07:08 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
YAZARLAR
Qısa URL
6520

Gələcəkdə hər bir insan sağlamlıqla bağlı ayrı-ayrı həkimin yanına yox, məhz tam diaqnostik mənzərəni araşdıra bilən mərkəzlərə müraciət edəcək. Nəticə də daha uğurlu, müalicə isə daha effektiv olacaq.

Başın ağrıyırsa, analgin at, dişin ağrıyırsa, çəkdir getsin. Qarın ağrısında isə ən gözəl vasitə nanə cövhəridir. Qızdırman düşmürsə, təcili tibbi yardıma zəng vur, gəlib “smes” vursunlar. Başın çıxmırsa, get aptekdən məsləhət elə, bilmədiyini anladarlar. Vəziyyət lap ağır olarsa, həkimə getməkdən başqa çarən qalmayacaq. Hərdən həkim də bir yardım edə bilmir. Bəzən onlarla həkimi gəzən insana rast gəlirsən. Deyir, dərdimə əlac tapan olmadı. Azərbaycan insanı elə bu cür yaşayır, ya türkəçarəyə baş qoşur, ya da uzun illər hansı xəstəlikdən əziyyət çəkdiyini tapa bilmir. 

Sağlamlıq günümüzdə ən böyük biznes növüdür

Bu gün sosial şəbəkədə onlarla sağlamlıq qrupu, məsləhət verən yüzlərlə insana rast gəlmək olar. Hərə bir söz yazır, dərman təklif edir, öz təcrübəsi ilə bölüşür. Amma hər bir insan fərdidir, xəstəliyi də, genetik quruluşu da. Birinə kömək edən dərman digəri üçün yararsız ola bilər. Sağlamlıq günümüzdə ən böyük biznes növüdür, hamı sağlam olmaq istəyir və bu prosesdən hərə bir cür gəlir qazanmağı düşünür.

Dünyanın ən məşhur seriallarından biri olan “Doktor Haus” filminin baş qəhrəmanı Qreqori Haus başqalarının bacarmadığı, baş çıxara bilmədiyi xəstəlikləri aşkarlamaq və müalicə təyin etməklə məşğuldur. Əgər xəstəliyin diaqnozu düzgün verilsə, deməli, müalicə etmək çətin olmayacaq. Haus dahi həkim və əvəzolunmaz diaqnostdur, o, ən ümidsiz xəstəni belə sağalda bilir. Amma Hausun komandası kiçik, imkanları isə məhduddur. Hər seriyada Haus və onun köməkçi həkimləri cəmi bir problemi həll etməyə çalışırlar. Bəzən uğursuzluq da baş verir, amma əksər hallarda xəstəliyin səbəbi tapılır.

Haus qeyri-standart düşüncə tərzinə məxsus insan kimi problemin kökünü axtarır, bu dəqiqə ağrıyan orqanı müalicə etməyi düşünmür. Onun qərarları həmkarlarına nə qədər absurd görünsə də, bir çox halda doğru olur. Filmin ən maraqlı epizodlarından biri onun yetişdirdiyi həkim Erik Formanla bağlıdır. O, Hausun yolunu davam etməyi düşünür, yeni işə düzəldiyi xəstəxanada öz düşündüyü diaqnoz əsasında xəstənin həyatını xilas edir, amma nəticədə onu işdən azad edirlər. Səbəbi də aydındır: müasir səhiyyə sistemi belə qurulub. Əgər hamının qəbul etdiyi standartla xəstəni öldürsən belə, cəzasız qalacaqsan, amma nəsə qeyri-adi bir yolla hərəkət edib kimisə sağaltsan, səni işdən kənarlaşdıracaqlar. Yəni, bir sözlə, “özündən mollalıq etmə, palaza bürün, ellə sürün” prinsipinə əməl etməlisən. Vəssalam.

