07:40 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
YAZARLAR
Qısa URL
55820

Tarixçəsi nə qədər qarışıq və mübahisəli olsa da, 8 mart Beynəlxalq Qadınlar Günü əslində zəhmətkeş, qadın hüquqları və insan haqları uğrunda mübarizə aparmış inqilabçı qadınların xatirəsinin yada düşdüyü gündür.

8 mart 1857-ci il. Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində tekstil sektorunda çalışan 40 000 qadın aşağı məvacibə, 12 saatlıq iş rejiminə və pis iş şəraitinə etiraz olaraq tətilə başladı. Lakin ABŞ polisi aksiyaya amansızcasına müdaxilə etdi. Qadınlar fabriklərdə və fabriklərin qarşısında qurulan barrikadalarda çarəsiz və köməksiz qaldı. Polisin qəddar və amansız müdaxiləsinin ardınca başlayan yanğınlarda 129 qadın həlak oldu. Həlak olan qadınların dəfni olduqca izdihamlı keçdi...

8 mart 1908-ci il. Amerika sosial-demokratlarının çağırışı ilə Nyu-Yorkda etiraz aksiyaları başladı. Aksiyalarda 15 000-dən artıq qadın iştirak etdi. İllər öncə polis zorakılığı və yanğın nəticəsində öldürülən qadınların xatirəsi anıldı, onların tələbləri ilə oxşar tələblər irəli sürüldü. Aksiya qansız bitdi. Baş tutan aksiyanın devizi "Çörək və Gül" idi...

8 mart 1909-cu il. Amerika Sosialist Partiyası 1908-ci ildə Nyu Yorkda keçirilən etiraz aksiyalarını xatırlamaq üçün ilk "Beynəlxalq Qadınlar Günü" tədbirini keçirdi.

26-27 avqust 1910-cu il. Danimarkanın Kopenhagen şəhərində II Sosialist İnternasiyonalına bağlı Beynəlxalq Sosialist Qadınlar Konfransı keçirildi. Konfransda Almaniya Sosial-Demokrat Partiyasının nümayəndə heyətində təmsil olunan Klara Setkin və yoldaşları hər il "Qadınlar günü" keçirilməsi təklifi ilə çıxış etdi və təklif qəbul edildi.

Beynəlxaq Qadınlar Günü ilə bağlı müxtəlif tarixi hadisələr var və bu xranologiyanı uzatmaq mümkündür.

***

8 mart Beynəlxaq Qadınlar Gününün yaranması elə də uzaq tarix olmasa da, bu günlə bağlı müxtəlif tarixçələr, müxtəlif əhvalatlar danışılır və yazılır. Bəzi şaiyələrə görə 1910-cu ildə "Qadınlar Günü"nün qeyd olunması təklifini irəli sürən yəhudi əsilli Klara Setkin bu günlə bağlı ideyanı yəhudilərin "Purim bayramı" ilə üst-üstə düşməsini nəzərə alaraq irəli sürüb. Hər halda yəhudi təqviminə görə müxtəlif günlərə təsadüf edən "Purim bayramı" məhz 1910-cu ildə 8 mart tarixinə təsadüf edirmiş.

Eyni zamanda bu tarixi günü Rusiyada 1917-ci ildə baş tutan Sosialist inqilabi ilə əlaqələndirənlər də var. Çar Rusiyasında qadınların ağır həyat tərzinə qarşı etiraz nümayişi 1917-ci ilin 8 martında baş tutub. "Çörək və Sülh" devizi ilə xatırlanan bu nümayişdən sonra 8 mart "Qadınlar günü" kimi bütün Avropada qeyd edilməyə başlanıb. Sosialist inqilabının rəhbəri Leninin bu günün qeyd edilməsindəki rolu da danılmazıdır. Keçmiş SSRİ-də 1965-ci ildən etibarən 8 mart qeyri-iş günü idi.

BMT-də isə 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq qeyd edildi. İki il sonra, 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, "qadın hüquqları və beynəlxalq sülh günü" olaraq qəbul edildi...

