezidentinin "Twitter" sosial şəbəkəsindən etdiyi paylaşımlar bu sosial şəbəkəni azərbaycanlılar üçün mötəbər mənbəyə çevirdi və istifadəçilərin sayında önəmli artım oldu.

***

Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasındakı səviyyə fərqlərini müşahidə etmək çox asandır. "Facebook" və "Twitter" istifadəçiləri daha ciddi, siyasi, mədəni, iqtisadi məsələləri müzakirə etdiyi halda "Instagram" və "TikTok" istifadəçiləri daha çox əyləncəyə və bayağı trendlərə meyil göstərmələri ilə seçilirlər. Xüsusilə foto, video və mesajlaşma tətbiqi olan, “Anı yaşa, yaradıcılığını paylaş” mottosu ilə fəaliyyət göstərən "TikTok" istifadəçiləri digər sosial şəbəkələrin istifadəçilərindən daha çox bayağılıq, savadsızlıq, qeyri-mədəni davranışları ilə seçilirlər.

15 saniyəlik video çəkib paylaşmaq rahatlığı "TikTok" istifadəçilərinin müxtəlif bayağı bacarıqlarını nümayiş etdirməyə, bununla da populayarlaşmalarına, izləyici toplamalarına şərait yaradır. Ölkəmizdə daha çox yeniyetmələrin və gənclərin maraq dairəsində olan "TikTok" müasir dövrün pis vərdişlərindən biri hesab olunmalıdır.

Diqqət cəlb etmək üçün mənasız videolar çəkib paylaşan yeniyetmə və gənclər fərqində olmadan bu girdabın içərisində boğulur, faydalı işlərdən uzaq qalaraq zamanlarını bu bayağılığa xərcləyirlər. Eyni zamanda bu sosial şəbəkənin də qazanc gətirmə ehtimalı, yeniyetmə və gənclərin məşhurluq həvəsi ağlasığmaz çılğınlıqlara yol açır. Redaktə və nəzarət funksiyasının olmaması, vulqar, açıq-saçıq, bəzən erotik videoların rahat şəkildə paylaşılmasına şərait yaradır.

***

"TikTok" sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin paylaşımlarını araşdırdıqda vəziyyətin dəhşətli dərəcədə vahiməli olduğunu anlamaq çətin deyil. Bu gün azərbaycanlı istifadəçilər arasında özünün və çevrəsindəkilərin sağlamlığını təhlükəyə atanlar, həqarət və təhqirə yol verənlər, soyunaraq erotizmi ön plana çıxaranlar, çığırıb-bağırmaqla, iyrənc hərəkətlərlə, cinayətkar aləmin təbliğatı ilə diqqət çəkməyə çalışanlar kifayət qədərdir. Bu sosial şəbəkədə paylaşılan videolara hər yaş təbəqəsindən insanlar baxır: yəni 14-15 yaşlı bir yeniyetmənin çəkdiyi erotik məzmunlu videoya 10-11 yaşlı uşaqların və 60 yaşlı ahılların da baxmaq imkanı var. Bunun nələrə yol açacağını isə ağlı və düşüncəsi olan hər kəs gözəl bilir.

***

Müşahidələrimə əsasən, məsuliyyətlə deyə bilərəm ki, ölkəmizdə bu sosial şəbəkə əxlaqsızlıq, erotizm, cinayətkarlığı təbliğ edir. Heç bir halda sosial şəbəkələrin qadağan olunmasının, məhdudiyyət tətbiq edilməsinin tərəfdarı olmasam da, hazırda "TikTok"un ciddi sosial fəlakətə yol açdığını və gələcəkdə vəziyyətin daha da pisləşəcəyini düşünürəm. Digər sosial şəbəkələrdə də vəziyyət ürəkaçan deyil. Şəxsi həyatın toxunulmazlığı getdikcə daha çox pozulur, əxlaqsızlıq, erotizm, bayağılıq sürətlə ön plana çıxır. Bütün bu biyabırçı maraqların qarşısını almaq üçün, çox təəssüf ki, hazır reseptim yoxdur. Dünyada məhdudlaşdırmalar və qadağalar tətbiq edilsə də, bunun uğurlu çıxış yolu olduğunu düşünmürəm. Məncə, valideynlər övladlarına ciddi alternativlər təklif etməli, şöhrət, məşhurluq və populizmə qarşı kitabı, idmanı, təhsili göstərməli, təhsil sistemindəki ciddi boşluqlar aradan qaldırılmalı, yeniyetmə və gənclərin asudə vaxtları üçün sosial şəbəkələrdən daha maraqlı vasitələr tapılmalıdır. Xüsusilə televiziyalar yeniyetmə və gəncləri stimullaşdıracaq ciddi layihələr hazırlamaqda maraqlı olmalıdır.

***

"TikTok" və digər sosial şəbəkələr vasitəsilə insanlar zəif və bayağı  bacarıqları ilə qısa zamanda məşhurlaşa bilirlər. Bunun maraq yaradacağını bu cür startapı fikirləşən kapitalist beyinlər çox yaxşı anlayır. Təhsil səviyyəsi normal olmayan ölkələrdə bu cür bayağı məşhurluq vasitələri ön plana çıxır. Məşhurlaşan bayağı, cahil, savadsız insanlar cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Sosial şəbəkələrdə fenomen olan bayağı insanların anormal davranışlarını müşahidə edəndə təhlükənin ciddiliyini anlamaq mümkündür.

Yeniyetmə və gənclərdə daxildən özünü sübut etmə, digərlərinə özünü təsdiq etmə instinkti daha güclüdür. Həmin hissin tələblərinə uyğun gələn ehtiyacların qarşılanmasına "TikTok" kimi sosial şəbəkələr onlara şərait yaradır. Biz cəmiyyət olaraq təhsilin, mütaliənin, idmanın, incəsənətin faydalarını ön plana çıxarmaqla, yeniyetmələrə ciddi alternativ təqdim etməklə onları bayağılıqdan mümkün qədər uzaqlaşdıra bilərik.

Hazırda sosial şəbəkələrdə, xüsusilə "TikTok" istfadəçiləri arasında bayağılıq, erotizm, bəzi hallarda əxlaqsızlıq ön plandadır. Buna mane ola bilməsək, övladlarımızı bu girdabdan vaxtında çəkib çıxa bilməsək, gələcəkdə çox ciddi problemlərlə üzləşəcəyimiz qaçılmazdır. Bu yazı təhlükəni ifadə etməkdə, bəlkə də yetərli deyil, ancaq həyəcan siqnalı effekti verəcəyini düşünürəm.

Teqlər:
video, əxlaq, Instagram, Twitter, TikTok, "Facebook" sosial şəbəkəsi, sosial şəbəkələr

Əsas mövzular