16:26 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
YAZARLAR
Qısa URL
11820

Belçika Palatası 30 ildir öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlılarla bağlı hansısa qətnamə qəbul etmişdimi? Avropalı parlamentarilərin ermənilərə qarşı bu canıyananlığı nədən qaynaqlanır?

“Azan” ermənilər

Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə qalmış bəzi erməni silahlı birləşmələrinin ordumuza hücum etməsindən sonra onlara dərs vermək lazım gəldi və bu missiyanı DTX həyata keçirdi. Xidmət antiterror əməliyyatı ilə Ermənistanın təbirincə desək, meşədə “azmış” erməniləri düz yola gətirdi, silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürüldü.

Bundan sonrakı dönəmdə sülhməramlıların üzərinə böyük yük düşür. Onlar təkcə hərbçi kimi yox, həm də diplomat kimi davranmağa məcburdurlar. Çünki tərəflərdən birinə qarşı ən adi sıcaq davranış belə digər tərəfdə qıcıq yaradacaq.

İrəvan isə tərpənir – Paşinyanın istefasını tələb edən kütlə böyüyür. 44 günlük müharibədə cəbhədən qaçmaq üçün “koronaya yoluxmuş” gənclər indi İrəvanın mərkəzində qan-qan deyirlər. Bu arada erməni mediası Paşinyanın 31 dekabrda istefa verəcəyini anons edir.

Avropa deqradasiyası

Belçika Nümayəndələr Palatası Ermənistanla münaqişəyə görə Azərbaycanı qınayan qətnamə layihəsi qəbul edib. Qətnamə layihəsində “Azərbaycanın Qarabağdakı yeni düşmənçiliyi” pislənilib, Belçika hökuməti “müharibədən zərər görən ermənilər”ə kömək etməyə, “müharibə cinayətləri”ni izləməyə və atəşkəs rejimini qorumaq üçün bir sıra tədbirlər görməyə çağırılıb.

Bundan öncə Fransa və Niderland kimi ölkələrdə də oxşar sənədlər qəbul edilmişdi.

Bu sualları dəfələrlə təkrarlamaq artıq deyil: Belçika Palatası 30 ildir öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlılarla bağlı hansısa qətnamə qəbul etmişdimi? Avropalı parlamentarilərin ermənilərə qarşı bu canıyananlığı nədən qaynaqlanır? Hər kəs münaqişənin beynəlxalq hüquqlar çərçivəsində həllini arzulamırdımı? Parlamentarilərin qarnının ağrısı nədir? Bütün bu sualların bir cavabı var – erməni diasporunun əsirinə çevrilmək!

Pomidor müharibəsi?

Həftənin ən yaddaqalan hadisələrindən biri Rusiyanın Azərbaycandan pomidor idxalını dayandırması idi. Doğrudur, sonradan bu qərara düzəliş edildi. Şimal qonuşumuz bəzi şirkətlərdən pomidor alışını bərpa etdi, ancaq sual qüvvəsini itirmədi: bu qərar niyə verilmişdi?

Bəzi təhlilçilər bu qadağaya Bakı-Ankara əməkdaşlığının yeni fazaya daxil olmasına şimaldan gələn reaksiya kimi baxırlar. Rusiyanın ticari münasibətlərdə siyasi mesajı ifadə etməsi ənənəsi qeyd edilir: bu baxımdan ayrı-ayrı illərdə Gürcüstandan şərab, meyvə və mineral su məhsuluna, Moldovadan şərab məhsullarına, Ukraynadan şokolad-konfet məhsuluna, Belarusdan süd məhsullarına müxtəlif növ qadağaları xatırlamaq olar.

Amma indiki vəziyyətdə qadağanın bir neçə günə aradan qaldırılması qərarın siyasi mahiyyət kəsb etmədiyini göstərir. Hər halda, ümid edək ki, belədir.

Rusiyanın Rosselxoznadzor qurumu qərarın "zərərvericilərin müəyyənləşdirilməsi" səbəbindən verildiyini açıqlayıb.

Şuşanın bərpası

Bu həftə Prezident İlham Əliyev Şuşa şəhərinin bərpası ilə bağlı tapşırıq verdi. Bununla bağlı işçi qrup artıq yaradılıb. 

Azərbaycanın Şuşada cənnət yaradacağına indidən əmin ola bilərik. Mədəniyyət paytaxtımız Qafqazın gözü olacaq. Bir neçə il sonra Şuşanın bölgədə ən çox turist qəbul edən şəhərlərin sırasında liderlər arasında olacağı da şübhə doğurmur.

