05:34 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
27010

Hətta Qarabağ müharibəsi illərində elan olunan fövqəladə vəziyyət belə bu qədər ağır olmamışdı. Yəni heç nə edə bilməzsən, oturub ya televizora baxmalısan, ya da internetdə oyun oynamalı

BAKI, 8 iyun — Sputnik. Ölkə üzrə elan edilən 2 günlük sərt karantin rejimi bir çox insanın həftəsonu planını pozdu. Qabaqcadan elan edilsə də, marketlərin, hətta məhəllə dükanlarının rəfləri boşaldı, çörək üçün uzun-uzadı növbələr yarandı. 1 çörək lazım olan ailədə ikisi-üçü birdən alındı. Qatıq-süd, göyərti, meyvə-tərəvəz də marketlərdən süpürüldü.

Hamı bazarlığını qabaqcadan etməlidir, yoxsa ərzaqsız qalmalı olacaq

Belə olacağını gözləmək olardı, çünki ilk dəfə elan olunmuşdu. Çörək, dərman, çay və digər tələb olunan məhsullardan heç birini almaq mümkün deyildi. Komendant saatı ötən əsrin 90-cı illərində bir neçə dəfə tətbiq edilib. Amma adətən bu, gecə saatlarında yaşadığın mənzili tərk etmək qadağası ilə əlaqəli olub. Hətta Qanlı Yanvar hadisələri zamanı ordu hissələrinin nəzarət etdiyi Bakıda komendant saatının elə bir ağırlığı duyulmayıb.  Şəhərdə həyat öz axarı ilə  davam edib. 

Koronavirus karantini isə birdən-birə hər bir hərəkəti, hər bir lazımı işləri qapatdı. Bu cür şəraitə öyrəşməyən insanlar vəziyyətə uyğunlaşmaq üçün ərzaq dükanlarını evlərə daşıdılar. Əslində, heç bir çətinlik olmamalı idi. Dünyanın bir çox ölkəsində, xüsusilə də Avropa Birliyində şənbə-bazar, bayram günlərində marketlərin, apteklərin və digər obyektlərin bağlanması adi haldır. Hamı bazarlığını qabaqcadan etməlidir, yoxsa ərzaqsız qalmalı olacaq. Avropa təsəvvürlərinə görə, istirahət hamı üçün istirahətdir, bayramdırsa, deməli, hamı bayrama qoşulmalıdır.

Bu, olduqca unikal situasiyadır, ölkədə ilk dəfə yarandı

Azərbaycan marketlərində yaranan vəziyyət psixoloji amillərə bağlı idi. Bu, olduqca unikal situasiyadır, ölkədə ilk dəfə yarandı. Hətta Qarabağ müharibəsi illərində elan olunan fövqəladə vəziyyət belə bu qədər ağır olmamışdı. Yəni heç nə edə bilməzsən, oturub ya televizora baxmalısan, ya da internetdə oyun oynamalı. Bütün fəaliyyət dondurulub. Heç bir nəqliyyat işləmir. Belə praktika bir neçə dəfə təkrarlansa, şübhəsiz, artıq nə marketdə növbə yaranacaq, nə də çörək üçün dava düşəcək. Yeyilməyən məhsullar zibilə atıldıqca, hər bir məsələ qaydasına düşəcək.

2 günlük karantində nəyi müşahidə etdik? Təbii, şəhərin küçələri həm nəqliyyatdan, həm də maşınlardan azad oldu. Avtomobillərin səsindən yata bilməyən sakinlər rahatca yuxuladılar. Qayda pozuntusu oldumu? Şübhəsiz, oldu. Sosial şəbəkədə polisin əmrinə tabe olmayanların da, yuxarıdan aşağı zibil atanların da görüntüləri yayıldı. Böyük mənada nə böyükləri, nə də uşaqları evdə saxlamaq mümkün oldu. Uşaqlar həyətlərdə oynamağa, polis maşınları isə onları qovmağa davam etdi. Hava isti olduğundan evdə oturmaq da qəlizləşdi. 

“Bölmədə bəlkə də 100 adam vardı, kimin arvadı gəlmişdi, kimin uşağı”

Karantin qaydasını pozduğuna görə xeyli adam həbs edildi. “Qonşumu damdan apardılar, antena düzəldən yerdə. Atamı da ağaclara su verəndə. Hərəsinə 100 manat cərimə yazdılar. Səhər saat 8-də tutublar, elə qapının ağzında. Pəncərənin ağzında güllər var, atam da çıxıb onlara su verməyə. Tutub aparıblar. Qonşunu da damdan düşürüblər. Bölmədə bəlkə də 100 adam vardı, kimin arvadı gəlmişdi ağlaya-ağlaya, kimin uşağı. Pis gündəydi”, - belə bir səs yazısını mesencerdəki qrupların birində paylaşıblar.