***

Tarixçəsi nə qədər qarışıq və mübahisəli olsa da, 8 mart Beynəlxalq Qadınlar Günü əslində zəhmətkeş, qadın hüquqları və insan haqları uğrunda mübarizə aparmış inqilabçı qadınların xatirəsinin yada düşdüyü gündür. Dolayısıyla bu bayram öz hüquqları uğrunda mübarizə aparan, həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışan zəhmetkeş qadınların bayramıdır. Bu günün yaranmasının kökündə mübarizə, bərabərlik ideyası və inqilabi dəyərlər var. Qərb dünyası bu bayramı BMT-nin 1977-ci il Qurultayından sonra daha geniş şəkildə qəbul etməyə başlayıb. Günümüzdə kapitalist dünyası bu bayramı da geniş şəkildə və rahatlıqla istismar edə bilir. Artıq "Beynəlxalq Zəhmətkeş Qadınlar Günü" sadəcə "Beynəlxalq Qadınlar Günü" kimi qeyd edilir və kapitalist çılğınlığın bir parçasıdır. Bu günü bayram edən böyük əksəriyyət qeyd etdiyi günün tarixçəsindən, yaranma səbəbindən ümumiyyətlə xəbərsizdir. Təsəvvür edin ki, zəhmətkeş və inqilabçı qadınların mübarizəsinin xatirəsinə elan olunan, dünyada sosialist qadınların həmrəyliyi sayəsində formalaşan bu bayram indi kapitalizm üçün geniş bazar imkanları yaradıb. Hər il hədiyyələrə, dəbdəbəli bayram tədbirlərinə və bayram istirahətlərinə milyonlar xərclənir. Bu arada qeyd edim ki, kapitalizm, hətta ona düşmən olan ideologiyanın mübarizə tarixini də istismar etməyi bacaran əcaib bir sistemdir.

***

Ölkəmizdə bu bayram sovet dönəmindən bu yana qeyd edilir. 8 mart təqvimdə qeyri-iş gündür, ölkə başçısı hər il 8 mart Beynəlxaq Qadınlar Gününündə Azərbaycan qadınlarını təbrik edir. Azərbaycan qadını mental, dini basqılara baxmayaraq həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinədir.

"Vətən müharibəsi" ərəfəsində, Azərbaycan qadının vətənpərvərliyi və mübarizliyi gözəl nümunələrdən biri idi.

Ancaq təəssüf ki, hələ də xoşagəlməz hadisələrə şahid oluruq. Cəmiyyətin qadına münasibəti ürəkaçan olmasa da, zamanla bunun düzələcəyinə, namus cinayətlərinin, erkən nikahların, qadın qətllərinin aradan qalxacağına, sivil cəmiyyətə çevriləcəyimizə ümid edirik, bunun üçün çalışırıq. İnanırıq ki, Azərbaycan qadını cəmiyyətimizin formalaşmasında, irəli getməsində, inkişafında öz mübarizəsindən geri dönməyəcəkdir.

Son illərdə ölkəmizdə formalaşan feminst hərəkatın fəaliyyəti geniş kütlələr tərəfindən düzgün qəbul edilməsə də, feministlərin qadın hüquqları ilə bağlı keçirdiyi müxtəlif tədbirləri və aksiyaları da gözardı etmək olmaz. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyanın tələblərinin yerinə yetirilməsində, ölkəmizin modern dünya ilə yanaşı addımlamasında hamımız maraqlı olmalıyıq.

***

Sonda sevimli şairlərimdən Orxan Vəlinin "Quantitatif" şeiri ilə 8 mart Beynəlxaq Qadınlar Gününü münasibəti ilə bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edirəm:

"Gözəl qadınları sevirəm

Zəhmətkeş qadınları da sevirəm

Gözəl zəhmetkeş qadınları

Daha çox sevirəm..."

Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 Mart bayramı, 8 mart günü, 8 mart

Əsas mövzular