06:27 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
YAZARLAR
Qısa URL
5020

Küçədə gəzənlərin üzü gülmür, milli-mental dəyərlər də mənasını itirib. Daha ”bu, masonların oyunudur” deyənlər də əlini bərk-bərk spirtlə dezinfeksiya edirlər.

Bir ildən artıqdır, dünyada bir kabus dolaşır - koronavirus kabusu. 2019-cu il dekabrın ortalarında Çinin Uhan şəhərində aşkarlanan virus tezliklə hər bir ölkəyə yayılıb. Fevral ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu virusu COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İkinci dalğa daha ağır olmalı idi, bu da baş verdi

Hazırda hər gün dünyada orta hesabla 600-700 min insan bu xəstəliyə tutulur, 10-12 min insan dünyasını dəyişir. Ümumi yoluxanların sayı 90 milyonu ötüb, ümumilikdə virusdan 1,9 milyondan artıq insan ölüb. Koronavirusla bağlı ağır vəziyyət ABŞ, Hindistan, Braziliya, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Argentina, Kolumbiya, Almaniya, Meksika kimi ölkələrdə müşahidə olunur. Koronavirus ilk dəfə Çində peyda olsa da, bu ölkə guya artıq virusa qalib gəldiyini elan edib. 1,5 milyard əhalisi olan ölkədə hazırda cəmi 4-5 insanın virusa yoluxma statistikası bir qədər şübhə doğurur.

Azərbaycanda koronavirusun ilk dalğası 2020-ci ilin mart ayından müşahidə edilib və elə də ağır fəsad törətməyib. Orta hesabla gündə 100-150 insan koronavirusa yoluxub, ölüm sayı az olub, xəstələnənlərin də düz yarısı müalicə olunaraq evə dönüb. Hazırda ölkə koronavirusun ikinci dalğasını yaşayır. Hələ 3-4 ay öncə günə orta hesabla 200 nəfər xəstə aşkarlanırdısa, dekabrda bu rəqəm 22 dəfə artıb, hər gün haradasa 4500 nəfər virusa yoluxurdu. İkinci dalğa daha ağır olmalı idi, bu da baş verdi. Amma sağalanların da sayı az deyil.

Koronavirus ilk dəfə dünyada qlobal qorxunun nə olduğunu üzə çıxardı

Bu bir ildə nə baş verdi? Koronavirus dünyada nəyi dəyişdi? Azərbaycan insanına necə təsir etdi? COVID-19-a münasibətdə nə kimi dəyişiklik müşahidə edilir?

Koronavirus ilk dəfə müasir dünyada qlobal qorxunun nə olduğunu üzə çıxardı. Rahat gəzməyə, istədiyini etməyə adət etmiş bir çox insanın azadlığı məhdudlaşdırıldı. Faktiki olaraq yalnız yeyib-içmək, televizora baxmaq, internetdə nəsə axtarmaqdan başqa heç bir işlə məşğul ola bilməzsən. Evi tərk etdikdə sms sistemindən istifadə etmək və maska taxmaq məcburiyyəti insanın azadlığını bir qədər də daraltdı.

 Xəstəxana, arxiv şəkli
© AFP 2020 / PIERO CRUCIATTI

Nə idman eləmək mümkün oldu, nə restorana getmək. Teatr da bağlandı, muzey də. Ən ağır zərbə nədənsə elə inkişaf etmiş ölkələrə dəydi. Xəstəlik sayına görə ABŞ hamını geridə qoydu. Aralıq dənizi pəhrizini dünyaya təbliğ edən, uzunömürlülüyü ilə fəxr edən İtaliyada on minlərlə yaşlı insan öldü. Koronavirus məhz yaşı 60-dan yuxarı olan şəxsləri öldürdü, şəkərli diabet, ürək-damar və onkoloji xəstəliyi olan hər bir kəs risk qrupuna aid edildi. Bəzi virusoloqlar bunu tam obyektiv səbəblərlə izah edirlər. Yəni təbii seçim təkcə heyvanlar aləminə aid deyil, insan da bioloji varlıq olaraq bu prosesdən kənarda qala bilməz. Bu cür pandemiyalar elə məhz sıramızda olan “zəif bənd”ləri aparmalıdır.

