23:09 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
YAZARLAR
Qısa URL
99 0 0

Çox adam atomu parçalayanın Albert Eynşteyn olduğunu düşünür. Hətta, məktəblərdəki fizika müəllimlərinin böyük əksəriyyəti də müxtəlif səbəblərdən atomu parçalayanın Albert Eynşteyn olduğunu deyirlər.

Bu gün bizim yaşadığımız dünyanın qurucuları, bu zamanın inşaatçıları arasında nəhəng zəkaya sahib olan qadınlar da var. Amma patriarxatın, yəni, kişi dominantlığının, Koko Şanelin dili ilə desəm, kişi eqosunun əngəl olduğu bu fövqəladə istedadlar hər şeyə rəğmən, bütün məşəqqətlərə sinə gərərək, planetimizin və növümüzün inkişafına töhfə veriblər. Məsələn, Emili dü Şatle, Mariya Küri, Barbara Mak-Klintok, Liza Meytner və digərləri kimi.

İndi sizə danışacağım hekayənin əsas qəhrəmanı Liza Meytner olsa da, əsasən, kişi cinsinin işğalında olan elm sahəsində kişilər tərəfindən önü kəsilən, çıxdaş edilən, təcrid olunan, məhz qadın olduğu üçün xor görülən, tək günahı qadın cinsində doğulmaq olan bütün qadınlar aşağı-yuxarı eyni taleyi yaşayıblar.

Çox adam atomu parçalayanın Albert Eynşteyn olduğunu düşünür. Hətta, məktəblərdəki fizika müəllimlərinin böyük əksəriyyəti də müxtəlif səbəblərdən atomu parçalayanın Albert Eynşteyn olduğunu deyirlər.

Məsələn, əvvəllər Eynşteynin tələbəsi olan, sonralar evləndiyi Mileva Mariç adlı həyat yoldaşı - yəni, bir qadın Eynşteynin ilkin kəşflərində ona kömək etmiş, istiqamət vermişdi. Atomu parçalayan isə tamam başqa bir şəxs idi və o da bir qadın idi...

1878-ci ildə, Avstriyada doğulan yəhudi əsilli Liza Meytner 14 yaşına qədər o dönəmin Avropasında qızlar üçün mümkün olan bütün təhsillərə yiyələndi. 1901-ci ildə Vyana Universitetinə qəbul oldu və burada dahi fizik Lüdviq Bolsmanla birlikdə çalıştı. 1907-ci ildə isə Berlin Universitetində işləmək üçün müraciət etdi, amma məşhur fizik Maks Plank onun müraciətini rədd edib belə cavab verdi: "Təbiət qadının peşəsini evdar qadın və ana olaraq seçib. Qadının başqa işlərdə işləməsi təbiət qanunlarının pozulmasıdır". Bunu Maks Plank dedi...

Demək ki, nə imiş? Kvant fizikası, termodinamika qanunları üzərinə böyük nəzəriyyələr verən Maks Plankın da içində ibtidai bir barbar meydan sulaya bilirmiş. Amma çox keçmədi ki, Maks Plank öz səhvini anladı və Liza Meytnerin üstün biliklərini görüb onu şəxsi assistenti kimi Berlin Universitetinə qəbul etdi. Burada Liza Meytnerin kişilərlə birlikdə - laboratoriyada işləməsinə icazə verilmədi və onun zirzəmi qatında, bir atelyedə işləməsini tapşırdılar.

Liza Meytner yaxın dostu olan kimyagər Otto Hahnın köməyi ilə axşam saatlarında - hamı evinə getdikdən sonra universitetin laboratoriyasına girdi və gecəyarısına qədər burda öz təcrübələrini apardı. Bu təcrübələr əsasında 1918-ci ildə yeni radioaktiv maddə olan protaktiniumu kəşf etməsi ilə şöhrət qazandı. 1922-ci ildə universitetin dərslərinə qatılıb tələbələrə verdiyi ilk dərs Almaniyanın "kosmik fizika" qəzetlərində "kosmetik fizika" başlığı ilə lağlağı obyektinə çevrildi. Amma bütün bunlar Liza Meytnerin  vecinə də deyildi və 1926-cı ildə Berlin Universitetinin ilk qadın professoru oldu. Oldu, amma qadınların elmə qədəm qoymasına icazə verməyənlər bunu ictimaiyyətə açıqlaya bilmədilər. Axı, onlar hamıya qadınların dahi ola bilmədiklərini demişdilər. Bu səbəblə, bir yandan Liza Meytnerin kəşfini professor dərəcəsi ilə mükafatlandırıb, bir yandan da bütün yayımlanan məqalələrdə bu kəşfin kimyagər Otto Hahna aid olduğunu yazdılar.

