19:28 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
YAZARLAR
Qısa URL
90 0 0

Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Mətbuat konfransı

4 saat, 35 media nümayəndəsinin 50-dək sualını bir qurtum su içmədən cavablandırmaq. Və niyə məhz indi? Ermənistandakı revanşist qüvvələrin çağırışları, sülhməramlıların bir neçə naqolay davranışı, status məsələləri ilə bağlı müxtəlif manipuliyasiyaların müşayiət olunduğu indiki məqam, görünür, təsadüfən seçilməmişdi.

...Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə doğru, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir. Regiondakı indiki situasiya Ermənistanın düşdüyü çuxurdan xilası üçün şansdır. Bunu qanmamaq oturduğun budağı kəsmək kimi bir şey olacaq. Bunu şüursuzluqdan edəndə axmaqlıq, şüurlu edəndə adı intihardır.

İntiharlar həftəsi

Həftə ərzində intihar hadisələri gündəm oldu. Gənc qızın özünü 20-ci mərtəbədən atması valideyn-övlad münasibətlərindəki boşluqları da bir daha aktuallaşdırdı. Ancaq bu, yeganə suisid faktı deyildi. Ceyranbatan qəsəbəsində 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asdı. Onun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, qızın isə başqası ilə nişanlandığı bildirildi. Srağagün isə İdman Akademiyasının tələbəsi Seymur Əsgərovun intihar xəbəri yayıldı... ötən həftə də bir tələbə intihar etmişdi. Dünən isə Abşeron rayonunda 15 yaşlı qız intihara cəhd etdi və s.

İntihar elə bir aktdır ki, ani emosional hissdən yaranır, əgər həmin anda onun qarşısını almaq mümkün olsa, bəlkə də bir neçə dəqiqə sonra peşmançılıq hissi insana hakim kəsilər. İstənilən halda, gənclərin intihar faktı bir neçə problemi bir daha nəzərdən keçirməyə vadar edir: valideynlərin övladının dostu ola bilməməsi, məktəb psixoloqlarının sadəcə, ştat kimi mövcud olduğunu, cəmiyyətin empatiya hissini itirməsi, sosial şəbəkələrin real ünsiyyəti azaltması ilə özünəqapanma hallarının artması...

Bu arada 2020-ci ildə ölkədə 597 intihar faktı qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur.

Dünyanın bəzi ölkələrində isə vəziyyət daha kritikdir. Məsələn, intiharların artdığı Yaponiyada "Tənhalıq Nazirliyi" yaradılıb. Koronavirus təkcə öz virusu ilə öldürmür, psixoloji affekt halını da artırır. Britaniyanın "Lancet Psychiatry" nəşrinin pandemiyanın yeni başladığı dönəmlərdə məqaləsi bu mənada SOS siqnalı verirdi - Glasgow Universitetinin professoru Rori O'Connorun proqnozu belə idi: "Heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski artacaq".

Meşə: kriptovalyuta

Böyükşor və Zığ gölləri İqtisadiyyat Nazirliyindən alınıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi. Göllərin niyə bu vaxtadək ETSN-də olmadığını müzakirə etmədən, maraqlı bir faktı diqqətinizə çatdırım – bir vaxtlar ölkədə meşələrin banklara verilməsi təşəbbüsü olub. İdeyanın özəyi ondan ibarət imiş ki, banklar meşələri təxminən kriptovalyuta kimi qoruyur, satır, alır və bu, onun kapitalı kimi qiymətləndirilir. Nəticədə, meşələrin qırılmasının qarşısı alınır.

Bu arada Amazonun tropik meşə sahələri qeyri-qanuni şəkildə "Facebook" üzərindən satışa çıxarılıb. Ərazisində meşələr və çaylar olan bu sahələr əslində yerli xalqlara məxsusdur. İstənilən şəxs "meşə", "cəngəllik" kimi açar sözlərin köməyilə, yaxud da yerləşmə ərazisi olaraq Amazon meşələrini göstərməklə "Facebook Marketplace"dəki həmin elanları görə bilər.