Yaşı çox, sağlamlığında isə problem olan insanlar koronavirusu olduqca ağır keçirirlər. Hətta pandemiya bitdikdən sonra bir çox insanın virusun fəsadı ilə üz-üzə qalacağı aydındır. Sağlamsansa, deməli, immunitetin xəstəliyə qalib gələcək, əgər bir ətək xəstəliyin varsa, virus orqanizmini dağıdacaq. Belə bir xəstəlikdir bu koronavirus.

Kimi dindirsən, deyir, Allah bu koronavirusa lənət etsin

Koronavirusun qorxusu törətdiyi fəsaddan daha ağır oldu, çünki adaptasiya dövrünü keçirmək, yeni şəraitə uyğunlaşmaq özü də bir cəsarət tələb edirdi. Dünya iqtisadiyyatına dəyən zərbə dəhşətli oldu. Əgər evdən kənara çıxmaq qadağası varsa, deməli, iş-güc də yoxdur, azdan-çoxdan yeyib-yatmalısan, vəssalam. Demək olar, bütün sahələrdə durğunluq hiss edildi. Turizm, idman, restoran-kafe biznesi, qeyri-qida ilə bağlı ticarət sahələri, ayaqqabı və geyim istehsalında açıq-aydın geriləmə oldu. Aviareyslər dayandı, qatarlar yalnız ölkə daxilində işlədi, neft-qaza olan tələbat birə-on azaldı. Kimi dindirsən, deyir, Allah bu koronavirusa lənət etsin.

İlkin mərhələdə Azərbaycan insanı koronavirusu ciddi qəbul etmədi. Maska taxmaq tələbi vardı, amma o, “apteklərdə maska yoxdur” bəhanəsi ilə yaxasını kənara çəkdi. Xəstə sayı az idi deyə qaydanı pozub küçəyə elə-belə çıxanların da sayı kifayət qədər oldu. KİV-dən hər gün xəbərdarlıq edilsə də, insanların maariflənməsi elə də sürətli alınmadı. Ad gününə, yasa gedən yüzlərlə insan aşkarlandı. Gizli toy edənlər də olurdu. Gizli restoran, kafe işlədən obyektlərin sayı-hesabı bilinmirdi. Hətta gizli çayxana işlədən nə qədər şəxs cərimələnib. Gizli bərbər xidməti göstərən nə qədər insan var elə günün bu günü də.

”Bu, masonların oyunudur” deyənlər də əlini bərk-bərk spirtlə dezinfeksiya edirlər

Üstündən aylar ötüb deyə bu gün vəziyyət dəyişib, deyəsən. Artıq koronavirus hər evə, hər ailəyə çatıb, bu və ya başqa formada. 6 ay öncə “bir oyundur” deyən insanın artıq ətrafında qohum-əqrəbadan öləni də var, ağır formada virusu keçirəni də. İnsan var, 1 ay xəstəxanada yatıb, müalicə alıb və bir qohumu belə onu görə bilməyib, amma artıq o qohumlar bu virusun nə qədər ağır formada keçdiyini yaxşı bilirlər. 3-4 ay öncə maskanı çənədə gəzdirənlər bu gün onu tam qaydasında geyinməyə üstünlük verirlər.

Daha ”bu, masonların oyunudur” deyənlər də əlini bərk-bərk spirtlə dezinfeksiya edirlər. Koronavirus bu evdən o birisinə keçir, ailə-ailə hamı xəstəliyi keçirir. Öskürən öskürür, qızdıran qızdırır, sağalan sağalır, ölən də ölür. Bir çoxu aptekdə dərman axtarır. Süni nəfəsalma aparatı qızıldan da baha olub. Adi C vitamini tapılmır. Küçədə gəzənlərin üzü gülmür, milli-mental dəyərlər də mənasını itirib. Kimisə dəfn etməyə gedən yoxdur, toy və ad günləri keçirmək də mənasız görünür, çünki bir gizli toydan sonra birdən-birə 50-100 adam tutulur xəstəliyə.

