Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Əsgər ailələri

© AFP 2023 / ILKIN HUSEYNOVАзербайджанский мальчик машет национальным флагом, фото из архива
Азербайджанский мальчик машет национальным флагом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
44 günlük Vətən müharibəsində o qapılar, o pəncərələr arxasında neçə-neçə analar dualar oxudu, neçə körpə qapı zəngindən diksindi...

Savaşa səfərbər olan bütün əsgərlərimizin ailələrinə sayğı və ehtiramla...

Onlar həyatını bu vətən, bu el üçün fəda etməyə hazır olan, bəzən də fəda edən insanlardır.

Bir əmr gələr, silahını, ən vacib əşyalarını götürüb ən öndəki səngərə qaçar.

Bir fərman çıxar, ən doğmalarına doyunca sarıla bilmədən, əmrə müntəzir göndəriləcəyi yeri gözləyər.

***

Bir komanda verilər:  sıldırım qayalara dırmanar, yoxuşlara, keçilməz yollara vurar özünü.

Arxada yolunu gözləyən gözlər yollara, qapılara, pəncərələrə dikilər.

Əsgər əmrə müntəzir, vətənə görə canından keçmək üçün səfərbərdir.

Canından keçmək üçün müsəlləh olan əsgərin yolu, amalı, məqsədi bəllidir.

Əsgər vətənə görə ölmək və öldürmək üçün bu yola çıxdığının fərqindədir.

Ancaq qapılara, pəncərələrə dikilən gözlər yığılmaz yollardan...

***

Rütbəsi, vəzifəsi nə olursa-olsun, növbəti əmrə qədər, əsgər ilk əmrə, ilk komandaya müntəzirdir.

Ona bu vətən üçün savaşmaq əmr olunubsa, savaşmalıdır.

Yaşı neçə olursa-olsun, onun çiyinlərində vətən boyda məsuliyyət var.

Yolu nə qədər uzaq olsa da, arxada mütləq yolunu gözləyən var.

Anası, atası, bacısı, övladı, sevgilisi, qadını, qonşusu, qohumu yoluna baxar əsgərin.

Əslində sadəcə doğmaları deyil, bütün el, oba öz əsgərinin yolunu gözləyər.

***

44 günlük Vətən Müharibəsində o qapılar, o pəncərələr arxasında neçə-neçə analar dualar oxudu, neçə körpə qapı zəngindən diksindi...

Biz bilmədik, hiss edə bilmədik çoxunu.

Hələ gizli-gizli ağlayan sevgililər, gözü telefonda qalanlar oldu ...

Hər düşmən gülləsi atılanda yol gözləyənlər də vurulurdu qəlbindən.

Hər şəhid xəbərində qor düşdü, atəş düşdü əsgər evlərinə.

Döyüşlər bitənədək korun-korun yanıb, tutuşan evlər oldu.

Və yanğın yerinə döndü əsgər yurdları, əsgər evləri...

***

Məmləkətin ən hüznlü, ən kövrək yeriydi əsgər evləri.

Övladının qoxusuna doymadan can verənlər, ana qayğısına tamarzı vurulanlar oldu.

Qəlbimiz onlarla döyündü, onlarla bir olduq, birlik olduq.

Ancaq heç birimiz anlaya bilməzdik əsgər ailəsinin əndişəsindən.

Hamıdan çox onlar yandı, hamıdan çox onlar üzüldülər.

Bir daha qapısı döyülməyəcək ailələr qaldı savaşdan geriyə.

Ömürlük hüznə bürünmüş, qürurla başını dik tutan atalar qaldı.

Analar qaldı, göz yaşı qəlbinə axan, sevgililər qaldı “yar köksünə baş qoymayan”.

Bir daha ata deyə bilməyəcək övladlar qaldı, heç vaxt ata ola bilməyəcək ərlər öldü...

***

Əsgər doğulmaq, qismətinə şəhidlik yazılmaq, vətən üçün candan keçmək qürur duyulacaq taledir.

Əsgər ailəsi olmaq isə qürurlu olduğu qədər də hüznlüdür...

Bu vətənin yükünü daşıyan əsgərin, bu vətən boyda ailəsi olmalıdır.

Bu vətən üçün əlinə silah alan hər kəsin ailəsi olmağı bacarmaqdır vətəndaş olmaq.

***

İndi əlimizdən gəldiyi qədər yuvasına atəş düşmüş o müqəddəs ailələrə həyan olmaqdır borcumuzdur.

Başını dik tut, əsgər ailəsi!

Başını dik tut, Vətən!

Vətəni qorumaq üçün canından keçənlərin yadigarlarına sahib çıxmaq bu vətənin borcudur!

Bizi qorumaq üçün gülləyə sipər olanlara borcumuz bir ömür boyu bitməz!

Tək şəhid ailələrinə deyil, bizim üçün döyüşən bütün əsgər ailələrinə borcluyuq.

Onlar olmasa biz olmazdıq!

Biz sizə borcluyuq, Azərbaycan əsgəri!

Biz sizə borcluyuq, əsgər ailələri!

Xəbər lenti
0