Bütün Qarabağa həyat, insanların təbəssümü, uşaqların gülüşü qayıdacaq. Bərpa işlərində yerli şirkətlərlə yanaşı, dost ölkələrin şirkətləri də iştirak edəcək. Türkiyənin ardınca İtaliya şirkəti ilə “Azərenerji”nin ötən həftə imzaladağı müqavilə də bunu göstərir. Türkiyə, İtaliya, Pakistan kimi ölkələrin – özünü münaqişənin davam etdiyi illər ərzində dost kimi, beynəlxalq hüquqa sadiq ölkə kimi aparan ölkələr bərpa işlərində, ümumiyyətlə regional əməkdaşlıqda iştirak edəcəklər.

Mxitaryan isə özünə Vardenisdə-filanda villa tikə bilər, onun Şuşadakı villasının divarlarında Azərbaycan əsgəri “Yaşma”, “Şəki”, “Sumqayıt”, “Kotej”, XTQ və s. kimi yazılar yazıb, gəlib görsə, ürəyi ağrıyacaq. Paşinyana isə daha villa lazım olmayacaq. İrəvanda baş verənlər belə deməyə əsas verir.

Amerikansayağı ədalət

ABŞ özünü dünyada sülh və ədalətin bərqərar olunmasının təminatçısı kimi aparır. Amma buna dünyanın harasında nail olduğu ilə bağlı konkret faktlar xatırlamaq çətin olar.

Ötən həftə Türkiyəyə qarşı Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı tətbiq olunan sanksiyalar, yumşaq desək, qərəzin ifadəsidir. Birincisi, sən buna uyğun raketləri satmaqdan dəfələrlə imtina etmisən, ikincisi, axı başqa NATO ölkələrinin də Rusiya silahları alması faktları var (məsələn, Yunanıstan) - bəs onda niyə susurdun?!

Olsun! Böhran bəzən inkişafı stumullaşdırır: ABŞ-ın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyənin özünün yeni qırıcı təyyarələr istehsal etməsini təşviq etmişdi. “Bayraktar” dronlarının  istehsalı da eyni münasibətdən sonra baş vermişdi. Hansı ki, bu dronların İkinci Qarabağ müharibəsində, sözün yaxşı mənasında, nə oyun çıxardığını gördük.

Nəhayət, vaksin!

Bəli, nəhayət, dünya vaksinasiyaya başlayır. Bir çox ölkələr peyvəndləmə üçün son hazırlıqlar mərhələsindədir. Azərbaycanda vaksinasiya növbəti ilin əvvəlində, könüllü əsaslarla, dövlət hesabına aparılacaq.

Ümid olunur ki, peyvəndləmə bizi xilas edəcək. Amma yeni sürprizlər də proqnozlaşdırılır. Məsələn, Günəşdə baş verən partlayışlar nəticəsində son 300 ildə ən güclü maqnit fırtınası baş verir. Həftə ərzində planetimizə beş asteroid yaxınlaşacağı da deyilmişdi. Yaponiyanın Koçi prefekturasında quş qripi qeydə alınıb. Bu, ölkədə xəstəliyin son bir ayda aşkar edildiyi 11-ci bölgədir. Cənubi Afrika Respublikasında isə koronavirusun yeni növü aşkarlanıb.

Dələduzlar

Ağlımıza dələduzluğun ən innovativ formaları gəlir. “YAŞAT” Fondunun adından sui-istifadə edərək pul toplamaq məqsədi ilə sosial şəbəkələrdə vətəndaşlara çağırışlar edən şəxs saxlanılıb. Xəlil Quliyev adlı şəxs əvvəlcə “Instagram” sosial şəbəkəsində “YAŞAT” Fondunun rəsmi hesabına oxşar özünə məxsus səhifə yaradıb və səhifədə şəxsi kart hesablarını yerləşdirib, şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayıb.

Hətta bu qədər həssas dönəmdə, şəhid və qazilərə yardım kampaniyalarından qazanc əldə etmək istəyən adamlar üçün də orden və medallar təsis edilməli, onları taxmağı maska taxmaq kimi məcburi etmək lazımdır, qoy xalq qəhrəmanını tanıdığı kimi, belə ünsürlərini də tanısın.

Və sonda babamdan bir sitat: “Şikilsiz adamdan şikilsiz iş çıxar”.

Müxtəlif cinayətlər törətmiş adamların fotolarına diqqətlə baxın, çox nadir hallarda onların hansınınsa üzündə bir misqal nur tapa bilərsiniz.

Teqlər:
vaksinasiya, ABŞ, Türkiyə, "S-400" zenit-raket kompleksi, qətnamələr, Avropa, antiterror əməliyyatı, DTX, ermənilər, Şuşa, Azərbaycan, Qarabağ

Əsas mövzular