Jurnalist Zamin Hacını da evinin qarşısında idman edən yerdə həbs edib şöbəyə aparıblar. Cərimə ödədikdən sonra sərbəst buraxılıb. Sosial şəbəkədə tibbi yardımın işindən şikayətlənən də az olmadı. Bu, təbiidir. Apteklər bağlı, əhali çox, çatdırmaq olmur.

Polis ümumən vəziyyətə nəzarət edə bildi. İstənilən polis əməkdaşı belə tədbirləri, bayram günlərini, böyük tədbirləri sevmir. Bəlkə də heç biri rəsmi boynuna almaz, amma öz aramızda qalan söhbət zamanı elə polis də istirahət arzulayar başqa insanlar kimi. Dincəlmək isə mümkün olmur, hamı dincələndə iş başında olmalısan.

Şəhərin normal yaşamasını təmin edən qurumlar, işıq, qaz, su təchizatını təmin edən təşkilatlarda istirahət olmur. Kanalizasiya xidməti də bir gün dayana bilməz. Karantin dövründə internet, telefon, kabel televiziyası və digər rabitə xidmətləri saat mexanizmi kimi dəqiq işləməli olublar. Bu işi də təmin edən insanların nə dərəcədə istirahət edə bilmələri də sual doğurur.

Gecə-gündüz dükanda satıcı işləyənlər, nəhayət, dalbadal iki gün dincəldilər

Sərt karantin rejiminin tətbiqinə sevinənlər də az olmadı. Adi vaxtda gecə-gündüz, istirahət olmadan dükanda və iri supermarketdə satıcı işləyənlər, nəhayət, dalbadal iki gün dincəldilər. Yorğunluqdan əl-ayağı sızıldayan kiçik satış məntəqələrinin həm sahibi, həm də satıcısı olanlar mallarını 1-2 günə satıb qalan iki günü rahatlıqla televizor önündə keçirdilər. Həftədə 6 gün işləməyə məcbur olan bütün peşə sahibləri bir gün istirahət qazandılar. Kiminsə işi pozuldu, kimsə qazandı.

Ticarət şəbəkələri, dükanlar çox boşaldı. Hətta həftənin ilk günü belə piştaxtaları doldurmaq mümkün olmadı. 

Bu tədbirlərin davamlı olacağı gözlənilir. Ölkədə koronavirus kimi bir xəstəlik daha çox yayılmağa başlayıbsa, deməli, belə qərarların qəbul edilməsi də anlaşılandır. Bir iki kiçik dəyişikliyə də ehtiyac duyulur. Bəlkə də qaydalara bir də baxılmalıdır. Hər yer bağlanmalı, amma evdən bayırı çıxmaq qadağası məhəllə çərçivəsində məhdudlaşdırılmalıdır. Evinin qapısından kimisə aparmaq ehtiyacı yoxdur. Nəqliyyat işləmirsə, avtomobillə hərəkət etmək mümkün deyilsə, hər yer bağlıdırsa, insanların harasa getmək imkanı yoxdur. Uzaqbaşı gəzə biləcəyi yer elə yaşadığı məhəllədir. Burada gəzməyi qadağan etməyin də effekti olmur, gəzən gəzir, uşaqlar da bir blokdan digərinə qaçırlar. Qarşıda isti bir yay gözlənilir. Camaatı evdə saxlamaq çətin olacaq.

Bədəni əsasən hava və günəşlə möhkəmlətmək olar

İstirahət etmək hüququ əlindən alınan insanların payıza qədər immunitetinin aşağı düşəcəyi də nəzərə alınmalıdır. Qrip, koronavirus kimi xəstəliklərin payızda daha ciddi templə geri dönməsi də immunitetin azalmasına bağlı ola bilər. Şənbə-bazar, bayram günləri evdə, adi günləri isə ofisin havasız məkanında keçirməyə məcbur olanların, təmiz hava və gün işığına həsrət qalanların sağlamlığı təhlükəyə məruz qala bilər.

Bədəni əsasən hava və günəşlə möhkəmlətmək olar. Vitamin D çatışmazlığı ilə də üzləşə bilərik. Həftəsonu karantin tətbiq edilsə belə, ən azı təmiz hava və gün işığında məhəllə çərçivəsində sağlamlıq qazanmaq şansının olması barədə düşünməyinə dəyər.

Əlaqədar

Onu heç vaxt belə görməmişdiniz: karantin Bakını "soyundurdu"
Karantin rejimini pozmağı düşünənlərə Qərargahdan xəbərdarlıq
Polislə "qaçdı-tutdu" büdcəyə xeyir verəcək
Çox sərt karantin: Sumqayıtda kütləvi davada gəncləri bıçaqlayıb öldürdülər
Azərbaycanda baş həkim karantin qaydalarını pozduğu üçün işdən çıxarıldı

Əsas mövzular