05:58 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
YAZARLAR
Qısa URL
14510

Azərbaycan hərbi təlimlərə başlayıb. Ermənistan da eyni qərarı qəbul edib. Ancaq məlum deyil, təlimlərdə kimlər, nələr iştirak edəcək?! Təxminən 4 milyard dollar dəyərində texnika, 4-6 min arası əsgər itirən ölkədə başıpapaqlı adam, lüləsi yerində texnika qalıbmı ki?!

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Pandemiya bir yaşında

Ötən həftə pandemiya üçün “Happy birthday” oxuduq, çünki onun elan olunmasından düz bir il ötdü. Zəngin ölkələrin vaksin görməmişliyinin davam etdiyi bu günlərdə italyanlar öz karantinlərini yenidən sərtləşdirdilər, almanlar isə üçüncü dalğa ilə bağlı xəbərdarlıq aldılar. ÜST isə dünya ölkələrinə müraciət etdi: Koronavirusla mübarizə üçün 2,1 milyard dollar məbləğində maliyyə xərclərinə ehtiyac var. Necə düşünürsünüz, ÜST-ün rəhbəri Gebreyesus Ağdamda maşın bazarı biznesinə koordinasiya edə bilərmi?
Bu arada məlum olub ki, ABŞ-da koronavirusa qarşı milyonlarla “AstraZeneca” peyvəndi toplanıb, lakin preparat nə istifadə olunur, nə də istifadəsinə icazə verilən ölkələrə göndərilir. DTX Ata Abdullayevi saxlamasaydı, qlobal bəlanın bütün dünyanı silkələdiyi bu günlərdə Vaşinqtonun hərəkətini təftiş etmək üçün onu ezam etmək olardı. Yadınızda deyilmi, Paşinyanı nə günə qoymuşdu?!

Gül kimi gün

Bakının mərkəzi küçələrindən biri, arxiv şəkli
© Sputnik / Murad Orujov

8 Mart Qadınlar Günündə bakılı feministlər etiraz aksiyası keçirdilər. Onlar qadın hüquqlarının tam təmin olunmadığından narazı idilər. Məhz həmcinsləri olan polislər onların icazəsiz aksiyasının qarşısını aldılar. Bölməyə aparılan bir neçə etirazçıya rəisin bayram münasibətilə təqdim etdiyi gülü xanımlar geri çeviriblər. Axı bu, dialoqun, xoş impulsun göstəricisi sayıla bilər. Xanımlar gülü nə üçün götürməyiblər, aydın deyil.

Hər halda, etiraf etməliyik ki, qadınların özünü realizə imkanları tarixən həmişə məhdud olub. Çünki şərtlər, rəqabət imkanları bərabər olmayıb. ABŞ-da 1920-ci, Böyük Britaniyada 1928-ci ilə qədər qadınlar seçkilərdə iştirak edə bilməyiblər. Səudiyyə Ərəbistanı isə bu baxımdan ümumiyyətlə, biabırçı göstəriciyə sahibdir - burada bu yaxınlarda, 2015-ci ildə qadınlar səsvermə hüququ əldə ediblər. Əslində, qadın-kişi bərabərliyi biz kişilərin də maraqlarına cavab verir - kişilərin yükü azalar bu halda. 2016-cı ildə 91 ölkədə aparılan araşdırma şirkətlərin idarə edilməsində qadınların iştirakının biznesi daha sərfəli etdiyini göstərir.
Bu arada 8 Martda Kiyevdəki Dövlət Telekommunikasiya Universitetində qadın tualetinin təntənəli açılışı olub. Gör, gözəl qadınların başını necə aldatmaq istəyirlər?!

İrəvanda qərənfil bahalaşıb

Azərbaycan hərbi təlimlərə başlayıb. “Qonşudan qalma dala” deyən Ermənistan da eyni qərarı qəbul edib. Ancaq məlum deyil ki, təlimlərdə kimlər, nələr iştirak edəcək?! Təxminən 4 milyard dollar dəyərində texnika, 4-6 min arası əsgərini itirən ölkədə başıpapaqlı adam, lüləsi yerində texnika qalıbmı ki?! Baş Qərargah rəisi də yoxdur, birini Paşinyan istefaya göndərdi, onun xələfini isə prezident təsdiqləmir. Ölkə qalıb ortalıqda, götürən yoxdur.
“İrəvanın hər küncündə gül-çiçək satılır. Qırmızı qızıl gül, qərənfil çox bahalaşıb” - Rusiyanın “Arqumentı i Faktı” qəzetinin əməkdaşının İrəvandan hazırladığı reportaj bu sözlərlə bitir.
Bakıda da bahalaşma var: qoz-fındığın qiyməti kəllə-çarxa çıxıb. Bayram gəlir axı...

