00:08 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
33450

Şuşanı mənə Hikmət yenidən sevdirdi. Ona nə cür kömək edəcəyimi bilmirdim, düşünürdüm, belə dərd olmaz, bu boyda şuşalı Şuşasız axı necə yaşayır?

Şuşanın azad edilməsi xəbəri bir anda bütün Azərbaycanı ayağa qaldırdı. Ümummilli şənliyə həm Bakı qoşuldu, həm də raket atəşinə tutulmuş Gəncə və Bərdə kimi bir çox şəhərimiz. Çağdaş Azərbaycan tarixində baş vermiş bu hadisənin əks-sədasını hələ uzun illər sonra dərk edəcəyik.

Şuşaya uşaq vaxtı, haradasa 3-4 yaşında getmişəm. Nəyisə dəqiq xatırladığımı demək çətin olardı. Bircə yadımdadır, bibioğlum əlimdən tutub məni harasa apardı, nəsə bir yüksək yer idi. Elə bil, başım da bir az gicəllənmişdi. Atamın anası, nənəm Zəhra xanım məşhur Şuşa xeyriyyəçisi  Mahmud bəy Muqimovun doğmaca qızı olub. Şuşa hər azərbaycanlı üçün vətəndir, amma mənim üçün daha yaxın vətəndir. Nədənsə, sovet dönəmində bu barədə dərindən düşünməmişdim. Bizə elə gəlirdi ki, Şuşa var da, bəyəm onu itirmək olar? Durub da yerində, elə əbədi bizim olacaq.

Hətta 1992-ci ildə Şuşanı itirəndə belə, düşünürdük, bu daimi ola bilməz, tezliklə geri dönəcəyik. Bir il ötdü, iki il, beş il, on il. Şuşa geri dönmədi. Şuşa mənim üçün elə bil uzaq vətən idi, amma sonralar bir nəfərə görə dönüb çox yaxın oldu. 7 ildən artıq Azərbaycanın ən böyük şuşalısı – Hikmət Sabiroğlu ilə yan-yana çalışmışam, masalarımız da bitişik olub.

Hikmətin həyatında iki böyük sevgisi olub. Onun Şuşaya olan bağlılığı və jurnalistikaya olan sevgisi həmişə duyulurdu. O, hər an Şuşa həsrətilə yaşayırdı, Qarabağla bağlı hər xəbəri izləyirdi, amma jurnalist olaraq heç bir zaman erməniyə qarşı hansısa yazısında, xəbərində təhqiredici ifadəyə və başqa bir aşağılayıcı fikrə yol verməzdi. Xəbərləri quru faktlardan ibarət idi, publisistik yazılarında isə dərin emosional bir gərginlik duyulurdu.

Hikmətin “Qarabağ söhbətləri” əsərini oxuyanda çox kövrəlmişdim, hətta hər gün metroda 12 hekayədən birini oxuduqca təsirlənirdim, ürəyim ağrıyırdı. Əslində, bu hekayələrin bir neçəsini rus dilinə tərcümə də etmişdim. Uzaq Qazaxıstanda yaşayan bir nəfər redaksiyaya məktub da yazmışdı. Sonrakı hekayələrdə Hikmət bu faktı qeyd etmişdi. Özümə deyirdim, gör ha, bu möhtəşəm kitabın yazılmasında mənim də kiçik bir rolum var.

Hikmət hər gün, hər dəqiqə Şuşanın həsrətilə yaşayırdı. Heç o dövrə aid fotoları da qalmamışdı, evlərinə düşən birbaşa mərmi zərbəsi hər şeyi məhv etmişdi. Amma xatirələri beynində gəzdirirdi, hər an deməyə bir sözü vardı. Erməniyə nifrət hissini ifadə etməzdi, uzaqbaşı qəzəbini Robert Koçaryan və ya Serj Sərkisyana yönəldə bilərdi. Dağlıq Qarabağ üzrə aparılan danışıqların tarixçəsini bəlkə də Hikmətdən yaxşı bilən ikinci birisini tapmaq qeyri-mümkündür. Hər gün qarşı tərəfin informasiya saytlarını diqqətlə izləyirdi, heç bir kiçik detal, münaqişəyə təsir edə biləcək informasiya gözündən qaçmazdı.

Şuşanı mənə Hikmət yenidən sevdirdi. Ona nə cür kömək edəcəyimi bilmirdim, düşünürdüm, belə dərd olmaz, bu boyda şuşalı Şuşasız axı necə yaşayır? Çarəsizlikdən beynimdə bir kitab qalınlığında əhvalat da uydurmuşdum. Bu, təxminən belə olmalı idi: Bir dəstə jurnalistlə cəbhə bölgəsinə gedəcəkdim. Sonra ermənilər hücuma keçir, biz isə məcburən döyüşməli olurduq. Bizim kiçik dəstəmiz qarşı tərəfin bir orduya bərabər döyüş sursatını, yüzlərlə  təyyarəsini, tankını və digər texnikasını məsafədən idarə olunan minalarla məhv etməli idi. Sonda bu işin öhdəsindən də gəlirdik, daha sonra isə hücuma keçən ordu hissələri ilə düz Şuşaya gedib çıxırdıq. Xəyalımda qurduğum əhvalatın çox pozitiv bir sonluğu da olmalı idi. Cıdır düzündə Azərbaycan kanallarına müsahibə verərək oradan Hikmət Sabiroğlunu təbrik etməyi düşünürdüm. Fantastik bir hekayə olsa da, Hikmətə bu xəbəri özüm çatdırmaq istəyirdim. Yəni bax, ay Hikmət, buradayam Şuşada. Dur gəl, qayıt vətənə.

Şuşa bu gün azad edilib. Xəbəri eşidən kimi istədim, bir zəng edim. Edə bilmədim, elə hey ortalıqda fırlandım. Düşündüm, nə deyəcəyəm, bir iki söz də hazırladım. Yenə Hikmətə zəng edə bilmədim. Elə yarım gün ora-bura gəzdim, başqa işlərlə məşğul oldum. Haradasa axşama doğru zəng vurdum. Danışa da bilmədim, eləcə salam dedim. Hikmət özü məni təbrik etdi, mən çox kövrəlmişdim, deyəsən. Amma o, hər şeyi yaxşı duydu, deyəsən. Eləcə bir-iki kəlmə ilə, emosional susqunluqla bir-birimizi anladıq, nə deyəsən axı?

Şuşa azad edilib, bizim yolumuzu gözləyir. Söz demək artıqdır.

Əsas mövzular