23:58 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
10110

Bir vətəndaş kimi yeganə arzum mənzilbaşına təhlükəsiz və tez çatmaqdır. Mümkünsə, bizi yolda qoymayın.

Bakı şəhərinin ən böyük və ən ciddi problemlərindən biri də nəqliyyat problemidir. Düzgün qurulmayan və tənzimlənməyən nəqliyyat sisteminin kritik və vacib günlərdə iflic olduğunun dəfələrlə şahidi olmuşuq. Sürücülərin məsuliyyətsiz və anormal davranışları, yolların, avtobusların və dayanacaqların vəziyyəti ilə bağlı dəfələrlə yazılıb, deyilib, efirlərdə müzakirə gedib. Heç kəsə sirr deyil ki, nəqliyyat sistemimiz paytaxt mühitinə, paytaxtda məskunlaşmış əhalinin tələbatına adekvat deyil. Bu sahədə bitmək bilməyən problemlər və çox sayda ciddi boşluqlar var.

Pandemiya dönəmindən əvvəl ən çox tənqid olunan sahələrdən biri sərnişin daşınması idi. Şəhərdaxili nəqliyyatda yaşanan izdiham, marşrutlar arasındakı intervalların düzgün nizamlanmaması, sərnişindaşımanın keyfiyyəti hər zaman tənqid edilib, əhali arasında da haqlı narazılıq yaradıb. Şəhərlərarası daşınmaların keyfiyyətindən və nizamından ümumiyyətlə danışmağa dəyməz. Az qala hər birimizin həyatında kabusa çevrilmiş avtobuslar var. Bütün bunlara metrolardakı sıxlığı və keyfiyyətsiz xidməti əlavə etsək, necə dəhşətli bir problemlə üz-üzə qaldığımızı izah etməyə ehtiyac qalmaz. Bakı şəhərində yaşayan, oxuyan, qonaq gələn hər kəs paytaxtımızdakı bu problemlə üzləşib.

Karantin elan olunduqdan sonra da Bakı şəhərinin nəqliyyat sistemi daima yarıtmaz fəaliyyət göstərib. Karantin qaydalarına baxmayaraq, avtobuslardakı sıxlıq, marşrutlar arasındakı intervallar, xidmət səviyyəsi daima gündəmdədir və bu sahə insanların ən çox narazılıq etdiyi sahələrdən biridir.

Bakı Nəqliyyat Agentliyi (BNA) bu sahəyə cavebdeh qurum olsa da, çox vaxt verilən suallar, yaranan problemlər qarşısında aciz və boynubükük qalıb. Yəni, paytaxtımızın sakinləri və qonaqları BNA-dan demək olar ki, daim şikayətlənir. İnsafən BNA hərdən tənəzzül edib vətəndaşlara cavab verməyə, kömək etməyə cəhd etsə də, problemlər öz qaydasında, öz axarında, tempində davam edir.

Bir sözlə, göstərdiyi xidmət daima tənqid olunan BNA bu günlərdə cəmiyyətə Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə konsepsiya hazırlayıb.

Bəli, etiraf edim ki, konsepsiyada həlli nəzərdə tutulan məsələlər çox vacib və aktualdır. Yeri gəlmişkən, BNA-nın bir qurum olaraq nəzərdə tutulan fəaliyyəti, təşkilatın nizamnaməsi də təkmildir. Problem bu vəzifələrin düzgün və yerli şəraitə uyğun icrasındadır.

BNA marşrutları düzgün tənzimləyə, bu sahədəki xidmətin keyfiyyətini normala yaxınlaşdırmadan, taksi fəaliyyətinə “barmaq edir”. Halbuki biz BNA-nın keyfiyyətsiz və ləng xidmətindən xilas olmaq üçün məhz taksi xidmətindən istifadə edirik. Hansı ki, ciddi rəqabət mühitində taksi şirkətləri və çağrı mərkəzləri sərfəli qiymətlər təklif edir. Taksi sürücülərinin təklif edilən ucuz qiymətlərdən narazı qalması anlaşılandır. Çünki, rəqabət güclənməmişdən əvvəl təsadüfən saxlatdığımız taksilər bizi gedəcəyimiz yerə istədikləri qiymətə apara bilirdilər. Rəqabət mühiti taksi xidmətinin ucuzlaşmasına gətirib çıxardı.

Az qala hər gün taksi xidmətindən istifadə edən vətəndaş olaraq, işindən narazı olmayan, gileylənməyən, şikayətlənməyən taksi sürücüsü ilə demək olar ki, qarşılaşmamışam. Və bütün bu narazılıqların əksəriyyəti haqsız, birtərəfli olub. Qanuni fəaliyyət göstərməyən cərimələnməsindən, qaydaları pozanlar yol polisindən, çağrı mərkəzlərinin hesabına müştəri tapan taksi sürücüsü kartla edilən ödənişlərdən şikayətlənib.

Taksi sürücülərinin ucuz qiymət təklif edən çağrı mərkəzləri və ya taksi şirkətləri tərəfindən istismar edildiyini düşünənlər var. Bu fikirə etiraz etmirəm. Ancaq kapitalist sistemdə yaşadığımızı unutmayaq. Bazar iqtisadiyyatının mahiyyəti bu deyilmi? Əgər taksi sürücüləri öz güzəranlarından narazıdırlarsa, istismar edilirlərsə birləşib həmkarlar təşkilatı yaratsınlar və hüquqlarını bu şəkildə müdafiə etsinlər. BNA-nın yeni konsepsiyasına ümid etmək gülməlidir. Konsepsiyanın sadə vətəndaşa, zəhmətkeş taksi sürücülərinə faydalı olacağına şəxsən mənim inamım yoxdur.

Görünən odur ki, BNA-nın yeni konsepsiyası bizim həyatımızı daha da çətinləşdirməyə hesablanıb.

Mövcud şəraitdə çox yaxşı olardı ki, BNA öz vəzifələrini daha mükəmməl şəkildə həyata keçirsin. Şəhərdaxili daşınmaların keyfiyyətini yüksəltsin, insanların narazılığını nəzərə alsın, sistemin düzgün işləməsi üçün daha çox yeniliklər, alternativ variantlar axtarsın.

Xülasə, BNA-nın Bakı şəhərinin nəqliyyatı üçün görəcəyi işlər həddindən artıqdır. Bu qədər problemin arasında ucuz taksi bazarını da məhv etməyə hesablanan konsepsiya vətəndaşa heç bir fayda veməyəcək.

Bir vətəndaş kimi yeganə arzum mənzilbaşına təhlükəsiz və tez çatmaqdır. Mümkünsə, bizi yolda qoymayın.

Əlaqədar

Bakıda bu taksilər üçün elektrik doldurma stansiyaları quraşdırılır
Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı konsepsiyası hazırdır
Bakıya ağıllı taksi gətirildi - FOTO
Yeni konsepsiyanın qısa məzmunu - Ucuz taksilərə əlvida

Əsas mövzular