Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Ölkəmizin, insanlarımızın gündəmində ədəbiyyat yoxdur

© Sputnik / Ilham MustafayevQazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Mədəniyyət sahəsində islahatsonrası baş verənləri nəzərə alsaq, məncə 34 ildir AYB-yə rəhbərlik edən xalq yazıçısının da vəzifədən getməsi, yerinə daha gənc, daha proqressiv şəxsin seçilməsi də nəyisə dəyişməyəcək.

Bu gün Azərbaycan ədəbiyyatı bəlkədə ən qarışıq dövrünü yaşayır. Bir yandan pandemiya, bir yandan da müharibə ədəbiyyatı, sənəti müvəqqəti də olsa arxa plana keçirib. Bunu bəlkə də anlayışla qarşılamaq, bu qarışıqlığa göz yummaq olardı, amma... Bəli, dünyada gedən prosesləri izləməsək, ədəbiyyatımızın düşdüyü bu vəziyyətlə razılaşa bilərdik. Dünya ədəbiyyatında gedən proseslərin fonunda ədəbiyyatımız demək olar ki, görünmür. Ya da kimlərsə məqsədli şəkildə ədəbiyyatımızın bu vəziyyətdə qalmasını, görünməməsini istəyir. Halbuki, son bir ildə ədəbiyyatımızın uğurları heç də az olmayıb.  “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə gənc şair və yazıçılarımızın Türkiyədə kitablarının çap olunması, Fransada həmyerlilərimizin qurduğu “Kəpəz” nəşriyyatında Azərbaycan yazıçılarının əsərlərinin tərcüməsi və çapı, yazıçı-dramaturq Ülviyyə Heydərovanın Gürcüstanda və Rusiyada müsabiqələrdə iştirakı, əsərlərinin səhnələşdirilməsi Azərbaycan ədəbiyyatının ciddi uğurları hesab olunmalıdır. Təəssüf ki, bu uğurlar demək olar ki, diqqətdən kənarda qalıb. Xəbər saytlarında verilən xəbərləri, sosial şəbəkələrdə qələm adamlarının təbrikləşməsini nəzərə almasaq, bu gözəl xəbərlər, ədəbiyyatımız üçün uğur hesab olunacaq hadisələr ədəbi mühitdə sükutla qarşılandı.

***

34 ildir eyni adam tərəfində idarə edilən Azərbaycan Yazıçılar Birliyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsinin tərəfdaşlarından biri olsa da, adıçəkilən qurum baş verən ədəbi hadisələrə sakit, səssiz qalıb “öz işiylə” məşğuldur. Nə özlərinin tərəfdaşlıq etdiyi layihənin, nə də digər uğurların AYB-nin diqqətini çəkmədi, çəksə də bu hadisələrə reaksiya verməməyə üstünlük verdilər. Çünki bu qurumun “başbilənlər”inin ədəbiyyatdan daha “vacib” işləri var. Məsələn, hər il mart-aprel ayında bu qurumun katibliyi prezident təqaüdünə təqdim etmək üçün gənc yazıçı, şair axtarışına çıxır. Çünki, özləri də bilir ki, hər il 20 nəfər “istedadlı gənc yazar” tapmaq o qədər də asan deyil. Ona görə də, işlərini şansa buraxmadan “təqaüd mövsümü”ndə “gənc yazar ovuna” çıxırlar. Prosesin sonunda əksəriyyəti cəmiyyət tərəfindən tanınmayan, heç bir ədəbi uğuru olmayan şəxslərə bir illik prezident təqaüdü verilir və təqaüd alan şəxslərin kimliyi illərdir ictimaiyyətdən gizli saxlanılır. Bu məsələni uzun illər gündəmdə saxladıq, yazdıq, tənqid etdik, təkliflər irəli sürdük. Sonuncu dəfə məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət Komissiyasına və Mədəniyyət Nazirliyinə müraciət etdik, təkliflərimizi təqdim etdik, ancaq yenə də bir faydası olmadı. Yuxarıda sadaladığım uğurlara bu şəkildə münasibətin kökündə ədəbiyyata qarşı laqeyidlik, inamsızlıq dayanır. Əsrlər öncə yaşamış şairlərin şəninə silsilə tədbirlər planlayan nazirlik, yaşayan, çağdaş şairlərə, yazıçılara ögey münasibət bəsləyir. Əslində heç dünyadan köçmüş şairlərə də urvatlı münasibət göstərildiyini ürəklə deyə bilmərik. Ötən il “Nəsimi ili” idi, bu il “Nizami ili”dir. Ayrılan pullar da bəllidir, görülən işlər də. Halbuki, dövlət bütün bu işləri məhz ədəbiyyatı gündəmdə saxlamaq üçün edir. İcraçılar isə, kobud ifadə etsək “yola verir”. Ölkə prezidenti tərəfindən elan olunan “Nizami ili”nin ilk dörd ayı arxada qalıb, dünya miqyaslı heç bir tədbir keçirilməməi bir yana, ölkə səviyyəsində keçirilən tədbirlər də sadəcə öhdəçiliyin candərdi icrası kimi görünür. Tək-tük təşəbbüslər də kimlərinsə qazanc əldə etməsinə hesablanır və ciddi nəticə hələki görünmür. Zamanı qabaqlamaq istəməzdim, ancaq görünən odur ki, “Nizami ili” də “Nəsimi ili” kimi bitəcək, yenə də bu səriştəsizliyin günahkarlarını axtaracaqlar...