Problem başqa orqana bağlıdırsa, xəstəliyin kökünü tapmaq olmayacaq

Əslində, Qərb ənənəsinə söykənən müasir tibb elmi nə qədər inkişaf etmiş kimi görünsə də, bir xeyli problemin əlində aciz qalıb. Bu günün həkimi xəstəliyin səbəbini araşdırmır, o, sadəcə simptomlarla mübarizə aparır. Bu, avtomobil təkərində yaranmış deşiyi müvəqqəti bağlamağa bənzəyir. Bəs deşik nədən yaranır? Əhəmiyyətli deyil. Amma bir müddət ötür, problem yenidən yaranır. Səbəbi araşdırıb tapmaq lazımdır. Müasir maşınların bir çoxunu adi qaydada təmir etmək də olmur, mütləq və mütləq kompüter diaqnostikasına ötürməlisən. Ola bilər, bir yerdə yaranmış problem başqa hissələr üçün çətinlik yaratsın. 

İnsan orqanizmi də belədir. Mükəmməl və vahid sistemdir, bir orqanda əmələ gələn xəstəlik bütün sistemə təsir edir. Tibb elmində 20-ci əsrdə qəribə bir proses baş verib. 100 il öncə kənddə, deyək, bir həkim olardı. Hər bir xəstənin dərdinə əlac tapardı. Sonralar anatomik biliklərin artması səbəbindən həkim sayı artdı, ürək həkimi terapevtin işinə qarışmadı, cərrah da endokrinoloqun. Hərə öz sahəsi üzrə ixtisaslaşdı. Nəticədə hansısa xəstəlik üzrə daha yaxşı müalicə almaq mümkün oldu, digər tərəfdən isə kompleks yanaşma yoxa çıxdı. Böyrək həkimi yalnız böyrəyin işinə qarışa bilər, əgər problem başqa orqana bağlıdırsa, xəstəliyin kökünü tapmaq mümkün olmayacaq.

İnsanların ən çox rastlaşdığı problemlərdən biri baş ağrısıdır, amma müasir tibdə baş ağrısı ən azı 70-100 səbəbdən ola bilər. Hansı həkimə müraciət edəsən? Kimdən yardım diləyəsən? Bilinmir. Fizioloji səbəb də ola bilər, psixoloji da. Bəzən psixoloqla terapevtin ümumi qərarı tələb olunur.

İnteqrativ tibb özündə bəşəriyyətin topladığı bütün bilikləri cəmləşdirib

Son dövrlərdə artıq tibb elminin özündə də belə bir yeni yanaşma yaranıb: xəstəliyin simptomunu müalicə etmək yox, səbəbini tapmaq lazımdır. Bunu bilmək üçün isə bir həkimin səyi azlıq edir. Yeni istiqamət inteqrativ tibb və ya inteqrativ təbabət adlanır. Yeni yanaşma insan orqanizmini vahid bir sistem kimi qəbul edir. Tam müayinədən keçməsən, digər orqanlarda olan problemləri araşdırmasan, xəstəliyin səbəbini tapa bilməzsən.

İnteqrativ tibb özündə bəşəriyyətin topladığı bütün bilikləri cəmləşdirib. Burada çalışan mütəxəssis mütləq ali təhsilli həkim olmalı, yeni diaqnostik avadanlıqdan istifadə etməyi bacarmalıdır. Yəni inteqrativ tibb heç də mövcud bilikləri inkar etmir, sadəcə bu istiqamətdə yanaşma başqadır. Elə bil bir ailədə uşaqların birinin bağırsağında qurd tapılıbsa, hər bir üzvü müalicə etmədən nəticə əldə etmək olmaz, gərək hamı parazitə qarşı dərman qəbul etsin. Bəzən belə mərkəzlərdə ailəvi müalicə modelləri də olur, çünki ümumi mənşəyi olan xəstəliyi belə halda araşdırıb tapmaq da asandır.

