Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Dünya kinosu dəyişir, çünki yalançı uğur modeli artıq insanları cəlb etmir

© AFP 2023 / SYLVAIN THOMASХлопушка-нумератор
Хлопушка-нумератор - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Düşmən obrazı olaraq Hollivud adətən ya rusları, ya da müsəlmanları seçir. Terrorçular isə böyük əksəriyyətlə elə islam dinindən olan yaraqlılardır.

Yeni dövrün uşağını ata-ana yox, Hollivud filmləri yetişdirir. Bu, nəhəng, ucu-bucağı bilinməyən sənayenin qarşısında hamı acizdir, çünki istər internetdə axtarış edərkən, istər öz Azərbaycan kanallarına baxarkən belə, Hollivud filmi, ya da bu filmin qısa fraqmenti ilə üzləşirik. Hollivud öz ideyalarını hər yerə transfer edib. Hindistanın öz Bollivudu var, ildə 3000 film çəkilir, amma istifadə etdiyi metodlar ABŞ kinosundan götürülüb.

Hollivud filminin ideyası sadədir: film uğurlu sonluqla bitməlidir

Hollivud filminin ideyası sadədir: təqribən 1,5 saatlıq zamanda insanı cəlb edə biləcək hər bir vasitəyə əl ata bilərsən, amma film mütləq uğurlu sonluqla bitməlidir, baş qəhrəman çətinliklərin öhdəsindən qalib ayrılmalıdır. Qalib gələ bilməsə, deməli uğursuz, mənasız bir adamdır, ondan film çəkməyinə dəyməz. Baş qəhrəman filmdə atom bombasını zərərsizləşdirə, dərin bir uçuruma yuvarlanmış sevgilisini xilas edə, bir ordu əsgəri də qıra bilər. Ümidsiz bir situasiyada belə qəhrəman vəziyyətdən çıxış yolu tapmalıdır.

Hollivudun dünyanın indiki durumuna təsiri böyükdür. Dəb də oradan gəlir, mallar da reklam edilir, həyat tərzi də. ABŞ-ın böyük texnoloji şirkətləri, sosial şəbəkələri artıq çoxdan film istehsalını maliyyələşdirirlər. Bir çox Hollivud filmində adətən rastlaşdığımız simvollardan biri qəhrəmanın əlində gəzdirdiyi və üzərində dişlənmiş alma işarəsi olan kompüterdir. Yəni dünyada başqa kompüter yoxdur? Niyə məhz "Apple" şirkətinin işarəsini görməliyik? Məgər Koreya və ya Yaponiya istehsalı olan avadanlıq zəif işləyir?

Hollivud filmi məhz ABŞ həyat tərzini, yerli brendləri, ideyaları təbliğ etməlidir

Əlbəttə, ABŞ-da hər cür kompüter almaq olar. Nə istəsən var. Dünyanın ən nəhəng şirkətləri bu bazarda təmsil olunmaq üçün baş yarmağa hazırdırlar. Sadəcə, daxili siyasət belədir: Hollivud filmi məhz ABŞ həyat tərzini, yerli brendləri, ideyaları təbliğ etməlidir. Böyük şirkətlər də pul verməyə hazırdırlar. Doğrudur, müasir filmlərin ritorikası bir az dəyişib. Deyək, Brüs Li kimi Kunq-Fu ustası, istedadlı populyar Çin aktyoru ötən əsrdə adətən Hollivudda yalnız ikinci dərəcəli filmlərə çəkilirdisə, hazırda vəziyyət dəyişib.

20-ci əsrin Amerikasında qaradərililərə, çinlilərə, ispan mənşəli amerikalılara münasibəti həm də Hollivud filmlərində müşahidə edirik. Baş qəhrəman ağdərili, göygöz və uğurlu birisi olmalı idi. İrqçiliklə mübarizə nəticəsində artıq bu günün filmində mütləq müxtəlif millət və irqlərin nümayəndələrinə rast gəlirik. Çinin iqtisadi və siyasi nüfuzunun artması nəticəsində ABŞ filmlərində çinli obrazlarına ara-sıra rast gəlinir. Özü də Çin iş adamları artıq ABŞ-da bir sıra məşhur kino studiyalarına yatırım edirlər, yeni layihələrə imza atırlar deyə bu tendensiyanın davam edəcəyi qaçılmazdır.

