15:33 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
77110

Milli Mətbuat Günü yaxınlaşdıqca həmkarlarımızın həyəcanı da yüksəlir. Təltiflər, fəxri adlar, hədiyyələr yağış kimi yağacaq. Axı 145 il elə belə tarix deyil! Milli Mətbuatın fikir babası Həsən bəy Zərdabi bu günləri görsəydi, yəqin ki, çox sevinərdi…

BAKI, Sputnik – 16 iyul. Azərbaycan milli mətbuatının 145 illik yubileyinə sayılı-sanalı günlər qalıb. Ölkə prezidenti bu möhtəşəm yubileyin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Bəzi qəzetlər bu yubiley ərəfəsində gündəlik nəşrini bərpa etdi, yeni təyin olunan KİVDF rəhbərliyi bu qəzetlərdə çalışan həmkarlarımıza ilk sevincini yaşatdı.

Açığı elektron mətbuatın bir addım irəlidə olduğu, sosial medianın gücünün durmadan artdığı bu dönəmdə qəzetlərin gündəlik nəşrini bərpa etməsinə bir anlam verə bilməsəm də, həmkarlarımızın sevincinə şərikəm. Ümumiyyətlə pandemiyanın tüğyan etdiyi bu dövrdə, jurnalistlərin, jurnalistikanın diqqətdən kənarda qalmaması, yenidən həmkarlarımızın üzünü güldürən addımların atılması sevindiricidir. Ümid edirəm ki, KİVDF-nin qrantı ilə gündəlik nəşrini bərpa edən, hətta rəngli formata keçən qəzetlərimiz fəaliyyətlərini düzgün şəkildə qura, cəmiyyətimiz, insanlarımız üçün faydalı ola biləcəklər.

Ölkə prezidentinin sərəncamına uyğun olaraq Prezident Administrasiyasına koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb.

Açığı zaman daralsa da, bu tədbirlərlə bağlı hər hansı ciddi addımın atıldığını deyə bilməyəcəm. Bəlkə də, hansısa addımlar atılıb, mən xəbərsizəm, əfv edin! Təbii ki, böyük və dəbdəbəli zallarda bayram ziyafətləri pandemiya dönəmində qeyri-mümkündür. Ancaq yəqin ki, Administrasiya müəyyən işlər görəcək. addımlar atacaq və bu görülən işlərdən sonra bu barədə danışmaq daha asan olacaq.

Milli Mətbuat Günü yaxınlaşdıqca həmkarlarımızın həyəcanı da yüksəlir. Təltiflər, fəxri adlar, hədiyyələr yağış kimi yağacaq. Axı 145 il elə belə tarix deyil! Milli Mətbuatın fikir babası Həsən bəy Zərdabi bu günləri görsəydi, yəqin ki, çox sevinərdi…

Varislərinin canfəşanlığı, həyəcanla bu bayramı gözləməyi yəqin rəhmətliyin xoşuna gələrdi. Əhalisinin cüzi bir hissəsi oxuyub-yazmağı bacaran toplum üçün “Əkinçi”ni yoxdan var edən böyük mütəfəkkir, bəlkə də qurduğu milli mətbuatın bu günlərə gəlib çıxacağını düşünməzdi.

Mən nədənsə bu yubiley ərəfəsində peşəsini icra edərkən döyülən, həbs edilən, təqib olunan, təhdid edilən, təhqirlərlə üzləşən, xəstəlik tapan və hətta öldürülən həmkarlarımı düşünürəm. Nə yaxşı ki, bu cür insanlar gəlib-keçib mətbuatımızdan.

Bayram, yubiley ərəfəsində pessimist, neqativ notlara köklənmək istəməzdim. Bir göz qırpımında keçib gedən bu 145 ildə mətbuatımızın keçdiyi yola nəzər salanda, bu tarixi azacıq araşdıranda üzümüz gülməsə də, sevinəcəyimiz məsələlər də az deyil. Hər şeydən önəmlisi bizim ana dilimizdə mətbuatımız var. 

