18:23 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
YAZARLAR
Qısa URL
32220

Bəs, oxucuları, həmkarları Ramiz Rövşəndən niyə igidlik, qəhrəmanlıq gözləyir? Niyə onun verilən hədiyyədən imtina etməsini, ya da hədiyyəsini kiminləsə bölüşməsini arzulayırlar? Gəlin sizə, qəbul etməkdə çətinlik çəkəcəyiniz bir sirri açım.

Bu günlərdə xalq şairi Ramiz Rövşənin 74 yaşı tamam oldu və ölkə başçısı şairə yeni mənzil hədiyyə etdi. Səhv xatırlamıramsa, bu dövlətin möhtərəm şairə hədiyyə etdiyi ikinci evdir.

Ölkəmizdə incəsənət adamlarına mənzil hədiyyə etmək çoxdandır ki, ənənəyə çevrilib.
Bu tendensiyanın müsbət və mənfi tərəflərindən danışmaq fikirində deyiləm. Dövlət hədiyyə edir, incəsənət adamları da bu hədiyyələri qəbul edib, təşəkkür edirlər. Bu məqamda anlaşılmayan heç nə yoxdur. Hədiyyəni həm verən, həm də qəbul edən bu prosesdən məmnundursa, bizə bu prosesdən narazı qalmaq düşməz. Ramiz Rövşənin də ahıl yaşında növbəti dəfə evlə mükafatlandırılması, şəxsən məni qətiyyən narahat etmir. Bəzi oxucuları, sevənləri onu qınasa da, mən şairi qətiyyən qınamıram. Onun verilən hədiyyədən imtina etməli olduğunu düşünmək kimi qəflətə də qapılmıram.

Sadəcə uşaqkən, Ramiz Rövşəni mitinq tribunalarında görəndə, müxalif cəbhədə olduğu dönəmlərdə, deputatlığa namizəd olduğu ərəfələrdə ondan gözləntilərim vardı. Böyüdükcə, dərindən müşahidə etdikcə və şəxsən tanıdıqdan sonra anladım ki, yanılmışam. Hazırda şair Ramiz Rövşəndən narazı oxucularının arzuladığı kimi qeyri-adi addımlar gözləmirəm. Çoxları kimi, Ramiz Rövşənin hədiyyə aldığı mənzili hansısa şəhid ailəsinə, qaziyə bağışlamasını da ummuram. Şəhid ailəsinin, savaş qazisinin qayğısına dövlət qalmalıdır, qayğıya ehtiyacı olan şair yox.

Ramiz Rövşən xalqın sevdiyi şairdir, kütlənin dilində danışa bilən intellektualdır. Cəmiyyət üçün lazımlı və faydalı ziyalıdır. Bunu ağlı kəsən hər kəs bilir. Bəs illərlə niyə insanlardan uzaq qalmışdı? Mən inanmıram ki, Ramiz Rövşən qaçırdı, gizlənirdi. Tədbirlərdə də, efirdə də onun danışmağa, oxucularla ünsiyyətə girməyə necə təşnə olduğunu gördük. Məncə qocaman şairimizə şərait yaradılsa, digər həmkarları kimi o da efirlərdən düşməz və yeri gəlsə öz çıxışları ilə faydalı da ola bilər. Sadəcə yaratdığı, oynadığı obrazın arxasınca düşüb, illərlə bu nisgilini qəlbində gəzdirib. Ramiz əfəndinin alqışa, təqdirə, tərifə hamıdan çox ehtiyacı var. Buna qocaman şairin bir oxucusu kimi əminəm.

Yığcam dost məclislərində də müşahidə etmişəm, Ramiz Rövşən bilgilərini, oxuduqlarını, gördüklərini ballandıra-ballandıra danışmağı sevir, ətrafdakı insanlara böyük şair olduğunu isbat etməyə çalışır. Yəni, Ramiz Rövşən zərrə qədər təvazökar insan deyil. Bəlkə də buna da haqqı var. Çünki yaradıcılığının ilkin dövründə onun şeirlərinə aşiq olanların nəvələri də bu gün Ramiz Rövşən oxuyur.

