14:13 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
YAZARLAR
Qısa URL
182210

Texnoloji baxımdan daha savadlı olan yeni nəsil özünə daha tez yer qazanmağa çalışır. On illərlə karyera qurmaq bir qədər darıxdırıcı görünür, çünki on il sonra daha bir nəsil gələcək, bu bilik bazarı köhnələcək.

Müstəqillik dövrünün Azərbaycan jurnalistikasında qəribə proseslər baş verib. Əgər sovet dönəmində “Azərbaycan gəncləri” qəzetində kiçik bir məqalə dərc eləmək Aya uçmaq qədər çətin bir iş idisə, bu gün ən yararsız məqaləni, səs faylını, videonu onlarla platformada paylaşmaq su içmək qədər asan məsələdir.

Yeni qəbul qaydaları hər kəsə jurnalist olmağa imkan verirdi

Azərbaycanın sovet dövrünün jurnalistikası nə qədər ciddi olsa da, təbliğ edilən dəyərlər insanlara bir o qədər maraqsız görünürdü. İstər-istəməz təklif edilən mövzunu, heç bir maraq doğurmayan məqalələri oxumağa məhkum idik. Əlbəttə, jurnalistikada yüzlərlə istedadlı şəxs çalışırdı, redaktorlar düzəldirdi, korrektorlar səhvləri tuturdu.

İstedadlı publisist Nurəddin Babayevin “Qızlar sözüm sizədir” kitabı ayrı-ayrı yazıların toplumudur. O dövrdə maraqla da oxunub.

Azərbaycan jurnalistikası Sovet imperiyasının dağıldığı dövrdə kəskin dəyişdi, köhnə qaydalar sıradan çıxdı, yeni növ, fərqli bir jurnalistika yarandı. Sovet dövrünün bütün ştampları mənasızlaşdı. İndi qəzetdə tənqid etmək də olardı, yeri gəlsə, lap kimisə yıxıb sürümək də. Əgər əvvəllər jurnalist olmaq üçün hansısa qəzetdə məqalən dərc olunmalı, qabiliyyət imtahanı vermək lazım gəlirdisə, sonra bir anda bu qaydalar dəyişdi. Daha bu peşədə təhsil almaq üçün “Bakinski raboçi” qəzetində kiçik bir essenin dərc olunması əhəmiyyətli deyildi. Yeni qəbul qaydaları hər kəsə jurnalist olmağa imkan verirdi. Qeyri-ixtisasdan da jurnalistikaya bir axın oldu, sözün kəsəri gücləndi, tədricən senzura da ortadan götürüldü.

Xəbərlər anbaan internetə yüklənirdi

İnternet erasının ölkəyə gəlişi mətbuatı bir daha dəyişdirdi. Əgər 2000-ci ilin əvvəllərində informasiyanı hətta disketdə çatdıran kuryerə rast gəlinirdisə, artıq bir neçə il sonra artıq xəbərlər elektron poçtuna axınla gəlirdi. 2003-2005-ci illərdə ölkədə yaranan ilk saytlar digər ənənəvi media ilə müqayisədə zəif görünsələr də, zaman ötdükcə, internet mediasının gücü dayanmadan artdı. Əlbəttə, heç bir qəzet və ya televiziya informasiya saytı və ya agentliyi ilə rəqabətə davam gətirə bilməzdi. Xəbər varsa, anındaca hazırlanıb dərc olunurdu. Özü də qəzetdən fərqli olaraq saytda çalışmaq üçün 3-5 adam kifayət edirdi. Xəbərlər anbaan internetə yüklənirdi.

Ənənəvi media internet mediası ilə rəqabət aparmağın mümkünsüz olduğunu anlayıb özü də internetdə resurs yaratmağa başladı. Yəni televiziyaların və qəzetlərin saytları yarandı, bir çox radiostansiya internetdən yayımlanmağa üstünlük verdi. Ənənəvi mətbuat elə bil tədricən yox oldu. Bu gün hətta klassik televiziya da itib, yəni İPTV xidmətinin köməyi ilə istədiyin kanala baxa bilərsən, yeri gəlsə, kadrı dayandırıb başqa işinə zaman da ayırmaq olar. Sonra yenidən eyni verilişə dönmək olar. Televiziya yayımının internetlə ötürülməsi görüntünün keyfiyyətini də artırıb, daha külək əsəndə, dama çıxıb antenanı ora-bura çevirməyin adı yoxdur.

