18:23 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
3110

Pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı

BAKI, 14 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Beyrutdan Qarabağa

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti bu həftə də diqqət mərkəzində oldu. Livanın Beyrut şəhərindəki partlayışdan sonra erməni əsilli ailələri Dağlıq Qarabağa köçürmək üçün səylərini artıran Ermənistan buradakı demoqrafik vəziyyəti süni şəkildə düzəltməyə çalışır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan rəsmi Yerevanın hərəkətlərinə isə danışıqlarda vasitəçi olanlar başda olmaqla beynəlxalq təşkilatlar heç bir reaksiya vermir.  Çox təəccüblü də deyil – 30 ildir işğal altında saxlanılan ərazilərin müvafiq qətnamələrə rəğmən boşaldılmamasının yanında bu, fövqəladə məsələ deyil bəlkə də...

Nəticələr və seçimlər

Ötən həftə abituriyentlərin ali məktəbələrə qəbul imtahanlarının nəticələri məlum oldu və ixtisas seçimi başlandı.

İmtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Abşeron rayonu ən yüksək nəticə göstərib. Sumqayıtın neçə illərdir ki, birincliyinin səbəbləri öyrənilməli və tətbiq edilməlidir. Burda orta təhsilin keyfiyyətindən əlavə mühüm motivasiya olduğu hiss edilir.

İxtisas seçimi ilə bağlı daha bir mühüm detal: hər il bizdə üçüncü qrup ixtisaslarda əməlli-başlı tıxac yaranır. Yəni doğrudanmı, biz hələ də anlamırıq ki, gələcək texnologiyalar, kompüterlər, robotlarla bağlıdır – mühəndislik və proqramlaşdırma gələcəyin peşələridir. Birinci qrupda yaranan aşağı rəqabətlilik və aşağı ballar göstərir ki, xeyr, əksəriyyətimiz hələ də övladımızı hakim, prokuror, müstəntiq, vəkil, hüquqşünas kimi görmək istəyirik, mühəndisə isə bir növ fəhlə kimi baxırıq.  

Elektronlaşan dünya

Hər bir böhran həm də fürsətlər gətirir. Məsələn, pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı, xidmətlərdə xərclər aşağı düşdü. Azərbaycanda da həmçinin. Ötən həftə məlum oldu ki, ölkəmizdə elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Robotların həyatımıza gəlişi yaxşıdır, yoxsa pis?! Çevikliliyin artırılması, xərclərin azaldılması baxımından əladır, insanların iş yerlərini itirməsi baxımından isə acı...

Bütün xidmətlərin onlayn rejimə keçməsi hamının ürəyincə deyil: məsələn, qonşusu nağara müəllimi olanlar.

Maskalılar

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı Lerik rayon məhkəməsinin təyin etdiyi  cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzası ləğv edildi, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarıldı.

Əgər ortada zorlama faktı varsa, məhkəminin qərarı hansı prinsiplə qəbul edilib?! Görəsən, “Qara maskalılar”ın cənub bölgəsinə səfəri olacaqmı?

Bu arada Bakı şəhər sakini C.Cümşüdov öz doğma azyaşlı qızına zor tətbiq edib, onunla cinsi əlaqədə olub. Mənəvi deqradasiya ilə mübarizə işinə isə təəssüf ki, maskalılar baxmır.

AMEA üçün yataq dəsti

AMEA-nın Mərkəzi Elmi Kitabxanası “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Şirkət kitabxananı yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və “digər mallar”la təmin etməlidir.

Mərkəzi kitabxana üçün yataq dəstinin nəyə lazım olduğu barədə çox düşünmək lazım deyil. AMEA heyətinin kainatın gələcəyinə təsir edən elmi kəşflərlə məşğul olarkən arabir istirahəti də təmin edilməlidir.

Mühüm detal

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alındı. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Hadisənin bütün digər tərəfləri ilə yanaşı, siyasi tərəfi də nəzərdən keçirilməlidir.

Ölkədə başlanmış islahat dalğasının bir komponenti olan bu müsabiqənin təşkili zamanı belə bir hadisənin yaşanması bu dalğaya qarşı olanları yada salır.

“Absurd teatrı”

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə püşkə əsasən sentyabrın 16-da Bakıda qarşılaşmalı idi. Norveç hökuməti Bakıdan qayıtdıqdan sonra oyunçuların 10 günlük karantində qalmaq zərurətini əsas gətirərək, oyunun yerinin dəyişdirilməsini tələb etdi. UEFA da öz keçirdiyi püşkün nəticəsini acizanə şəkildə ləğv etdi, qarşılaşma Kiprə təyin edildi.

Məsələnin mahiyyəti bundan ibarətdir ki, Norveç Avropa Birliyinə üzv olmayan dövlətlərdən geri qayıdan bütün şəxslərə 10 gün karantin tətbiq edir. Yəni pandemiyanın real vəziyyəti yox, hansı təşkilta üzvlük əsas götürülür. Birliyə üzv olan İspaniya və Fransada koronavirusa yoluxma və ölüm statistikası Azərbaycandan dəfələrlə çoxdur, amma orda oynamaq olar, bizdə yox. UEFA-nın da qoşulduğu bu kompozisiyaya bir ad tapmaq olur: “absurd teatrı”.

Təəssüf ki, “Qarabağ” adının olduğu bütün məsələlərdə ikili standartlarla üzləşirik. Odur ki, güclünün haqlı olduğu bugünkü reallıqda futbolçularımız bu haqsızlığa yalnız əzmkar qələbə ilə cavab verməlidirlər.

Əsas mövzular