Bu bir qələm adamı olaraq şəxsən mənim üçün əvəzolunmaz nemətdir. Ana dilimdə yazdıqlarımı nəşr etdirmək üçün mətbuatımızın olması ciddi anlamda qürurvericidir. Bundan sonra nə qədər neqativ, xoşagəlməz hal, xüsus varsa hamısı zamanla düzələcək, hər şey gec ya tez yoluna düşəcək, arzuladığımız kimi olacaq.

Bundan daha çətin, ağır günləri olub mətbuatımızın.

Yubiley dönəmində təltif, fəxri ad, hədiyyə gözləyən həmkarlarıma, bunu açıq-aydın bəyan edən qələm adamlarına üzülməmək əldə deyil. Düşünürəm ki, jurnalist, ümumiyyətlə yaradıcılıqla, yazıyla, sözlə məşğul olan adam əlabaxım olmamalıdır. İşinin, peşəsinin məsuliyyətini dərk edən qələm adamı bütün bu şeylərdən arınmağı, gördüyü işi sevməyi və zövq almağı bacarmalıdır.

Prezident Administrasiyasının, KİVDF-nin, Mətbuat Şurasının yubileyqabağı  susqunluğu bəzi həmkarlarımızı darıxdırır.

Əksər həmkarlarımız 145 illik tarixi, bu möhtəşəm yubileyi unudub, bütün diqqətini jurnalistlər üçün tikilən məlum və məşum “üçüncü bina”ya cəmləyib. Həmkarlarımı qınamaq fikrindən uzağam. Evsizlik olduqca ciddi sosial problemdir. Ancaq peşə kodeksini, peşə şərəfini unutduracaq qədər böyük faciə deyil. Düşünürəm ki, öncə layiqli jurnalist, qələm adamı olmaq lazımdır. Bunu bacarandan sonra, hədiyyələrə, təltiflərə, fəxri adlara qarşı da münasibət yerinə oturacaq.

Bəzi həmkarlarımız, dostlarımız “üçüncü bina”dakı mənzillər üçün “layiqli” jurnalistlərin siyahısını hazırlayır. Bəzi siyahılarda öz adımı görəndə məni niyəsə gic gülmək tutur. Və bu siyahılarda özümü görməmək üçün illərlə necə əziyyət çəkdiyimi xatırlayanda isə, üzülürəm.

Son günlər müzakirə olunan əksər “ədalətli siyahılar”, zamanında ev hədiyyəsi almışların siyahısından daha gülünc, daha biabırçıdır.

Qəribədir ki, evi, hətta bağ evi olan da ev almaq iddiasındadır. Dünən mətbuata gələn də, fəaliyyətinin jurnalistikaya dəxli olmadığını dərk edən də, “reket jurnalistikada” ad çıxaran da, işi-gücü yalan yazmaq olan da dövlətdən ev hədiyyəsi gözləyir.

Və özünə vicdanlı jurnalist deyən bu adamlar utanmadan iddiasını açıq şəkildə bəyan edir, hətta buna görə arsız-arsız dava edir, başqaları ilə söz güləşdirir.

Ay sizi, iddialı acgözlər!

Hə, bu siyahıları görəndə adam az qalır bundan öncəki illərdə ev alan katibələrə, məşuqələrə şükür etsin…

Bir də sevinirəm ki, heç vaxt bu cür cılız iddiada olmamışam, heç vaxt, heç kəsdən ənam, hədiyyə gözləməmişəm. Və xoşbəxtəm ki, 145 illik mətbuatımızın saralmış səhifələrində mənim də 3-5 cümləm var.

Qarşıdan gələn yubiley ərəfəsində baş verənlər, şəxsən mənim üçün çox maraqlı, eyni zamanda əyləncəlidir…

Həsən bəy Zərdabidən başlanan bu uzun yolun ən sərt döngələrinin birində dayanıb, maraqla baş verənlər barədə düşünürəm…

Nur içində yat, Həsən bəy!

Əsas mövzular