Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Türkiyəli bloqçu: “YouTube-dan pul qazanmaq işin ciddiyyətini pozur”

CC0 / Free-Photos / laptopМужчина за ноутбуком, фото из архива
Мужчина за ноутбуком, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda müxtəlif fəza şirkətlərindən asılıyıq. Onlar nə desə, o da olur. Biz isə Türk Cümhuriyyətləri olaraq birləşib dünyanın ən böyük fəza agentliyini qura bilərik" - Serkan Ulus

BAKI, 30 avqust — Sputnik. Türkiyənin tanınmış bloqçusu, “Popüler Bilim Tv” adlı “YouTube” kanalında hazırladığı sənədli filmlərlə elm, texnologiya və mədəniyyət həvəskarlarının sevimlisinə çevrilən, fəza elmi və astrofizika mövzulu videoları ilə bu janrda ən yaxşılar siyahısında yer alan film istehsalçısı, dublyaj sənətçisi, videomontaj ustası Serkan Ulus Sputnik Azərbaycan-ın qonağıdır.

- Sizin sənədli filmlərinizi azərbaycanlılar da maraqla izləyir və kanalınızın abunəçiləri arasında yer alırlar. Sənədli filmlərinizi sevərək izləsələr də, səsinizin sehrinə düşsələr də şəxsiniz haqqında geniş məlumatlı deyillər. Bu səbəblə Azərbaycan tamaşaçısı üçün öz haqqınızda məlumat verməyinizi xahiş edirəm.

Orxan Hüseynzadə - Sputnik Azərbaycan
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır

- Azərbaycan xalqına, Sputnik Azərbaycan komandasına Türkiyədən və “Popüler Bilim Tv” kanalından salamlar. Əvvəlcə, bu gözəl proqram üçün sonsuz təşəkkür edirəm. 1980-ci il yanvarın 29-da Türkiyənin Ankara şəhərində doğuldum. Bütün uşaqlığım Ankarada keçib. Orta məktəbə də bu şəhərdə getmişəm. Fəza elminə marağım da həmin zamanda başladı.

- Fəza elminə marağınız necə yarandı?

- O dönəmlər texnologiya indiki kimi inkişaf etməmişdi. Dolayısı ilə internet yox idi. Hər şeyi kitablardan öyrənirdik. Evdəki çeşidli astrologiya ensiklopediyalarını oxuyaraq bu işlərə başladım. Ağ-qara televiziyada da geniş materiallar yox idi. İzləyə biləcəyimiz tək bir kanal vardı. Oxuyub-yaza bilmədiyim vaxtlarda elm və fəza mövzulu ensiklopediyalarda sadəcə şəkillərə baxar və onların nə olduğunu bilmək istəyərdim. Onlar planetlər idi. Oxuyub-yazmağı öyrəndikdən sonra  öyrəndiklərimin tamamı ensiklopediyalar və yayımlanan müxtəlif  jurnallar olmuşdu. Sonra bu, hobbi kimi davam etdi. Əlbəttə, o zamanlar Ankarada fəza elmi ilə bağlı bir şeylər tapmaq çox çətin idi.

- Hansı sahə üzrə təhsil almısınız və iş həyatınız necə başladı?

- 1994-cü ildə ölkəmizdə Anadolu liseyləri populyar idi. Onların içindən Media və Yayım Liseyini seçdim. İmtahan verib qazandım. Burada video-operatorluq üzrə təhsil alırdım. Bununla bərabər, mətn yazarlığı və montaj da öyrənirdik. İndiki kimi kompüterlərlə deyildi, xeyli çətin idi. Texniki imkanlar da son dərəcə məhdud idi. Texnologiya ilə ilkin tanışlığım internetin ortaya çıxması ilə başladı. Çünki bir çox mənbəyə o zaman əlim çatdı. Oxumaq, araşdırmaq və fəza haqqında daha çox şey öyrənmək üçün böyük fürsət olmuşdu. Hətta Ankarada açılan ilk internet kafeyə də açıldığı gün getmişdim.