Amma  Liza Meytner yenə usanmadı. Çünki o, şöhrət dərdində deyildi, elmin inkişafı naminə çabalayırdı. Elə bu səbəblə də, o günə qədər çox elm adamının cəhd etmədiyi, edənlərin də uğursuz olduğu qeyri-adi bir təcrübəyə başladı. O, radioaktiv element olan uranın atomunun nüvəsini neytronlarla bombalamağa başladı. Bu, biraz fizika cümləsi oldu, üzr istəyirəm, daha sadə dildə deyim, o, uran elementindən başqa bir element almaq istəyirdi. Guya çox sadə oldu axı.... Orta məktəbdə fizika dərsində müəllimə qulaq asmaq lazım idi deyəcəyəm, amma atomu Albert Eynşteynin parçaladığını deyən fizika müəlliminə də kim və niyə qulaq assın ki?

1939-cu ildə Nasist Partiyasının yəhudilərə qarşı radikal qərar alması ilə yəhudi əsilli olan  Liza Meytner də Berlindən qaçmaq məcburiyyətində qaldı. O, hollandiyalı bir dostunun köməyi ilə Hollandiyaya qaçdı, amma universitetin laboratoriyasında uran atomunun nüvəsi bombardman altında qalmağa davam edirdi. İkinci Dünya müharibəsi başlayanda Liza Meytner Hollandiyada olsa da, dostu Otto Hahn ilə məktublaşır və öz böyük təcrübəsinin nəticəsi ilə maraqlanırdı. Və bir gün...

Otto Hahndan Liza Meytnerə bir məktub gəldi. Bu məktubda Otto uran atomunun bombardmanı nəticəsində barium elementinin izotoplarına rast gəldiyini yazırdı. Yəni, bir elementdən başqa element almaq məqsədinə nail olmuşdular, amma ortada olduqca qəribə bir şey vardı. Bu proses nəticəsində çox yüksək miqdarda enerji ayrılmışdı. Otto Hahn buna heç bir məna verə bilmirdi və Liza Meytnerdən xahiş edirdi ki, bunun nə demək olduğu barədə məlumat versin.  Liza Meytner isə məktubu oxuyan kimi geniş hesablamalara başladı. Bombardman altında olan uran atomu iki daha yüngül atoma bölünmüşdü və ortaya çıxan enerji Albert Eynşteynin E = mc2 düsturuna tam cavab verirdi. Bir elementdən başqa element əldə etmək üçün atomun bölünməsi əsnasında maddə enerjiyə çevrilmişdi. Bu, atomun parçalanması demək idi. Amma həm də Albert Eynşteynin o vaxta qədər sadəcə nəzəriyyə olan bu məşhur düsturu ilk dəfə təcrübə ilə isbat olunmuşdu. Yəni, Eynşteynin sadəcə sözdən ibarət olan iddiasını bir qadın təsdiq etdi!

Liza Meytner bu böyük kəşfinin fərqinə vardığı anda Hollandiyada Hitlerin qəzəbindən gizləndiyi evin həyətində sevincindən hönkür-hönkür ağladı. Və Otto Hahna belə bir məktub yazdı: "Əziz dostum, biz atomu parçaladıq!". Otto Hahn məktubu oxuyan kimi, bir məqalə yazıb öz adı ilə yayımladı. Bunda Otto Hahn günahkar deyildi, çünki əgər belə bir elmi kəşfin altında hansısa qadının imzası olsaydı, məqalə yayımlanmayacaqdı. Hətta, buna şərait yaratdığı üçün Otto Hahn da sorğulanacaqdı.

Eynşteyn bu kəşfin nə dərəcədə əhəmiyyətli olduğunu Amerika hökumətinə açıqladı. Ardından, dərhal, atom bombasının hazırlanması üçün Manhetten layihəsi başlanıldı. Bu layihədə iştirak etməsi üçün Albert Eynşteynin də şəxsi istəyi ilə Liza Meytnerə dəvət göndərildi, amma o, elmi kəşflərinin hərbi sferada istifadə edilməsinə etiraz olaraq layihədə iştirak etmədi.

