17:30 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
YAZARLAR
Qısa URL
4530

Radionun gücünü hakim dairələrdə çox gözəl anlayırdılar. Britaniya istehsalçılarına məxsus, Oskar mükafatı qazanmış "Kral danışır" filmi radionun dünya miqyasındakı rolunu gözəl əks etdirir.

Hər bir avtomobil sahibinin maşınında mütləq radio adlanan bir cihaz olmalıdır. Bunsuz mümkün də deyil. Xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan kimsə radionu bir dəqiqə belə söndürməz, çünki "həyat bitər, yol bitməz" prinsipi onlar üçün aktualdır. Radio olmasa, yorğunluqdan sürücü özü də bilmədən yuxulayar. Xəbəri də radiodan bilirlər, musiqini də dinləyirlər, darıxanda bir stansiyanı digəri ilə əvəzləyirlər.

Radio günü həm fevralda, həm də mayda qeyd edilir

2011-ci ildə YUNESKO-nun Baş konfransında 13 Fevral Dünya Radio Günü elan edilməsindən 10 il ötüb. Beynəlxalq Radio Gününün elan edilməsi də 1946-cı ildə BMT-nın öz radiosunun yaradılması ilə bağlıdır. SSRİ-də radio günü mayın 7-də qeyd edilirdi, elə bu gün də Rusiyada bu tarix yerində qalmaqdadır. Yəni radio gününü həm fevralda, həm də mayda qeyd etmək ənənəsi var. Səbəbi də aydındır. Hərə radionun icad edilməsini öz aliminin adına bağlayır.

Radionun kəşfi məsələsi elə bu gün də sual doğurur. Popov, Hers, Tesla kimi ixtiraçılar eyni zamanda radio siqnalının ötürülməsi üzərində çalışıblar. 20-ci əsrin əvvəlindən artıq bir sıra ölkədə ilk radio stansiyaları fəaliyyətə başlayır. O dövrün insanları radio ətrafında toplaşıb dinləməyi sevərdilər. Elə böyük şəhərlərdə radio qovşaqları birbaşa küçələrdə də var idi. İstəyən qulaq asa bilərdi.

Radio medianın inkişafında mühüm rol oynamış bir kommunikasiya vasitəsidir. 20-ci əsrin ortalarına kimi radio özünün ən yüksək zirvəsində çatıb, onun vasitəsilə geniş kütləyə məlumatın çatdırılması prosesini indiki internetin və sosial medianın gücünə bərabər tutmaq olardı.

Radio mikrofonunu görən kimi dərin stres keçirir

Radionun gücünü hakim dairələrdə çox gözəl anlayırdılar. Britaniya istehsalçılarına məxsus, Oskar mükafatı qazanmış "Kral danışır" filmi radionun dünya miqyasındakı rolunu gözəl əks etdirir. Britaniya taxt-tacının sahibi kral VI Georq uşaqlıqdan kəkələyir. Nitqində problem olan kral psixoloji problemlərdən yaxa qurtarmağa çalışsa da, bu işin öhdəsindən gəlməkdə acizdir. Dünyanın yarısını əhatə edən Böyük Britaniya imperiyasının əhalisi isə kralın çıxışlarını BBC radiosu ilə dinləməlidir.

Əgər kral danışmırsa, deməli, imperiyanı idarə etmir. Milyonlarla insanın qarşısında çıxış etməli olan Georq radio mikrofonunu görən kimi dərin stres keçirir, dilindən bir kəlmə belə çıxmır. Real hadisələr əsasında çəkilmiş filmi Britaniyanın ən baxılan filmləri sırasına aid ediblər. Bu problemin öhdəsindən gəlməkdə krala heç kimin tanımadığı, Avstraliya mənşəli loqoped Layonel Loq kömək edir. Onun metodları kralın ətrafını narazı salsa da, effektli olur. Əvvəllər mikrofona danışa bilməyən kral Böyük Britaniyanın Almaniya ilə başlayan müharibə ilə bağlı mütləq çıxış etməlidir. Loqun köməyi ilə kralın 9 dəqiqəlik çıxışı böyük ajiotaja səbəb olur, xalqa təskinlik verir, qələbəyə səsləyir.

Hitler radioaparıcı Yuri Levitanı özünün şəxsi düşməni elan etmişdi

Nasist Almaniyasının təbliğat naziri Yozef Gebbels texniki yeniliklərə, ilk növbədə radionun fəaliyyətinə olduqca diqqətlə yanaşırdı. Elə nasistlər hakimiyyətə gələn kimi radioqəbuledici aparatların əhaliyə kreditlə satılmasını təmin etdilər. 5-6 ilə alman ailələrinin 70 faizi artıq radio aparatları ilə təmin edilmişdi. Radiolar küçələrdə, ictimai yerlərdə, müəssisələrdə quraşdırılırdı. Hər bir vətəndaşın radioya əlçatımlığı olmalı idi. Nasist liderlərinin çıxışları dayanmadan radioda verilirdi. SSRİ-yə hücum edən almanlar ilk növbədə işğal etdikləri ərazilərdə əhaliyə radio qurğularını təhvil verməyi əmr edirlər. Əgər kimsə təhvil verməsəydi, onu ölüm cəzası gözləyirdi. Radio olduqca güclü bir əlaqə vasitəsi idi.

