15:55 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
302 0 0

Beynəlxalq təşkilatlar soyuqqanlı bəyanatlarla kifayətlənirlər. Aydın olur ki, Azərbaycan Lələtəpədən yeni təpələrə keçməli olacaq.

BAKI, 15 iyun — Sputnik. 7x7 rubrikası həftənin ən yaddaqalan hadisələrini şərh edir

İkinci dalğa
COVID-19-dan sonra sağ qalmaq: Koronavirus Lənkəranda turizm sektorunu necə dəyişir
© Sputnik / Rahim Zakiroğlu / Leyla Orucova / Kamilla Əliyeva

Belə görünür ki, “taclı bəla” uzun müddət başımızın üstündə olacaq. Pekinin cənubunda bazarda koronavirus aşkarlandığı üçün hərbi vəziyyət elan edildi. İlk dəfə də xəstəlik bir Çin (Uhan) bazarında yayılmışdı. Bir sözlə, Çin bazarları bütün dünyanı bir-birinə qatıb. İstəsəniz, son cümləni siyasi interpretasiya kimi də qəbul edə bilərsiniz...

ABŞ və Avropada vəziyyət nisbətən stabilləşsə də, bəzi Amerika ölkələrində artan dinamika müşahidə olunur. Ölkəmizdə də yoluxanların sayı 300-dən aşağı düşmür. Belə görünür ki, biz də xəstəliyin ikinci dalğasını yaşayırıq.

Vəziyyət nə vaxt düzələcək? Heç bir proqnoz yoxdur...

Tullantılar

Ötən həftənin ən səs-küylü hadisələrindən biri karantin rejimi ilə bağlı reyd keçirən polislərin “zibil atəşi”nə tutulması və polisin cavab tədbiri idi.

Polisə qarşı bu cür davranış heç nə ilə izah edilə bilməz. Unutmamalıyıq ki, bu, bir vaxtlar Qarabağ döyüşlərində qəhrəmanlıqlar göstərən də polisdir. Nəzərə almalıyıq ki, bizim kimi şərq ölkələrinin əksəriyyətində qanunlara tabe olmaq cəmiyyətin əxlaqi dəyəri səviyyəsinə yüksəlməyib – polis olmasa, ətrafda xaosun hansı həddə çatacağını proqnozlaşdırmaq elə də çətin deyil. Polisin “ərin də dovşandır, sən də” həddinə qədər yüksəlməsi isə yolverilməz idi və nəticədə, polis əməkdaşı vəzifəsindən azad edildi...

Yeri gəlmişkən, ötən həftə ABŞ-da, Fransada polis zorakılıqları ilə müşahidə olunan aksiyalar davam etdi. Vəziyyət o həddə çatdı ki, Pentaqon başlayan qarışıqlıqlarla əlaqədar  Vaşinqton ətrafındakı yaşayış məntəqələrinə təxminən 1,6 min hərbi qulluqçu göndərdi.

Korona şeirləri

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə akademiyada çalışan elm adamlarının çap olunacaq ədəbi almanaxdakı şeirlərinin mövzusu açıqlandı və məlum oldu ki, bizim alimlər koronavirusa da şeirlər yazacaqlar. Bəli, alimlərimizdən böyük gözləntilər var idi, onlar müasir dünyanın çağırışlarına, bəşəri bəlaya qarşı beynəlxalq səylərə, dünyanın aparıcı beyin mərkəzlərinin araşdırmalarına öz qafiyələri ilə dəstək verəcəklər. Xoşbaxtlıx, xoşbaxtlıx...

Qubaya niyə getmək olmaz?

Sərt karantin rejimindən bir gün öncə rayonlara axışan şəhərliləri qurulmuş postlardan geri qaytardılar. Bəzi fərasətlilər isə torpaq yollarla istədiyinə nail oldu. Bu yollarda hərəkət edən maşınların görüntüsü Bəzz qalasına hücum edən qoşunu xatırladırdı.

Koronavirusa qarşı mübarizə tədbirləri alqışalayiqdir, ancaq rayona getmək istəyən bakılı hansı riski yaradır?! Qubada tutduğu evdə qalmaqla, Bakıda qalmaq arasında hansı ciddi fərq var? Əgər sərt karantin rejimi növbəti həftələrin şənbə-bazar günlərində də davam edəcəksə, bu məqam üzərində bir daha düşünməyə dəyər.

Rəhimsiz kürəkən

Bu həftə keçmiş müdafiə naziri Rəhim Qazıyevi qan apardı. Yox, bu, Qazıyevin Şuşa çıxanda çıxmalı olan qanı deyildi. Sadəcə, ailə münaqişəsi zəminində kürəkəni onun baş nahiyəsinə zərbə vurub. İndi keçmiş müdafiə nazirini qanun müdafiə edəcək. Hadisə ilə bağlı istintaq araşdırmaları başlanılıb.

Bron

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu həftə keçirdiyi son mətbuat konfransında məlum oldu ki, çimərliklərdə sıxlıq olmasın deyə, vətəndaş şəxsiyyət vəsiqəsinin FİN-kodunu daxil etməklə özünə hər hansı çimərlikdə yer bron edəcək. Bunun üçün proqram işlənir. Həyatımızda elektronlaşmanın sürətlənməsi qaçılmazdır. Bu, həm də İT sahəsinin mütəxəssisləri qarşısında yeni çağırış, yeni bazar mühitinin yaranmasıdır. Dövlət yeni texnologiyaların tətbiqi üçün xarici şirkətlərin ölkəyə gəlməsində maraqlıdır, ancaq niyə də bu cür texnologiyaları öz mütəxəssislərimiz hazırlamasın, niyə də növbəti mərhələdə ixrac səbətimizdə innovativ məhsullar yer almasın?

İrəvan sülh istəyirmi?

Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisinə ötən həftə Avropa Parlamentindən də etiraz gəldi. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olundu. Azacıq tarixə qayıdaraq bildirək ki, ötən əsrin 70-ci illərində Ermənistanda bəzi dairələr Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu önə çəkərək Kremli vilayətin Ermənistana birləşdirilməsinə inandırmağa çalışırdılar. Ulu öndər Heydər Əliyevin Ağdam-Xankəndi dəmiryolu xəttinin çəkilməsi ilə bağlı təşəbbüsü məhz Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq baxımından tarixi addım idi.

90-cı illərdə isə ermənilər istədiklərinə nail oldular. İndi gələcək üçün infrastrukturu möhkəmləndirməklə məşğuldurlar. Beynəlxalq təşkilatlar isə soyuqqanlı bəyanatlarla kifayətlənirlər: “Bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir”.

Beləliklə, aydın olur ki, Azərbaycan Lələtəpədən yeni təpələrə keçməli olacaq.

Əsas mövzular