İnteqrativ tibbin əsas prinsipi “insan vahid bir sistemdir” kimi səslənə bilər

Amma inteqrativ təbabət həm də hər bir insan üçün fərdi müalicənin qaçılmaz olduğunu da bəyan edir. Özü də təkcə dərman qəbulu ilə xəstəliyi aradan qaldırmaq mümkünsüzdür. İnteqrativ təbabətdə həm dərman vasitələri, həm müxtəlif diyetlər, həm fitoterapiya, həm də Şərq təbabətindən effektiv istifadə edilir. Masaj da işə yarayır, yeri gəlsə, isti hamam da. Yəni həkim diaqnostik avadanlığın köməyi ilə orqanizmdə nə baş verdiyini dəqiq anlamalı, daha sonra isə klinikada olan həkimlərin konsiliumu son qərar verməlidir. Bir növ inteqrativ tibb Qərb tibbi ilə Şərq təbabətinin sintezidir.

İnteqrativ klinikada insanın mədə-bağırsaq sistemində olan ən vacib fermentləri ilk növbədə araşdırılır. Ola bilər, həkim ilk mərhələdə pasiyentə hansıma qidanı rasiondan çıxartmağı məsləhət bilsin. Bəzən ferment çatışmazlığı, hormonal problemlər, müəyyən qidaya olan allergiya ciddi problemlərə yol aça bilər. Bunları araşdırmadan nəzarətsiz təb qəbulu ilə özünü müalicə edən insan daha ciddi xəstəliyə yoluxa bilər.

İnteqrativ tibbin əsas prinsipi “insan vahid bir sistemdir, onu ayrı-ayrılıqda yox, kompleks şəkildə müalicə etmək lazımdır” kimi səslənə bilər. Yeni istiqamət hələlik dünyada elə də geniş yayılmayab, amma artıq öz tərəfdarlarını toplamaqda davam edir. İnteqrativ klinikalar artıq bir sıra ölkələrdə Səhiyyə nazirliyindən rəsmi lisenziya almaqla çalışır. ABŞ və Avropada artıq ötən əsrin 90-cı illərindən belə tibbi təbliğ edən xeyli klinika yaradılıb. Hazırda belə müəssisələr Ukrayna, Rusiyada da kifayət qədərdir.

Süni intellekt səhvə yol vermir, daha yaxşı diaqnoz təklif edir

İnteqrativ tibbin fəlsəfəsi aydır və sadədir deyə ildən-ilə tərəfdarları artmaqdadır. Azərbaycanda da bu istiqaməti bəyənən xeyli həkim var. Artıq elə adi klinikaların belə yanaşmaya tərəf istiqamətləndiyini müşahidə edirik. Bir çox tibb ocaqları tez-tez bütün orqanların müayinəsini böyük endirimlə təklif edir. Bəzən bir orqanın ultrasəs müayinəsi və ya həkimin qəbulundan da ucuz başa gəlir. Səbəbi də aydındır, məhz ümumi diaqnostik yoxlamada insanın sağlamlıqla bağlı bir çox problemi aşkarlanır. Deməli, doğru diaqnozla düzgün müalicəni təyin etmək olur.

Gələcəyin tibbində bir sıra həkim peşələrinin sıradan çıxacağı qaçılmazdır. Süni intellektin diaqnostik imkanları ən təcrübəli həkimin bacarığından bir neçə dəfə üstündür. Süni intellekt, demək olar, səhvə yol vermir, beynində yüz minlərlə klinik hadisəni saxlaya bilir, daha yaxşı diaqnoz təklif edir. İnteqrativ tibb elə yüksək imkanı olan avadanlıq və bacarıqlı, peşəkar həkimin birgə sintezinə əsaslanır. Nanotexnologiya və nanohəblər də işə yarayır. 

Gələcəkdə hər bir insan sağlamlıqla bağlı ayrı-ayrı həkimin yanına yox, məhz tam diaqnostik mənzərəni araşdıra bilən mərkəzlərə müraciət edəcək. Nəticə də daha uğurlu, müalicə isə daha effektiv olacaq.

Teqlər:
tibb, həkim, müayinə, xəstəlik

Əsas mövzular