Hər 5-10 ildən bir informasiya sferasına gələn gənclər bir növ “qoca”ları sıxışdırır

İnternet mediası güc topladıqca, qəzetlər tədricən sıradan çıxdı. Kiminsə bu yeni medianın əbədi olacağını düşünməsi də yanlış oldu. Çünki 2010-cu illərdən başlayaraq artıq sosial şəbəkələr informasiya mühitini zəbt etməyə başladılar. Sayt və agentliklər informasiya monopoliyasını itirdilər. Nəyə lazım hansısa saytın səhifəsini izləmək? Hər bir xəbər sosial media platformalarında paylaşılır, hətta informasiyanın kimdən gəldiyi də vacib deyil, sanballı agentliyin səhifəsindən götürüb öz profilində paylaşa bilərsən. Bu gün "Facebook", "Twitter" kimi nəhəng sosial şəbəkələri günbəgün "Instagram", "Telegram", "WhatsApp", "TikTok" kimi yeni platformalar sıxışdırır.

Müasir jurnalistika kökündən dəyişib və jurnalistlər hətta yaxın 5-10 ilə bir plan qurmaqda çətinlik çəkirlər. Bu gün sənə ehtiyac var, sabah səni xəbər yazan robot əvəzləyə bilər. Bu gün hansısa mövqedə uzun müddət qalacağına da ümid yoxdur, rəqəmsallaşma bir çox işləri sıradan çıxardaraq yeni peşələri gündəmə gətirir. Hətta sosial media meneceri işləmək jurnalist olmaqdan daha perspektivli sayılır, çünki əsas izləyici kütləsi məhz sosial şəbəkədə cəmlənib. İnformasiya saytının məhsul istehsal etməsi elə də vacib deyil, bunun münasib formada istifadəçiyə çatdırılmasıdır. Hər 5-10 ildən bir informasiya sferasına gələn gənclər bir növ “qoca”ları sıxışdırır, çünki biliyin köhnəlməsi çox sürətlə reallaşır. On il öncə sosial şəbəkədə keçirilən zamana bir çox redaktor itirilmiş imkan kimi baxırdı. Hazırda isə hamıya deyilir, mümkün olan hər yerdə paylaşım edin.

İnsan 55 ildir mətbuatda çalışır, amma onu tanıya bilmədim

Texnoloji baxımdan daha savadlı olan yeni nəsil özünə daha tez yer qazanmağa çalışır. On illərlə karyera qurmaq bir qədər darıxdırıcı görünür, çünki on il sonra daha bir nəsil gələcək, bu bilik bazarı köhnələcək. Bu gün nəyisə edə bildinsə, qazanırsan. Bu gün hansısa media orqanına işləməyə gələn gənc jurnalistin bir iki ilə uğur qazanaraq imzasını tanıtması normal haldır.

Amma ömrünü jurnalistikaya sərf etmiş yüzlərlə minlərlə insan çalışdığı mediadan savayı heç yerdə tanınmır. Yeni texnoloji tərəqqi, yeni trendlər bu jurnalistləri bir növ jurnalistikadan uzaq salıb. Hələ də dədə-baba qaydası ilə kağızda yazı yazan, onu redaksiyaya təhvil verən, buna görə qonorar alan nə qədər jurnalist var. Amma onların istehsal etdiyi məhsul heç kimə maraqlı deyil, nə dinamika var, nə də gündəmi anlamaq duyumu. Jurnalistikada olsalar da, olmamış kimidirlər.

