CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir milyona açılmayan bəxt: "Fala inanma, faldan da qalma"

Abunə olmaq
Ərə getməyi həyat kredosuna çevirən bu "cəhalət mələkləri"nin asanlıqla tora düşməsinə, milyonu havaya sovurmasına ürəkdən gülsəm də, cəhalətin bu qədər yayılmağı məni vətəndaş, qələm adamı kimi çox narahat edir.

Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində kart vasitəsi ilə fala baxdığını iddia edib insanları aldadan ər-arvadın cinayət işinin icraatına başlanılıb. Ciddi müzakirəyə çevrilən bu hadisədə fırıldaqçı "baxıcılar" xanım vətəndaşımızı ərə vermək vədi ilə aldadıb, onun nə az, nə çox düz bir milyon manat pulunu mənimsəyiblər. Kitaba 5-10 manat verməyə xəsislik edənlərin başına bu cür hadisənin gəlməsi, məni təəccübləndirmədi, hətta düzünü desəm, bu xəbərə ürəkdən gülüb, əyləndim. Çünki elmdən, kitabdan uzaq, məhdud dünyagörüşlü insanların fırıldaqçıların tələsinə düşməsi labüddür. Bu məsələdə ən çox təəccüblü məqam, bir milyon manatı falçıya verən zehniyyətin yüksək təbəqədən olmasıdır. Onsuz da kasıbın falçıya veriləcək milyonu yoxdur.

Парень и девушка в парке перед Центром Гейдара Алиева в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qafqazın yeganə numeroloqundan şok sözlər: Sıfırı sevdiyinizə görə boşluqdasınız

Təsəvvür edin ki, bu məbləğlə insan həm özü, həm də cəmiyyət üçün çox ciddi işlər görə bilər...

Ərə getməyi həyat kredosuna çevirən bu "cəhalət mələkləri"nin asanlıqla tora düşməsinə, milyonu havaya sovurmasına ürəkdən gülsəm də, cəhalətin bu qədər yayılmağı məni vətəndaş, qələm adamı kimi çox narahat edir.

İllər öncə bu cadu, baxıcılıq, fala baxdırmaqla bağlı çox maraqlı bir hadisəyə şahidlik etmişdim.

...Dostlarımdan biri yenicə ailə qurmuşdu və ailəsində ciddi problemlər yaşanırdı. Gənc ailənin problemləri bütün qohum-qardaşa məlum olduğu üçün hər kəs əlindən gələn köməyi edib, gənc ailəni dağılmaq təhlükəsindən qorumağa çalışırdı. Dostumu "düz yola çəkmək" üçün onunla tez-tez görüşür, ona dəstək olmağa çalışırdım. Sözün düzü, belə şeylərdə səriştəsizəm. Beş-on dəqiqə söhbət edən kimi, dostuma haqq qazandırıb, söhbəti yekunlaşdırırdım. Hətta anasını qınayırdım ki, niyə sevgilisi olduğunu bilə-bilə oğlunu başqasıyla evləndirib. Bəli, problem bu qədər qəribə idi. Tanışım yaşca özündən böyük, boşanmış qadınla sevgili olsa da, valideyinləri onu yaxın qohumları ilə evləndirmişdi.

Dostum o qadını sevirdi və halalca həyat yoldaşıyla ayrı-ayrı otaqlarda yaşayır, ər-arvad münasibətləri bir kənara, kəlimə kəsib söhbət də etmirdi. Anası qadının oğluna cadu etdirməsindən şübhələnir, vaxtaşırı falçıları, baxıcıları ziyarət edib oğlunun "dərdinə" çarə axtarırdı.

Hə, onu da deyim ki, dostumun ailəsi yüksək səviyyədə təminatlıdır. Yaşadıqları evi sarayla müqayisə etmək nə qədər yerinə düşər bilmirəm, ancaq üç mərtəbəli, dəbdəbəli, 3 qulluqçusu, bir bağbanı olan villa düşünün. Ailənin bütün üzvlərinin şəxsi, lüks avtomobili, yüksək səviyyədə təminatları vardı. Gəlirləri ildə bir dəfə xaricdə dincəlmək üçün kifayət edir, eyni zamanda kirayə verdikləri bir neçə mənzilin və ticarət obyektinin qazancı ilə ailənin kiçik qızını Avropa şəhərlərinin birində oxudurdular. Gəlin də kifayət qədər imkanlı, nüfuzlu ailədən olduğu üçün oğlanın anası biabırçılığın qızın ailəsinin qulağına çatmağından çəkinir, bacardıqca baş verənləri ört-basdır etməyə çalışırdı.

