12:39 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
YAZARLAR
Qısa URL
29520

Bəzi alimlərin fikrincə, istirahət günləri artıq yatmaq elə də xeyirli deyil, orqanizmin bərpasına xidmət etmir, çünki yenə də bioritmlərlə üst-üstə düşmür.

Rusiyalı həkim-nevroloq Mixail Tardov gün boyu yol verilən qısamüddətli yuxunun insana ziyan verə biləcəyini açıqlayıb. 15-20 dəqiqəlik yuxu insanın daxili ritminə uyğun deyil, məhz bu səbəbdən gündüz yatmaq xeyirdən çox ziyan gətirə bilər. Normal fizioloji yuxu yalnız gecə mümkündür, gündüzün qısamüddətli mürgüləməyi yalnız olduqca yorğun orqanizm üçün məqbuldur. Bir sözlə, nevroloqun fikrincə, hərdənbir yol verilsə də, gecə yuxusuna haram qatıb onu gündüzlə əvəzləmək lazım deyil.

Nahardan sonra hamı yatır

Yalnız bəzi xəstəliklərdə gündüz yatmaq məsləhət bilinir. O da uzaqbaşı 20-30 dəqiqə. İnsan yaşa dolduqca onun 90 dəqiqəlik yuxu fazası azalır, 30 dəqiqə olur. Yaşı 60-65 olan insanlar elə gündüz mürgüləməklə yorulmuş orqanizmi bərpa etməyə çalışırlar.

Bəzi alimlərin fikrincə, istirahət günləri artıq yatmaq elə də xeyirli deyil, orqanizmin bərpasına xidmət etmir, çünki yenə də bioritmlərlə üst-üstə düşmür. Bütün somnoloqlar yatağa saat 22.30-da girməyi məsləhət bilirlər, çünki artıq saat 23.00-dan başlayaraq orqanizmdə melatonin hormonunun istehsalı işə düşür. Streslə mübarizədə olduqca xeyirli olan melatoninin əmələ gəlməsi üçün yatağa vaxtında girmək, həm də işıqda yox, tam qaranlıqda yatmaq məsləhət bilinir.

Bəzi həkimlər yatmaq üçün ən münasib vaxtın saat 15.00-17.00 arasında olduğunu bildirirlər. İspaniyada siyesta adlanan bir adət var, yəni burada yaşayan insanların rəsmi olaraq günorta naharından sonra 2 saatlıq yuxuya getmək icazəsi var. Nahardan sonra demək olar, hamı yatır. Yaxşıdır, ya pisdir, bunu demək çətindir, amma bir növ yuxunun bir fazasına bəs edir. Əslində, İspaniyanın isti iqlimində bəlkə də insanların gündüz yatmaqdan başqa çarəsi qalmırmış. Ərəb ölkələrində bundan da sərt yerdəyişmələr olur. 40-50 dərəcə istidə harasa çıxmaq, nəsə etmək mümkün olmadığından ərəblər gündüzlər yatır, gecələr isə yaşayırlar. Səhər 5-dən sübh namazına durur, sonra saat 12.00-a kimi nəsə fəaliyyət göstərir, sonra saat 18.00-a kimi yatırlar. Axşam 6-dan isə həyat yenə davam edir.

Bir neçə işdə çalışmağın da yalnız bir yolu var: gərək yuxudan kəsəsən

Nahardan sonra bir qədər yatmağı Böyük Britaniyanın baş naziri Vinston Çörçill, ABŞ prezidenti Ronald Reyqan, hətta milyardların sahibi Con Rokfeller sevərmiş. Müasir dövrdə həyat ritmi olduqca sürətləndiyindən kiminsə gündüz vaxtı yatması elə də yaxşı qəbul olunmur. Amma hər bir ofis işçisi nahardan sonra mütləq haradasa 30 dəqiqə mürgüləyir. Yəni nahardan qayıdan işçinin özünə gəlməsi üçün ən azı bir saat vaxt tələb olunur. Qidanı həzm etməyə çalışan orqanizm digər bütün funksiyaları bir növ söndürür, həzm bitəndən sonra insan yenidən öz işinə qayıda bilir.

Müasir insanın istəklər siyahısında nəzərdə tutduğu ən möhtəşəm iş bəlkə də yatmaqdır. Baxdığımız hər iki Hollivud filmindən birində iki, hətta 3 işdə çalışan insanları görürük. Hətta istirahət filan olmadan həftədə 60 və daha artıq saat işləyən film qəhrəmanları bu barədə fəxrlə danışırlar. ABŞ düşüncə tərzində bu qədər çalışmaq, çoxlu pul qazanmaq normal bir haldır. Bir neçə işdə çalışmağın da yalnız bir yolu var: gərək mütləq yuxudan kəsəsən. Yeməyi də elə ayaqüstü yeyəsən, nə istirahətin var, nə də azad zamanın. Hər yerə tələm-tələsik qaçmalı olursan.

