12:34 06 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
YAZARLAR
Qısa URL
36 0 0

Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm.

BAKI, 20 yanvar — Sputnik. 1990-cı ilin Qanlı Yanvarından 31 il ötür... Həmin ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 23:30-da keçmiş Sovet İttifaqının silahlı qoşunları Bakı şəhərində dinc əhalinin üzərinə hücum çəkir, bu qırğında onlarla insan həyatını itirir, yaralanır, itkin düşür. Üzərindən tam 31 il keçən bu faciənin tariximizdəki ibrət əhəmiyyəti nədir? Mədəniyyətimiz - ədəbiyyatımız və incəsənətimiz bu tarixi faciədən nələr yarada bilib?

Təəssüf ki, Azərbaycan mədəniyyəti bu tarixi faciəsinə, təkcə “Ağla, qərənfil, ağla” deyə bilib. Bir də ki insafən, mahir tar ifaçıları hər ilin yanvar ayının 20-də yaxşı “Zəminxarə” çala bilirlər. Başqa heç nə...

Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm. Çünki bu mövzuda yaradılmış bütün sənət nümunələri ilə tanışam və onlar sənətsəl keyfiyyətləri baxımından Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirindən daha böyük deyillər. Heç tarzənlərin “Zəminxarə”si qədər səmimi də olmağı bacarmadılar.

Etiraf edək ki, Qanlı Yanvar haqqında yaradılan sənət nümunələrinin əksəriyyəti vətənpərvər mövzulu müsabiqələrdə mükafat qazana bilmək üçün yaradıldı. Nəticədə, mədəniyyətimizin rəflərində bu mövzuda xeyli sayda nümunələr olmasına rəğmən, onların heç birini dünyaya təqdim edə bilmədik. Çünki onlar dünyaya təqdim olunacaq qədər səmimi və keyfiyyətli deyildilər. Bu, açıq həqiqətdir. Heç kəs inciməsin.

“Madam ki, heç kəs yaza bilmədi, sən yazaydın” deyənlərin mühakimələrini eşidirəm. Fəqət, nəzərinizə çatdırmalıyam ki, mən bu qanlı gecədən 3 il sonra dünyaya gəlmişəm və həmin gecədən 17 il sonra bədii yaradıcılığa başlamışam. Yəni, bu mövzuda sənət nümunəsi yaratmağın mühakiməsi, hətta 1980-ci ildən də əvvəl doğulanlar arasında aparılmalıdır.

Öz yaşıdlarıma və məndən sonrakılara isə bir dostyana tövsiyə verə bilərəm ki, əgər bu mövzuda nəsə yaratmaq istəyirlərsə, Bəxtiyar Vahabzadənin “Ölümü kamına çəkdi şəhidlər”ini, ya da Məmməd Aslanın “Ağla, qərənfil, ağla”sını parodiya etməsinlər. Onlar həmin gecənin isti ağrıları ilə yazılmışdı və yalnız ahu-zar edə bilmişdilər. Problem onda idi ki, bu qədər sənətkarın içindən çıxıb o gecənin həqiqətlərini, insanların gerçək iztirablarını, ağrılarını, rejimin ədalətsizliyini və vəhşiliyini olduğu kimi təsvir edə bilən, onu bədii çalarla zənginləşdirib əsl sənət nümunəsi kimi dünyaya təqdim edə bilən bir nəfər də olmadı. Niyə olmadı? Çünki onların böyük əksəriyyəti həmin rejimin köləsi olmuşdular və həmin rejimin alçaqlığına bəşəri etiraz etmək üçün üzləri yox idi.

Bu səbəblə, bundan sonrakıların  içində kimsə “Qanlı Yanvar” həqiqətlərini soyuq başla və üstün istedadla sənət nümunəsinə çevirmək istəsə, bunun üçün hələ də əlçatımlı olan mənbələr var. Bəzənmiş-düzənmiş üzgün duyğu çələnglərinə aldanmayıb, gerçək ağrıları tapa bilən və təsvir edə bilən sənətkar bu dəhşətli gecə haqqında böyük sənət nümunəsi yarada bilər. Bu, həm mədəniyyətin tarixi mirasına, həm də o gecə haqqında ən tutarlı mənbəyə çevrilər.

Əsas mövzular