Radioqəbuledicisi ilə bağlı söylədiyi bir fikir hətta rusiyalı şair Mixail Taniç üçün vaxtilə ciddi problemə çevrilib. Müharibədə özünün qəhrəmanlığı seçilən, bir sıra medal və ordenlə təltif edilən Taniç Berlinəcən döyüşüb. Geri döndükdən sonra dostlarla bir məclisdə "almanların radioqəbulediciləri bizimkindən daha yaxşıdır" fikrini bildirir. Burada olanlardan biri ona qarşı lazım olan yerə məlumat ötürür. Bircə bu ifadəyə görə Taniç sovet düşərgələrində 6 il keçirməli olur, dəhşətli bir həyat yaşayır. İllər ötür, şair tanınır, şeirlərinə görə əldə etdiyi qonorardan Almaniyada istehsal edilmiş radioqəbuledici alır. Qarşısında əyləşib həvəslə qulaq asarmış. "Axı demişdim, alman radioqəbulediciləri bizimkilərdən daha yaxşıdır. Yaxşıdır da. Nəyə görə məni həbs etdilər", - Taniç illər sonra deyir.

SSRİ-nin İkinci Dünya müharibəsində qalib gəlməsində radionun çox mühüm rolu olub. Hətta Hitler radioaparıcı Yuri Levitanı özünün şəxsi düşməni elan etmişdi. Almanlar nə qədər çalışsalar da, məşhur diktorun yerini təyin edə bilmədilər, o çox ciddiliklə qorunurdu. Levitanın səsi Sovetlər ölkəsinin hər yerində eşidilir, insanları mübarizəyə səsləyirdi.

Abbas Mirzə Şərifzadənin 1937-ci ildə yazılmış səsi də qorunur burada

Azərbaycanda radio ilk dəfə 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayır. "Danışır Bakı" ifadəsini illərlə bu radionun efirindən eşitmişik. Azərbaycan Dövlət Radiosu həmişə bir örnək olub, burada, bəlkə də Azərbaycan dilinin ən güclü biliciləri toplaşıblar. Nələr olmayıb radionun efirində? Kimləri xatırlamır bu radio? Burada nə vaxtsa çıxış etməmiş hansısa tanınmış müğənni, aktyor, ictimai xadim tapmaq müşkül məsələdir.

Dövlət radiosunun "Qızıl fondu"nda, axtarsan, Azərbaycan üçün əhəmiyyətli olan hər bir şəxsin səsini taparsan. Abbas Mirzə Şərifzadənin 1937-ci ildə yazılmış səsi də qorunur burada. Şövkət Ələkbərova, Rəşid Behbudov, Əlibaba Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradovanın səsləri də tez-tez efirə verilir. Unikal səsi olan aktyor Hamlet Xanızadənin oxuduğu qəzəllər, Yaşar Nurinin on yaşındakı çıxışı, Mikayıl Mirzənin ifasında səslənin çıxışları da fondda saxlanılır.

Azərbaycan dilini mükəmməl bilmək istəyirsənsə, gərək 105 FM-ə qulaq asasan

Gözəl nitqə malik olan Rafael Hüseynov "Axşam görüşləri" verilişini radioda 1974-ci ildən aparır. Kimlər olmayıb burada? Nə qədər unudulan, yaddaşlardan silinən şairlər, müğənnilər, sənət adamları barədə eşitmişik "Axşam görüşləri"ndə. Tarixi şəxsiyyətlər, Azərbaycanın qədim məkanları haqqında danışılıb bu verilişdə.

Radionun daxilində onlarla əvəzolunmaz redaksiya fəaliyyət göstərir. Ədəbiyyat da var, folklor da. Xəbər də eşidərsən, siyasi şərh də. İllər boyu siyasi şərhçi Yasin Qaraməmmədlinin özünəməxsus səsini, maraqlı fikirlərini eşitmişiк Azərbaycan radiosunda.

Burada yüzə yaxın veriliş hazırlanır, ölkənin hər yerində dinlənilir. Azərbaycan dilini mükəmməl bilmək istəyirsənsə, gərək 105 FM-ə qulaq asasan. Burada çalışan hər bir insan dilin qoruyucusudur bir növ. Gözəl nitq də buradadır, vurğu qaydaları da gözlənilir, muğamatı dinləyə, folkloru tanıya bilərsən.

Rafiq Həşimov, ya Ofelya Sabirqızı qarşına çıxa bilər

Radioda hər an Azərbaycan dilinin mükəmməl bilicisi, diktor Rafiq Həşimov, ya əməkdar artist, xəbər aparıcısı Ofelya Sabirqızı qarşına çıxa bilər. Bir də görürsən, əfsanəvi aparıcı Roza Tağıyevə sakitcə foyedə oturub. Kimlər burada çalışmayıblar? Elə çağdaş Azərbaycan ədəbiyyatının ən maraqlı yazıçılarından biri olan Saday Budaqlı radioda 15 il işləyib, hazırda oğlu Nurlan bu ənənəni davam etdirir, radionun əməkdaşıdır.

Radio bir möcüzədir, bitmək bilməyən bir möcüzə. Gözlə görə bilmədiyimiz dalğalar hər yerdən keçməklə özüylə bir məlumat daşıyır. Daxilində sevgi də ola bilər, nifrət də. Bu dalğalar həyatımızı bəzəyir, rəngarəng edir, dolğunlaşdırır. Radio nədir? Sadəcə, bapbalaca texniki vasitədir, bəlkə də, amma gücü-qüvvəsi bir dağ qədərdir, onu söykənib bir qədər də bərkiyərsən, soyunu-kökünü qoruyub saxlayarsan. Dilin etalonudur, "Qızıl fond"unda da bu dili mükəmməl bilən insanların əvəzsiz səsləri durmaqdadır. Uzaq Çində də olsan, Hindistana da gedib çıxsan, illərlə danışmağa adam tapmasan belə, radionu dinləməklə özlüyünü itirməzsən. Gələcək nəsilləri bu millət üçün qoruyub saxlaya bilərik.

Teqlər:
Azərbaycan, radio

Əsas mövzular