İntiharlardan meşələrə keçmişkən, Yaponiyada "İntihar meşəsi var": Aokigahara. 60-cı illərədən özünü öldürmək istəyən bir çox sayda insan bu meşəyə üz tutur. Seicho Matsumoto adlı yapon yazıçının 1960-cı ildə yazdığı "Black sea of trees" adlı romanının sonunda iki sevgili intihar etmək üçün Aokigahara meşəsinə gedib özlərini asırlar. O tarixdən etibarən meşə yaponların intihar etmək üçün getdikləri məskən halına gəlir. Ancaq meşədə onları intihardan yayındırmaq üçün çağırış edən plakatlar var, bəzən bu, onları ayıldır, bəzən isə, təəssüf ki, yox...

Təbiətə təslim olmaq

Təbiətdən söz düşmüşkən, bu həftə Bakı qara təslim oldu. Düzdür, bu, uzun çəkmədi, amma hər halda, bir gün ərzində yolar buz bağladı, nəqliyyatın işi əksər ərazilərdə yarıiflic vəziyyətə düşdü. Qınamalı deyil, qar artıq bizim üçün qeyri-adi təbiət hadisəsinə çevrilib, yağıntısı təxminən 10 ildən bir baş verir, belə fors-majora hazır olmamağımızı anlayışla qarşılayaq.

İsgəndər-şou

Ermənistanda ara qarışıb, məzhəb itib. Baş Qərargah rəisi Paşinyanı istefaya çağırıb, o da bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək, rəisi istefaya göndərib, ancaq prezident bu istefanı təsdiqləməyib. Ölkədə etiraz aksiyaları davam edir.

Serj Sarkisyan Paşinyanı başlarının əzildiyi müharibədə "İsgəndər" raketlərindən lazımi anda istifadə etməməkdə ittiham edib, baş nazir də təxminən deyib ki, utanmasan, oynamağa nə var ki..., bu raketləri sən özün almısan, biz onları istifadə etdik, ancaq 10 faizi işlədi, yəni partlamadı. Başqa sözlə, büdcəni yeyib, talamısınız, aldığınız raketlər kukruznik kimi bir şeymiş.

Prezident İlham Əliyev jurnalistlər üçün mətbuat konfransında bildirdi ki, ümumiyyətlə, Azərbaycana bu raketdən atılmayıb.

ABŞ prezidentini sumqayıtlılar seçir

İroniya filan deyil. Sumqayıtın intellektual gənclər şəhəri olması çoxdan məlum idi. İndi ABŞ Federal Təhqiqatlar Bürosunun axtarış siyahısına baxanda bir daha buna əmin olursan. 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxilə etməsi ittihamı ilə 13 Rusiya vətəndaşını rəsmi axtarışa verib. Axtarışa verilənlərdən biri də 1990-cı ildə Sumqayıtda anadan olan Ceyhun Aslanovdur. C.Aslanovun 2014-cü ilin sentyabrından 2018-ci ilin 16 fevralınadək ABŞ-da sosial media platformalarında əməliyyatlar aparan İnternet Tədqiqat Agentliyində Tərcümə layihəsinin rəhbəri vəzifəsində çalışdığı bildirilir. FTB C.Aslanovun yeri haqqında məlumat verən şəxsə 75000 dollar mükafat vəd edib.

Sumqayıtla belə danışmaq olmaz, o xaraktersiz şəhər deyil. 1963-cü ildə Oktyabr inqilabı ilə bağlı şəhər tədbirində fəhlələrin şəhərdəki çörək qıtlığına və qiymətlərin bahalaşmasına etiraz olaraq Xuruşovun plakatını cıraraq etiraz aksiyasına başlaması bütün SSRİ-də şəhəri məşhurlaşdırmışdı. İndi "delavoy" gənclər şəhərini ABŞ-da da tanıyırlar.

Tramvaylar qayıdır?

BNA-nın mətbuat katibi Mais Ağayev Bakıda tramvayların bərpası ilə bağlı iş aparıldığını söylədi. Yaşıl enerji ölkəsinə çevrilmək istəyiriksə, ekoloji cəhətdən səmərəli olan tramvayların dönüşü arzuolunandır. Tramvay həm də nostaljidir axı. Yaşı 30-dan yuxarı olub, köhnə tramvayların şəklini görəndə köks ötürməyən çox az adam tapılar yəqin ki... Tramvaylar indi hər bir müasir şəhərin vacib atributlarından birinə çevrilib. Bakımıza da yaraşar. Elə Sumqayıta da.

Əsas mövzular