O zamanlar həqiqətən də çox qəribə idi. İnternetin bu qədər inkişaf edəcəyini təxmin etmək çətin idi. İnkişaf edən texnologiya bizim montaj sistemlərini də dəyişdirdi. Lisey dönəmlərində müxtəlif televiziya qurumlarında təcrübə keçdim. Liseydən sonra isə ilk iş həyatına başladım. Burada gördüyüm iş operatorluq idi. Son dərəcə sadə bir kamera ilə o zamana görə olduqca gözəl işlər də çıxarırdıq. Çox da əyləncəli idi.

1999-cu ildə Trakya Universitetində Radio və Televiziya Yayımçılığı oxumağa başladım. Burada isə daha çox kino ilə məşğul olurduq. Universitetin təsviri sənətlər dərnəyində işlərim oldu. Ayrıca, üç qısa film çəkdim. 2002-ci ildə NASA-nın rəsmi saytında qeydiyyatdan keçdim. O zaman indiki kimi geniş məlumat ala bilmirdik. Sadəcə yazdıqları yazıları oxuyur və yayımlanan şəkillərə baxırdıq. Karyeramı yüksəltməkdən ötrü təcrübə keçmək üçün xaricə getdim. İki ay boyunca Almaniyada, Berlində bu işin təhsilini almağa davam etdim. Bunlardan sonra uzun müddət iş axtardım, amma tapmadım. Nəticədə fərqli sektorlarda işlədim. Amma fəza elminə marağım yenə davam edirdi. Harada bir tədbir tapsam, qaçırmırdım.

- Sizin teatr təcrübəniz də var. Teatra gəlişiniz necə oldu?

Кыргызстанский блогер Альби Нур  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bir dəfə görmək daha yaxşıdır: qırğız bloger Azərbaycanı ziyarət etmək istəyir

- İş həyatımda qəribə bir dönüm nöqtəsi var. Bu, dövlət teatrlarında işlədiyim dönəmdir. Üç il boyunca müqavilə ilə köməkçi aktyor kimi işlədim. Bu, mənə çox şey öyrətdi. Çünki teatr bütün sənət növlərini birbaşa öz içində ehtiva edir. Dolayısı ilə elmə olan baxışım da çox dəyişdi. Fəza elminə də daha dərindən baxmağa başladım.

- Youtube kanalı yaratmaq, sənədli filmlər çəkmək fikrinə necə düşdünüz? Axı sizin bu kanalı yaratdığınız dönəmdə sosial media indiki qədər nüfuzlu deyildi.

- Teatrdan sonra bir televiziya kanalında 8 il boyunca işlədim. “Popüler Bilim TV” də bu zaman yarandı. Tamamilə hobbi olaraq başladım. Ticari məqsədim yox idi, bir şeylər paylaşmaq istəyirdim. Videonun çox izlənib-izlənməməsi önəmli deyildi. 3-4 dostum belə istəsə, o videonu hazırlayırdım. Əsas anlatmaq istədiyim şey fəzanın ahəngi idi. Edilən kəşflərdəki önəmli detallar idi. Bu səbəblə videoların görüntü keyfiyyətinə diqqət edirəm. Televiziyada işlədiyim dönəmlərdə animasiya, modelləmə işlərini də öyrəndim. Bu, mənim indiki əsas işim oldu deyə bilərəm. Bu səbəblə videolara hobbi olaraq davam edirəm. Gözəl və maraqlı mövzular tapan kimi tələsmədən, detallarına varana qədər montaj edərək video hazırlayıram. Bu dönəmdə gözlənilmədən izləyicilərimin sayı artdı. Mən də bu işi heç bir zaman buraxmadım.

- Niyə məhz fəza elmi ilə bağlı filmlər çəkməyi seçdiniz? Videolarınız əsasən bu mövzuda olur. Səbəb şəxsi marağınızdır, yoxsa başqa bir səbəbmi var?

- Fəza elmini seçmə səbəbim sırf  hobbidir. Bu, mənim üçün bir həyat tərzidir. Gecə səhərə qədər teleskopla fəzanı müşahidə etsəm, bir an belə sıxılmaram. Bu, çox zəhmət tələb edən işdir. Amma bu işi sevsəniz, usanmadan edərsiniz.