Virus insanın statusuna baxmır, vəfat edənlərin sırasında vəkili də var, həkimi də, jurnalisti də. Sosial şəbəkədə xəstəliyi keçirmiş, hansı halla qarşılaşdığı barədə məlumat yayan onlarla, yüzlərlə insan var. Kimi ağır keçirir, kimi yüngül. Azərbaycanda yaşayan hər bir kəs vəziyyətin ağırlığını duyur. Bir çox insanda əvvəl tanımadığı fobiyaları da aşkarlanıb.

Koronavirus dünyaya və Azərbaycana pozitiv nəsə verdimi?

Nə qədər paradoksal olsa da, virusun yayılmasının həm də pozitiv məqamları da var. Koronavirus ilk növbədə əyləncə mexanizmlərini dayandırdı və bəşəriyyəti gözləyən təhlükələrə daha ciddi yanaşmağa bizi təhrik etdi. Dünya əslində ekoloji problemləri həll etməkdə olduqca gecikir. Koronavirusun bizə verdiyi fasilə nəticəsində hava bir qədər təmizləndi, təbii ehtiyatların bir hissəsi qorundu, bir qədər sakit şəraitdə nəyisə düşünüb həyatımızı bir qədər dəyişmək istədik.

Pandemiya dövründə birdən-birə onlayn yaşamağın üstünlüklərini duya bildik. Qaz, işıq, interneti ödəmək üçün daha poçta getməyin mənasız olduğunu bir daha anladıq. Hələ bir il öncə bank kartından nəyisə ödəməyi özünə sığışdırmayanlar bu gün rahatlıqla istənilən virtual əməliyyatı reallaşdırırlar. Xaricdən mal almaqla gününü keçirən nə qədər evdar xanım artıq kiçik biznes qurmaqla iş adamına çevrilib. İstirahətin nə olduğunu bilməyən bir sıra peşə sahıbi bu gün ailəsi ilə daha yaxından təmas qurmaq imkanı əldə edib.

Pandemiya ilə əlaqədar bizi nə kimi pozitiv proqnozlar gözləyir?

Xəstəlikdən qurtarmağın iki yolu var: ya dünya əhalisinin 75-80 faizi xəstələnməli və təbii yolla immunitet qazanmalı,  ya da peyvəndlənmə yolu ilə immunitet qazanmalıdır. Faiz nisbətində hələ 1 ildə dünyanın çox cüzi hissəsi xəstəliyi təbii yolla keçirib. Bu minvalla davam etsə, pandemiyanın bitməsini hələ 10-12 il gözləməliyik. Dünyanın ən dəhşətli pandemiyası olan ispan qripinin ən aktiv fazası 2 il davam edib, 1918-1919-cu illərdə dünya əhalisinin dörddə biri xəstələnib, hər xəstələnən 10 nəfərdən biri də ölüb. İmmunitet qazanılıb, çox yəqin, qrip hələ uzun müddət insanların arasında yaşayıb, amma daha əvvəlki kimi ölümcül olmayıb.

Bu gün 8 milyardlıq əhalidən cəmi 90 milyonu, yəni 1 faizdən bir qədər çoxu xəstəliyi keçirib, həm karantin qaydaları, həm də müasir tibbin imkanları daha çox qurbanın olmasının qarşısını alıb. Amma bununla yanaşı, bu templə davam etsə, koronavirusun adi qripə çevriləcəyi ana kimi ən azı 10 il ötməlidir. Bu halda gərginlik, qorxu, stres daha çox insanın ölümünə səbəb ola bilər.

Peyvəndləmə yolu ilə koronavirusu gələn ilin sonuna kimi dayandırmaq olar. Bu, daha real görünür. Artıq ABŞ, Rusiya, Böyük Britaniya və Çində hazır peyvənd var. Klinik sınaqlar da, demək olar, bitib. Böyük ehtimalla bu ilin əvvəlindən start verilən kütləvi peyvəndləmə yolu ilə koronavirusun səngidiyinin şahidi olacağıq. Hər halda bu olduqca pozitiv bir gözləntidir. Bu yolla bir neçə il ötəcək, koronavirus da bir tarixə çevriləcək.

Teqlər:
Azərbaycan, dünya, Koronavirus, epidemiya

Əsas mövzular