İntiharlar

Təəssüf ki, son həftələrin mənfi saldosu  - intiharı çıxış yolu kimi seçənlərin sayı artmaqda davam edir. Koronavirusun yaratdığı sosial qapanma, sosial sıxıntılar psixoloji gərginliyi artıra bilər, ancaq istənilən halda, intihar həll deyil.

İntiharlar niyə artır sualının çox sayda cavabı ola bilər. Ancaq onlardan biri biz jurnalistlərin məsuliyyətinə aiddir – mütəxəssislər də təsdiq edirlər ki, intihar xəbərlərinin çoxluğu yeni intihar cəhdlərini təşviq edir. Deməli, bu xəbərləri tirajlayarkən bir az xəsislik etsək, daha yaxşı olar. Belə getsə, koronavirusu kənara qoyub, intihar üçün vaksin axtarmaq lazım gələcək.

Müharibə və şahmat

Şahmatıçımız Şəhriyar şahmat üzrə Çempionlar Turunda Ermənistanı tərk etsə də, hələ də bu ölkənin şərəfini qoruyan Levon Aronyanı məğlub edib. Bir müddət öncə, Teymur Rəcəbov da “yəhudidən çox erməniyəm” deyən Aronyanın xoruzunu qoltuğuna vermişdi.

“Mənim şəxsi fikrimə görə, müstəqilliyə yenidən qovuşan Ermənistanın Artsaxın (Azərbaycanın gorbagor etdiyi qondarma "respublika"nı nəzərdə tutur – V.M.) azadlığı naminə 1992-1994-cü illərdə apardığı müharibənin qələbə ilə başa çatmasından sonra Ermənistanın öyünəcəyi ikinci uğur bizim şahmatda əldə etdiyimiz qələbələrdir” – bunu müsahibələrinin birində erməni şahmatçı qürurla söyləmişdi.
Ədalətsizlik əbədi yaşaya bilməz. 44 günlük müharibə ilə Azərbaycan əsgəri kimin kim olduğunu sübut etdi, şahmatçılarımız da Aronyanın gününü göy əskiyə büküblər, harada tutdular, məğlub edirlər.

Vicdan olsaydı...

ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənipərəst konqresmenlər guya Azərbaycanın 200-ə yaxın hərbi əsiri qaytarmadığını müzakirəyə çıxarıblar. Vicdan olsaydı, əlini üzərinə qoyub konqresmenlər özlərinə sual verməliydilər: Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti barədə səsimizi niyə çıxarmamışdıq? Minalanmış ərazilərdə müharibədən sonra 10 mülki şəxs həlak olub, 10-dan çox adam yaralanıb, Ermənistan minalanmış ərazilərin xəritəsini vermir. Bu barədə niyə çağırış etmirik? Və 30 ildir, kağız üzərində qalan BMT qətnamələrinin icrasını niyə tələb etmirdik?

Konqresmenlərdən daha yaxşı

Robotlar ABŞ konqresmenlərindən yaxşıdır. Onların qərəzli olmayacağına ümid daha çoxdur. Bu günlərdə süni zəka bir neçə dəqiqə ərzində kurs işi yazıb. Robot 4 fəndən yalnız 1-nin öhdəsindən gələ bilməyib, ancaq hər halda, tarix fənnindən 4 və koronavirus mövzusu əsasında hazırlanmış kurs işinə görə 3 qiyməti alıb.

Əsrin ikinci yarısında süni zəkanın əksər sahələrdə dominantlıq edəcəyi ehtimal olunur. Ümid edək ki, insan onları siyasiləşdirməyi, məkr və yalanlarına alət etməyi bacarmayacaq və ABŞ konqresindəki ermənipərəst konqresmenləri də robotlar əvəz edəcək.

Teqlər:
hərbi təlimlər, Yerevan, Konqres, ABŞ, pandemiya, Koronavirus, ÜST, dünya, Azərbaycan, həftənin xülasəsi

Əsas mövzular