- Həm sənətlə, həm elmlə məşğul olan bir kimi fikriniz maraqlıdır. Sənətlə elm arasında bir bağ var. İkisi də cəmiyyətin inkişafına xidmət edir. Elmin daha geniş kütləyə çatması üçün siz bir şəkildə sənətdən yararlanırsınız. Elmlə sənətin vəhdəti bizə nə cür imkanlar verir?

- Burada maraqlı bir mövzudan danışmaq istəyirəm. Sizə teatr təcrübəmdən danışdım. Bu, çox mühümdür. Sənət elmi inanılmaz dərəcədə inkişaf etdirdi. Mən teatrda öyrəndiklərimlə bunları daha yaxşı bir araya gətirə bildim və daha geniş mövzular çıxdı. Diqqət etsəniz, ağır və dərin mövzular işlədiyimiz bölümlər sadəcə bizdə var. Çoxları bu mövzulu videolar yayımlaya bilmir. Bunun səbəbi mövzu tərkibini sintezləmənin, yayımlamanın və montajlamanın çətin olmasıdır. Görüntü seçimindən tutmuş səsləndirməsinə varana qədər. Bu baxımdan, teatr bütün sənət növlərini, bir çeşid həyatı, fəzanı, kainatı - hər şeyi öyrədir. Bu səbəblə elmlə sənət iç-içədir. Yəni elmlə məşğul olursunuzsa, sənətlə də mütləq məşğul olun.

- Türkiyədə elmin və sənət sektorunun bugünkü vəziyyəti necədir? Teatr, film, musiqi və başqa sənət sahələri necə inkişaf edir? Bu sahələrdə hər hansı çatışmazlıqlar varmı?

- Günümüzdə həm sənətlə, həm də elmlə bağlı problem var. Mənim uşaqlıq və gənclik dönəmimdə biz sənəti də, elmi də birəbir yerində görə bilirdik. Müxtəlif yarmarkalara gedib çox gözəl şeylərlə yaxından tanış ola bilirdik. İndi sosial media çıxıb və hər şey virtuallaşıb. Bu da elmi və sənəti bəzi hallarda geriyə salır. Amma nəyəsə internetdən baxmaq yerinə bir kitab oxumaq daha vacibdir. Məncə, elm və sənət sosial media səbəbi ilə inkişafını doğru-düzgün tamamlaya bilmir. Bu, dünyanın bir çox ölkəsinin ən böyük problemlərindədir. Digər problem də iqtisadi məsələlərdir. Elm və sənətin inkişafı üçün yetərli qaynaqlar ayrılmır. Bu səbəbdən sosial media getdikcə populyarlaşır. İnsanlar öz sənətini oradan icra edirlər. Elm və texnologiya ilə bağlı bilgiləri də oradan alırlar. Ən sadə misalla, bir teleskop almaq istəsəniz, qiyməti hər kəsin ala biləcəyi rəqəmlərdə deyil. Sənətin də doğru dildə istifadə edilməməsi, nəqletmə problemləri, xatırlatmaların edilməməsi və başqa çatışmazlıqları var. Elm və sənətə çox yaxşı maddi qaynaqlar ayrılmalı və inkişaf etdirilməlidir.

- Sosial mediadan pul qazanmaq günümüzün ən məşhur peşəsidir. Bunun xəyalını quran minlərlə insan var. Bu səbəblə sırf reytinqə hesablanmış çoxsaylı Youtube kanalları var. Pul qazanmaq üçün əsassız informasiyalar, yalan-yanlış məlumatlar, bayağı videolar paylaşılır. Siz isə qeyd etdiniz ki, bu işi hobbi olaraq görürsünüz. Bəs əməyinizin qarşılığı olaraq hansı təmənnanı güdürsünüz? İzlənmə sayımı, tamaşaçı sevgisimi - bu işdə sizi qane edən nədir?