O, cinsiyyətinə görə çıxdaş edildi, amma məqsədlərindən imtina etmədi! O, milliyyətinə görə ölümlə üz-üzə qaldı, amma mübarizədən yorulmadı! Onun üstün bacarığı, böyük zəkası görməzdən gəlindi, qiymətləndirilmədi, amma o, öz elminin gücünə inandı və çalışdı! Bunu zamanında heç kəs qiymətləndirməsə də, tarix ədaləti bərqərar etdi və etməkdədir. Bu tarixi ədalət var ki, Liza Meytnerin inqilabından 100 il sonra və onun yaşadığı yerlərdən minlərlə kilometr uzaqda, mən onun haqqında bu sözləri səsləndirir və onun üstün zəkasına, böyük şəxsiyyətinə sevgimi və sayğımı ünvanlayıram.

Sırf qadın olduğuna görə, sadəcə qadın cinsində doğulduğuna görə bu qədər məşəqqətlərə tuş gələn yeganə dahi  Liza Meytner deyildi. Bu cür qadınlar çox idi, amma onlardan biri də Emili dü Şatle idi. Liza Meytnerdən çox əvvəllər yaşamışdı. Emili dü Şatle o qadın idi ki, fizika elminin tanrısı hesab edilən Nyutonu səhv çıxarmışdı. Nyuton hesab edirdi ki, hərəkət edən cismin enerjisi onun kütləsi ilə mütənasibdir. Amma Emili dü Şatle isbat etdi ki, Nyuton yanılır, hərəkət edən cismin enerjisi onun kütləsi və sürətinin kvadratı ilə mütənasibdir. Yəni, E = mv2. Emili dü Şatlenin bu düsturu, həm də, Albert Eynşteynin məşhur E = mc2 düsturana gedən yolda bir fənər idi.

Dünya elminin gedişatına bu dərəcə əhəmiyyətli yol göstərmiş Emili dü Şatleni bütün dünya necə tanıdı, bilirsiniz? Böyük yazıçı Volterin məşuqəsi kimi. Bu, çox ağır həqiqətdir, amma Eynşteynin "həyatın düsturu" adlanan o böyük düsturunu tapması üçün təməl daşı qoyan qadına bütün dünya Volterin məşuqəsi dedi.

Cəmi 43 yaşında ölən Emili dü Şatle Volterlə 15 il sevgili olmuşdu, amma Volter onun haqqında belə deyirdi: "Tək qüsuru qadın olmaq olan böyük insan, mən hər şeyi səndən öyrənirdim, amma sən mənim də öyrənə bilməyəcəyim bir yerə çatdın".

Beləcə, Emili dü Şatlenin düsturu sayəsində Albert Eynşteyn öz məşhur düsturunu tapdı, amma bu düsturu tapmaqda ona kömək edən başqa bir qadın da vardı - həyat yoldaşı Mileva Mariç. Nəhayət, o böyük düsturu quru iddiadan isbata çevirən başqa bir qadın da Liza Meytner oldu.

Amma bütün dünya bu üç qadını görməzdən gəlib, sırf kişi cinsinin nümayəndəsi olduğu üçün Albert Eynşteynə tanrı məqamında qibtə etdilər. Həyatın düsturunu təkbaşına tapıbmış kimi ona təzim etdilər, hətta, atomun parçalanmasını da onun adına yazdılar. Digərlərinin zəhmətinin, əziyyətinin, bilik və bacarıqlarının yerə vurulmasının, dəyərsiz hesab edilməsinin tək səbəbi vardı - onların qadın olması!

Bu hekayədən nəyi öyrəndik? Zəkamız və mənəviyyatımız cinsiyyətimizdə, milliyyətimizdə, inanclarımızda deyil, ruhumuzda və şüurumuzdadır. Məsələn, qadın olduğu üçün xor görülən Emili dü Şatle öz adını tarixə dahi kimi yazdırmaqla qalmadı, Eynşteyni də, Volteri də dahi elədi. Ya da hər vəchlə sırf cinsinə görə təcrid edilən Liza Meytner o günə qədər bölünməz zərrəcik hesab edilən atomu bölüb onun yolunu kəsənlərin və timsalında insanları cinslərə bölənlərə başa saldı – həyatı!

 

Əsas mövzular