Yuxu üzünə həsrət qalan insanlar bəzən harada gəldi yatırlar

Heç gecə də yata bilmirsən, bir az gec yeyirsən, bir az çay-qəhvə içirsən, bir az filmə baxırsan, bir də gördün səhər açıldı, işə qaçmalısan. Daha sonra bir işi bitirib o biri işin növbəsinə çatmalısan. Yuxu üzünə həsrət qalan insanlar bəzən harada gəldi, nəqliyyatda, metroda, dayanacaqda, iş yerində yatırlar, daha doğrusu, mürgüləyirlər. Xroniki yorğunluq səbəbindən heç bir iş insana sevinc gətirmir.

Günümüzdə heç sutkada 6 saat davamlı yatmaq belə hər adama qismət olmur. Çünki gərgin iş rejimindən əlavə hər bir insan həm də gündəlik olaraq onlarla problemi həll etməli olur. Texnologiya həyatımızı nə qədər asanlaşdısa da, digər tərəfdən nəyinsə qırılması, təmiri, dəyişdirilməsi də xeyli güc tələb edir. Problemlərin həlli bizi olduqca gərgin prosesdə olmağa sövq edir. Birini düzəldirsən, yerinə digəri yaranır.

Beyin daim gərginlikdə olduğundan bəzən yuxusuzluq xroniki bir hala çevrilir. Necə yatasan axı, gör nə qədər fikir var? Bəzən yatmaq istəyirsən, amma yata da bilmirsən. Əgər yuxuya getmək heç cür mümkün olmursa, insan əziyyət çəkirsə, deməli, bunun bir yolu var: məsələni tam araşdırmaq gərəkdir. Gecə vaxtı həddindən artıq yeməyi sevən insanların yuxu ilə problemi olur, çünki qidanı həzm etmək üçün müəyyən zaman tələb olunur. Gecə içilən hər fincan çay və qəhvə də beyni qıcıqlandırır, üstəlik çayla şokolad yeyənlərin işi lap çətinə düşür, əsəb sistemi heç cür sakitləşə bilmir.

Yuxu bir qədər gözləyər deyə düşünürlər

Yuxuya getmək üçün sakitləşdirici çaylardan istifadə etmək daha məsləhətdir. Nanə, kəklikotu, yemişan, pişikotu kimi bitkilərdən hazırlanan çay yuxuya getməyə dəstək ola bilər. Ağır yeməyi isə kənara qoymaq yaxşıdır. Fizioloji faktoru ortadan yığışdırdan sonra effektli yuxulamaq üçün bəzi qaydalara da əməl etməyinə dəyər. Əgər insan yaxın yarım saatda yatmaq istəyirsə, hər hansı bir maraqlı filmə baxması doğru deyil, əsəb sisteminin emosional qıcıqlanması baş verəcək, yatmaq mümkün olmayacaq. Yuxulamaq üçün nəsə sakit, monoton səslə verilən verilişə və ya sənədli filmə baxmaq da bir növ beyni söndürür. Hətta filmi xarici dildə də dinləmək olar, nəticədə heç nə anlamayan əsəb sistemi “yuxulayacaq”. Elə uşaqlara yataqda oxunan nağılın da kökündə eyni prinsip durur. Nağıl oxunduqca, uşaq sakitləşir, tədricən yuxuya gedir, çünki ona nağıl oxuyan valideyninin yaxında olduğunu, onun üçün heç bir təhlükənin olmadığını düşünür.

Bu gün karyera qurmaq, həyatda özünə yer qazanmaq istəyən gənclərin bir çoxu yuxunun hesabına lazım olduğundan xeyli artıq çalışmağa, sağlamlığı qurban verməyə hazırdır. Yuxu bir qədər gözləyər deyə düşünürlər. Amma illər sonrası bir paket sağalması mümkün olmayan və ya həyatın keyfiyyətini azaldan xəstəlik qazanan insanın keçirdiyi hissləri də sözlə ifadə etmək çətindir. Budur, artıq peşə də var, karyera da qurulub, ailə üzvləri ilə birlikdə xoşbəxt yaşamağın əsil vaxtıdır, amma mümkün deyil, çünki sağlamlığın bir hissəsi qurban verilib. Depressiya, xroniki yuxusuzluq və yorğunluq, yaş böhranı səninlə birgə addımlayır. Bir sözlə, həyat uğrunda mübarizədə nə gecə yuxusunu, nə sağlamlığı qurban verməyəsən gərək.

Bu itirdiyini sonradan heç cür qaytara bilməzsən çünki.

Əsas mövzular