CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğrunu nə itirən var, nə axtaran. Brejnevin vaxtı isə çoxdan gedib...

© Sputnik / Murad OrujovСилуэт человека
Силуэт человека  - Sputnik Azərbaycan
Abunə olmaq
Gərək boynumuza alaq: xırda oğurluğun səviyyəsi Azərbaycanda kifayət qədər yüksəkdir. “Dövlətindir, deməli, heç kimin deyil” yanaşması bu gün özünü işıq, qaz, su oğurluğunda göstərir. İnsanlar bunun heç oğurluq olduğunu qəbul etmirlər

Ukraynanın Odessa vilayətində iki altı yaşlı qız əldəqayırma tələyə düşərək ciddi xəsarət alıb. İlkin məlumata görə, qızlar həyətdə oynayan zaman nədənsə anbara girməyə qərar veriblər. Qızlardan birinin atasının oğrulara qarşı hazırladığı tələ işə düşüb. Qızlardan biri ayağından, digəri isə qarnından zədələnib. Hər iki uşağın atası bu zaman evin içindəymiş. Məsələ ilə bağlı istintaq aparılır.

Xırda oğurluqla məşğul olan şəxslər sadə evləri, mənzilləri güdərlər

Oğru ilə hamı bacardığı yolla mübarizə aparır. Kimi bu cür tələ qurur, kimi nəzarət kamerası quraşdırır, kimi də hündürlüyü 4 metrə qədər olan hasar tikir. Bahalı evlərin və varlı insanların müdafiə sistemləri daha mükəmməl olur. Hər oğru da qiyməti 100 min dollarlarla ölçülən mənzilə girməz, çünki ələ keçəcəyindən çəkinər.

Saat, arxiv şəkli - Sputnik Azərbaycan
Oğrular üçün vaxt niyə keçmir?

Ortabab insanın evində nə çox pulu, nə də qızılı olar, amma oğurluqdan əziyyət çəkən də elə özü olar. Xırda oğurluqla məşğul olan şəxslər sadə evləri, mənzilləri güdərlər. Birindən samovar aparar, digərindən velosiped oğurlayarlar. Xırda oğruları ən çox maraqlandıran sahibsiz qalan metal əşyalar, xüsusilə də tərkibində əlvan metallar olan əşyalardır. Mis, alüminium, sink, tunc və digər metallar həmişə onların diqqətindədir.

Xırda oğurluq və ziyanvericilik adi insanlara çox problem törədir. Deyək, həyətdə bir köhnə soyuducu var, anbarda durub. Hər gün istifadə edilmir, amma yayda, meyvə mövsümündə işə yarayır. Ya da qonaqlıq zamanı bir qədər artıq qalan məhsulları orada yerləşdirmək olur. Ev sahibi olmadığı müddətdə bu metal axtaranlar həyətə girib soyuducunun arxasındakı mis məftilləri kəsib aparırlar. İmkan olsa, hətta soyuducunun mühərrikini də götürərlər. O da pula gedər. Beləliklə, aparılan mallara görə 10-15 manat gəlir əldə edərlər. Amma ev yiyəsi xeyli ziyana düşər.

Mühərrik haradasa 50 manata, mis borular 20-25 manata başa gələcək. Üstəlik, freon boşaldığından onu yenidən doldurmaq lazımdır, usta xərci da haradasa 25 manat edəcək. Yəni 15 manata təhvil verilən metala görə kimsə 150 manat ziyana düşəcək. Bəzən köhnə soyuducuya görə 150 manat ödəmək istəməyənlərin daha bir problemi yaranır. Axı yararsız bir əşyaya çevrilmiş soyuducunu hələ həyətdən rədd eləməlisən. Bu da bir işdir. Heç nəyə yaramır.

Yeni velosipedə imkan yoxdur, polis əminin isə əlindən bir iş gəlmir 

Xırda oğurluqla gününü yola verənlərin bir çoxu həyatın dibinə yuvarlanmış insanlardır. Dolanışığı və yaşayış yeri olmayan, əyyaşlıq və narkomanlıq edənlərin günü xırda oğurluqda keçir. Bunları anlamaq üçün alim olmağa ehtiyac belə yoxdur, hər gün televizorda kiçik oğurluq üstündə həbs edilən onlarla insanı görürük. Bir dəfə tutulmur, iki dəfə tutulmur, üçüncü dəfə mütləq ələ keçir belələri.

