07:23 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
YAZARLAR
Qısa URL
11410

Hələlik xilas üçün yeganə yol fərdi məsuliyyətdən – 3 qızıl qaydaya əməl etməkdən keçir. Xəstəliyin yayılma arealını məhdudlaşdıra bilən ölkələr bu nəticəyə yalnız əhalinin məsuliyyətli davranışı ilə nail ola biliblər.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.

“Dəmir yumruğ”un paradı

Zəfər yürüşünü uğurla tamamlayan Azərbaycan əsgərinin bu həftə Bakıda – Azadlıq meydanında qələbə paradı baş tutdu. Bu parad yalnız hərbi məsələ deyildi, ciddi siyasi mesajlar ifadə edirdi. Texniki detallar ordumuzun gücünü, düşməni nə kökə saldığını göstərirdisə, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarında bölgənin gələcək inkişaf proqramına dair yol xəritəsinin ştrixləri var idi.

Regionda beştərəfli əməkdaşlıq formatı formalaşır, Ermənistan ağlını başına yığaraq bu platformaya çıxa bilər. Ancaq bu ölkənin müxalifət namizədi Vazgen Manukyan hələ “Türkiyə və Azərbaycana qarşı ittifaq yaratmaq”dan dəm vurur. Amma sual yaranır - “Nəylə, Əliş?!” Və ya məşhur filmimizdə deyildiyi kimi: “Kimi götürüm, bəy?!”

Rasional düşünən heç bir ölkə axına qarşı üzmək istəməyəcək.

Qara zolaq

Bəli, Ermənistan üçün “qara zolaq” davam edir. İllərdir iqtisadi cəhətdən iflas edən ölkə hərbi meydandakı ağır məğlubiyyətdən sonra kapitulyasiya aktı ilə diplomatik məğlubiyyətini də rəsmiləşdirdi. İndi isə ölkədə daxili siyasi xaos dərinləşir. Paşinyanı min bir arzu ilə baş nazir postuna gətirmiş erməni xalqı indi ondan getməsini tələb edir. “Demokrat” Paşinyan isə “əzələ nümayişi”nə keçib. Artıq Yerevan küçələrində helikopter və tanklar gözə dəyib.

Bu arada ötən gün üçtərəfli bəyanatdan sonra atəşkəs ilk dəfə pozulub. Görünür, Hadrut meşələrində qalan erməni yaraqlıları elə bilirlər ki, “yenilməz erməni ordusu” hələ müqavimət göstərir...

Ol dəxi bizim birimiz

Belə görünür ki, koronavirus uzun müddət bizimlə qalacaq. Bir neçə ay öncə xəstəliyə inanmayanlar ona yoluxanlardan dəfələrlə çox idi. İndi isə yəqin ki, ona inanmayanlar Günəşin olmadığına inananlar qədərdir.

Dünyanın peyvənd axtarışları davam edir. Doğrudur, Rusiya, Çin, ABŞ kimi ölkələr bəzi tapıntılarının sınaqlarına başlayıb, amma heç kim mütləq nəticəyə əmin deyil. Baxmayaraq ki, ABŞ-ın seçilmiş prezidenti Co Bayden işə başladıqdan sonra ilk 100 gün ərzində koronavirusla bağlı vəziyyəti yaxşılaşdıracağına söz verib.

Hələlik xilas üçün yeganə yol fərdi məsuliyyətdən – 3 qızıl qaydaya əməl etməkdən keçir. Xəstəliyin yayılma arealını məhdudlaşdıra bilən ölkələr bu nəticəyə yalnız əhalinin məsuliyyətli davranışı ilə nail ola biliblər.

Bu arada Suraxanı rayonunda yerləşən “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısı polis tərəfindən alınıb. Toy mərasiminin təşkilatçısı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.

...Və ölkəmizdə hər gün xəstəlikdən ölənlərin sayında rekord yenilənir.

Su müharibələri?

“Wall Street”də qızıl, neft və digər mallarla birlikdə su da satılmağa başlanıb. “RBC Capital Markets”in idarəedici direktoru və analitiki Dina Drey iqlim dəyişikliyi, quraqlıq və əhali artımının su çatışmazlığı, həmçinin su qiymətlərinin gələcək illər üçün “qaynar mövzu” olacağını deyib.

Bəli, hazırda iki milyard insan su problemi olan ölkələrdə yaşayır və dörd ildə dünyanın təxminən üçdə ikisinin bu qaynaq çatışmazlığı ilə qarşılaşa biləcəyi ehtimal edilir.

Və artıq dünya ölkələri su hövzələri uğrunda mübarizəyə başlayıb. III Dünya müharibəsinin məhz içməli su qaynaqları uğrunda baş verəcəyini ehtimal edənlər indi olduqca haqlı görünürlər.

Qeyri-tolerantlar

ABŞ dini etiqad azadlığını pozan ölkələrin siyahısını açıqlayıb. Tacikistan və Türkmənistan ABŞ-ın “davamlı olaraq dini etiqad azadlığını pozanlar”ın siyahısına daxil edilib. Siyahıya Birma, İran, Çin, Şimali Koreya, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı və Eritreya da daxil edilib.

Ermənistanın yeri məlum. Bu monoetnik ölkə islama aid bütün abidələri dağıdıb, alban kilsələrini erməniləşdirib, məscidlərdə donuz saxlayıb və s. Yəqin, beynəlxalq müşahidəçilərin Qarabağa səfəri təşkil edildikdən sonra tükləri biz-biz duracaq.

Öz evimizə gedirmiş kimi

Ötən həftə Türkiyə və Azərbaycan arasında imzalanmış sazişə əsasən, iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala biləcəklər.

Beləliklə, iki ölkə arasında gediş-gəlişin sıxlaşacağı, turist səfərlərinin artacağı gözləniləndir.

2019-cu ildə Azərbaycana 316628 Türkiyə vətəndaşı səfər edib. 2018-ci illə müqayisədə 8,6 faiz artım qeydə alınıb. Eləcə də Azərbaycana səfər edən xarici vətəndaşların sırasında Türkiyə Rusiya və Gürcüstandan sonra üçüncüdür.

Pandemiya aman versə, bu sırada Türkiyənin ilk yerə qalxmaq ehtimalı böyükdür. Buna səbəb təkcə son saziş olmayacaq. Möhtəşəm qələbə, türk şirkətlərinin ölkəmizdə artacaq fəaliyyəti və ölkə iqtisadiyyatına qoşulacaq yeni turizm bölgələri Azərbaycana marağı artıracaq.

"Facebook" monopoliyası

ABŞ Federal Ticarət Komissiyası və ölkənin 48 əyaləti “Facebook”a qarşı iddia qaldırıb. “Təxminən on ildir ki, “Facebook” hökmranlığından və inhisar gücündən kiçik rəqibləri əzmək üçün müntəzəm sosial şəbəkə üzvlərinin hesabından istifadə edib”, - deyə Nyu-York Baş prokuroru Laetitia Ceyms bildirib. Onun sözlərinə görə, şirkət “Facebook”un bazarda hökmranlığının təhlükəyə düşə biləcəyindən ehtiyatlanaraq rəqiblərini əldə etmək üçün böyük miqdarda pul xərcləyib. Qeyd edək ki, “Facebook” “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara, “Instagram”ı 2012-ci ildə 1 milyard dollara əldə edib.

Beləliklə, liberal, azad rəqabətə sahib iqtisadiyyatı ilə öyünən ölkələrdə belə, monopoliyanın mövcudluğunu təsdiq edən daha bir fakt.

Əsas mövzular