17:25 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
YAZARLAR
Qısa URL
27040

Əslində insan bilmir nəyə üzülsün: Qarabağda verdiyimiz şəhidlərəmi, bir-birinin ətini yeməyə hazır olan insanlaramı? Uçuq daxmalardan çıxan şəhid cənazələrinəmi ağlayaq, qrant yeyib özünü ən axırıncı yola qoyan cahillərəmi? Çox çətin durumdur.

44 gün ərzində cəbhədən gələn qələbə xəbərlərinə, xalqın həmrəyliyinə, bütövlük nümayiş etdirməsinə ürəkdən sevindim. Çoxdan belə gözəl hislər yaşamırdım. Təəssüf ki, bu məqamda da adamlar dərhal, sözləşibmiş kimi bir-birinə hücuma keçirdi. Hamı bir-birinin bostanına daş atırdı. Hədəf taxtasına çevirməyə adam axtarırdılar və biz sadəcə bir-birimizin qanına yerikləyirdik. Bizimlə eyni düşüncədə olmayanları didib-dağıtmağa hazırıq. Xalq kimi formalaşmadığımızı, həmrəyliyə hazır olmadığımızı hər imkanda gözlər önünə səririk.

Belə məqamlarda ən lazımsız, ən məzmunsuz və mənasız işlərlə məşğul oluruq: içimizdən günahkar axtarırıq. İllərdir fərqli fikir, fərqli düşüncə sərgiləyənlərin əzildiyini, həbsə atıldığını, ölkədən getməyə məcbur olduğunu gördüyümüz üçün, indi də cəmiyyət olaraq fərqli fikir səsləndirənləri linç etməyə, "satmağa" hazırıq. Biz belə görmüşük, belə öyrənmişik.

Son günlərin ən klişe söhbəti haqqında düşünürəm. Niyə müharibədə varlılar yox, kasıblar ölür?

Cəmiyyət hələ də nə istədiyini tam olaraq müəyyənləşdirə bilməyib. Ön cəbhədə şəhid olan əsgərlərə ağlayanların, "niyə kasıblar ölür?", "niyə villalardan şəhid cənazəsi çıxmır?" deyənlərin içərisində nə yazıq ki, pulla "hərbi biliet" alıb əsgərlikdən yayınanlar, sonuncu imkanını səfərbər edib oğlunu cəbhə bölgəsindən yayındıranlar, oğlunun daha rahat, daha kamfortlu hərbi hissələrdə xidmət etməsi üçün pul xərcləyənlər də var. "Vətən sağ olsun" yazıb şəhid şəkilləri paylaşanların əksəriyyəti ömründə bircə dəfə də olsun əlinə silah almayanlar, burnuna barıt qoxusu dəyməyənlərdir. Yəni ən kasıb vətəndaş da əlinə düşən imkanda varlılar kimi davranır. Bunun millətlə, xalqla əlaqəsi yoxdur, bu sadəcə kapitalizmin "təntənəsidir".

Son günlərin klişe sualları, klişe polemikaları:

– Niyə nazirlərin, imkanlı şəxslərin balaları döyüş bölgəsində xidmət etmir, niyə məmur övladları ölmür?

– Niyə villalardan şəhid cənazələri çıxmır?

Ümumiyyətlə, çox gözəl olardı ki, heç bir evdən, daxmadan, villadan, saraydan şəhid çıxmasın...

Qaldı ki, bu kişe sualların cavabına...zənnimcə bu sualların cavabını meydanlara çıxıb dünyanın ən böyük sosialist dövlətini yıxan, kapitalizmə qucaq açan atalarımızdan soruşmalıyıq.

Kapitalizm qurluşunda yaşayıb, varlıdan şəhid olmağı tələb etmək sadəcə absurddur.

Bu vətən torpağının üstündə başını soxmağa bir daxması olmayanlar, həm də şəhid olmağa hazır olanlar və bəlkə də potensial şəhidlərdir. Mal-mülk, var-dövlət, şan-şöhrət arxasınca qaçanların onsuz da problemi başından aşır. Qarabağ dərdi evsiz-eşiksizlərin, səfillərin, kasıbların – yəni bizlərin dərdidir.

Əlində Azərbaycan bayrağı olan uşaq, arxiv şəkli
© AFP 2020 / ILKIN HUSEYNOV

Yalnız itirməyə heç nəyi qalmayanlar qəhrəmanlıq sevdasına düşür. Qarabağdan yüzlərlə kilometr uzaqda, erməni ayağı dəyməyən rayonlarımızda belə bir qarış torpağın davasını edənlər, hektarlarla torpaq alıb sahiblənənlər, sadə kəndlini qul-kölə kimi çalışdırıb qazancını artıranların Qarabağ adlı dərdi yoxdur. Nə qədər acı da olsa Qarabağ biz kasıbların, evsiz-eşiksizlərin, quru canından başqa heç nəyi olmayanların dərdidir. Tək sərvəti övladı olan kasıbların müharibədə itirəcəyi də nə yazıq ki, yeganə sərvətləri – övladlarıdır.

Biz bunu hər addımbaşı görürür, başa düşür və dərk edirik.

Cəbhədən şəhid xəbərləri gəldikcə canımız yanır, çarəsizcəsinə qıvrılırıq. Əlimizdən heç nə gəlmədiyi üçün "Vətən sağ olsun" təsəllisi ilə özümüzü ovudub, göz yaşımızı silirik.

...Əlimizi sinəmizdə çarpazlayıb qara-qara düşünməkdənsə, bəlkə də bu həssas, ağrılı və üzüntülü günlərdə həmrəy, həmfikir olmaq lazımdır. Hər kəs əlindən gələni etməlidir. Öz daxilimizdə düşmən axtarmadan, heç kəsi qınamadan, heç kəsdən küsmədən, heç kəsi təhqir etmədən.

Vətəni sevmək üçün səbəb axtarmağa dəyməz, sadəcə bizim olduğu üçün sevə bilərik bu məmləkəti...

Əsas mövzular