Врач берет у пациента кровь для анализа, фото из архива - Sputnik Azərbaycan
Həkimə getmək qorxusu: elmi sınıqçı, çöpçü, falçı yanına getməklə əvəzləyirik

...İsti yay günlərinin birində zavallı dostumun anası zəng edib, məni evlərinə dəvət elədi. Xoruzquyruğu çaydan içə-içə onun bitib-tükənməyən gileylərinə qulaq asıb, təsəlli verirdim. Dostumun kiçik qardaşı da bir kənarda oturub, bizə qulaq asırdı. Söhbət əsnasında məlum oldu ki, dostumun anasına Bakı kəndlərindən birində çox məhşur bir falçının ünvanını veriblər. Bu ziyalı xanım da kiçik oğlunu da vurub qoltuğuna, yollanıb həmin ünvana. Falçı problemdən xəbərdar olandan sonra kartları düzüb masaya, başlayıb fikirləşməyə. Sonra dodağının altında nə isə pıçıldaya-pıçıldaya qalxıb arxa otağa keçib, kitab açıb... və söz verib ki, bu problemi bir aya həll edəcək. Problemin həlli üçün ailədən cəmi cümlətanı 3000 dollar tələb edib. Bəli, bizim ziyalı qayınana isə 1500 dollar beh verəndən sonra fikirlərimi öyrənmək, prosesdə iştirak etmək üçün məni çağırmışdı...

O gecə falçılıqdan, cadugərlikdən, baxıcılıqdan uzun-uzun danışıb onları fikirlərindən daşındırmağa çalışsam da, faydası olmadı. Dostumun anası israrlıydı. Üstəlik, falçının təklif etdiyi cadugərlik prosedurunda yaxın dost olaraq mən də iştirak etməliydim. Masaya düzülən sür-sümüyə, paslı qıfıla, it nəcisinə, qəbir torpağına, qadının evinin qarşısından götürülmüş bir büküm toza, dostumun köynəyindən kəsilmiş parçaya baxa-baxa özümü gülməkdən zorla saxlayırdım. Xüsusi cadu yol kənarında basdırılmalı, falçının verdiyi tozu isə dostumun içdiyi içkinin içinə mən qatmalı idim. Zalım balası tanımadığı bütün yaxınları, dostları öz iyrənc oyununa alət etmişdi. Başqa yolum yox idi. Cadu paketini götürüb o vaxt hələ tikinti-təmir işləri gedən avtovağzal yoluna yollandıq. Dostumun qardaşı avtomobili bir kənara çəkib, cadunu yol kənarına işıq dirəklərindən birinin dibinə basdırdı. Geri qayıdanda həyətdə dostumla rastlaşdım. Utandığımdan özümə yer tapa bilmirdim. Anası göz-qaşla işarə elədi ki, "indi də sənin növbəndir". Cibimdəki bükülünü əlimlə yoxlayıb, dostumu pivə içməyə dəvət elədim. Razılaşdı. Və təbii ki, mən bütün olanları ona danışıb, içkisinə qatmalı olduğum tozu özünə verdim.

...İş elə gətirdi ki, üç-dörd ay dostumla görüşməyim, evlərinə getməyim alınmadı. Təsadüfən şəhərdə qardaşını gördüm, evdəki vəziyyəti xəbər aldım. Məlum oldu ki, dostum işi ilə bağlı xaricdədir və həyat yoldaşını da özü ilə aparıb.

Cadu əleyhinə aparat və daha nələr... Bakıda Hindistan günləri keçirilir  - Sputnik Azərbaycan
VİDEO
Cadu əleyhinə aparat və daha nələr... Bakıda Hindistan günləri keçirilir

Heyrətləndim. Çünki sevmədiyi qadınla yaşamaq istəmədiyi üçün onun boşanacağını gözləyirdim.

Sən demə, "cadu əməliyyatından" bir ay sonra dostum sevgilisi ilə dalaşıb ayrılıb, beş-on gün içib evə dava salandan sonra həyat yoldaşını da götürüb xaricə işləməyə yollanıb. Anası bütün baş verənləri falçının qüdrətli cadusu sayəsində gerçəkləşdiyinə o qədər səmimi qəlbdən inanıb ki, tələb olunan məbləğdən əlavə sevimli və çox bahalı boyunbağısını da falçıya nəzir verib. Və falçı dostumun anasına pıçıldayıb ki, "çalış oğlun yaxın dostları ilə az-az görüşsün, mümkünsə heç görüşməsin".

Hə, bir də dostumun qardaşı deyirdi ki, o son vaxtlar çayına, içkisinə həmin tozu qatıb içirmiş...

Dostumun beləcə səssiz-səmirsiz yoxa çıxması, vidalaşmadan xaricə getməyi mənə pis təsir eləsə də, baş verənlərə ürəkdən gülmüşdüm...

Bir milyon manatını ərə getmək üçün falçıya xərcləyən o zəngin qadının cəhaləti məni çox kədərləndirsə də, qeyri-ixtiyari yuxarıdakı hadisəni xatırlayıb gülümsədim...

Rəhmətlik nənəm falçıdan, cadugərdən, baxıcıdan söz düşəndə – "fala inanma, faldan da qalma" – deyərdi.

Görünür, bu xalqın zehniyyətini kökündən dəyişmək üçün, bizə hələ uzun illər vaxt lazım olacaq...

Xəbər lenti
0