Azəriqaz İB-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
"Yeni nəsil" oğrular qaz abonentlərini təhlükəyə atırlar

Rusiyada xırda oğurluq edən əyyaşlara qarşı bəzən ekstremal yola əl atan da olur. Belə bir hal olmuşdu, bağ evində ortalıqda duran araq şüşəsinə zəhər qatan bir nəfəri hüquq-mühafizə orqanları məsuliyyətə cəlb etmişdi, çünki qanun hətta oğruya münasibətdə humanist yanaşma tələb edir. Evə oğurluğa gələn şəxs araqdan içib zəhərlənmişdi, bunu isə etmək olmaz.

Xırda oğrular həm də cəmiyyətə psixoloji zərbə vururlar. Birtəhər pul toplayıb uşağa bir velosiped alırsan. Hətta ən ucuz ortabab uşaq velosipedi 100 manatdır. Uşaq sürür, sonra binanın aşağısındakı zirzəmidə gizlədirsən. Günlərin bir günü velosipedi oğurlayırlar. Yəni həm kilidi qırıblar, həm də velosipedi aparıblar. Hadisə yerinə gələn polis də çiynini çəkir - kiçik oğurluqdur da... Hətta şikayət ərizəsi yazan şəxsə məlumat xarakterli ərizə yazmağı təklif edir, çünki əks halda, polis idarəsinə gəlib-getməli olacaq. Bir çoxu da razılaşır. Həm polis razı qalır, çünki üstü açılmamış cinayəti olmur üstündə, həm də şikayətçi. Düşünür, polisə gedib-gəlməkdənsə, elə oğurluq velosipedi unutsan, yaxşıdır. Amma velosipedi oğurlanmış uşaq psixoloji travma alır, bilmir nə etsin, yeni velosipedə imkan yoxdur, polis əminin isə əlindən bir iş gəlmir. 

Ənənə itir, yəni “ayıbdır”, “oğurluq etmək günahdır” kimi anlayışlar aşılanır

Gərək boynumuza alaq: xırda oğurluğun səviyyəsi Azərbaycanda kifayət qədər yüksəkdir. Bu özü olduqca qəribə görünür. Arazın o tayında yaşayan həmvətənlərimiz nədənsə özünə məxsus olmayan heç nəyi götürməzlər. Bir çantanı unudub küçədə qoyub getsən, bir neçə saat sonra onu elə həmin yerdə taparsan. Küçədə kimsə nəyisə unutsa, uzaqbaşı bu əşyanı polisə verərlər. Bizdə isə kameranın işlədiyi marketdə unutduğumuz əşyanı kimsə götürüb aparır.

Köhnə kişilər hələ ötən əsrin ortalarında eyni vəziyyətin elə Bakıda da müşahidə olunduğunu deyirlər. Yəni 1960-cı illərdə mərkəzi “Passaj” bazarında alış-veriş edəndən sonra əlindəki paketləri heç kimə tapşırmadan bir küncə qoya bilərdin, heç kəs dəyməzdi. Ayıb sayılardı.

İşığın tarifləri gecə və gündüzə görə dəyişəcək - bəs oğurluq necə olacaq?!>>

Bu gün isə məişət oğurluğu dayanmadan artır. Bunun kökündə bir çox səbəb dayanır. Bir tərəfdən ənənə itir, yəni “ayıbdır”, “oğurluq etmək günahdır”, “böyük-kiçik var, görən olar” kimi anlayışlar aşılanır. Təlim-tərbiyə sistemi fərli işləmir deyə “harada əlinə nə keçdisə, qapazla” prinsipi irəli çəkilir. “Halal nədir, haram nədir” anlayışlarını gərək uşaqlıqdan təbliğ edəsən, yoxsa sonra gec olacaq. Qonşu İranda elə islam mədəniyyəti yerində durub deyə heç kimin başqasının toyuq-cücəsinə, ya da uşağının velosipedinə gözü düşmür. Həm də cəzası ağırdır, bir dəfə keçərlər, iki dəfə keçərlər, üçüncü dəfə əli kəsərlər. Müasir dövrdə bu cəza az-az tətbiq edilir, amma oğurluqdan əl çəkməyənin əlini kəsə bilərlər.

Xırda oğurluğun kökündə hələ Brejnev dövründən formalaşmış pis vərdişlər durur

Dünyanın bir çox ölkəsində əl kəsmək cəzası olmasa da, xırım-xırda oğurluq etmək ənənəsi yoxdur. Məsələn, Hollandiyada velosiped oğurluğu heç mümkün deyil, hər tərəf başdan-ayağa velosipeddir, lazımdırsa, sür, sonra gətirib yerinə qoya bilərsən. Alman da oğurluq etməz, xüsusilə də xırda oğurluq. Bəlkə, vergidən yayınar, amma qonşunun qapısına qoyulmuş qəzeti aparmaz, ya da başqa əşyanı.