***

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində islahatlar başlayanda əksər mədəniyyət adamları ümidlənmişdi. Cənab Anar Kərimov Mədəniyyət Nazirinin müavini, sonra nazir təyin olunanda, nazirliyin müxtəlif strukturlarında kadr islahatları başlayanda ümid edirdik ki, illərdir tənqid etdiyimiz qüsurlar yavaş-yavaş aradan qalxacaq, mədəniyyət sahəsində gözlə görünən islahatlar başlayacaq. Təssüf ki, bu dəfə də ümidlərimiz, xəyalarımız suya düşdü. Məsələn, Nazirlik ədəbiyyat adamlarının diqqətini çəkən, əvvəlki müsabiqələrdən fərqli formatda “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi” təşkil etdi, qaliblər 3 ay əvvəl müəyyənləşdi, qaliblərin pul mükafatları da hesablarına köçürüldü, ancaq bu 3 ay ərzində nazirlik vaxt tapıb qaliblərə vəd etdiyi xüsusi diplomları təqdim edə, bu müsabiqə ilə bağlı hər hansı bir tədbir təşkil edə bilmədi. Mənə görə bunun adı, ədəbiyyata, qələm adamlarına ögey münasibətdir. Bizim dərdimiz veriləcək diplom, keçiriləcək hansısa tədbir deyil. Axtarsanız mükafat alanların əksəriyyəti bu vəziyyətdən soyuqqanlı şəkildə razıdır. Qaliblərdən biri kimi, şəxsən mənə görə bu Azərbaycan ədəbiyyatına, ədəbiyyat adamlarına qarşı laqeyidlikdir.

***

Bəli, ədəbiyyatımız qarışıq, xaotik bir dönəmdən keçir. Yaxın qonşularımızın ədəbiyyata, mədəniyyətə qayğısını görəndə bunu daha dərindən anlamaq mümkündür. Bizdə inkişaf yox, intiriqa, yarıtmazlıq ön plandadır. Bu sahəyə nəzarət etməli olan qurumlardakı kadr dəyişikliyi də öz nəticəsini vermir. Mədəniyyət sahəsində islahatsonrası baş verənləri nəzərə alsaq, məncə 34 ildir AYB-yə rəhbərlik edən xalq yazıçısının da vəzifədən getməsi, yerinə daha gənc, daha proqressiv şəxsin seçilməsi də nəyisə dəyişməyəcək. Çünki, Mədəniyyət Nazirliyində təyinat alan gənc və perispektvli şəxslərin yeniliyə meyilli olmamasını, köhnə qaydaları fərqli üsüllarla tətbiq etdiklərini də gördük, anladıq. Yəni, ədəbiyyata, mədəniyyətə nəzarət edən qurumların daxili islahatları ədəbiyyat və mədəniyyətə gözlə görünən, sevindirici töhfələr verə bilmədi, bu gedişlə verə bilməyəcəyi də barizdir.

***

Bəzi dostlarımız bu susqunluğu süni yaradılmış polemikalarla pozmağa, ədəbiyyatı, yazıçını ön plana çıxarmağa çalışsa da, faydasız olduğunu görürük. Ölkəmizin, insanlarımızın gündəmində ədəbiyyat yoxdur. Havasızlıqdan boğulan, ölümcül xəstəni süni tənəffüslə həyatda saxlamaq çox çətindir, bəzən mümkünsüzdür. Bu gün ədəbiyyatımız havasızlıqdan boğulan, sağa-sola əl-qol atıb imdad diləyən çarəsiz xəstə kimidir. Ədəbiyyatı süni tənəffüs cihazına qoşsaq da, həyatda qalmasına ümid azdır. Onun həyatda qalması üçün süni tənəffüsə yox, oksigeni bol, havası təmiz əngin və ucsuz-bucaqsız mühitə ehtiyac var. Ədəbiyyatın, kitabın, mədəniyyətin gündəmdə olması, inkişafı, dünya ilə ayaqlaşması xalqın, ölkənin gələcəyi üçün çox vacibdir. Süni şəkildə yaradılan gündəm, plan doldurmaq üçün keçirilən tədbirlər, büdcəni talamaq üçün həyata keçirilən layihələr heç bir real nəticə verməyəcək. Çünki əvvəlki illərdə bu cür işlərin heç bir nəticə vermədiyini hamımız görmüşük. Real işlər görülməli, ciddi addımlar atılmalıdır. Müzakirələr, polemikalar ədəbiyyatımızın və mədəniyyətimizin gələcəyi üçün aparılmalı, ciddi nəticələri görməliyik. Və bunun üçün ədəbiyyat adamlarının fikirləri nəzərə alınmalıdır.

Xəbər lenti
0