Bəs, oxucuları, həmkarları Ramiz Rövşəndən niyə igidlik, qəhrəmanlıq gözləyir? Niyə onun verilən hədiyyədən imtina etməsini, ya da hədiyyəsini kiminləsə bölüşməsini arzulayırlar? Gəlin sizə, qəbul etməkdə çətinlik çəkəcəyiniz bir sirri açım. Ramiz Rövşən xalqın sevimlisi olsa da, xalqın yanında olmayan adamdır. Buna adım kimi əminəm. Hər dövrdə özünə elit “kruq” tapmış bu adamı, indiyəcən hansısa ucuz kafedə kasıb məclisində görmüsünüzmü? Və yaxud ustad şairin indiyə qədər bir nəfər də olsun gənc şairin, gənc istedadın arxası, həyanı olduğunu, hansısa kasıb həmkarına öz imkanları, tanışları hesabına dəstək olduğunu duymusunuzmu? Şəxsən mən eşitməmişəm.

Ramiz Rövşənin taleyi elə gətirib ki, ta gəncliyindən onun sevilməsi üçün dəridən-qabıqdan çıxan adamlar olub. Onun eyni dönəmdə təhsil alanlardan eşitmişəm, “Ramiz mifi” təsadüfən yaranmayıb. Onun hətta yazmadığı şeirləri də tərifləyən təbliğatçıları varmış. Sonradan uzun illər Ramiz Rövşənin kölgəsində itib-batan onlarla məddahı olub, bu gün də var. Bütün bunlar bu yazının mövzusu olmasa da, sadə məsələlər deyil.

Xalqın sevimlisi olan şairimiz müstəqillik dövründə də ölkə rəhbərlərinin qayğısıyla əhatə olunub, məclis yoldaşları da hər zaman ya maddi imkanı ilə fərqlənən insanlar, ya da özü kimi xalqdan qopuq yaşayan intellektuallar olub.

Dilənçinin ovcuna pul qoymaqdansa, icazə alıb əlindən öpmək istəmək, məncə hər şeyi deyir. Bu saxta aristokratlıqdır.

Bütün yazdıqlarıma rəğmən, mən yenə də Ramiz Rövşənə olan xalq sevgisini, oxucu rəğbətini başa düşməyə çalışıram. Müşahidələrimə əsasən deyə bilərəm ki, xalqa yuxarıdan aşağı baxan ziyalılara, xalq çox vaxt heyranlıq duyur. Bu təfəkkürü anlamağı isə, yenə də xalqın özünə buraxaq lazımdır. Nə olur olsun, xalq şairini, yazıçısını sevməkdə azaddır.

Ramiz Rövşən yaşının, şöhrətinin elə bir çağındadır ki, onu qısqanmağım, paxıllıq etməyim absurd olar. Belə düşüncədə olanlar yanılmasınlar. Artıq onu bir şair kimi sevmədiyim, doğrudur. Onu sevənləri qınamaq fikrindən də uzağam. Sadəcə sağlığında onun haqqında düşündüklərimi yazmaq arzumu boğa bilmədim. Qocaman şairlə ortaq dostlarımız, tanışlarımız çoxdur, onların qınağını, sevənlərin təhqir və təhdidini də gözə alaraq, bu yazını yazdım ki, həqiqətlər az da olsa gün işğına çıxsın. Ramiz Rövşənin nüfuzuna, şöhrətinə bəndeyi-həqirinizin fikirlərindən bir xələl gəlməz. Çünki, artıq Ramiz əfəndinin tənqidləri də xor gördüyü inancım sabitdir.

Və sonda qocaman şairə səmimi qəlbdən uzun ömür, sağlamlıq arzulayıram.

Teqlər:
Azərbaycanın xalq şairi, xalq şairi

Əsas mövzular