Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Şəhərlərin həftəsi: Paris, Şuşa, Lançjou, Sıçuan və Banqkok

© AP Photo / Thanassis StavrakisŞuşa, arxiv şəkli
Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb.

BAKI, 21 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

ATƏT-in neytrallığı

Ötən həftə Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü baş tutdu. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etdikdən sonra “dişsiz” bəyanatla çıxış etdilər. Hər iki ölkənin XİN rəhbərləri ilə telefon danışığında nazirlərə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.

Bəyanatda Ermənistanın son təxribatları və qanunsuz məskunlaşdırma siyasəti barədə isə bir kəlmə də əksini tapmır. Həmsədrlər istənilən halda işğalçı ilə işğala məruz qalanı eyniləşdirməkdə davam edir, “ilkin şərti” istisna edirlər – Azərbaycanın yalnız bir ilkin şərti var: münaqişə beynəlxaq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsas götürülməklə həllini tapmalıdır. Beləliklə, bu vasitəçilik institutunun nə qədər əhəmiyyətsiz olduğu bir daha təsdiqini tapır.

Şuşanın dağlarının başı dumanlı

2022-ci ildə qondarma Dağlıq Qarabağın “parlamenti” Şuşaya köçürüləcək. Bu barədə separatçı-kriminal rejimin başçısı Araik Arutyunyan öz Facebook səhifəsində yazıb. Ürəkdağlayıcı səslənir, amma oxuyun: “Şuşaya işgüzar səfərim zamanı biz vaxtilə məhkəmə orqanı üçün nəzərdə tutulan, inşasına başlanan, lakin yekunlaşmayan bir binanı parlamentə vermək imkanını müzakirə etdik. Mənim göstərişimlə tikinti işləri tezliklə davam edəcək. Hesab edirəm ki, bu qərar həm siyasi, həm də təcrübi əhəmiyyətə malikdir, həmçinin özündə tarixi və qalib şəhərimizə yenidən xüsusi baxmağın simvolik mənasını daşıyır”.

“Tarixi və qalib şəhərimiz”! Belə də deyib. Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb. Gebbelsin “Yalan nə qədər dəhşətli olarsa, bir o qədər tez inanarlar" tezisi məharətlə istifadə olunur.

Çin dincəlmir

Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub. Lançjou şəhərində 3245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

Çin dinclik tapmır, deyəsən, dünyanı da rahat buraxmayacaq. Bəlkə, onları başqa planetə köçürmək lazımdır?! Bu arada koronavirusun sona çatacağını gözləmək əbəs kimi görünür. Deyəsən, biz onu adi qrip kimi qəbul etməli olacağıq. Məsələn, birinə zəng edəcəksən, səsi pis gələcək, nə olduğunu soruşacaqsan, cavabı – “əşşi, heç nə, bir az koronaviruslamışam” kimi olacaq.

Yenə Çin

Çinin Sıçuan əyalətində müəllim onun suallarına iki dəfə yanlış cavab verən 10 yaşlı məktəblini döyərək öldürüb. Müəllim məktəbli qıza diz üstə çökməyi əmr edib və ardınca onun qulaqlarından dartaraq başına zərbələr endirməyə başlayıb. Hadisədən bir neçə saat sonra qız özünü pis hiss edib. Xəstəxanaya çatdırılsa da, həkimlər məktəblinin həyatını xilas edə bilməyiblər.

Deyəsən, onlayn dərslər daha yaxşıdır axı...

Robotlaşan dünyada prokuror olmaq arzusu

Ötən həftə ali məktəblərə ixtisas seçimi davam etdi. Hər il olduğu kimi, üçüncü ixtisas qrupu üzrə sıxlıq müşahidə olundu. Bu, bir cəmiyyət olaraq humanitar sahələrə olan marağımızın davam etməsinin növbəti təzahürüdür. Robotlaşan dünyada övladlarımızı hələ də vəkil, prokuror, hakim kimi görmək arzusundayıq. Dünyanı “düzəldən” mühəndisə isə fəhlə kimi baxırıq. Qəbul etmək istəmirik ki, sabahın vəkili də robot olacaq. Elə jurnalisti də. Məhz ötən həftə Britaniyanın "The Guardian" saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim etdi. Saytın jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb. “Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stiven Hokinq (Stephen Hawking) xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən sizi heç bir narahatlıq keçirməməyə inandırmaq üçün buradayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın”, - deyə essedə qeyd edilib.

Evimizə çatdırılan zibil

Tailandın paytaxtı Banqkokda “Khao Yai” milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb. Göndərilən hər bir bağlamada “bunları Khao Yai Milli Parkında unutmusunuz” qeydi yazılacaq.

Bu xəbərdən sonra bu yaxınlarda tanınmış vəkil Anar Qasımlının soial şəbəkədəki paylaşımını xatırladım. Sumqayıtda yerləşən və Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlığın rəmzi kimi qurulmuş parkda sakinlər günəbaxan tumlarının qabıqlarını səliqə ilə oturduqları skamyaların arxasına töküblər. Və yeri gəlmişkən, maraqlı bir fakt – şəhərlərin mədəni səviyyəsini ölçmək üçün indikatorlardan biri də küçələrə tökülən günəbaxan tumlarının qabıqlarının həcmidir. 

Çipləşdirmə başlayır?

Biz tumu haraya tökməklə bağlı baş sındırdığımız bu aralarda dünya koronavirusun peyvəndini tapmaq üzrədir. Hazırda 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə, tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Konspirologiya tərəfdarları koronavirusu hələ də dünya milyarderlərinin çipləşdirmə konsepsiyasının başlanğıcı kimi şərh edirlər.

Bu arada BMT Dünya Qida Proqramının direktoru milyarderlərə müraciət edib. BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

Xəbər lenti
0