Terrorçular isə böyük əksəriyyətlə elə islam dinindən olan yaraqlılardır

Düşmən obrazı olaraq Hollivud adətən ya rusları, ya da müsəlmanları seçir. Terrorçular isə böyük əksəriyyətlə elə islam dinindən olan yaraqlılardır. Nə olur-olsun filmin qəhrəmanı düşmənə qalib gəlib uğurla geri dönməlidir. Döyüş səhnələrini boks rinqi də əvəz edə bilər, ya da futbol meydançası. Filmdə mütləq sevgi əhvalatı olmalıdır. Olmasa, natamam bir nəsə alınacaq. Özü də kişilər daha çox günahkar rolunda çıxış edirlər, yəni Hollivud kinosu həm də feminizm cərəyanının təsirindədir. Kişi nəsə bir pis iş görməli, sonra isə mütləq sevgilisinin ona münasibətini geri qaytarmaq üçün özündə güc tapmalı, Fərhad kimi əlinə külüng alıb dağ yarmalıdır. Həyatda görə bilmədiyimiz qəhrəmanlığı bu filmlərdə müşahidə edirik.

Niyə Hollivud bu qədər həyatda olmayan yalançı süjetli film istehsal edir? Əlbəttə, bu, insanın müsbət emosiya əldə etmək istəyinə bağlıdır. Möcüzəni duymaq istəyi, şərlə mübarizəsində xeyirin daimi qələbə çalacağı kimi psixoloji məqamlar belə filmlərin çəkilməsinə zəmin yaradır. Həyat onsuz da asan deyil, heç kim gedib kinoteatrda ağır filmə baxmaq istəmir. Hamı bir anda pul qazanıb varlı olmaq, okean sahilində təbiətdən zövq almaq barədə çəkilən filmə maraq göstərir. Hətta filmlərdə oğurluq yolu ilə varlanan nə qədər baş qəhrəman var. Biri muzeydən oğurluq edir, digəri bank yarır, ən vacibi həbs olunmamaqdır. Pulları başqa bir ölkəyə keçirib sakitcə xərcləmək lazımdır.

Oğru da, qumarbaz da, qatil də mütləq qalib gəlməlidir

Nə yolla olursa olsun, varlanmaq, uğur zirvəsinə qalxmaq üçün qarşıda olan hər bir maneəni dəf etmək, lazım gəlsə, dostu da, qardaşı da itələyib irəli keçmək kimi təsəvvürləri təbliğ edən Hollivud filmləri insanların düşüncə tərzinə ciddi təsir edib. Bir insan digərinə dost deyil, çünki rəqabət mühitində birinin iddialı olduğu yerə digəri göz dikir. Gərək cəld tərpənib uğur qazanasan.

Əlbəttə, Hollivudda hər cür film çəkilir. Bəzi filmlərdə “real hadisələr əsasında çəkilib” ifadəsi də yer alır, amma onlar elə də gəlir gətirmir. Sadəcə belə filmlərin də öz müştərisi var deyə çəkilir. Əsas qazanc real həyatda heç vaxt olmayacaq süjetlərdən əldə edilir.

Hollivud filmləri bəzən insanı mövcud olmayan, pozitiv bir reallıqda yaşamağa da sövq edir. Ümumiyyətlə, pozitiv yanaşma, hətta özünü yalandan gülməyə məcbur etmək, ağır olanda belə dərdini kiməsə deməmək ənənəsi də Qərb mədəniyyətindən gəlir. Qərb insanı problemini yalnız psixoloqa danışa bilər. Həyat isə tək pozitivdən ibarət deyil, insanın pis günü də olur, yaxşı günü də. Məğlub da olursan, qalib də. Uğur da insanın əsas məqsədi deyil bu həyatda. Biznes qurub ekologiya üçün təhlükəli bir istehsalat yaradan iş adamına uğurlu insan demək olarmı? Hollivud filmlərinin qəhrəmanıdırsa, o, uğurlu sayılacaq. Oğru da, qumarbaz da, qatil də, hətta ziyanlı biznes quran birisi də mütləq qalib gəlməli, uğurlu həyatın rəmzi olan okean sahilində “qavayka” köynəkdə istirahət etməlidir.