- Youtube-un ilk zamanları yaxşı idi. Bu qədər ticari bir hal almamışdı. Mən də bunu pul qazanmaq məqsədi ilə etmirdim. İndi isə bir çox insan buradan pul qazanmaq üçün sistemlər qurur. Mən isə izlənsin-izlənməsin, eyni çizgilərdən davam etdim həmişə. Mənə görə, bu, ciddiyəti pozur. Məqsəd elmin xaricinə çıxmış olur. Mən daha çox kütlənin baxacağı videolar hazırlaya bilərəm. Çünki mənim işim budur. Bu sahədə 17 illik bir təcrübəm var. Ancaq mənim məqsədim elmi, elmin gözəlliyini anlatmaq və bunu sənətlə sintezləməkdir. Sadəcə, bilmənizi istədiyim bir şey var, videolarımın daha az izlənməsi məni daha çox xoşbəxt edir.

Пленарное заседание Госдумы РФ - Sputnik Azərbaycan
RUSİYA
Məşhur blogerin videosunu deputatlara göstərəcəklər

- Türkiyədə fəza elmi hansı vəziyyətdədir? Videolarınızda həmişə NASA, ESA və başqa xarici fəza agentliklərinə istinad edirsiniz. Türkiyənin yeni qurulmuş fəza agentliyindən ölkədə fəza elminin inkişafına dair hansı töhfələri gözləyirsiniz?

- Son illərdə Türkiyədə fəza elmi üçün mühüm hadisə oldu. Türkiyə Kosmos Agentliyi (TSA) quruldu. Əslində, bu, türk dünyasının fəza agentliyidir deyə bilərəm. Məncə, özəl şirkətlərin də bu mövzuda mühüm çalışmaları olmalıdır. Keçdiyimiz aylarda özəl bir şirkətin kosmosa kosmonavt daşıması bunun ən bariz nümunəsidir. Qaçınılmaz həqiqətdir ki, bu işləri görməliyik. Gələcəkdə yaxşı bir qaynaq tapsam, edəcəyim ilk iş fəza üzərinə çalışmaq olacaq və bunun şirkətini quracağam. Biz indi müxtəlif fəza şirkətlərindən asılıyıq. Onlar nə desə, o da olur. Biz isə Türk Cümhuriyyətləri olaraq birləşib dünyanın ən böyük fəza agentliyini qura bilərik.

- YouTube kanalı açmaq istəyənlərə hansı tövsiyələriniz var? Sənət, elm və texnologiya mövzulu YouTube videoları hazırlamaq istəyən və bu işə yeni başlayanlar nələrə diqqət etməlidirlər?

- YouTube videoları çəkmək istəyən dostlara bir tövsiyəm var: xahiş edirəm ki, materiallarınız elm və sənət tərkibli olsun. Sosial medianın mədəniyyətlərə çox təsirləri var. Elm və sənət nə qədər çox olarsa, toplum da o qədər inkişaf edər. Bilik gücdür, bilik puldur, bilik rifahın yüksəlməsidir. Yəni sırf pul qazanmaq üçün bu işi görməyin deyirəm. Əgər siz də özünüzü inkişaf etdirmək istəyirsinizsə, əlinizin altındakı bu platformaları elm, sənət və digər gözəl şeylər üçün istifadə edə bilərsiniz. İnsanların rəğbətini, sevgisini qazanmaq daha önəmlidir.

- Son olaraq sizi izləyənlərə və sizinlə yeni tanış olanlara nə demək istəyirsiniz?

- Bir gün başqa bir planetdə yaşaya biləcəyikmi? Oralara gedə biləcəyikmi? Heç şübhəsiz, bu, bir gün olacaq. İstəyərəm ki, çox yaxın gələcəkdə olsun. Sosial medianın yaxşı tərəfi bundadır. Sürətli məlumat paylaşımı var. İnsanlar öyrənmək istədiklərinə daha sürətli şəkildə çata bilirlər. Hər nə qədər bir çox yanlış informasiya ehtiva edirsə də, doğru bilgi əldə etmək də asanlaşdı. Bu işlər sayəsində öyrəndiyim ən önəmli şey isə zamanın dəyəridir. İtirdiyimiz hər dəqiqə çox önəmlidir. Bu səbəblə, bilim və sənət haqqında nə qədər çox bilgi paylaşsaq, o qədər sürətli inkişaf edərik. Sonsuz kainatın sonsuz sevgiləri sizin olsun!

Xəbər lenti
0