Azərbaycandakı xırda oğurluğun kökündə həm də hələ Brejnev dövründən formalaşmış pis vərdişlər durur. Yəni sovet imperiyasının son dövründə insanlarda belə bir fikir formalaşmışdı: kimdənsə oğurlamaq günah işdir, amma dövlətdən oğurlamaq olar, çünki dövlətindirsə, deməli, heç kimindir, daha doğrusu, hamıya məxsusdur. Zavodda işləyən fəhlə evinə gedərkən kiçik bir əşya aparmağı qənimət bilirdi. Bir aləti, dəmir parçasını, fəhlə geyimini daşımaq olardı.

Haşiyə: O dövrlə bağlı eşitdiyim bir əhvalat həmin dövrün ab-havasını əks etdirir. Bakıda tikintidə çalışan bir erməni usta hər gün evə gedərkən özü ilə bir kərpic apararmış. Bu apardığı kərpiclə hətta özünə bir ev də ucaltmağa başlayır. Bunu görən azərbaycanlı rəis deyir, a kişi, bu nə kərpic daşımaqdır, əgər ehtiyacın varsa, gəl, sənə bir maşın kərpic verim, evini tik. Usta deyir, yox, elə yaramaz, mənə hər gün evə apardığım bu kərpic daha şirindir. Belə münasibət o dövr üçün çox normal sayılırdı.

A kişilər, belə olmaz, nə dövlətdən, nə başqa insandan nəyisə oğurlamaq olmaz

“Dövlətindir, deməli, heç kimin deyil” yanaşması bu gün özünü işıq, qaz, su oğurluğunda göstərir. İnsanlar bunun heç oğurluq olduğunu qəbul etmirlər. Xətlərə qoşulub havayı istifadə edirlər. Hətta ölkədə bu işə görə cinayət məsuliyyəti olsa da, hələlik heç kimə iş kəsilməyib. Bəzən süjetləri televiziyada da izləyirik, guya kimsə su xəttinə özbaşına qoşulub və bu xətləri kəsirlər. Əslində, həm su idarəsinin xəbəri var, həm də bu işə qol qoyanın. Su havayıdır, dövlətindir, deməli, oğurlamaq olar.

Перчатка с лого UFC, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Oğrunu döyən qızı UFC-yə işə götürdülər - VİDEO

Vaxtilə zavod, fabrik və digər yerlərdən nəsə daşıyanlardan artıq yeni nəsil törəyib, onlar da imkan daxilində əllərinə keçəni oğurlayırlar. Bir deyən yoxdur, a kişilər, belə olmaz, nə dövlətdən, nə başqa insandan nəyisə oğurlamaq olmaz, bu haramdır, buna görə adama iş də kəsilə bilər, o dünyada da cəhənnəm əzabı gözləyir. Hətta gedib bazarda günəmuzd işləyən birisini gətirirsən, iş verirsən, yedirib-içirirsən, sonra baxırsan, gedəndə çəkicini, belini götürüb aparıb. Bir müddət sonra həyətini də başqa oğrulara tanıtdırıb. Hər şeyi daşıyıb aparıblar.

Əslində bu gün həm təlim-tərbiyə sistemində, həm insanların şüurunda bir ciddi dəyişikliyə ehtiyac var. Həm bu barədə danışmalıyıq, həm yeni nəsli başqa ruhda tərbiyə etməliyik, həm də bu bəlanın qarşısını almaq üçün nəsə tədbirlər görməliyik. Xırda oğurluqdur deyə polis bunu ciddiyə almır. Amma əlvan metal hara təhvil verilir? Əlbəttə, qəbul məntəqəsinə. Deməli, bu istiqamətdə işləmək lazımdır. Kimsə əyyaşlıq səbəbindən qonşusunun məftilini kəsib aparırsa, deməli, bu bəlanın müalicəsi üçün səhiyyə ocaqları yaratmalıyıq. Axı, polis həbs etdiyi narkoman və ya əyyaşı aylarla şöbədə saxlaya bilməz, ya harasa yönləndirməlidir, ya cinayət işi qaldırmalıdır. Bu insanları cəzalandırmaqdansa, ilk növbədə müalicəyə yönləndirmək lazımdır. Oğurluğu yaradan sosial səbəbləri aradan qaldırmaq, xəstəliyi olan insanları isə müalicə etmək lazımdır.

Kompleks tədbirlər olmasa, elə xırda oğurluq, kiçik hüquq pozuntularının bataqlığında itib-batacağıq.

Xəbər lenti
0