Əgər Hollivud filmi olsaydı, Neyla mütləq müsabiqənin qalibi olmalı idi

Hollivud kinosuna alternativ olan filmlər də az deyil. Məsələn, sovet kinosunun fəlsəfəsi fərqli idi. Orada da qəhrəman obrazında olan döyüşçülər barədə xeyli mifik filmlər var, amma məqsəd başqa idi. Sovet kinosunda xeyli dərin, mənalı süjetlər daha çoxdur. Burada pul qazanmaq, iş qurmaq vacib deyil, “film cəmiyyətə nə verə bilər” prinsipi əhəmiyyətlidir. Hazırkı Rusiya kinosunda çox prioritet dəyişib, amma ənənə qalıb. Xeyli mənasız filmlərin sırasında olduqca maraqlı, insani işlərə rast gəlirik.

Avropa kinosu da ənənəvi olaraq Hollivudu inkar edib. Son dövrlərin Avropa filmlərində də fərqli yanaşmaya rast gəlirik. Bu yöndə Fransada ərsəyə gələn “Parlaq” (Le Brio) filmi olduqca maraqlıdır. İrqçi düşüncələri ilə seçilən istedadlı professor Pyer Lazarın Əlcəzair əsilli Neyla Salah ilə qarşıdurması filmin əsas süjet xəttidir. Lazarın ekssentrik hərəkətləri tələbələrdə həm qəzəb hissi doğurur, həm də ona qarşı sosial şəbəkədə aksiyaları reallaşır. Onun metodu isə tələbəni bir növ tərpətmək, hərəkət etməyə sövq etməkdir.

Vəziyyətin qəlizliyi Lazarı Neyla ilə əlavə natiqlik dərsləri keçməyə məcbur edir. Nəticədə Neyla universitetlər arasında keçirilən natiqlik müsabiqəsinə qoşulur, finala qədər yüksəlir. Təbii, Lazarla arasında münaqişə daha da dərinləşir. Əgər Hollivud filmi olsaydı, Neyla mütləq və mütləq müsabiqənin qalibi olmalı idi. Amma o, bütün gözləntilərə baxmayaraq finalda iştirak etmir, Lazar da daxil olmaqla hamı gözləyir, Neyla isə gəlmir.

Pul, var-dövlət, yalançı uğur, süni gülüş və emosiyalar artıq insanları cəlb etmir

Rejissorun fikrincə, müsabiqənin qalibi olmaq əhəmiyyətli deyil. Neyla final yarışına qoşulmur, amma Lazarın davranışını müzakirə edən komissiya qarşısında çıxış edərək professorun müdafiəsinə qalxır. Nə qədər çətin olsa da, Lazarın zəhmətini yerə vurmur, özündə yaranan müsbət dəyişikliyin olduğunu bildirir. Yəni uğur təkcə müsabiqədə və ya yarışda qalib olmaq, çempionluğu qazanmaq deyil, özündə cəsarət tapıb sənə yol göstərən birisini müdafiə etməkdir. Film özündə müasir Fransada mövcud olan problemləri yaxşı əks etdirir.

Hollivud modelindən uzaqlaşma tendensiyası dünya kinosunda artıq duyulur. Bu, olduqca maraqlı və doğru yanaşmadır. Pul, var-dövlət, yalançı uğur, süni gülüş və emosiyalar artıq insanları cəlb etmir. Müasir dünyanın insanı dərin emosiyalar axtarır, sənətdə də bunun əksini görmək istəyir. Əgər xəbər kimi bir quru janrda emosionallıq tələbi varsa, deməli kinoda daha parlaq və real emosiyalara ehtiyac duyulur. Deməli, yaxın gələcəkdə kino sənətində daha maraqlı yaradıcılıq işlərinin ortaya qoyulacağını gözləməliyik.

Xəbər lenti
0