Soruşursan, deyir 1970-ci illərdə mətbuata gəlmişəm, sovetin dağılmağını, Birinci və İkinci Qarabağ savaşını, kompüterlərin ilk modellərini, internetin tədricən həyatımıza daxil olmasını görmüşəm, amma hələ də kompüterdə yazı yazmağı öyrənməmişəm.

Haşiyə: elektrik qatarında yan-yana oturmuşduq, nəsə söhbət jurnalistikadan düşdü. Haradasa yaşı 70-dən yuxarı olardı. Atdı əlini cibinə, bir nimdaş vəsiqə çıxartdı. 1964-cü ildə Jurnalistlər Birliyindən verilmişdi. O vəsiqənin daha müasir forması məndə də vardı, çıxarıb göstərdim. Elə hey danışdıq, işlədiyi mətbuat orqanlarını sadaladı. Uzun müddət hətta elmi jurnalda çalışdığını dedi. İnsan 55 ildir mətbuatda çalışır, amma onu tanıya bilmədim. Nə adını öyrənə bildim, nə də çalışdığı orqanın adını yadda saxlaya. Eləcə bildim jurnalistdir, amma informasiya sferasından kənarda qalıb.

Mətbuatda hər texnoloji yeniliklə nəsil dəyişməsi baş verir

Son dövrlərdə orta hesabla on ildən bir mətbuatda yenilənmə baş verir, yəni hər texnoloji yeniliklə nəsil dəyişməsi baş verir. Gənclər informasiya mühitində olan imkanlardan yararlanaraq yeni platformaların köməyi ilə məlumatın ötürülmə formasını da yeniləyirlər. Bu prosesdə nə qədər qəribə də olsa, bir xeyli jurnalist, yazar, bir sözlə qələm əhli yeni şəraitə uyğunlaşa bilmədiyindən informasiya prosesindən kənarlaşır elə bil. Gənclər SMM, infoqrafik, videodizayner, fotoredaktor, xarici xəbərləri nəhəng informasiya kanallarından izləyən müxbir, qrafik dizayner kimi vakansiyaları birmənalı olaraq internet dövründə anadan olmuş, həyatını onsuz təsəvvür edə bilməyən gənc kadrlar tutur.

“Qoca”lar yeni vəziyyətə uyğunlaşa bilirsə, deməli mətbuatda çalışacaqlar. Əks halda, daha sakit iş axtarmaq məcburiyyətində qalırlar. Məsələn, hansısa dövlət qurumunun mətbuat xidməti, şirkətin PR departamenti təcrübəli jurnalistləri mətbuatdan çəkib aparır. Özünə daha rahat yer tapan jurnalist elə informasiya mühitini kənardan müşahidə edir. Tam başqa sahəyə də keçənlər tapılır. Köhnə qayda ilə çalışan saytlar yeni yaranan rəqabət mühitində bir növ aciz olurlar.

Zamanın öz tələbi var: əgər hər hansı bir statistikanı xəbərdə istifadə edirsənsə, deməli anlaşıqlı qrafikə yer ayırmalısan. Ramazan ayında hansı ölkələrdə oruc zamanın neçə saat davam etdiyini bir sıra ilə vermək yetərli deyil, həm də müqayisəli bir infoqrafika olmalıdır. Hətta ölkənin sanballı media qurumları belə dəyişən şəraitə uyğunlaşa bilmir, ayrı-ayrı fərdlərin isə ortadan çıxması bəzən kütləvi hal alır. Bu gün jurnalistin istehsal etdiyi məhsulun daha münasib formada təqdim edilməsi uğurun yarısı deməkdir. Köhnə jurnalistlər bunu etməkdə bəzən acizlik duyur, yeni gələn kadrların isə tələb olunan təcrübəsi olmur, amma yenilənmə davam edir.

Gələcəyin mediasında nə baş verəcəyini bu gün proqnozlaşdırmaq çətin məsələdir. Sadəcə istiqamət tendensiyasını kim tutsa, uğurla işini davam edə biləcək. Kim bacarmadısa, peşəsindən uzaq düşüb unudulacaq.

Əsas mövzular